Elburus Qəmgin

Elburus Qəmgin “üç yarpaq” – da

İçərim odda!
(Ayaqlı təcnis)

Böyük sərkərdənin,bütöv millətin,
Kim görüb yurdunu yağı dağıda?
Qalx ey yatan millət haray, ay haray
Bizi tərpətməyir, yağı dağı da.
İçərim odda!!!

İç zəfər meyini, al şərabını
Götür əllərinə al, şərabını.
Şığı üstünü kəs, al, şər, abını
Qoyma qazanında yağı, dağıda.
İç , ərim, odda!

Söndür ocağını, külünü bellə,
At dərin quyuya külünü, bellə.
Qəmginin qəlbindən kül, ünü, bellə
Görsün qarşısında yağı dağı da.
İçərim odda!

ELBURUS QƏMGİN “ÜÇ YARPAQ” – DA

Dərdlər gəlib

Çoxaldıqca görən xeyri dəyirmi?
Məşədimiz,kəbleyimiz, hacımız?
Kişi-kişi qürrələnib gəzirik
Girovdadır gəlinimiz,bacımız.

Hanı Nadir şahlar, hanı Babəklər
Uduzmuşuq, aşkardadır gerçəklər.
Ey yalan danışan ağzı göyçəklər
Əsirdədir Qarabağ tək,tacımız.

Dərdlər gəlib qəlbimizi oymağa
Düz deyəni kəsib dilsiz qoymağa.
Baş qarışıb hələ xalqı soymağa
Doymayıbdır gözləri ac, acımız.

ELBURUS QƏMGİN “ÜÇ YARPAQ” – DA

Müraciət

Yurd yeriniz ey məzarlar
Tülküdə ,boz qurddadımı?
Sizə bircə sualım var 
Sümüyünüz yurddadımı?

Nələr çəkmədi başınız
Dünya yaşıdır yaşınız
O nəşiniz, baş daşınız
Buzdadımı, oddadımı?

Yuxudayıq biz yatmışıq
Bizim deyilsiz, atmışıq.
Özümüzü unutmuşuq
Sizdə,hər şey yaddadımı?

Müəllif: ELBURUS QƏMGİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru