Həqiqət Həqiqi

Həqiqət HəqiqİDƏN BİR ŞEİR

SÖKÜL ÜRƏYİMDƏN EY KÖNÜL

Sevincim bulaşmaz kədərə, mənim,
Günlərim ötüşməz hədərə, mənim,
Dağım var ahlara sinəsin, açan,
Nə düz gərəyimdi, nə dərə, mənim.

Kədərin üzünü döndərmə mənə,
Büküb ayrılığı göndərmə mənə,
Daha kövrəkliyim sərtliyə dönüb,
Bir daş saxlamışam qəlbn yerinə.

Nə mən həqiqətəm, nə sən bir nağıl,
Sevgi dəlilikdir, axtarma ağıl,
İçində yoxdursa, azad məhəddət,
Sökül ürəyimdən ey könül, dağıl!

20.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

şairin şair haqqında şeiri və ya etiraf

ŞAİR ÖMRÜ

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Şair olan öz dərdini özüylə bölür.
İşdir, ürək birdən dərdə tab gətirməsə,
Ay nurunda çiçəkləmiş sözüylə bölür.

Şair ömrü xana-şaha uyğunlaşmır ki,
Dövran var ki, qul şah olur, şah da didərgin.
Bir ömürdə neçə şaha vurulsun şair –
Şah var adil, şah var göyçək, şah da var çirkin.

Şair ömrü hər günaha uyğunlaşmır ki,
Hər günahın arxasında bir zalım durur.
Mən neyniyim, anam mənim, yalın əlimlə
Kimi çəkib qaldırıram, bir zalım vurur.

Şair ömrü hər gün aha uyğunlaşmır ki,
Ahdı, çəkir, çəkir, çəkir…
Ah ki, tükənmir.
Öz içində ölüm ilə vuruşur şair,
Deyirlər ki, bir balaca dərdi çəkəmmir.

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Bizlər onsuz da çox uyduq dəsgaha, baba.
Cah-cəlalı sevən kəslər çox gözəl bilir:
Səsi heç vaxt çatmayacaq sabaha, baba…

Müəllif: RAFİQ HÜMMƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi

DƏRMANSAN,DAƏVASAN, MƏLHƏMSƏN MƏNƏ…

ŞƏFASAN MƏNƏ

Sevgidən bihuşam, lap məst kimiyəm,
Eşqin şərabından sərməst kimiyəm,
Sən mənim bir hissəm, əzam kimisən,
Mən sənsiz əzizim, şikəst kimiyəm.

Dərmansan, dəvasan, məlhəmsən mənə,
Könlümün istəyi,şəfasan yenə,
Sənsiz yaşamağım mənasız olar,
Öpüşdən don biçdin eşqin əyninə.

İnan nəfəs kəsər sənsiz günlərim,
Sanki, yaşanmayıb sənsiz illərim,
Əzizim səninlə ətrini saçır, 
Könül bağçamdakı solğun güllərim.

Səsinə gəlmisən eşq harayının,
Rəssamı olmusan qəlb sarayımın,
Sevgi fırçasını alıb əlinə,
Şəklini yaratdın sən hər ayımın.

03.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

ATA, ANA HAQQINDA ŞEİR

GÖZLƏRİMİN QABAĞINDA…

Hər günü – bir göz qırpımı, tutub əlindən,
Bizə dəyər-dəyməzinə sırıyır zaman.
Gözlərimin qabağında qocalır atam,
Gözlərimin qabağında qarıyır anam.

Bu dünyanın zər libası gəlmir əynimə,
Mən bu ömrü ömür kimi yaşayammıram.
Özgələrin atəşidi yandıran məni,
Mən özümün atəşimə yaxşı yanmıram.

Üzü soyuq adamlarda daş nəfəsi var,
Üzü soyuq adamlardan küsməyim çətin.
Söz üstündə yarpaq kimi əsirəm, anam,
Niyə sənin başın üstdə əsməyim çətin?!

Atam mənim, Tanrı qulu olmaq zülümdü,
Dəbdəbələr taxtı sevən qullara gedir.
Əfv et, hər an yanınızda ola bilmirəm,
Ömrün çoxu yaşam üçün yollara gedir.

Bilən bilir – mən ömrümü hey zəiflərə,
Budağında yellər döyən yarpağa verdim.
Kürəyinə sığınmağa tək Allah qaldı –
Dost-qardaşın şahlarını torpağa verdim.

Görən, kimi isitməyə doğuluruq biz,
Bəlkə dünya bizi yaxan bir buxarıdır?
Boş əllərim yerdə-göydə ömür axtarır,
Ömrüm məndən ya aşağı, ya yuxarıdır.

Tanrı verən bir ömürdü, mənim ha deyil –
Ya doğmama bağışlayam, ya yada satam.
Gözlərimin qabağında əriyir anam,
Gözlərimin qabağında qocalır atam.

Müəllif: Rafiq Hümmət

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – Ana şeiri

ana haqqında növbəti şeir

ANAMDAN YAZIM

Qoy bu gün şerimi anamdan yazım,
Yazım səs-sədası dağlara düşsün.
Qoy mizrab toxunsun,dillənsin sazım,
Nəğməli dodaqlar,dillər öpüşsün.

Yazım sığal çəkən titrək əlindən,
Yazım siyah telə düşən dənindən.
Qəlbini odlayır övlad itgisi,
Yazım ürəyinin duman çənindən.

Bu gün şeirimi,anamdan yazım,
Bütün analara hədiyyəm olsun.
Ana ürəyinin qəmi silinsin,
Gözəl qəlblərinə səadət dolsun.

25.07.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ – ANA ŞEİRİ

ANA ŞEİRLƏRİ” LAYİHƏSİNDƏN NÖVBƏTİ ŞEİR

ANA

Qarşımda bir ana durur, 
Qəlbi oddur, çöhrəsi nur. 
Övlad arxa, övlad qürur, 
Hər kəlməsi, sözü ana!

Həyat onsuz heç, hədərdir, 
Məhəbbəti nə qədərdir, 
Övlad ölməz bir əsərdir,
Müəllifdir özü ana!

Niyə yolu çən-dumandır, 
Qəlbi kövrək bir kamandır, 
Qocalmayan bir insandır, 
Haqlasa da yüzü ana!

Baş əyirəm bu varlığa, 
Getmə məndən sən uzağa, 
Həyat verib çox uşağa, 
Bir dünyadır duyan ana!

Müəllif: Ramiz Hasanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ -ŞAİR, ALİM…

RAMİZ HƏSƏNLİ HAQQINDA

Ramiz Kamandar oğlu Həsənli – 8 may 1960-cı ildə 
Qərbi Azərbaycanın qədim Göyçə mahalındakı 
Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 
1977-ci ildə Şişqaya kənd orta məktəbini, 1983-ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) əla qiymətlərlə bitirib. 
1983-1989-cu illərdə Neft Maşınqayırması üzrə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnologiya İnstitutunda mühəndis, II kateqoriyalı mühəndis-texnoloq, kiçik elmi işçi, 1989-1993-cü illərdə Azneftmaş Elm-İstehsalat Birliyinin Sahə Mühəndis Mərkəzində I kateqoriyalı mühəndis-texnoloq, elmi işçi, baş elmi işçi, 1993-1999-cu illərdə Bakı Neft-Mədən Maşınqayırma zavodunda mərkəzi zavod laboratoriyasının rəisi, baş metroloq vəzifələrində çalışıb.

1991-1994-cü illərdə Xarkov Dövlət Avtomobil Yolları Texniki Universitetinin aspiranturasında qiyabi təhsil alıb.
1994-cı ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək, 
Ukrayna Ali Attestasiya Komissiyasının qərarı ilə
texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. 

1990-cı ildən eyni zamanda Аzərbaycan Texniki Universitetində (AzTU) əvəzçilik və yarımştatla dərs aparan və diplom işlərinə rəhbərlik edən Ramiz Həsənli 1999-cu ildən АzТU-nu özünə əsas iş yeri seçib. 
2001-ci ildə AR AAK-ın qərarı ilə dosent elmi adına layiq görülüb. 
2000-2009-cu illərdə Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi olub. 
2009-2013-cü illərdə Metrologiya və standartlaşdırma kafedrasının müdir müavini, Texnoloji maşınlar fakultəsi Elmi Şurasının üzvü olub.
Hazırda yenidən Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi, AzTU-nun Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Elmi Seminarın üzvü və “Metallurgiya və metalşünaslıq” kafedrasının dosentidir.

AzTU-nun və Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Dəfələrlə Məntəqə və Dairə Seçki Komissiyalarının sədri olmuşdur. Hazırda 31 saylı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvüdür. Avropa İttifaqı Tempus layihəsinin “Ətraf mühitin mühafizə texnikası” üzrə AzTU-da ixtisas rəhbəri olmuşdur. Tempus və DAAD layihələri üzrə 2004, 2005, 2007-ci illərdə üç dəfə Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, elmi tədqiqatlar aparmışdır.
Kürəvi qrafitli yüksəkmöhkəm çuqunların tədqiqi və tətbiqi sahəsində Azərbaycanda yeganə alimdir. 
Məhsuldar və qüsursuz işinə görə işlədiyi təşkilatların rəhbərlikləri tərəfindən dəfələrlə tərifnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 
170-dən çox elmi əsərin, о cümlədən, 3 ixtira, 2 monoqrafiya, dərs vəsaitləri və 10 dərsliyin müəllifidir. 
Bir sıra elmi məqalələri Rusiya, Ukrayna, Çexiya və Bolqarıstanın nüfuzlu jurnallarında nəşr edilmişdir. 
Çoxsaylı beynəlxalq və respublika elmi-texniki konfranslarının təşkilatçısı və iştirakçısıdır. 
Onlarla diplom işinə və 14 magistr dissertasiyasına rəhbərlik etmişdir.

AzTU-nun doktoranturasını bitirib, doktorluq dissertasiyasını tamamlayıb və müdafiəyə təqdim edib. 

Evlidir, 2 oğlu var.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bədirə Rza Həsənqızı


Örnək ömür – inamlı yol
( 14 iyul tarixinin 50-ci ildönümü münasibətilə )
Mənalı həyat, ömür yolu keçən insanlar haqqında çox yazırlar. Həm sağlığında, həm dünyasın dəyişəndən sonra, həm də əsrlər sonra… Bu yazılar, yazan şəxsin tutduğu ictimai mövqedən asılı olaraq müxtəlif mənalarda canlandırıla da bilir bəzən. 
Amma, bir də olur ki, insan xalqın bir nəfəri olaraq sadəcə düşündüyünü qələmə almaq, sadəcə el yaddaşından bir yarpaq xatirətək paylaşmaq istəyir. Təmənnasız, könül sevgisilə … Düşüncəsində o böyük şəxsiyyətin ömür yolunun nuruna baxaraq yada salır, xatırlayır, fikirlər ömrün enişli-yoxuşlu yollarından qalaqlanır üstünə… Bir ömür yaşamaq, səhvlərdən yan keçmək və əbədiyyən xalqın yaddaşında işıqlı xatirələrlə qalmaq, heç də asan iş deyil…Və bu böyük məsuliyyət hər kəsin bacara biləcəyi qüvvət ola bilməz. Belə şəxsiyyətlər İlahidən seçilmişlərdir…
Evimiz seçki məntəqəsi yerləşən orta məktəbin qarşısında yerləşirdi. Dörd qız atası olan atam sürücü işləyir, qanunları çox sevir, ehtiyac olduqca da tələb edərdi. Necə deyərlər bir az “qanun adamı” kimi tanınmışdı. Onun simasında biz də inanırdıq inandıqlarına. Və atamın qanunları bilməsi, eyni zamanda yeri gəldikcə tələb edərək yaşadığı dövr böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə iki bacımın diplom aldıqdan sonra çox asanlıqla işlə təmin olunmasına səbəb olmuşdu. Atamın Ulu öndərə olan dərin məhəbbəti, sanki bütün ehtiyacların üstünə inam pərdəsi çəkmişdi. Onu şəxsən görə bilməsə də, bütün çıxışlarını izləyir, hər kəlməsinə, ifadəsinə çox böyük hörmətlə yanaşardı. Nə ailədə, nə işində olan çətinliklər onu darıxdırmaz, qorxutmazdı. Böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması isə ona çox böyük həyat ümidi vermişdi. Gələcəyə çox böyük inamla baxardı. Yaxşı yadımdadır… 1993-cü ilin payızı, oktyabr ayı idi. Ölkədə iqtisadi cəhətdən çətinliklər vardı. Müstəqillik yollarında hələ kövrək addımlarını ataraq, sərhədlərində düşmən yaralarından qorunmağa çalışırdı doğma yurdumuz. Varislik haqqını qorumaq istəyirdi müstəqil Azərbaycan, saysız sınaqlar, görünən və görünməyən siyasi çətinliklər əhatəsində. Belə çətin günlərdə dövlət rəhbərliyinə yenidən seçkilər keçirilirdi. 
Seçki günü səhər atam çox tezdən oyanmış, məntəqəyə getməyə hazırlaşırdı. Saat 6:00 dan məntəqə açıq olacaqdı. Ondan niyə belə tələsirsən, ay ata, seçki məntəqəsi uzaq deyil ki… soruşduqda: 
– Bu çox vacib məsələdir, əlbəttə ki, daha erkən getmək lazımdır! -dedi… Kimə səs verəcəyini soruşduqda isə, çox təəccüblə dönüb baxdı… Əslində onun böyük məhəbbətin, rəğbətin ailədə hər birimiz bilirdik. Ulu öndərin 1969-cu ildən 1982-ci ilə qədər respublikamızda olan hakimiyyət dövrü tanıtmışdı xalqına necə rəhbər olmasını. Bəli, biz belə görmüşdük valideynimizi. Ölkə başçısına olan böyük məhəbbət, rəğbət dolu inamla baxırdı gələcəyə. Məncə, atam kimi, Ulu öndərə rəğbəti olan ailələr Azərbaycanda minlərlə idi…
Bəli, böyüklük şərəfi. Onu qazanmaq hər kəsə nəsib olmur. Milyonlarla insanın ürəyində yer ala bilmək… Bir iş yoldaşım var. Onun qardaşı Qarabağ döyüşlərində Şəhid olub. (Ruhu şad olsun!) Daha doğrusu itgin düşüb, Şəhid adı alıb. O deyir ki, ailəmizin ilki olan qardaşım könüllü olaraq döyüşlərə getmişdi, 1993-cü ildə. O illərdə Ümummilli lider Heydər Əliyevin televiziya ilə xalqa müraciətini eşitdikdən sonra, Neftayırma zavodunda işləyən qardaşım Zeynalov Azad dayanmayıb, könüllü getmişdi cəbhəyə, Qarabağın müdafiəsinə. Qeyd etdiyim bu xatirələr sadə bir xalqın ayrı-ayrı nümayəndələrinin öz rəhbərinə olan sevgisindən xəbər verir. Bəli, Ulu öndər xalqın rəğbətini qazanan dahi bir insan idi. Onun saatlarca nitqinə qulaq asan insanlar, hər kəs etiraf edər ki, öz xalqının tarixini, mədəniyyətini dərindən bilən, sevə -sevə təbliğ edən, qoruyan, yaşadan, bütün dünyada Vətənimizin siyasi varlığının təsdiqinə var qüvvəsilə çalışan fəxr ediləcək şəxsiyyət, azərbaycanlı idi. 
Biz bu gün də onun böyük dühasından, dərin zəkasından, dünya xalqları, dövlətləri haqqında düşüncələrindən bəhrələnir, inanırıq ki, böyük siyasətçi, fonemen şəxsiyyət Heydər Əliyev ideyaları qalib gələcək, xalqımızın haqq səsi bütün dünyada tezliklə ədalət nidası ilə bitəcəkdir.

Müəllif: BƏDİRƏ NİFTALİYEVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏQİQƏT HƏQİQİ

YAĞILAR ƏLİNDƏ QALAN TORPAĞIM

Ey mənim düşmənə qalan torpağım,
Yad izlərə alışmayın amandı.
Yağılar əlində talan torpağım,
Qərarların əmrləri dumandı.

Tarixinə yeni tarix yazacam,
Xarıbülbül bağın gəzib azacam,
Qarabağda öz qəbrimi qazacam,
Demə şair çaşıb, fikri gümandı.

Əsarət altında hıçqıran torpaq,
Gözlə, alaçaqsan xoş xəbər, soraq.
İlahi, topağı necə qoruyaq,
Tarix gedir, dərdsə həmən zamandı.

Azərbaycan cəngavərlər doğacaq,
O torpaqdan düşmənləri qovacaq,
İgidləri yenə at oynadacaq,
Cıdırdüzü həsrət çəkir, yamandı.

13.07.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru