Eldar İsmayıl BÖYÜKTÜRK

Eldar İsmayıl Böyüktürk Ana şeiri

ANAMI AXTARIRAM

Könlüm intizardadı,
Gözlərim yollardadı.
Görən anam hardadı?
Anamı axtarıram!

Günəş nurun yaxanda,
Eyvanıma axanda…
Mən otaqdan çıxanda
Anamı axtarıram!

Üstümdən yel əsəndə,
Soyuq məni kəsəndə…
Bacılarım küsəndə
Anamı axtarıram!

Ağlayanda, güləndə,
Göz yaşımı siləndə…
Axşam evə gələndə
Anamı axtarıram!

Bu dağların qaşında,
Baharında, qışında…
Bulaqların başında
Anamı axtarıram!

Kədərlər tufanında,
Həsrətlər ümmanında…
Atamın hicranında
Anamı axtarıram!

Ömrümün hər anında,
Ürəyimin qanında…
Anaların yanında
Anamı axtarıram!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

Eldar ismayil Böyüktürkdən bir şeir

İSTƏSƏN SƏN YANDIR, ODDA DA MƏNİ


Sən gəldin, sən getdin, uca çinarım,
Bu gecə tək qoydun odada məni.
Tənhalıq göstərdi bu ev, bu eyvan,
Sıxdı məngənətək oda da məni.

Sevgi dünyasının çamı baçqadı,
Həsrəti, hilləti, kamı başqadı.
Alma yanaqların tamı başqadı,
Tamarzımı qoydun o dada məni?

Mən atəş görəndə səməndər ollam,
Duyğusuz olanda bixəbər ollam.
Ağrımı duyanda bəxtəvər ollam,
İstəsən sən yandır, odda da məni.

Odlu misraların qəstdi, deyirəm,
Ay şair, qəsd etmək bəsdi, deyirəm.
Eşqin dönməz üzü tərsdi deyirəm,
Qurtar cəhənnəmdən odda da məni.

Dinmir Eldar deyən o şəkər dilin,
Meh əsib üzünə dağılmır telin…
Nanı əllərimi qarsayan əlin?
Həsrət qoyma sən oda da məni. 

Qeyd:
Odada- evdə.
Oda da –otaq da sıxdı.
Odada – dad, tam.
Odda da- odda, yandır.
Qurtar cəhənnəm odundan.
Həsrət qoyma oda məni.

Müəllif:ELDAR İSMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdülkadir Sağlam

TÜRKİYƏ ƏDƏBİYYATI NÜMAYƏNDƏLƏRİ

Abdülkadir Sağlam

Abdullakadir Sağlam 1943- cü ildə Emirdağda anadan
olub. Həyatı boyu ağır günlər keçirsə də
ayaqda qalıb yaşam mücadiləsi edə bilmişdir. 
4 kitab müəllifidir, hazırda təqaüddə olan başkomitandır.
İzmirdə yaşayır.

MƏN NECƏ GÜLÜM

Ala gözlərimdə qurumuş yaşlar,
Yaralı qəlbimə dəmir attı ağrı- acılar.
Gəncliyimin baharında 
doldu saçıma ağlar,
Yaralı ürəyim,
kədərli üzümlə mən necə gülüm?
Erkən gəldi ayrılıq, 
zincirlə bağladı zalım ayrılıq.
Zindan oldu mənə 
bu dünya artıq.
Günəşim doğmayır, 
dünyam qaranlıq…
Bu qara yazımla mən necə gülüm?
Könül bağçamda 
güllərim bir- bir solmuş,
Dostlarım nə arar, nə sorar olmuş…
Bu gün ürəyim 
dərddən sağalmaz olmuş.
İçdiyim su,
yediyim aşım zəhərlə dolmuş.
İçim qan ağlarkən mən necə gülüm?
Söyləyin dostlar.
mən necə gülüm…?
NECƏ? 

Müəllif: Abdülkadir Sağlam

Təqdim etdi: Eldar Ismayil Böyüktürk

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

ELDAR iSMAYıL BÖYÜKTÜRkdən bir şeir

SEVDİYİMİZ BU DÜNYA SEVILMƏLI DEYILMİŞ…

Mamırlı daşlarına baş qoyub yatmaq olmur,
Köhlənini dəhləyib mənzilə çatmaq olmur.
Əldən uçan günləri əl atıb tutmaq olmur,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Qönçələnən gülləri vədəsiz solub gedir,
Dünənki barlı bağlar bu gün məhv olub gedir.
Dünyaya göz vuranın gözləri dolub gedir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Vəzifələr başında milləti ac qoyanlar,
Yatdı, sökdü doymadı başına tac qoyanlar.
Papağını itirdi papağı kəc qoyanlar,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Kef üstən kef gəzənin qazanı zəhər imiş,
Sən demə şadlanmağın son ucu kədər imiş.
Nəşəli xoş günlərin hamısı hədər imiş,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Yüyənimi tutmamış atı yürüyüb keçir,
Qurdu sürünü qırır, iti hürüyüb keçir.
El yaylağa çıxınca otu quruyub keçir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Son baharı yarımçıq, bir ömrə qış gətirir,
Alxışı daşa çırpıb, qəfil qarğış gətirir.
Bir göz sevinc içində, bir gözə yaş gətirir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Hayqıran çox aslanı salmışam tora deyər,
Bir günə ağ deyəndə bir günə qara deyər.
Eşqin həyat deyərkən ölümü çara deyər,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Bu dünya hər insana bir fürsət, dövran verib,
Gör kimə sona qədər geniş bir imkan verib.?
Hər kəsə qəbir adlı soyuq bir məkan verib!
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Müəllif: ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eldar İsmayıl BÖYÜKTÜRK

BƏHANƏ

(Biri soruşdu: Bəhanə nədir? Dedim bir şeir verim oxu.)

Minib kor atını köndələn çapar,
Aralıqda quyruq bular bəhanə.
İblislə oturar, abidlə durar,
Mey vurub namaz da qılar bəhanə.

Quyu qazmaqdadı fikri- xəyalı,
Badalaq vurmaqda əhdi- amalı…
Zəhər torbasına bənzər camalı,
Zövqünü hiylədə bular bəhanə.

Çırtıq vurub oynar nöqsan görəndə,
Qurcuxar, bayılar qanan görəndə…
İki ləyaqətli insan görəndə
Şeytan tək meydanı sular bəhanə.

Qurbağa tövriylə quruldar keçər,
Qonşu tulası tək mırıldar keçər.
Dolmuş bulud kimi guruldar keçər,
Bəzən yalquzaq tək ular bəhanə.

Yaxşıya, yamana yetirər nəzər,
Bir könül güldürməz, yüz könül üzər.
Çərləyən, şərləyən qadına bənzər.
Bağırar, saçını yolar bəhanə.

Bəzən də Eldarı soraqlar, arar,
Şairin yoluna daş- kəsək atar.
Hiyləni yalanın gözünə qatar,
Yalanı yalana calar bəhanə.

Müəllif:ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELDAR İSMAYIL BÖYÜKTÜRK

KİPRİYİMLƏ QOR DAŞIYAN OLMUŞAM

Halal zəhmət tanrı payım əzəldən,
Mən alnımda tər daşıyan olmuşam!
Şər qüvvəni qaranlığa qısdayıb,
Zor ayaqda zor daşıyan olmuşam!

Min qəlb hördüm, dönüb bir daş sökmədim,
Ətəyimə haram tikə bükmədim.
Al qumaşı yamaqlayıb tökmədim,
Zərgər kimi zər daşıyan olmuşam!

Öyməmişəm çeynek olan hər sözü,
Aramışam, axtarmışam tər sözü.
Məndə donub sirdaşların sir sözü,
Həyat boyu sir daşıyan olmuşam!

Kərəm oldum bir kərəmli lələyə,
Şükürlüyəm zalım olan fələyə…
Boran əsən, buz bağlayan ürəyə
Od daşıyan, nur daşıyan olmuşam!

Sanma, Eldar, tor qurmuşam qayada,
Ömür yolum gah atlı, gah piyada…
Bu bəxtəvər, bu getgəlli dünyada
Kıpriyimlə qor daşıyan olmuşam!

Müəllif: ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru