ƏLƏSGƏR ƏLƏSGƏRLİ

VƏTƏN, YURD HƏSRƏTİNİN NƏ DEMƏK OLDUĞU ÇƏKİLMƏDƏN BİLİNMƏZ… ÜRƏK DAĞLAYAN MİSRALAR, SÖZLƏR, SƏS VƏ JEST… ALLAH RƏHMƏT ELƏSİN…

O DAĞLARIN DALINDA

Payızdan yazacan sobam sönməzdi,
Sobam qalıb o dağların dalında.
Üstündən bişmişim yerə enməzdi,
Tavam qalıb o dağların dalında.

Məğrur dayanmışdım, məğrur durmuşdum,
Qaya yarıb daşdan yuva qurmuşdum,
Özümdə bilmədən qəflətən uçdum,
Yuvam qalıb o dağların dalında.

Çalmalının çalmasıdı çən-bulud,
Topallının otunu biç; sər-qurut,
“Qumlu bulaq”,”Bəşirdüşən”, “Dərəyurd…”
Obam qalıb o dağların dalında.

Məzarını, heykəlini görmürəm,
Qonağını, get-gəlini görmürəm,
Ətrafında Göyçəlini görmürəm,
Babam qalıb o dağların dalında.

Ələsgərin arzusunu doğuran,
Gecə-gündüz fəryad deyib, bağıran,
Bizi haraylayan, bizi çağıran
Kə’bəm qalıb o dağların dalında.

MÜƏLLİF: ƏLƏSGƏR ƏLƏSGƏRLİ (1947 – 2019)

QEYD VƏ MƏNBƏ:

Ömrünün 72-ci baharının astanasında Göyçə həsrətilə əbədiyyətə qovuşan pəhləvan qardaşım, ƏLƏSGƏR ƏLƏSGƏRLİ ilin bu günü (01.08.1947) dünyaya göz açmışdı… Məkanı Cənnət, məzarı nurlu, ruhu şad olsun. Amin.” – FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Firuzə İslamqızı – Dağlar…

DAĞLAR.

Sirri-sözü bir olubdu,
Dayanıbdı qoşa dağlar.
Bir-birinə sığınıbdı,
Veribdi baş-başa dağlar!

Bürünmə dumana, çənə…!
Mehman olsun gələn yenə,
Yal-yamacda qursun binə,
Pənahlansın qaşa, dağlar!

Lalə, nərgiz, gül dərənlər,
Həsrət, şəhərdən gələnlər.
“Aç alnını” qoy görənlər
Etsinlər tamaşa, dağlar !

Nəbi dərəsi – bu yerlər,
Qarabağdan köçən ellər
Düşər burda gecələyər,
Səpələnər döşə, dağlar.

“Dərəyurd”,”Bəşirdərəsi”,
Kəsilməzmiş ünü, səsi…
Keçməzmiş mərdin gülləsi,
Yağı üstən boşa, dağlar!

“Qumlu bulağ”a binədən,
Qonaq olur, gəlib-gedən.
Bir qurtumnan donur bədən,
Göynək verir dişə, dağlar!

Çalmalıya birnəfəsə
Çıxarsan, gəlsən həvəsə.
Möcüzədi, görən kəsə,
“Çalma” vurub başa, dağlar !

Ordan enəndə “buruğa”,
Səbəb olur min marağa.
Lalca axan bir bulağa,
Düz gəlirsən tuş, a dağlar !

Burda əfsanə yaranıb..,
İllərdən yadigar qalıb.
Sürü qabaqda dayanıb,
Çoban dönüb daşa, dağlar !

Çıxdım gördüm Kəlbəcəri,
Seyr elədim o elləri…
Bu yerdə Dədə Şəmşiri
Gətiribsən cuşa, dağlar !

Ordan obalara enər..,
Qatıq -qaymağınnan yeyər,
Bisavad Firuzə deyər:
-“Var ol səni, yaşa, dağlar”!


Göyçə mahalı, Ağkilsə kəndi, 1986.

Müəllif: FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru