Sima Azadqızı (Göyçəli)

MÜQƏDDƏS OCAĞIN KÖZÜYƏM, ANA!

Sən coşub-çağlayan dağ şəlaləsi,
Mən o şəlalənin səsiyəm, Ana!
Sən uca zirvənin büllur çeşməsi,
Mənsə, o çeşmənin gözüyəm, Ana!

İlk kəlməm, ilk sözüm anam- birincim,
Mənə həyat verən nəşəm, sevincim,
Qiymətli xəzinəm, Firuzəm, incim,
“Talıbxan nanı”nın duzuyam, Ana!

Odlu nəfəsisən ustadlarımın,
Şair nəvəsisən ecdadlarımın.
Gücü, qüdrətisən qanadlarımın,
Hər iki qanadın iziyəm, Ana!

Həm atam, həm anam, həm varlığımsan,
Əzmim, asayişim, azadlığımsan,
Zirvəm, əzəmətim, ucalığımsan,
Mənsə, o zirvənin buzuyam, Ana!

Dərsimi alıram dahi ustaddan,
Qığılcım od alar parlayan oddan,
“Sönməyən Günəşim” çıxarmı yaddan!?
Müqəddəs ocağın közüyəm, Ana!

Vətənin “oğluyam”, qürbətin qızı,
Alnıma yazılıb belə bir yazı…
Ələsgər babamın sədəfli sazı,
Ən şirin söhbəti, sözüyəm, Ana!

Tanrıdan payındı altı tər qönçə,
Sən seçə bilmirsən, mən seçim necə?!
Sizə duaçıyam hər gündüz-gecə,
Açılan sabahın üzüyəm, Ana!

Cənnətdi hər yanı səntək əşrəfin,
Ən böyük töhfəmdi şanın, şərəfin.
Vəfalı yarının — Azad-Əşrəfin,
Əmanət qoyduğu üzüyəm, Ana!

Parlaq Günəşisən sökülən danın,
Yanar çırağısan bir xanimanın,
Müqəddəs adısan Səfa-Mərvanın,
Mənsə, o dağların düzüyəm, Ana!

Nurlu hövzəsisən qaynar quyunun,
“Həcər ana”sısan Zəm-Zəm suyunun,
Ərəbzəngisisən Oğuz boyunun,
Hətəmxan nəslinin qızıyam, Ana!

Yağıya qalıbdı Göyçəm- oylağım,
Düşmən tapdağında Çalmalı dağım,
Vətən həsrətiylə alışır bağrım,
Elatdan ayrılan quzuyam, Ana!

Halal süfrəsiyəm halal nemətin,
Şirin meyvəsiyəm saf məhəbbətin,
Məcnun-Leylisiyəm sözün, sənətin,
Göyçəli Simanın özüyəm, Ana!

31.03.2018. 02:11

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sima Azadqızı – Ana

MÖHTƏŞƏM MƏBƏDİM, PİRİM, AY ANA!

(Anam Firuzə xanım Ələsgərovaya ithaf edirəm)

Varlığımı varlığına borcluyam,
Mövlam verən dövlət-varım, ay ANA!
Varlığımda “o varlığın” özüsən,
Zəhmətkeş zənburum-arım, ay ANA!

Eləsgər nəfəsli “Göyçə gülü”msən,
Sonası oxlanmış “Göyçə gölü”msən,
Firuzəm, yaqutum, gövhər-ləlimsən,
Tükənməz sərvətim, varım, ay ANA!

Xudadan bağ-bağat, bar istəmirəm,
Dövlət istəmirəm, var istəmirəm,
Yayın ortasında qar istəmirəm,
Baharın yüz olsun, görüm, ay ANA!

Cənnət məkanımsan, Vətən bağımsan,
Sədəflə bəzənmiş ağ otağımsan,
Uca Çalmalımsan, Ağrı dağımsan,
Quzeydə xar tutan qarım, ay ANA!

Yaradanın töhfə verən payısan,
Nəim cənnətisən, Kövsər çayısan,
İlahəsən, mələklərin tayısan,
Müqəddəs varlığım, hurim, ay ANA!

Həcərül-Əsvədim, müşk-ənbərimsən,
Hər gün baş əydiyim iman yerimsən,
Qibləm, səcdəgahım, Kəbə evimsən,
Möhtəşəm məbədim, pirim, ay ANA!

Tanrı pak yaradır qız övladını,
Əmanət göndərir hər bir qadını.
Hər ana doğrultmur ana adını!
Analar anası – pərim, ay ANA!

Adınız çəkilir Vətənlə qoşa,
Sizə səcdə qılır ağa, bəy, paşa…
Allahdan diləyir Sima: “Yüz yaşa!”,
Susmayan kamanım, tarım, ay ANA!

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sima Azadqızı (Göyçəli)

Sima Azadqızı (Göyçəli) haqqında

Sima Azadqızı (Göyçəli) 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya gəlib. 11-12 yaşında “Ələsgər nəvəsiyəm” adlı ilk şeirini qələmə alıb. 1988-ci ildə ata-baba yurdundan didərgin düşüb. İbtidai təhsilini doğma Agkilsə kəndində, orta təhsilini isə Daşkəsən rayonunun Bayan kənd orta məktəbində əla qiymətlərlə bitirən Sima xanım, ali təhsil almaq istəyinə nail ola bilməmişdir. 1992-ci ildən Moskva şəhərində yaşayır. Ailəlidir, üç övladı var. Dədə Ələsgərin kötücəsi, İslam Ələsgərin nəvəsi, Firuzə Bisavadın qızıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLƏSGƏR ƏLƏSGƏRLİ

VƏTƏN, YURD HƏSRƏTİNİN NƏ DEMƏK OLDUĞU ÇƏKİLMƏDƏN BİLİNMƏZ… ÜRƏK DAĞLAYAN MİSRALAR, SÖZLƏR, SƏS VƏ JEST… ALLAH RƏHMƏT ELƏSİN…

O DAĞLARIN DALINDA

Payızdan yazacan sobam sönməzdi,
Sobam qalıb o dağların dalında.
Üstündən bişmişim yerə enməzdi,
Tavam qalıb o dağların dalında.

Məğrur dayanmışdım, məğrur durmuşdum,
Qaya yarıb daşdan yuva qurmuşdum,
Özümdə bilmədən qəflətən uçdum,
Yuvam qalıb o dağların dalında.

Çalmalının çalmasıdı çən-bulud,
Topallının otunu biç; sər-qurut,
“Qumlu bulaq”,”Bəşirdüşən”, “Dərəyurd…”
Obam qalıb o dağların dalında.

Məzarını, heykəlini görmürəm,
Qonağını, get-gəlini görmürəm,
Ətrafında Göyçəlini görmürəm,
Babam qalıb o dağların dalında.

Ələsgərin arzusunu doğuran,
Gecə-gündüz fəryad deyib, bağıran,
Bizi haraylayan, bizi çağıran
Kə’bəm qalıb o dağların dalında.

MÜƏLLİF: ƏLƏSGƏR ƏLƏSGƏRLİ (1947 – 2019)

QEYD VƏ MƏNBƏ:

Ömrünün 72-ci baharının astanasında Göyçə həsrətilə əbədiyyətə qovuşan pəhləvan qardaşım, ƏLƏSGƏR ƏLƏSGƏRLİ ilin bu günü (01.08.1947) dünyaya göz açmışdı… Məkanı Cənnət, məzarı nurlu, ruhu şad olsun. Amin.” – FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Firuzə İslamqızı – Dağlar…

DAĞLAR.

Sirri-sözü bir olubdu,
Dayanıbdı qoşa dağlar.
Bir-birinə sığınıbdı,
Veribdi baş-başa dağlar!

Bürünmə dumana, çənə…!
Mehman olsun gələn yenə,
Yal-yamacda qursun binə,
Pənahlansın qaşa, dağlar!

Lalə, nərgiz, gül dərənlər,
Həsrət, şəhərdən gələnlər.
“Aç alnını” qoy görənlər
Etsinlər tamaşa, dağlar !

Nəbi dərəsi – bu yerlər,
Qarabağdan köçən ellər
Düşər burda gecələyər,
Səpələnər döşə, dağlar.

“Dərəyurd”,”Bəşirdərəsi”,
Kəsilməzmiş ünü, səsi…
Keçməzmiş mərdin gülləsi,
Yağı üstən boşa, dağlar!

“Qumlu bulağ”a binədən,
Qonaq olur, gəlib-gedən.
Bir qurtumnan donur bədən,
Göynək verir dişə, dağlar!

Çalmalıya birnəfəsə
Çıxarsan, gəlsən həvəsə.
Möcüzədi, görən kəsə,
“Çalma” vurub başa, dağlar !

Ordan enəndə “buruğa”,
Səbəb olur min marağa.
Lalca axan bir bulağa,
Düz gəlirsən tuş, a dağlar !

Burda əfsanə yaranıb..,
İllərdən yadigar qalıb.
Sürü qabaqda dayanıb,
Çoban dönüb daşa, dağlar !

Çıxdım gördüm Kəlbəcəri,
Seyr elədim o elləri…
Bu yerdə Dədə Şəmşiri
Gətiribsən cuşa, dağlar !

Ordan obalara enər..,
Qatıq -qaymağınnan yeyər,
Bisavad Firuzə deyər:
-“Var ol səni, yaşa, dağlar”!


Göyçə mahalı, Ağkilsə kəndi, 1986.

Müəllif: FİRUZE ELESGEROVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru