TALEH XƏLİLOV

ZƏHMƏTKEŞ YARADICILIĞIN BƏHRƏSİ

Naxçıvanda təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsinin tarixi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur. Naxçıvan bölgəsi ən qədim dövrlərdən günümüzə qədər Azərbaycan xalqının mənəvi-mədəni sərvətlərinin, həmçinin məktəb tariximizin və təhsil mədəniyyətimizin zəruri hissəsini təşkil etmişdir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanının ictimai- mədəni mühit  mərkəzlərindən biri olan Naxçıvan bölgəsində məktəb və təhsil tariximiz çox zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Təhsil və pedaqoji fikir sahəsində belə bir tarixi təcrübənin, keçilmiş yolun verdiyi bəhrənin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.  Xalqımızın maariflənməsində bu dövrün əhəmiyyəti ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: “Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik. Sözün əsl mənasında Azərbaycan məktəbi məhz iyirminci əsrdə yaranmışdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranmışdır. Bizim bu gün malik olduğumuz iqtisadi və siyasi potensiala, təhsil potensialına görə o dövrdə yaranaraq inkişaf etmiş təhsil sisteminə borcluyuq”.

Bu gün ölkənin regionlarında milli təhsil sistemimizin keşməkeşli yolunun öyrənilməsi, tarixən formalaşmış ictimai-mədəni sərvətlərimizin daha dərindən və hərtərəfli araşdırılması  müstəqillik dövrünün verdiyi imkanlar daxilində arşdırılmalıdır. Regionlarda məktəb və pedaqoji fikrin inkişaf mərhələlərini, onun spesifikasını aşkarlayıb  üzə çıxarmaq, pedaqoji fikir tarixində yerini və mövqeyini müəyyənləşdirmək ən vacib məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası maraq doğrurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi redaktoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev, rəyçiləri isə  pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov və pedaqogika üzrə elmlər doktoru Həsən Bayramov olan monoqrafiya çox zəngin mündəricata və  struktura  malikdir. Qeyd edək ki, monoqrafiya 4 fəsil, 13 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

Monoqrafiyanın başlanğıcında “Müəllifdən” başlıqlı mətni oxuyanda əsərin zənginliyini sezmək olur. “Naxçıvanda məscid məktəbləri və mədrəsələri” adlı birinci fəsili “Qədim dövrlərdən XIX əsrə qədər Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafına dair xülasələr” və “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəbləri və mədrəsələrin vəziyyəti” başlıqlı iki yarımfəsilə ayrılır. Müəllif bu yarımfəsillərdə qədim dövrlərdən başyaraq XIX əsrə qədər uzun bir dövrdə Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafını araşdırmış, XIX və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəblərinin və mədrəsələrin vəziyyətini tədqiqə cəlb etmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki, “Naxçıvanın  elm və mədəniyyəti,  maarif və təhsili çox-çox qədim tarixə malikdir. Qədim diyarın əsrlərin dərinliklərindən gələn maddi mədəniyyət abidələri müəyyən biliklərin, bacarıqların, tərbiyə keyfiyyətlərinin ifadəsi, nəcib və zəngin təcəssümüdür. Qədim Gəmiqaya rəsmləri Naxçıvanın qədim sakinlərinin məişət və yaşam məqsədlərindən doğan bacarıqlara malik olduğunu, nizamlı, düşünülmüş hərəkətlərə yiyələndiyini əyani şəkildə sübut edən maddi-mənəvi sərvətlərdir”.

Müəllifin bu fikrindən aydın olur ki, qədim və ilkin orta əsrlərdə Naxçıvan bölgəsində formalaşmış məktəb və pedaqoji fikir ümumiyyətlə Azərbaycan mədəniyyətinin, təhsil və pedaqogikasının çox əhəmiyyətli səhifələrini təşkil edir. İndiki halda tədqiqat müəllifi bu monoqrafiyada  Naxçıvanın təhsil və tərbiyə tarixinin bəhs olunan dövrlərinin açılmamış səhifələrini məharətlə araşdırmış, lazımi mənbələri dərindən və ətraflı şəkildə öyrənmişdir.

Həmçinin müəllif bu fəsildə Naxçıvanda fəaliyyət göstərmiş məscid məktəbləri və mədrəsələri haqqında ətraflı məlumat vermişdir. Bildiyimiz kimi məktəblər Azərbaycannın bütün bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də savad təlimi və şəriətin əsaslarının öyrədilməsi vasitəsi kimi başlıca tədris ocaqları olmuş, zaman-zaman nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, eləcə də müstəqil şəkildə təhsillənmə yoluna işıq salmışdır. Müəllifin qeyd etdiyi kimi, bu tədris ocaqları hələ ilkin orta əsrlərdə dövlət idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaşmasına, ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir.

Monoqrafiyanın “Naxçıvan xanlığının Rusiya tərəfindən işğal edilməsi və bölgədə Rus dövlət məktəblərinin yaranması” başlıqlı ikinci fəsli “İlk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri”, “Naxçıvan qəza məktəbi”, “Məktəbin şagird heyyətinin milli və silki tərkibi”, “Məktəbin müəllimləri”, “Ordubad şəhər ibtidai məktəbi” və “Regionda kənd ibtidai məktəblərinin meydana gəlməsi və inkişafı” adlı əhəmiyyətli yarımfəsillərə bölünür.

Müəllif bu yarımfəsillərdə ilkin olaraq ilk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələlərinə toxunmuşdur. Məlum olduğu kimi, XIX əsr Azərbaycan dövlətinin tarixində və xalqımızın həyatında çox mürəkkəb və ziddiyətli bir dövr olmuşdur. Bu dövürdə Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının müstəmləkə siyasəti nəticəsində öz müstəqilliklərini itirmişdir. Müstəmləkə ərazisi kimi Rusiya dövlətinin tərkibinə qatılan Azərbaycanda digər sahələrdə olduğu kimi məktəb və pedaqoji fikrin yeni formalarının meydana gəlməsinə zəmin yaranmışdır. Müəllifin yazdığı kimi, Azərbaycanda maarifçi hərəkatın yaranması və yayılması rus dövləti tərəfindən təsis edilən məktəblərin xüsusi əhəmiyyəti vardı. Bildiyimiz kimi, bu məktəblərdə təhsil rus dilində aparılır, Azərbaycan dili isə ayrıca bir tədris fənni kimi öyrədilirdi.

 Daha sonra isə müəllif zəngin arxiv materialları əsasında Naxçıvan qəza və Ordubad şəhər ibtidai məktəblərini araşdırmışdır. XIX və XX əsrin əvvəllərində Azərbaycanda çox az sayda meydana gəlmiş ilk rus dövlət məktəblərindən biri kimi Naxçıvan qəza məktəbi ölkədə ictimai-mədəni mühitin meydana gəlməsində, inkişafında və qabaqcıl pedaqoji ideyaların yayılmasında əhəmiyyətli rol oynamışdır. Tədqiqatçının qeyd etdiyi kimi, qəza məktəbi Naxçıvan şəhərinin ictimai-mədəni həyatının yenilik əlamətləri, mütərəqqi məzmun keyfiyyətləri ilə zənginləşməsi və dərinləşməsi, bölgədə yeni-yeni məktəblərin açılmasına müsbət təsir göstərmişdir.

Həmçinin müəllif Naxçıvan qəza məktəbinin şagird heyyətinin milli və silki tərkibini araşdırmış, məktəbdə dərs demiş və bu günə kimi elmə məlum olmayan bir neçə müəllim haqqında da məlumat vermişdir.

Vahid Rzayev eyni zamanda Ordubad şəhər ibtidai məktəbini də tədqiq etmişdir. Məlum olduğu ki Ordubad Azərbaycanın əsrarəngiz təbiəti, xoş havası, insanların milli-etnik xüsusiyyətlərinin bənzərsizliyi ilə seçilən qədim bölgələrdən biridir. Müəllif bu bölgədə fəaliyyət göstərmiş Ordubad şəhər ibtidai məktəbini tədqiq etməsi təqdirə layiq haldır. Tədqiqatçı bu haqda yazırdı: “Ordubad ibtiadai məktəbi şəhərin və ümumən bölgənin mədəni həyatının inkişafında, əhali arasında maarifin yayılmasında, dünyəvi təhsilin və yeni, mütərəqqi baxışların meydana gəlməsi və inkişafında özünəməxsus yerə, mövqeyə malik olmuş tədris müəssisəsidir”.

Daha sonra isə müəllif Naxçıvan bölgəsində fəaliyyət göstərmiş kənd ibtidai məktəblərini arxiv sənədləri əsasında arşadırmış, əldə etdiyi yeni məlumatları elmi dövrüyəyə buraxmışdır.

Monoqrafiyanın “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun ənənələri əsasında Naxçıvanda rus-Azərbaycan (oğlan və qız) məktəbləri” adlı üçüncü yarımfəsli “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi Naxçıvan rus-Azərbaycan oğlan məktəbi” və “Qadın təhsili uğrunda mübarizə və Naxçıvan rus-Azərbaycan qız məktəbi” başlıqlı iki yarımfəsilə bölünür.

Müəllif  böyük maarifçi ədib Məhəmməd Tağı Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi olan Naxçıvan rus-Azərbaycan oğlan məktəbini tədqiqə cəlb etmiş və elmə məlum olmayan yeni faktlar üzə çıxarmışdır. Bildiyimiz kimi, Məhəmməd Tağı Sidqi həm ustad müəllim kimi maarifçilik hərəkatında misilsiz xidmətləri, həm də qələmə aldığı tərbiyəvi-didaktik əsərlər ilə XIX  əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir tarixində çox böyük rol oynamışdır.

Tədqiqatçı V. Rzayev yazır: “Məktəbi tərbiyə”nin Azərbaycan təhsil tarixində, yeri və onun əldə etdiyi nailiyyətlərdən biri bu tədris ocağında dövlət məktəblərindən fərqli olaraq azərbaycanlı uşaqların şagird kontingentini şəriksiz təşkil etməsində, bu sahədə tam üstünlüyə nail olmasında idi”.

Bununla yanaşı müəllif Naxçıvan bölgəsində maarifpərvər ziyalıların qadın təhsili uğrunda yorulmadan apardıqları mübarizələrini işıqlandırmış, onların səyi nəticəsində Naxçıvanda açılmış rus-Azərbaycan qız məktəbini tədqiq etmişdir. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən V. Rzayev qadının ictimai-mədəni və pedaqoji mühitdəki roluna xüsusən toxunmuşdur. O, yazır: “Naxçıvan ikisinifli rus-Azərbaycan qız məktəbi şagird kontingentinə görə dövrünün əhəmiyyətli tədris müəssisələrindən biri olmuşdur”.

Monoqrafiyanın dördüncü və sonuncu fəsli “XX əsrin əvvəllərində Naxçıvanda ictimai-pedaqoji mühit” adlanır. Bu fəsildə “Görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və pedaqoji düşüncənin inkişafında rolu”, “Görkəmli maarifçi-pedaqoqların bölgədə ictimai-pedaqoji mühitin inkişafına təsiri” və “Muxtariyyətin ilk illərində təhsilin və pedaqoji fikrin vəziyyəti” başlıqlı üç yarımfəsilə bölünmüşdür.

Müəllif ilk öncə Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və eləcə də pedaqoji düşüncənin inkişafındakı rolunu araşdırmışdır. Bildiyimiz kimi, XIX əsr və XX əsrin əvvəllərindəki Naxçıvan mühitindəki ziyalı təbəqənin böyük xüsusi çəkisi olmuşdur. Onların böyük bir qisminin ali təhsilləri olmamasına baxmayaraq, öz bilik və təcrübələri ilə o, dövrdə daima fərqlənmişlər. Bu haqda tədqiqat müəllifi yazır: “Artıq XIX əsrin sonlarına yaxın Naxçıvanda maarifçi hərəkatın böyük bir dəstəsi yetişmişdi. Bu maarifçi ziyalılardan adı Naxçıvanda məktəb təhsili təcrübəsi ilə bilavasitə bağlı olan Mirzə Sadıx Quliyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev, Əbülqasım Sultanov, Mirzə Ələkbər Süleymanov, Sadıq Xəlilov, Rəhim Xəlilov, Ələsgər Şeyxhəsənov, Ələsgər Abbasov, Molla Məmmədqulu Qazıyev, Kərbalayı Cəfəralı Adıgözəlov, Mirzə Cəlil Şürbi, Məmmədəli Sidqi Səfərov, Kərim bəy İsmayılov, Mirzə Nəsurulla Əmirov, Məmməd Zamanbəyov, Rəhim Kazımbəyov, Şeyx Məhəmməd Rəsizadə, Əlirza Rəsizadə, Həsən Qazıyev və bir çox başqaları bölgənin təhsil tarixinin səhifələrini yazmışlar”.

Daha sonra isə müəllif görkəmli maarifçi-pedaqoqların Naxçıvan bölgəsində ictimai-pedaqoji mühitin inkişafına göstərdiyi təsiri araşdırmış və yeni faktlar üzə çıxarmışdır. Məlum olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda təhsilin, ictimai-pedaqoji fikrin inkişafından Azərbaycan ictimai-mədəni fikrinin, pedaqogikasının görkəmli nümayyəndələri Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyov və başqalarının bu və ya digər şəkildə əməyi və misilsiz xidmətləri olmuşdur. Müəllifin qeyd etdiyi kimi, bölgədə, qabaqcıl pedaqoji fikrin yayılmasında maarifçi-ziyalıların mühim rolu olmuşdur. Onlar pedaqoji düşüncənin, ədəbi-mədəni mühitin mütərəqqi əsaslarla inkişafına çox böyük təsir göstərmişdir.

Monoqrafiyanın sonuncu yarımfəsilində muxtariyyətin ilk illərində Naxçıvan bölgəsində təhsilin və pedaqoji fikrin vəziyyətinin də araşdırması çox təqdirə layiq haldır. Bildiyimiz kimi, 1918-1924-cü illərdə Azərbaycanın siyasi və mədəni həyatında həmişə mühüm rol oynayan qədim Naxçıvan diyarı özünün çox ziddiyyətli və mürəkkəb bir bir dövrünü yaşamışdır. Bu dövrdə müxtəlif adda və müxtəlif məzmuna malik tədris müəssisələri fəaliyyət göstərmişdir. Müəllif araşdırmalarında bu haqda yazırdı: “Bəhs olunan dövrdə məktəb təhsili üçün səciyyəvi xüsusiyyət kimi qabaqcıl pedaqoji ideyaların və mütərəqqi məzmuna malik milli tərbiyə ənənələrini özündə birləşdirən ana dili məktəblərinin meydana gəlməsi və inkişafı idi. Bu tədris ocaqları Azərbaycan dili, həmçinin ibtidai məktəbin digər fənləri üzrə dərslik və vəsaitlər hazırlamaq işində də əhəmiyyətli rol oynamışdır”.

Monoqrafiyanın nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş nəticələrdən bəhs olunmuş və müddəalar şəklində ümumiləşdirilmişdir.                             

Müəllif mövzunun öyrənilməsi, problemin dərindən tədqiq edilməsi zamanı məsələyə hərtərəfli və kompleks şəkildə yanaşmış, qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək elmi əhəmiyyət daşıyan tədqiqat əsəri yazmışdır.

Araşdırma zamanı istifadə olunmuş zəngin arxiv materialları və rus mənbələri monoqrafiyanın yüksək elmi səviyyədə yazılmasına səbəb olmuşdur.             

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin elmi-nəzəri və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası Azərbaycan təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfədir. Əsər hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaq, hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.

 Müəllif: TALEH XƏLİLOV

 pedaqogika üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əzizə Ağahüseynqızı

ƏZİZƏ AĞAHÜSEYNQIZı ilə görüş keçirilib

Bu günlərdə Bakı şəhər Nəsimi rayonu, Ruhulla Axundov küçəsi 27 ünvanda yerləşən 35 saylı məktəbin nəzdində yerləşən 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində məktəbin şagird və pedaqoji kollektivinin iştirakı ilə şair-publisizt ƏZİZƏ AĞAHÜSEYNQIZI ilə görüş keçirilmişdir.

QISA ARAYIŞ:

AYB və AJB üzvü olan şair-publisit Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar  kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir.

1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaxılıq-biblioqrafiya fakültəsində oxumuşdur.

2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir.

Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir.

  • “Ürəyim qəm adası”, Bakı, “Vektor” nəşrlər evi, 2005.
  • “Payız yağışı”, Bakı, 2016. kitabların və bir çox dönəminin aktual mövzularına həsr olunmuş məqalələrin müəllifidir.
ƏZİZƏ AĞAHÜSEYNQIZInın görüş təsüratları:

“…Bu görüş bir payız günündə mənə ən böyük hədiyyə oldu… Mərkəzin direktoru Könül xanım Mustafayevanın rəhbərliyi ilə təşkil olunmuş təntənəli görüşdə istedadlı şagirdlərin çıxışları, Bakı Baş Təhsil İdarəsinin Səlahiyyətli əməkdaşı Rövşən Əliyevin, AYB-nin üzvıəri… “Qızıl kəlmə” mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin məsul əməkdaşı, Şair, tənqidçi Əsəd Cahangir, Aşıq Pəri məclusinin sədri,şair Pərvanə Zəngəzurlu, prezident mükagatçısı, “Yurd”ədəbi yirnalının təsisçisi və baş redaktoru, şair Balayar Sadiq, “Sarı aşıq”ədəbi məclisinin sədri,şair Adil Cəfakeş, Şair Malik Əhmədoğlu, şair Xalidə Daşcalı, şair Rəna Mərzili, Şair Nayibə Qafanlı, məktəbin müəllimləri çıxış edərək öz ürək sözlərini söylədilər..Məktəblilər “Bir yarpaq ağlayır payızın üstə”, “Payız ysğışı” kitablarımdan öyrəndikləri şeirləri söylədilər.Onların mənə ünvanladıqları suallar çox maraqlı və məzmunlu idi…Məclisimizdə həm də Türk dünyasında öz sazı, sözü ilə tanınan aşıq-şair Cahangir Gədəbəyli maraqlı və məzmunlu çıxışıyla məclisə təravət gətirdi…
Belə gözəl, təqdirəlayiq tədbirin təşkili, yüksək qonaqpərvərlik və qayğıya görə 35 saylı məktəbin direktoru Rəna Naibovaya, 5 saylı UGİM-nin direktoru Könül Mustafayevaya, tədbirdə bilavasitə zəhməti olan müəllimlərdən Sevda Cəlilovaya, Gülnar Abutalıbovaya, Gülnarə Tağıyevaya, Aynurə Məmmədovaya Zöhrə Məmmədovaya öz təşəkkürlərimi bildirirəm…Təşəkkür edirəm, bir daha yenidən görüşmək ümidiylə….”

tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlahiyyat İnstitutu

Ceyhun MƏMMƏDOV: – ÖTƏN BİR İL VƏ PLANLAR

Azərbaycan İlahiyyat İnstitutu ilk tədris ilini başa vurub. Ali təhsil müəssisəsinin ötən bir il ərzində fəaliyyəti haqqında ətraflı məlumat vermək, yeni tədris ilindən gözləntiləri öyrənmək üçün AZƏRTAC institutun rektoru Ceyhun Məmmədovla müsahibəni təqdim edir.

–Azərbaycan İlahiyyat İnstitutuna qəbul iki ixtisas üzrə aparılır. Bu qəbuldan gözləntiləriniz nədən ibarətdir?

– Hazırda institutumuz yeni tədris ilinə hazırlaşır. Qeyd etdiyiniz kimi, təhsil müəssisəsinə qəbul iki ixtisas üzrə – dinşünaslıq və islamşünaslıq istiqamətlərində aparılır. İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər həm də müsahibədən keçməlidirlər. Artıq müsahibədən keçən abituriyentlərimiz var. Bu sahə spesifik olduğundan, ixtisasa uyğun təfəkkürə, dünyagörüşünə uyğun gəncləri seçməyə çalışırıq.

İslamşünaslıq ixtisasına qəbul edilənlərin məscidlərdə din xadimi, dinşünaslıq ixtisasına qəbul olunanların isə dövlət orqanlarında və ali dini təhsil müəssisələrində fəaliyyət göstərmələri nəzərdə tutulur.

Ümumilikdə bu il instituta 72 abituriyentin qəbulu planlaşdırılır ki, onlardan 36-sı islamşünaslıq ixtisası üçün nəzərdə tutulur. Otuz altı yer üçün 130-dan çox abituriyent mübarizə aparacaq. Onların arasından bu ixtisasa uyğun gələn gənclərimizi seçirik. Sevindirici haldır ki, institutumuzu seçən, müsahibəyə gələn abituriyentlər kifayət qədər yüksək bal toplayıblar.

–Tədris ili boyunca Azərbaycan İlahiyyat İnstitutu ölkəmizin bölgələrinə çoxsaylı səfərlər təşkil etdi. Səfərlərdə məqsəd nə idi?

–Səfərlərin bir neçə məqsədi var idi. Bunlardan biri respublikanın bəzi bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlər keçirməklə, 2019-2020-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır. Həmçinin ölkəmizin bütün bölgələrindən potensiallı gənclərin qəbulunu həyata keçirməkdir. İnstitutumuz yeni yarandığı üçün onu təbliğ etməyə çalışırıq.

Digər səfərlərimizin məqsədi isə tələbələrimizin dünyagörüşünün zənginləşdirilməsi, ölkəmizdəki tarixi-dini abidələrlə, multikultural və tolerant mühitlə onların yaxından tanışlığına şərait yaradılması idi. Cocuq Mərcanlı, Qəbələ, Şamaxı, Quba rayonlarına səfərlərdə tələbələrimiz qədim mədəniyyətimizlə, zəngin mənəviyyatımızla yaxından tanış oldular. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılması olduqca mühüm məsələdir. Azərbaycan İlahiyyat İnstitutu gənclərimizin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması üçün belə səfərləri zaman-zaman təşkil edir.

Mühüm bir amili də qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödnənişsizdir. Tələbələr institutu bitirdikdən sonra dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanına malikdirlər. Həmçinin təhsillərini başa vurduqdan sonra müxtəlif dövlət qurumlarında çalışa biləcəklər.

–Qeyd etdiniz ki, səfərlərin bir hissəsi Azərbaycan İlahiyyat İnstitutunun tanıdılması məqsədilə keçirilir. İnstitutun təbliği üçün daha hansı işlər görülüb?

–Gördüyümüz ilk işlərdən biri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində kataloqun nəşri oldu. Bundan əlavə, ana dilimizdə olmaqla, həmçinin ingilis, ərəb və rus dillərində broşür və bukletlər çap etdik. İnstitutumuzun Azərbaycan, rus və ingilis dillərində saytı fəaliyyətə başladı. Burada məlumat hər gün 3 dildə yenilənir. Siz buradan ali təhsil müəssisəsi haqqında bütün lazımi məlumatları əldə edə, fəaliyyətimiz haqqında xəbərləri izləyə bilərsiniz.

Bir il ərzində ali təhsil müəssisəsinin tanıdılması istiqamətində kütləvi informasiya vasitələrində – televiziyalarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında haqqımızda müxtəlif verilişlər və yazılar dərc olundu. Mən bununla əlaqədar olaraq bir daha bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə və kollektivinə təşəkkür edirəm.

–Fəaliyyətinizi tətil zamanı da davam edirirsiniz. Bu günlərdə tələbələriniz Türkiyənin Bursa şəhərində təşkil edilmiş yay məktəbinə yollanıblar. Yay məktəbinin tələbələrə nə kimi səmərəsi olacaq?

–Azərbaycan İlahiyyat İnstitutunun 16 qız, 14 oğlan olmaqla, 30 tələbəsi Türkiyənin Bursa şəhərində təşkil olunmuş yay məktəbinə qatılıb. Biz bu proqramı Türkiyənin Təhsil Nazirliyi və Dini İşlər İdarəsi arasında əldə olunmuş razılaşmaya əsasən təşkil etdik.

Bursada yay məktəbi iki istiqamətdə aparıldı. Dərslər müxtəlif sahələrdə – ərəb dili, ingilis dili, islam elmləri üzrə tədris edildi. Eyni zamanda, müxtəlif ilahiyyatçı alimlərlə görüşlər təşkil olundu. Tələbələrin asudə vaxtlarının düzgün dəyərləndirilməsinə xüsusi diqqət yetirildi. Bursa şəhərinin tarixi yerlərinə ziyarətlər təşkil olundu. Yay məktəbində təkcə İlahiyyat İnstitutunun tələbələri deyil, Qazaxıstan və Qırğızıstanın ali məktəblərinin İlahiyyat fakültələrindən də gənclər iştirak etdilər. Bu da tələbələrimizin dünyagörüşünün zənginləşməsinə, müxtəlif mədəniyyətlərlə tanışlığına səbəb oldu. Gənclərimiz, həmçinin ölkəmizin tolerant və multikultural mühitini burada tanıdıblar.

Biz belə məktəbləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq. İnstitutumuz qış məktəbi layihəsi təşkil etmişdi, bu da tələbələrimizin inkişafına böyük təkan vermişdi.

Belə tədbirlərin, məktəblərin təşkil olunmasında məqsədimiz tələbələrimizin İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnmələrini təmin etmək, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan din xadimləri yetişdirmək, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

–İlk tədris ilini başa vurdunuz. Nəticələrdən razısınızmı?

–Ötən bir il ərzində səy göstərdik ki, tələbələr güclü təhsil ala bilsinlər. İlk gündən etibarən, institutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra – tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik. Azərbaycan İlahiyyat İnstitutunun mövcud ali təhsil müəssisələri arasında çox fərqli, şəffaf, modern, aydın və sağlam təməli quruldu.

Tələbələrimizin təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə cəlb olunmasına başladıq, həmçinin bölgələrimizə səfərlər etdik. Bunların hər biri tələbələrimizin daha dərin dini və dünyəvi biliklərə malik olmaları, mənəvi dünyalarının, dünyagörüşlərinin zənginləşdirilmələri, natiq kimi yetişmələri üçün edilirdi.

Bir il ərzində tələbələrimizin dünyagörüşündə, nitq qabiliyyətində nə qədər dəyişikliyin şahidi olduq. Dərslərdə, imtahanlarda şəffaflığın qorunması üçün əlimizdən gələni etdik. Tələbələrin tədris olunan fənləri sevmələri, hazırlıqlı olmaları üçün əlimizdən gələni əsirgəmədik.

Azərbaycan İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq. Ona görə ki, onların hər biri bizim gələcəyimizdir. Gələcəyimizin etibarlı təməllər üzərində qurulmasını istəyiriksə, gənclərimizi sağlam mühitdə, Vətəninə, millətinə xeyirli övlad olaraq yetişdirməliyik.

Daim tələbələrimiz üçün daha nələr edə biləcəyimizi düşünürük ki, onların daha bacarıqlı, savadlı, zəngin dünyagörüşlü olmalarını təmin edək. Düşünürəm, ali təhsil müəssisəsini bitirib hər hansı təşkilatda, qurumda işləyən məzunumuz həm dini savadını, həm də dünyəvi elmləri dərindən bilən, yüksək dil biliklərinə malik olduğunu hər kəsə nümayiş etdirsin.

–Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən siz də konfrans keçirəcəksiniz. Konfransın mövzusu və istiqamətləri barədə bir qədər məlumat verərdiniz.

–Məqsədimiz böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinin, bədii-publisistik və elmi-nəzəri irsinin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir. Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq.

–“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun təşkilatçılarından biri də Azərbaycan İlahiyyat İnstitutu oldu. Nəticələri sizi qane etdimi?

–Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladığı ilk gündən beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət verir. Bu əlaqələrin nəticəsi olaraq, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunu keçirdik. İlk dəfə bu simpozium ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təşkil olunub.

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, eyni zamanda, bütün region üçün əlamətdar hadisədir. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrin universitetlərindən Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 12 paneldə 100-dən çox məruzəsi dinlənildi. Bu məruzələrin tezisləri Azərbaycan, rus və ingilis dillərində çap olundu. Yaxın zamanda iştirakçıların məqalələri də dərc ediləcək. Güman edirəm, buradakı məqalələrin hər biri gələcəkdə araşdırma mövzusu ola bilər.

–Gələcək hədəflərinizi, məqsədlərinizi öyrənmək maraqlı olardı…

–Əsas məqsədimiz, hədəfimiz gənclərimizin ali dini biliklərə yiyələnmələrinə, eyni zamanda, dünyəvi elmlərə dərindən bələd olmalarına lazımi şərait yaratmaqdır. Bizim hər hədəfimiz, məqsədimiz bu amal üzərinə köklənir. Aparıcı ali dini təhsil müəssisələri ilə əlaqələr qurmağa, onlarla əməkdaşlıq etməyə, gələcəkdə tələbələrimizin təhsillərini dünyanın qabaqcıl ali tədris müəssisələrində davam etdirmələrinə çalışırıq.

Karyera Mərkəzinin açılması gələcək planlarımıza daxildir. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəz gələcəyin intellektual kapitalının yetişdirilməsində tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verməklə, onları iş dünyasına hazırlamaq məqsədi daşıyır. Həmçinin bir sıra qurumlarla əlaqələr yaratmağı, könüllülük proqramı vasitəsilə məzunlarımızın iş imkanlarını artırmağı planlaşdırır.

Elmi fəaliyyətimizə gəldikdə isə müəllimlərimiz yeni dərs proqramları və dərsliklərin hazırlanması üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq. Bundan əlavə, qədim əlyazmaların çap olunmasını planlaşdırırıq.

İnstitutun hər ay çap olunan “İlahiyyatçı” qəzeti, ildə iki dəfə nəşr edilən “Din araşdırmaları” jurnalı da mövcuddur.

Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.

Eyni zamanda, ilahiyyat sahəsində problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirmək istəyirik.

–Məzmunlu müsahibənizə görə təşəkkür edirik.

İlkin mənbə: ©  AZƏRTAC ( Bakı, 8 avqust )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ceyhun Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, i.f.d. Ceyhun Məmmədova təqdim edilib.

Aİİ-nin rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi İnstitutun kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və İnstitutun kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik. Bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

İLKİN MƏNBƏ: Rektor Ceyhun Məmmədov “Azərbaycan Xalq…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müəllimlərin İşə Qəbulu – 2019

Nəzərinizə çatdıraq ki, müəllimlərin işə qəbulu üzrə sənədlərin qəbulu başlayıb və 03.07.2019 – cu il saat 23:59 – a kimi davam edəcək. Aşağıdakı lingdən istifadə etməklə qeydiyyatdan keçmək olar: https://www.miq.edu.az/

MİQ -2019 və digər yarana biləcək suallar barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İntitutunun nəzdində İnsan resursları mərkəzinin rəhbəri Murad Camalzadə AzTv-nin “Səhər” proqramında ətraflı məlumat verib (müəllimlərin işə qəbulu haqqında):

İLKİN MƏNBƏ: İNSAN RESURSLARI MƏRKƏZİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEVLƏ GÖRÜŞ

Bu gün – 12 iyun 2019 -cu il tarixində Kimya Biologiya Təmayüllü Respublika Liseyində vaxtı ilə bu təhsil ocağından məzun olmuş, hal-hazırda respublikamızda, eyni zamanda onun hüdudlarından kənarda yaxşı tanınan, ölkə və xarici elmi – mətbu orqanlarda vaxtaşırı aktual mövzularda öz maraqlı, orijinal yazıları ilə çıxış edən yazıçı-alim Sadıq Qarayevlə görüş keçirilib. Tədbirdən fotolar:

Olduqca əhəmiyyətli, maraqlı və yaddaqalan görüş baş tutub. Sadıq müəllimə həm elmi, həm də yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Sadıq müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 20 N-li MƏKTƏBDƏ

Zaur Ustac bu gün – 04.06.2019 – cu il tarixində Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin IV və 5 yaşlılardan ibarət Hazırlıq siniflərinin təşkil etdikləri tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Zaur Ustac fərqlənən şagirdləri “Bəhmənyar” və “Rövşən Hüseynov” Mükafatları ilə təltif etmişdir. Zaur Ustac tədbir haqqında qısaca olaraq fikrini belə ifadə etmişdir: “Uşaqlarla bir yerdə olmaqdan gözəl və zövqverici ikinci bir məşğuliyyət tanımıram…”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 N-li məktəb-liseyin müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb.

Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin İbtidai Sinif Müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb. Mükafat adı çəkilən məktəbin akt zalında təşkil olunmuş təntənəli tədbirdə Zaur Ustac tərəfindən təqdim olunmuşdur:

Gözəl xanımı bu münasibətlə təbrik edir, müqəddəs, şərəfli eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUZEYLƏR PULSUZ OLACAQ

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə  təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji – Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix – Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix – Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.

İLKİN MƏNBƏ:

Məktəblilər üçün muzeylərə giriş ödənişsizdir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏR HƏRFƏ BİR ŞEİR, RƏQƏMLƏRƏ TAPMACA:

Salam, dəyərli oxucum. Bu səhifədə “Gülünün Şeirləri” kitabındakı hərf və rəqəmlərə aid olan bütün şeir – tapmacalar toplanmışdır. Sıralama  məktəb – liseylərin proqram ardıcıllığına uyğundur. Buyurun, oxuyun:

“ A “

A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

“ 1 “

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

“ 2 “

Hansı qoçaq tez deyər,

Söyləyin ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

“ 3 “

Kvadrat dörd bucaq,

Dairə bütün olar.

Üçbucağın bəs onda,

De, neçə bucağı var?

  “ 4 “

Dünyanın dörd tərəfi,

Damın dörd dayağı var.

Ən böyük, nəhəng filin

De, neçə ayağı var?

“ 5 “

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

“  N “

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

“ 6 “

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

“ 7 “

Bazar  günü gələndə

Çox sevinir uşaqlar.

Bəs kim indi tez deyər,

Həftədə neçə gün var?

“ 8 “

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

“ T “

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!

Tapançamı götürdüm,

Tüfəngi də ver mənə.

Tankı, topu sazlayım,

Hücum edim düşmənə!

“ 9 “

İki əldə bir yerdə

On dənədir barmağım.

Bax, birini qatladım,

Neçə qaldı qoçağım?

“ Ə “

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim  Ə – lə başlayır.

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.

“ 10 “

İnan ki, çətin deyil

Düşünsən, asan olar.

Bir əldə, bir ayaqda

Cəmi neçə barmaq var?

“ L “

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

“ I “

I – nı yazmaq asandı,

Asan da yadda qalır.

Kim tanımır, tanısın

Lap çomağa oxşayır.

“ R “

Raul əlində fırça,

Yanaşdı molbertinə,

Rənglər rəngə qarışdı,

Oxşatdı raketinə.

Rəna görəndə rəsmi,

Dedi, qəşəng rəndədi

Hətta qanadı da var,

Sanki, uçacaq indi…

“ İ “

İlqar sevir, idmanı

Hey hoppanır ip üstdən,

İz axtarır bağçada,

O, tez tapır itindən.

“ B “

1 ilə  3 birləşib,

Birlikdə “B” oldular.

Bakı sözün başlayıb,

Kitabı qurtardılar.

“ Y “

Yabını yəhərləyib,

Yusif mindi, dalına

Yellətdi, yorğa getsin

Bərk yapışdı yalına.

Yabı heç tərpənmədi,

Bir az əydi boynunu.

Çəkəndə yüyənini

Oynatdı quyruğunu.

“ U “

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

“ D “

Dəvənin damı damdı,

Durdu, damı dağıtdı.

Dəvətikanı dərib,

Dammayan dam düzəltdi.

“ O “

O yumuru hərfdir,

Oxşayır yumurtaya.

Yazmağı lap asandı,

Qələmi kim fırlaya.

“ X “

Çarpaz iki xətt çəkib,

Adını “X” qoydular.

Xəbər çatdı, xoruza

Dedi, gecikib onlar.

“ M “

Malik məktəbə

Bu ildən gedir.

Müəllim ona

Ancaq beş verir.

Heç bir məsələ

Deyil qaranlıq.

Malik düşünür,

Yalnız bir anlıq.

“ K “

Kirpi kələmlə bir gün

Gəldi kəllə-kəlləyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

“ Q “

Qu quşu qurbağanı

Gördü göl qırağında

Qurbağa oxuyurdu,

Kefində, damağında.

Qu dedi, quruldama,

Xoşum gəlmir, qurbağa!

Matı-qutu qurudu,

Lap, karıxdı qurbağa.

“ E “

E darağa oxşayır,

Dişi tökülüb, amma.

Üçcə dişi qalıbdı,

Onunla çox oynama!

“ S “

Saatsaz saatları,

Aşıq sazı sazladı.

Saatlar işləməyə,

Aşıq sözə başladı.

Neçə saat durmadan,

Aşıq söylədi, dastan.

Saatsaz yuxuladı,

Səs gəlmədi saatdan.

“ Ş “

Şamil şamları,

Qoydu  şamdana.

Çərşənbə günü,

Qalsın axşama.

“ C “

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

“ V “

Vaqifin bir vərdişi

Hər şeydən vacib idi,

Vaqonda da, evdə də

Mütləq var-gəl edirdi.

“ Ç “

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

“ Z “

Zanbağı görən kimi,

Zümrüd  dedi, Zeynəbə

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!

“ Ö “

Çıxıb qunun önünə

Özünü öydü ördək,

Göldə məndən gözəli

Varmı, bir deyin görək!?

“ Ü “

Üzdüm üzümü,

Üzdüm, özümə!

İstəyirsənsə,

Gəl, üz özünə!

Üzüm qurusu

Üzümdən  dadlı,

Qaldıqca olur

Daha faydalı!

“ P “

Paşa, əlində maşa

Hücum çəkdi pişiyə,

Burda pişik özüməm

Haydı çıxdın eşiyə!

“ G “

Hər Günəşin doğması

Yeni günü başlayır,

Günəş qürub edəndə

Demək, gün başa çatır.

Günəş özü möcüzə

Sirr dolu varlığıyla,

“Bir gün” isə məsajdır

Dünyaya, insanlığa!

“ H “

Həsən çıxdı hasara,

Nə yaman hündürimiş.

Hop eləyib, hoppandı,

Hündürdən hündürimiş!

“ Ğ “

Qarğa ilə qurbağa

Getdilər qonaqlığa,

Sağsağanın toyuydu

Düşmüşdülər bolluğa.

Söz verildi qarğaya,

Sağsağan əhsən dedi.

Qurbağa başlayanda,

Bəyin  ürəyi getdi.

“ J “

Jalə aldı jurnalı

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalistolacağam!

Müəllif: Zaur Ustac

BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

VACİB MƏLUMATLAR SİZİN ÜÇÜN:

İNGİLİS DİLİ

ANALAR ÜÇÜN

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru