Narıngül Nadir – ilk hekayə

“PATRON”UN ÖLÜMÜ

(İlk hekayəmdir. İllər əvvəl “Ulduz” jurnalında nəşr olunub.)

Gonbul Sürəyya nəfəsi təngiyə-təngiyə otağa daxil olub qışqırdı ki, arvad öldü. Hamı bir anlıq donub qaldı. Əvvəlcə heç kim dinmədi, otaqdakılar key-key bir-birinin üzünə baxdılar. Bir qədər keçmiş qəfildən ortaya atılmış xəbərin buzu əridi, hamıya çatdı. Hərçənd ki, Sürəyya artıq eyni sözü üç- dörd dəfə təkrarlamışdı. Həyəcandan az qalırdı ölsün. İri gözləri əməlli-başlı hədəqədən çıxmışdı. Birinci dillənən Lalə oldu:
– Niyə?
– Maşın vurub.
Yenidən sükut çökdü. Hamının geniş açılmış, sual dolu gözləri Sürəyyanın üzünə dikildi. Sürəyya bu an otaqda ən vacib adam olduğunu anladı və bir az da lovğalıqla, qaşlarını çataraq susdu. Sonra keçib alçaq, köhnə pəncərənin qarşısında dayandı:
– Küçədə eşitdim. “ Patron” ölüb. Kürəkəni maşınla apardı xəstəxanaya. Vəziyyəti yaxşı deyilmiş, ordaca keçinib. Kirayənişin qızlar ev sahibəsini öz aralarında “patron” adlandırırdılar.
Məhəllə bir-birinə dəydi. Günorta yaxınlaşdığından günəş həyətdəki tut ağacının arxasından boylanırdı. Tut ağacının yarpaqları par-par parıldayırdı.Yarpaqların məsumluğu adamın gözünə dolurdu.
Həyətin ortası bir anda adamla doldu. Ümumi həyət olduğundan burda hamı bir ailə kimi yaşayırdı. Ən gec gələn həyətin başındakı evin ikinci mərtəbəsində yaşayan “piyaniska Hüsü” oldu. Hüsü səntirləyə-səntirləyə aşağı endi, gözlərini ovuşdurdu. Onu saya salan olmadığından gedib pilləkəndə əyləşdi. Ətrafa ucuz araq iyi yayıldı.
Küçənin başındakı kiçik dükanların qarşısından yoldan keçənlərin sorğu-sualı eşidilirdi. Səs gah aşağı enir, gah da yüksəlirdi. Və hər dəfə eyni sözlər təkrarlanırdı.
Gonbul Sürəyya da artıq kirayənişin yoldaşları ilə adamların arasında idi. Köhnə, taxta həyət qapısının ağzında dayanıb küçədəki adamlara tamaşa edirdi. Yeni gələnlərə xəbəri ötürən də o idi. Küçənin o biri başından gələn maşın qapının ağzında yavaşıdı. Gələnlər tələm- tələsik həyətə daxil oldular. Sürəyya yanındakılara elan verdi: bu gəlinidir, o biri gəlinin bacısı, qardaşı… Sürəyya bu evdə qızlardan xeyli əvvəl yaşadığından “Patron”un qohumlarını yaxşı tanıyırdı.
Həyətdəkilər bir anda gələnlərin başına toplaşıb, sorğu- suala tutdular. Qara paltarlı qadın başa saldı ki, xəstəxanada keçinib, gətirəcəklər bir azdan, hazırlıq görmək lazımdır.
Adamlar tələm-tələsik o tərəf- bu tərəfə vurxunmağa başladılar, qab-qazan səsi, taxta pilləkənlə qalxıb-enənlərin ayaqlarının tıqqıltısı bir-birinə qarışdı. Həyətə çoxlu yad adamlar daxil oldu.
Gonbul Sürəyya qızları başına yığıb bir tərəfə çəkildi. Nədən ki, kirayə qaldıqları otaqdan da yas məclisi üçün istifadə etməyə başladılar. Bazarlıq dolu çantaları bir-bir gətirib ora yerləşdirdilər. Sonra qızların çarpayılarını yığışdırıb bir kənara qalaqladılar, sonda isə qonşunun zirzəmisinə daşıdılar. Kirayənişin qızlar da qollarını çırmalayıb işə girişdilər. Kömək göstərməyə, əl- ayaq etməyə çalışdılar.
Həyətin otrasındakı su kranının başında qadınlar növbəyə düzüldülər. Kimi göyərti yumağa, kimi tavadakı düyünü suyun altında islatmağa, kimi başqa bir işlə məşğul olmağa başladı.
Artıq günəş həyətin ortasındakı tut ağacının başından xeyli yuxarı qalxmışdı. Ordan həyətdəkilərə tamaşa edirdi.
Hüsü fikirli-fikirli tut ağacını başdan-ayağa süzdü, sonra nəzərlərini günəşə dikdi. Hüsünün arvadı da həyətdə fırlanan arvadların içərisində idi. Oğlu isə qapının ağzına yığılmış gənclərin arasında çöməltmə oturmuşdu. Həyətdəki qadınlara kömək edən kirayənişin qızlar gözucu Hüsünün oğlunu süzürdülər. Hüsünün oğlu hündür boylu və yaraşıqlıydı. Hüsünün arvadı da gözəl qadındı, diqqətlə baxanda mələyə bənzəyirdi. Üzündə müqəddəs bir işıq vardı. Hüsünün oğlu yaraşıqlı olduğunu hiss etdiyindən gəzişində, duruşunda bir qədər lovğalıq hiss olunurdu. Qonşu qadınlar onun haqqında deyirdilər ki, çox qanacaqlı, sakit, böyük-kiçik yeri bilən uşaqdır.
Hüsünün oğlu son vaxtlar gözəl bir qızla görünürdü küçədə. Kirayənişin qızlar oğlanın onlardan xeyli uzaqda dayandığını hiss edirdilər. Amma yenə də ona tərəf baxırdılar, eləcə baxırdılar. Özləri demişkən, baxmaq da pulla deyildi ki?..
Bir qədər sonra ara qarışdı, deyəsən, gətirirdilər. Hamı o tərəf- bu tərəfə qaynaşmağa başladı. Təkcə Hüsü gözə dəymirdi.
Hüsünün arvadı taxta pilləkənlə yuxarı qalxdı. Bir qədər sonra içəridən səslər gəldi. Hüsü arvadına qışqırırdı, bəlkə də, döyürdü onu. Arvad nəyisə başa salmağa çalışırdı. Səsi qırıq-qırıq gəlirdi. Arvadın səsi cingiltili idi, Hüsünün qalın səsinə dəyib çiliklənirdi. Sonra yuxarıdan qab- qaşıq səsi eşidildi. Hiss olundi ki, bir dəstə qab yerə çırpılıb çilikləndi. Həyətdə hamı diqqətini yuxarı cəmlədi. Qadınlar bir-birinə baxıb him- cimlə başlarını buladılar. Kirayənişin qızlar gözlərini Hüsünün oğluna zillədilər. Hüsünün oğlu olanları eşidirdi. Yoldaşlarının yanında susub dayanmışdı. Əməlli- başlı pərt görünürdü, üzündə xəcalət hissi vardı. Artıq hamının gözü Hüsünün oğlunun üzünə zillənmişdi. Bir qədər sonra pilləkəndən aşağıya diyirlənən büllur külqabı asfaltın kənarındakı daşa dəyib çilik-çilik oldu. Ayna qırıqları muncuq kimi ətrafa səpələndi. Hüsünün oğlunun üzündəki işıq da qab ilə bərabər çilik-çilik oldu. Az sonra Hüsü səntirləyə-səntirlləyə pilləkəndə göründü, ardınca arvadının hıçqırıq səsləri eşidildi.
Hüsünün oğlu pilləkənin qarşısına gəldi. Hüsü axırıncı pillədə səntirləyərək pilləkənin kənarında yellənən taxta söykənəcəyə dirsəkləndi. Hüsünün oğlu atasının qarşısında dayandı. Gonbul Sürəyya içini çəkib qızların qolunu çimdiklədi. Hüsünün üzündə açılan şillənin səsi tüfəngdən açılmış atəş kimi şaqqıldadı. Hamı nəfəsini içinə çəkdi. Hamının içində bir qorxu, bir vahimə dolandı. Vahimənin ardınca həyətdəki adamlar yenidən diksindilər. Həyətdəki tut ağacının bir hissəsi ildırım vurmuş kimi ayrılaraq asfaltın üstünə sərələndi. Keyləşmiş adamlar bir anda ayıldılar. Bəlkə də, tut ağacı qopub düşməsəydi, hələ uzun müddət bu həyətin ortasında donub qalacaqdılar.
Hüsünün oğlu asta addımlarla heç kimin üzünə baxmadan həyətdən çıxdı. Bir daha onu bu həyətdə görən olmadı. Çox sonralar, anası onun həsrətiylə dünyadan köçəndə də, Hüsünün cansız cəsədi küçədəki qarın altından tapılıb gətiriləndə də onu “gördüm” deyən olmadı.
Özünə gələn adamlar tutun qırılmış budaqlarını həyətdən çölə sürüdülər. Budağın altındakı iri, yumru daşı götürüb atmaq istəyəndə hamı bir anlıq duruxdu. Bu daş hardan düşdü axı bura?! Həyətdəkilərin hamısı şahiddi ki, bu daş həyətin ortasında deyildi. Hamı bir-birinə baxıb and içdi ki, bu daş burda yox idi, heç vaxt olmayıb.
“Patron”un ölümündən sonra bu həyəti tərk edən və hərəsi bir tərəfə dağılışan kirayənişin qızlar illərdən sonra bir yerə yığışarkan Gonbul Sürəyya dönə-dönə qeyd elədi ki, Hüsünün oğlu atasını vurduğu vaxt daşın göydən enməsini öz gözləri ilə görüb.
– Daş göydən günəşin yanından endi, düz tut ağacının köksünə düşdü. Özüm gördüm, gözümlə gördüm…
Sürəyya az qalırdı ağlasın. Deyəsən, ona inanmayacaqlarından qorxurdu. İri həyəcanlı gözləri o tərəf- bu təfə qaçışırdı. Sonra nəyisə isbat edirmiş kimi asta səslə öz-özünə dilləndi: “Ömrümdə bu qədər qorxmamışdım!”

Müəllif: NARINGÜL NADİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

Qapı açanım…                                       

                                                             (hekayə)

                                            (Qız balalarımıza itahf olunur…)

         … Arvadı iki oğlan uşağından sonra, ona gözəl bir qız uşağı da dünyaya gətirmişdi. Qız övladının doğulması Əziz müəllimi o qədər sevindirmişdi ki, fərəhindən bilmirdi nə etsin. Hətta, iki oğul balası dünyaya gələndə o, heç belə sevinməmişdi.

          Əziz müəllim bütün qohum-əqrabasına, dost-tanışlarına xəbər edib bildirmişdi ki, qızının doğulması münasibətiylə hamıya yaxşı bir qonaqlıq verəcəkdir.

       Ona görə də, Əziz müəllimi istəyən bütün yaxınları qonaqlığın veriləcəyi günü gözləyirdilər.

         Təyin olunmuş gün gəlib çatanda, nəinki,  qonaqlar, hətta, Əziz müəllimin öz ailəsi də, bu böyük ziyafət məclisinə görə təəccübdən gözləri dörd olmuşdu.

        Onun təşkil etdiyi qonaqlıq elə bir möhtəşəm qonaqlıq idi ki, elə bil,  Əziz müəllim qız balasının dünyaya gəlişi münasibəriylə məclis yox, ona toy edib köçürdürdü. Yemək, içməkdən tutmuş musiqiçilərə qədər hər şey gözəl idi. Stolların üstündəki bahalı içkilər, şirniyyatlar, mer-meyvələr, şişlərdə isti-isti ortaya gətirilən müxtəlif cür kabablar hamını heyran etmişdi.

          Bu naz-neməti, dəbdəbəli ziyafəti görən adamların beynində br sual dolaşırdı. Axı, Əziz müəllim oğul balaları dünyaya gələndə də qonaqlıq vermişdi. Amma onun verdiyi o qonaqların heç biri buna bənzəməmişdi. Bu adi qonaqlıq deyildi, əməlli-başlı bir toy məclisi idi. Bu toyda bircə, bəylə, gəlin çatışmırdı.

                Hamı maraqla bir-birinin üzünə baxaraq, çiyinlərini çəkirdilər. Hətta, iş o yerə gəlib çatmışdı ki, Əzizi müəllimin yaxın dostu Şükür müəllim yerindən qalxıb soruşdu ki;  – Ay Əziz müəllim, axı sənin oğlanarın dünyay gələndə bu cür qonaqlıq verməmişdin? İndi nə oldu ki, sən birdən-birə qızına belə qonaqlıq təşkil etmisən? El-obamızda, ta qədimdən adət-ənənə olub, ata-ana oğul övladları dünyaya gələndə daha çox sevinirmişlər, qurban kəsirmişlər. Çünki, “oğlan düşmən çəpəridir”, – deyiblər. Amma “qız yükü, duz yükü məsəli də var ha…”

             Şükür müəllimin bu sözləri məclis iştirakçılarının ürəyincə olduğuna görə, onu yerbəyerdən alqışladılar.

                Əziz müəllimin kefi kök idi. Biri birinə deyər e, elə bil, gözləri göydən ulduz dərirdi. Qızının şərəfinə yaxşıca yeyib, içmişdi. Hamıyla deyib, gülür həmişəkindən ikiqat şən görünürdü. O ayağa qalxıb məclisin başına keçdi və üzünü qonaqlara  tutub dedi:

             – Hə dostlar, bilirəm hamınız maraqlanırsınız. Maraqlanırsınız ki, Əziz müəllim bəs, iki oğlu üçün, niyə belə məclis təşkil etmədi? Hə, doğrudur? – deyə o yerində ləngər vurdu. – Haqlısınız, hamınız haqlısnız… Əgər, doğurdan da,  bu sizin üçün maraqlıdırsa qoy onda deyim. – Bilirsiniz,  əzizlərim, həyat yoldaşım, Əfsanə xanımla toy gecəmizin axşamı qərara gəldik ki, bu üç günü otaqdan bayıra çıxmayaq. Kim də otağa gəlmək istəsə, ona da qapı açmayaq. Doğrudur, bu olduqca çox çətin bir qərar idi, valideynlərimiz, yaxınlarımız vardı, onlardan hər biri, hər an qapını döyə bilərdi. Amma şərtləşdiyimizə görə, kim olur-olsun ona qapını açmayacaqdıq.

            Bu sövdələşməmizin üstündən bir gün keçdi. Səhəri gün günortaya yaxın otağımızın qapısı döyüldü. Hər ikimiz bir-birimizin üzünə baxıb qımışdıq. Görəsən kim ola? – düşündük. Qapı təkrar döyüləndə anamın səsini eşitdik.

            – Oğul, Əziz, sənə qurban, atanla darıxdıq. Dedik ki, gəlib sizinlə bir az  oturub, söhbət edək. Yəqin evdəsiniz, bala?

            Səsimizi içimizə salıb susduq. Doğrusu, belə bir vəziyyətin olacağını gözləmirdik. Az keçməmiş qapı yenidən döyüldü. Bu dəfə atamın zəhmli, boğuq səsi eşidildi:

            – Oğlum, evdəsiniz? Anan əl çəkmədi. Dedi ki, gedək hökmən uşaqlara bir baş çəkək.

             Kirimişcə evin içində həyat yoldaşımla bir-birimizin üzünə baxdıq. Onun üzündəki cizgilərdən hiss edirdim ki, verdiyimiz sözə əməl etməyimizi istəyir. Elə mən də o fikirdə idim. Axı, şərtləşib, bir-birimizə söz vermişdik.

            Üçüncü dəfə qapı döyüldü… Ürəyim ağrısa da, qapını açmaq fikrim yox idi…

            Bir azdan atamın boğuq səsi yenidən eşidildi. Bu dəfə anamı danlayaraq, deyirdi:

              –  Mənim sözümə heç qulaq asmadın da. Sənə dedim ki, yaxşı deyil, cavandırlar, gedib narahat etməyək,  sonra gedərik. Sən isə mənə qulaq asmadın. Ehh, sənə nə deyim, ay arvad, gördün də?.. 

               Anamın sözü lap cızdağımı çıxartdı.

            – Yox, a kişi, evdə olsaydılar açardılar. Mən oğlumun xasiyyətini yaxşı bilirəm. Yəqin, harasa gediblər? Neynək, sən Allah deyinmə, gedək başqa vaxt gələrik.

            Onlar çıxıb getdilər.

            Ata-anama qapını açmadığıma görə yaman utandım. Belə olacağını, doğrusu, gözləmirdim. Amma çətin də olsa, verdiyimiz sözün üstə durmağımız bizi bir azca sevindirirdi. Bunu həyat yoldaşım Əfsanə xanımın üzündəki təbəəssümdən də sezmək olurdu.

            Səhəri gün günorta vaxtından keçmişdi. Qapının döyülməsi, dünənki kimi yenə də hər ikimizi diksindirdi. Bir-birimizin üzünə baxdıq və hər ikimizin gözlərindən bir sual oxundu, görəsən, bu dəfə kimdir?

           Qapının gözlüyündən baxdım. Və tezcə də üzümü çevrib əllərimlə ağzımı qapayaraq, yavaş səslə:

            – Əfsanə, əzizim, atanla, anandır!..

            – Nə?!- deyə, Əfsanə az qala qışqıracaqdı. Barmağımı dodaqlarımın üstünə qoyub,  ona“sus” işarəsi verdim.

            Az keçməmiş qaynanamın səsi eşidildi:

            – Qızım, Əfsanə, qadan alım, bizik e, atanla, mən… Evdəsiniz?!

            Mən dönüb həyat yoldaşımın üzünə baxdım. Əfsanə ayaq pəncələrinin üstünə qalxaraq, iki əlini başından yuxarı qovzayıb, dartınaraq sanki məni itələyib qapıya tərəf qaçmaq istəyirdi.

            Onun sinəsindən yavaşca geri itələyib: 

              – Hara gedirsən, qız, bəs söz danışmışdıq axı?

            Əfsanə məni eşitmirmiş kimi yenə də qapıya tərəf dartındı. Bu dəfə onun qolundan tutub geriyə çəkərək:

            – Yox olmaz, qətiyyən olmaz! – dedim.

            O dolixsunaraq:

             – Əzizim, ata-anamdı e, gələn, – deyə, pıçıldadı.

               – Bilirəm də, gələn ata-anandır? Bəs, dünən gələnlər mənim ata-anam deyildilər? – deyə, ona xatırlatdım.

            Əfsanənin gözləri dolmuşdi. Hətta, onun gözlərindən bir-iki damla yaş da süzülüb, döşəməyə düşdü. Amma mən fikrimdə qəti idim, qapını açmaq istəmirdim.

            Əfsanə divanın üstünə çöküb, üzünü əlləriylə qapadı və ağlaya-ağlaya:

            – O qədər yol gəliblər, axı… Onalara necə qapı açmayaq?  Heç, belə iş olar?

            Mən həyat yoldaşımı başa salmağa çalışdım:

            – Əzizim, axı, biz söz vermişik ki, heç kəsə qapı açmayaq. Niyə şərtimizi unudursan?

            Əfsanə ayağa duraraq qarşımda dayandı və gözlərini gözlərimin içinə dikərək:

            – Sənə qurban olum, bacarmıram… Vallah, özümlə bacarmıram, ata-anamdır axı… Ürəyimin başı göynəyir, içim od tutub yanır, aç qapını, qoy onları görüm.

            Onun çiyinlərindən tutub ehmalca silkələdim:

            –  Əfsanə, əzizim, axı biz söz vermişik. Nə olsun, mənim də ata-anam gəlmişdi, gördün də… Onda demək, mən ata-anamı sənin kimi çox istəmirəm? Yoxsa, mənim ata-anam səninkilərdən….

            Həyat yoldaşım ağlaya-ağlaya sözümü kəsdi:

            –  Yox… yox, sən ata-ananı çox istəyirsən, lap çox. Amma mən qadınam, axı. Mən dözə bilmirəm… Vallah, dözə bilmirəm, – deyə,  həyat yoldaşım hönkürtüylə ağladı. Sonra o, qarşımda diz çökərək:

            – Nə olar, qadan alım, qapını aç, bundan sonra, elə bil ki, ömrüboyu sənə uduzmuşam…

            Onun qollarından tutub ayağa qaldırdım və:

             –  Mən səni anladım, əzizim, səni başa düşdüm. Bu dəqiqə, bu dəqiqə  qapını açıram! – dedim. Və qapını açdım…

            – Hə, dostlar, həmin anda beynimdən bir fkir keçdi. Öz-özümə pıçıldadım: – İlahi, bir qız uşağının ki, ata-anasına bu qədər məhəbbəti var, onlar üçün bu qədər narahat olub, bu qədər üzülürsə, demək, onun qəlbini qırmağa, incitməyə dəyməzmiş…

            İndi anlayın,  başa düşün, ey adamlar!.. Bilin ki, mənim qız balam, mənim qapı açanım dünyaya gəlibdir…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aqil Abbas – … QARABAĞ …

Əzrayılın erkək-dişiliyi – hekayə

(Molla Rəşidin Qarabağda dolaşan ruhuna)

…Oturmuşdu, daha doğrusu, yayxınmışdı stula. Yorğun görünürdü. Elə bil biçindən gəlmişdi. Kök adam, isti də nə təhər təntitmişdisə, mağarın ortasındakı sərinkeşin gətirdiyi mehi də səhra küləyi kimi hiss edirdi.

Camaat bu dəqiqə Şuşada, Dəlidağda sərin bulaqların başında əmlik qabırğasından kabab çəkəndə, kef partladanda, O da yayın bu istisinin adamı mindiyi bir vaxtda yeddi gün oturmalıydı bu qaramat mağarda. Ömrü bu qaramat mağarlarda ağrı-acıların içində keçirdi, xüsusilə də rəhmətə gedən cavan olanda bu ağrı-acını daha çox hiss edirdi. İncəvara, bir az əvvəl dəfn elədiyinə Əzrayıl çoxdan qayıb yazırdı.

Oturmuşdu bu qaramat mağarda, 1400 il əvvəl baş vermiş və nağıllaşmış hadisələrdən danışmalıydı. Hansı ki, camaat bu nağılları bəlkə yüz dəfə eşitmişdi. Onun başqa mollalardan fərqi o idi ki, həmin nağıllara özünün rəngini qatardı, gözünə də bir az duz vurardı. Bu da onun apardığı məclisləri maraqlı edərdi.

Süfrədə bircə quş südü yoxuydu. Yas Sahibi bazarı ələk-vələk eləsə də, tapa bilməyib əsəbləşmişdi. Quş südü satanlar da Seyid Lazım ağanın cəddinə and içmişdilər ki, yoxdu, nə bilək dədən öləcək, Ağcabədinin ispalkomunun atasının bu gün üçüdü, səhərin gözü açılmamış adamları tökülüb bazarda nə qədər quş südü vardı yığıb apardılar.

Beləcə, stolun üstə Ağcabədinin ispalkomunun atasının zibilinə bircə quş südü əskik idi. Heç toylarda belə süfrə açılmırdı. Hətta badımcana oxşayan bir sarı meyvə də vardı ki, çoxları da onu ilk dəfəydi görürdü. Amma heç kim o meyvəyə əlini vurmurdu. Eşitmişdilər ki, onu Afrikada meymunlar yeyir. Bu meyvənin yetişdiyi ölkələri də elə onun adıyla adlandırırdılar – Banan Respublikası. Düzdür, Darvin sübut eləmişdi ki, insanlar meymundan əmələ gəliblər, Sovet alimləri də bunu təsdiqləyirdilər. Onlar isə Sovet hökumətinin Allahsız alimlərinə inanmadıqları kimi, Darvinə də inanmırdılar. Ümumiyyətlə, çoxu heç Darvini tanımırdı da, ona görə də bu meyvəyə əl vurmurdular.

Toydan fərqli olaraq süfrədə bircə araq çatmırdı. Amma O bilirdi ki, yeyib-içən oğlanlar ehsan vaxtı ya vurub gəlirlər, ya da keçib qonşu həyətdə əvvəlcədən gətirib qoydurduqları urus “vodka”sıyla boğazlarını yaşlayırlar. Əslində, bu urus “vodka”ları girdirməydi, rayondakı şərab zavodlarında hazırlayırdılar, amma butulkanın üstünə yapışdırdıqları “Moskovskiy vodka” etiketi girdirmə deyildi, uşaqlar Moskvadan göndərirdilər.

Oturmuşdu, hərdən süfrədəki mer-meyvədən dadırdı. Meymunların sevdiyi meyvəyə O da əl uzatmırdı, badımcandan zəhləsi gedirdi, onda ki hələ onun sarısı ola. Və hərdən də çayçının işarəsi ilə bir “Fatihə” verirdi ki, getmək istəyənlər getsinlər. Amma yerindən tərpənən olmurdu. Bilirdilər ki, belə bahalı süfrənin bahalı da ehsanı olacaq.

Qarabağda varlı adamların toylarını adətən Qədir Rüstəmov aparardı, yasların da Qədir Rüstəmovu O idi. Səsi də, düzdür, Qədirin səsi kimi olmasa da, Şahmalı Kürdoğlunun səsi kimi qaymağıydı, xalis Qiyaslı qaymağı. Dilinin şirin olması da avazına bir rəng qatardı. Bəlkə yeganə mollaydı ki, o şirin avazı, şirin boğazlarıyla “Quran”ı elə oxuyardı ki, məclisə bir qəbiristanlıq sükutu çökərdi.

Bəzən eyni gündə iki saytal adamın yası düşürdü. Onda qanı bərk qaralardı, deməli, mütləq birinin xətrinə dəyəcək.

Bu gün də elə olmuşdu. Hətta onu atalarının yasına aparmaq üçün qapıya gələn saytal adamlar öz aralarında dava salıb bir-birlərinin üstünə silah da çəkmişdilər. O da Seyid Lazım ağanın cəddinə and verib onları sakitləşdirə bilmişdi.

– Arvad, qəstyumumu gətir, yenə zivilə düşmüşəm.

– Noluf?

– İki yas birdən düşüf. Dalımca gələnlər az qala bir-birlərini qırmışdılar. İndi bilmirəm hansına gedim.

– Ay kişi, sən bellə də, razılaşdır, birinin üçünü ver, birinin yeddisini. Denən qırxın da ayrı-ayrı günə salsınlar.

– Arvad deyil ey, Sokratdı.

Başqa mollalardan fərqli olaraq bahalı və səliqəli geyinməyi xoşlayardı.

Geyinib-kecinib düşmüşdü aşağı, hər iki tərəfin adamları gözləyirdi. Uzun çək-çevirdən sonra onları ortaq məxrəcə gətirə bilmişdi.

Ölənin nəvəsi maşını elə bərk qovurdu ki, onun da sürətlə gedən maşından zəhləsi gedərdi, qorxurdu. Yas yerlərində də tez-tez deyərdi:

– Ay camavat, day Əzrayıl öz yerini jiquliyə verif, siz də onunla çilingağaş oynuyursuz.

Gözü qalmışdı sürətölçəndə. Əqrəb 130-u göstərəndə day özünü saxlaya bilmədi:

– Qardaşoğlu, saxla maşını!

– Nə olub, Rəşid əmi?

– Saxla deyirəm, saxla dana.

Uşaq maşını saxladı.

– Dədən ölüf?

– Başa düşmədim.

– Niyə başa düşmədin, soruşuram dədən ölüf?

– Hə.

– Toşnu ölüf?

– Əşi, deyirəm ölüb də. Ölməsə sənin dalınca niyə gəlirdik ki?

– Qardaşoğlu, mən skorıy pomoş döyüləm ey, pokoynu pomoşam. Mən ölüləri diriltmirəm ey, o dünyaya yola salıram. Gedif basdırajıyıx dana, yarım saat tez, yarım saat gej.

Qarağacıya o qədər adam yığılmışdı ki, heç 1 Mayda hökumət Lenin meydanına bu qədər adam yığa bilmirdi. Göydən də od tökülürdü, tər dabanından axırdı. Yas Sahibinin xoşuna gəlmək, gözünə girmək üçün millət də bir basabas salmışdı, az qalırdı onu itələyib salsınlar məzara.

– Ə, bir geri durun dana, qoyun camavat işin görsün.

Kimsə dedi:

– Rəşid əmi, deyəsən, məzarı bir az dayaz qazıblar ey, bir təpkeş də vursalar pis olmaz.

Dönüb tərs-tərs onu deyən adama baxdı:

– Ə, boş-boş danışma, durub qaçajax?! O yaşda heç Qarqarda daş da qalmıyıf. Basdırın gedək!

Məclislərdə yeyib-içən cavanlar Rəşid əmiyə cavabı olmayan suallar verməyi, onunla məzə tutmağı xoşlayırdılar. Və onu da bilirdilər ki, mütləq vəziyyətdən çıxacaq, nə isə qeyri-adi və ləzzətli bir söz deyəcək ki, xoruz banı da eşitməyib.

Onu yas məclislərinin Qədir Rüstəmovu eləyənlərdən biri də zarafatları və hədərə suallara hüdərə cavab verməsiydi.

“Quran”ı çox gözəl bilirdi. Amma heç vaxt özünü savadlı, guya ərəbcəni gözəl bilən mollalar kimi aparıb ayələri ağzını əyə-əyə, bəlağətlə ərəbcə söyləyib, sonra tərcümə etməzdi. Elə azərbaycanca deyərdi və elə şirin Qarabağ ləhcəsində deyərdi ki, adama elə gələrdi “Quran” elə azərbaycanca, özü də Qarabağ ləhcəsində yazılıb.

Bu vaxt Çayçı Əziz əlində ikirəng çay girdi içəri. Şalvarının balağını da bir az qatlayıb çirməmişdi. Məcməyini də əlində nümayişkarcasına tutmuşdu. Bu yerlərdə adət idi, toylarda hörmətli qonaqlara ikirəng şirin çay gətirərdilər, qonaq da çayçının məcməyisinə ondan-on beşdən nəmər atardı.

Və Çayçı Əziz çayı gətirib qoydu Onun qabağına:

– Rəşid əmi, təzədəmdi, birincisini saa gətirmişəm.

Başa düşdü ki, lağbazlardan kimsə çayçının cibinə beşdən-ondan basıb məzə qılır.

O da özünü o yerə qoymadı, çıxarıb məcməyiyə bir onluq atdı. Sonra çayı qarışdırıb bir qurtum aldı və dedi:

– Ay Əziz, deyirəm kaş sənin kimi səliqəli bir arvadım olaydı.

Məclisi pıqqıltı tutdu.

Başladı Əzrayıldan bir hədis danışmağa.

… Qəbul imtahanları yaxınlaşırdı. Bakıya getməliydi. Kiçik oğlu oboxeyisliyə girmək istəyirdi. Taxçada-boğçada nə vardı hamısını yığıb-yığışdırıb bir on min manat düzəltmişdi. İnstitut müəllimlərini söyürdü ki, ay it uşağı, mən bu qədər pulu yığmaq üçün heç bilirsiz nə qədər ölü götürmüşəm, məclis yola salmışam ki, verəm siz yeyəsiniz?

Hərdən oğlunu da danlayırdı:

– Gözünə su ver dana, kaçaqar Məyişin oğlu gedif Maskvada yurfaka girir, sən burdan-bura Allahın xaltəsərrüfatına girəmmirsən.

Oğlu:

– Ata, öyrən gör bu şəhərdən bircəcə uşaq ora öz biliyi ilə giribsə, gəl məni sal təpiyinin altına.

Bu şəhərdə institutların qəribə adları vardı: Politexnikin adı “QAİ məktəbi”ydi.

– Oğlun harda oxuyur?

– Raykomluqda.

Deməli, Universitetin tarix fakültəsində. Xalq Təsərrüfatının da adı “oboxeyislik” idi. Ən dəbdə olanı da Tibb İnstitutuydu ki, oranın da qiyməti əlli minə qalxmışdı. Bütün imkanlı adamlar uşaqlarını bəhsə-bəhsə, daha dəqiq desək, bir-birinin acığına Tibb İnstitutunda oxudurdu.

Bir dəfə tanışlardan biri uşağı imtahandan kəsildiyinə görə onu aparmışdı Tibb İnstitutuna, kafedra müdiri işləyən qohumunun yanına minnətə.

Dəhlizdə o qədər tanış uşaq gəlib onunla görüşmüşdü ki, kafedra müdirinə demişdi:

– Prafessor, elə bu inistutun filialını bizim rayonda açın, dana. Baxıram, hamısı bizimkilərdi. Həm uşaxlar yazıxdı, evdən-eşikdən uzaxda əziyyət çəkillər, həm də bu şəhərin canı oxumaxdan daha çox avaragorluq edən bu davakar uşaxlardan qurtarsın.

Sonra da qayıtmışdı ki:

– Vallah, əgər bu uşaxlardan doxtor olarsa, məndən də şeyxülislam olar.

Arvad da yapışmışdı ki, kimin qızından əskiksən, niyə uşağı “medinstituta” qoymursan?

– Rəhməddiyin qızı, abaxeyisdiyin pulun zorla düzəltmişəm. Uşağı medinistuta qoymax üçün gərəh şəhərdəki pullu kişilərin yarısını basdırım. Yazıxdılar axı.

Bu gün bir az rahatlanmışdı ki, yayın bu cırhacırında Bakıya gedəsi olmayacaqdı. Xalq Təsərrüfatının prorektoru Yas Sahibinin qohumuydu və eşitmişdi ki, artıq yoldadı, gəlir.

Yas Sahibi də demişdi:

– Rəşid əmi, ürəyini buz kimi saxla. Elə bil uşaq oturub Xalq Təsərrüfatında.

Hətta Əzrayılın bir tikə çörək kəsdiyi çobana o bir tikə çörəyin xətrinə ona zaman tanıması hədisini bitirəndən sonra bir “Fatihə” verdi.

Lağbaz cavanlardan biri:

– Rəşid əmi, Allahın neçə Əzrayılı var?

– Ə, nə düşüh-düşüy danışırsan, əlbəttə, bir dənə.

– Bəs, onda necə olur ey, eyni vaxtda biri Ağdamda, biri Ağcabədidə, biri Moskvada, biri Nyu-Yorkda… bir günün içində yüz minlərlə adam ölür, Əzrayıl bunları necə çatdırır?

– Sənin dayın Mingəçevirdə qesdə işdəyir, eləmi?

– Hə.

– Gələndə dayından soruş, bax, orda urus İvan rubilniki vuranda bir göz qırpımında Gürcüstanda da, Ermənistanda da və bizdə də neçə milyon işıx yanır. Yəni sən deyirsən Allahın Əzrayılı o urus İvanca da yoxdu?

Lağbaz geri çəkilmək istəmədi:

– Yaxşı, Rəşid əmi, Əzrayıl erkəkdi, yoxsa dişi?

– Qardaşoğlu, belədi, dana, hələ mənim sinəmə qonmuyuf. Nə vaxtkı sənin sinənə qonajax, onda əlinlə altdan-yuxarı bir yoxluyarsan. Əlin bir şeyə dəydisə, deməli, erkəkdi. Dəymədisə…

– Rəşid əmi, bax, niyə Allahın mələkləri olan İsrafilin, Cəbrayılın, Mikayılın adını camaat uşaqlarına qoyur, amma Əzrayılın adını heç kim qoymur?

– İnsannar özdəri ad qoydular-qoymadılar elə Əzrayıla dönüf, ona görə.

Məclisdəkilərin qırışığı bir az da açıldı, lağbazın özü də güldü.

***

Ehsan vaxtı çəngəl-bıçağın səsi mağarı başına elə götürmüşdü ki, elə bil bazardakı dəmirçilər məhləsindəsən. Gözünün ucuyla baxırdı. Görürdü ki, cavanlar arabir çıxırlar, qayıdanda da sifətləri qızarmış qayıdırlar. Ona elə gəldi ki, elə Yas Sahibi də, deyəsən, qonşu həyətə dəyib.

Ehsan bitdi, “Fatihə”sini verdi. Süfrə yığılandan sonra söhbətə başladı.

– O gün bir ovçu dostum zəng eliyif deyir ki, Ağcabədidən yaxşı turaş vuruf gətirmişəm, axşam gələrsən turaşplov yeməyə. Getdim. Sağ olsun xanımı, şahlara layıx plov dəmləmişdi. Oturdux süfrəyə, oğlanları da oturdu, xanımı da qulluq edir. Bir də gördüm xanımı gəlif böyük oğluna deyir ki, səni telfona çaarırlar. Uşax çıxdı, heş iki dəyqə keşmədi qayıtdı. Özündən balaca qardaşına dedi ki, ə, məni yox ey, səni çaarırlar. O da çıxdı yan otağa, qayıtdı. Bir az keşmiş xanımı balaca oğluna dedi ki, a bala, səni telfonda iş yerindən axtarırlar. O da getdi telfonla danışmağa. Tez döndü, böyük qardaşına dedi ki, ə, mamam səhv salıf ey, səni çaarırlar. Gah onu çaarırlar telfona, gah bunu çaarırlar. Telfonla danışdıxca üzləri də başdıyır qızarmağa. Dedim, nədi a bala, telfonda sizi dannıyırlar, hamınız qıfqırmızı qızarmısız? Evin xanımı bir də uşaxlardan hansınsa telfona çaaranda, dedim, ay bajı, o telfonu gətir qoy ortalığa, bu uşaxlar adam balası kimi rahat çörəhlərini yesinnər. İndi baxıram, yaman tez-tez qonşuya telfon dalınca gedirsiz. Belə getsə yaxın zamanlarda, – əli ilə Stepanakertdən gəlib Dorik müəllimin yanında oturmuş erməniləri göstərdi, – elə onnar kimi telfonu gətirif qoyassız ortalığa .

Yas Sahibi güldü:

– Rəşid əmi, işin olmasın, dədəm özü də yeyib-içən kişi olmuşdu. Neyləsinlər, Ləvənin plovu elə-belə getmir də.

Rəşid əmi:

– Nə deyirəm, Allah o yeyif-içən dədənə o dünyada da yeyif-işmək qismət eləsin.

***

Bayırda bir hərəkətlilik hiss olundu. Kimsə içəri girib Yas Sahibinin qulağına nə isə pıçıldadı, o da durub çıxdı bayıra. Əgər Yas Sahibi qonağın ayağına çıxırsa, deməli, qonaq ya vəzifəli adamdı, ya da uzaqdan gələn.

Fikirləşdi ki, yəqin, Prorektordu. Amma içəri Prokurorla Rəis daxil oldu. Stepanakertdən gələnlərlə ayrıca görüşdülər, camaata da başları ilə salam verib keçib yuxarı başda əyləşdilər və Rəşid əmi ilə də ayrıca salamlaşdılar. O da söhbətini saxlamadan salamlarını aldı və danışdığı hədisi bir az da qısa eləyərək bir “Fatihə” verdi və üzünü tutdu Rəisə:

– Ay Rəyis, prakuror da burdadı, bu şəhərə niyə əl gəzdirmirsiz?

– Rəşid əmi, nə olub bu şəhərə?

– Hərdən başın açılanda bir bulvar tərəfə get, cavanlar məhf oluf gedir. O şeyi bura dadandıranların öyü yıxılsın. Hər gün dava-qırğın, hər gün bıçaxlaşma.

Rəis zarafata salmaq istədi:

– Rəşid əmi, belədi də, sənin çörəyin ölənlərdən çıxır, bizimki də dava-qırğından, bıçaqlaşanlardan.

– Allah ikimizin də çörəyini kəssin.

– Rəşid əmi, sən Allah, heylə demə, ağzı dualı adamsan.

– Rəyis, qorxma, Allahın işi-güjü yoxdu, elə oturuf gözdəyir görsün Molla Rəşid nə deyir?!

Kimsə gördü ki, Rəşid əmi Rəisi sıxışdırıb, söhbəti dəyişmək üçün soruşdu:

– Rəşid əmi, deyirlər ki, nə vaxt dəvə incəlib iynənin ulduzundan keçəcək, onda da cəhənnəm əhli əzabdan xilas olacaq. Adamın heç inanmağı gəlmir ey, o boyda dəvə iynənin ulduzundan necə keçə bilər?

– Çox asan. Sənin gözüyün didəsi elə iynənin ildızı boyda döyül? Nejə olur ki, Allah günəşi, Ayı, nə bilim, neçə milyon kilometr uzaxda olan ildızdarı, heç uzağa getmiyək, bu boyda mağarı sənin o iynənin ildızı boyda olan didəndə yerrəşdirə bilir, amma dəvəni iynənin ildızından keçirə bilmir?!

– Rəşid əmi, vallah, sən alimsən.

– Alim deyiləm ey, sadəcə olarax Allaha səndən daha çox inanıram. Allah qadir Allahdı. Bu dünyanı yoxdan var edən Allahdı.

… Gün gələcəkdi məclisdə şirin avazla, özü də “Segah” üstündə “Quran” oxuduğu vaxt qəfil yer-göy dağılacaqdı. Mağarın yaxınlığına düşən “Qrad”ın qəlpələri elə “Quran” sədaları altında mağarı dağıdacaq, neçə adamı qanına qəltan edəcəkdi. O isə surəni yarımçıq saxlayıb təlaş içində ora-bura qaçanlara, vay-şivən qoparanlara baxacaqdı, sonra özünü toxtayıb surəni axıradək oxuyacaqdı. Və bu Onun yas məclislərində oxuduğu son “Quran” olacaqdı.

Günü qəbiristanlıqlarda keçəcəkdi, şəhidlərin dəfnində. Şəhidlər o qədər çox olacaqdı ki, dəfn etməyə molla da çatmayacaqdı, heç yas mərasimləri də qurulmayacaqdı. Elə dəfn qurtaran kimi hamı silahını götürüb səngərə qaçacaqdı. Yalnız cəbhə xəttindən uzaq kəndlərdə camaat özü şəhidlərə yas saxlayacaq və ehsan verəcəkdi.

… Hələ o günə çox vardı. Hələ dünya gözəl dünyaydı. Hələ bu şəhərdə avtomobil qəzalarını saymasaq insanlar gül kimi qocalıb çox gözəl də ölürdülər.

Hələ O qocalıb gözəl ölmüş bir ağsaqqalın yasında başda əyləşib məclisi aparırdı.

İçəri girəndə görmüşdü ki, rəhmətliyin cavanlıq şəklini vurublar gəbənin üstünə, özü də qalstuklu-zaddı. Hansı ki, yazıq ömründə heç vaxt qalstuk taxmamışdı, bu şəhərdə qalstuk taxana belə birtəhər baxırdılar.

Başını bulayıb demişdi:

– Ay bala, bu şikli dəyişin. Kənardan gələnlər elə bilərlər növcavan ölüf, ehsan yeməzlər.

Bu şəhərdə cavanların yasında ehsana əl uzatmazdılar.

Yas Sahibi də onun sözündən sonra şəkli dəyişmişdi…

İsti onu lap təntitmişdi. Mağardakı sərinkeşlər yaxalarını cırsalar da, az tafovut eləyirdi. Sərinləmənin yeganə yolu çay idi. Əli ilə işarə elədi ki, çay gətirsinlər. Bunu görən lağbaz cavanlar bir-birlərinə göz-qaş elədilər, başlamaq vaxtıdı. Hamı yaxşı bilirdi ki, Rəşid əminin bir şakəri var, əgər söhbət edirdisə, çay içməzdi və çay içəndə də söhbət eləməzdi. Çayçı Əziz stəkanı gətirib qoydu Rəşid əminin qarşısına. Kişi əlini atıb stəkanı götürəndə cavanlardan biri:

– Rəşid əmi, bu təsbeh niyə otuz üç dənədi ey?

Stəkanı qaytarıb qoydu nəlbəkiyə. Tərs-tərs sual verən cavana baxıb sözə başladı. Azı iyirmi dəqiqə məlum hədisi danışdı. Fikrini bitirdikdən sonra əli ilə Çayçı Əzizə işarə elədi ki, bu çayı dəyiş.

Çayçı Əziz ikinci stəkanı gətirib qoydu onun qarşısına. Əlini atırdı ki, stəkanı götürsün, başqa bir cavan:

– Rəşid əmi, o namərd ki, məsciddə həzrət Əlinin kürəyinə xəncər vurdu ha, necə olub ki, həmin gün Müaviyəni də öldürməliydilər, amma öldürmədilər?

Yenə stəkanı qaytarıb qoydu nəlbəkiyə, yenə tərs-tərs həmin cavana baxdı. Sonra dəsmal ilə üz-gözünün, boyun-boğazının tərini sildi və başladı həmin hədisi danışmağa. Bir yarım saat da bu çəkdi.

Söhbəti bitirdi. Hirs vurub kişini, boğazı quruyub, yenə işarə elədi ki, tez bu çayı dəyişin. Baxdı ki, cavanlar bığaltı gülümsəyirlər.

Üçüncü stəkan gəldi. Əlini çaya atmaq istəyirdi ki, cavanlardan bir başqası:

– Rəşid əmi, o xəndək davasındaki həzrət Əli…

Rəşid əmi cavana sualını tamamlamağa imkan vermədi. Stəkanı götürdü və dedi:

– Ay oğul, ciyərim yanır, qoy bir bu çayı içim. Allah qoysa, onu da sənin dədəyin yasında danışaram.

Məclisi pıqqıltı tutdu. Söz özünə də ləzzət elədi, özü də güldü.

Yenə bayırda bir hərəkətlilik yarandı. Yenə kimsə girib Yas Sahibinin qulağına nəsə pıçıldadı, o da durub çıxdı bayıra.

Fikirləşdi ki, yox ey, bu dəfə gələn mütləq Prorektordu. Yanılmadı. Mağara əvvəl Prorektor, arxasınca da Katib girdi. Beş-altı nəfər ayağa qalxmaq istədi. Katib əli ilə işarə elədi ki, olmaz.

Hər ikisi gəlib onunla əlbəəl görüşdülər və sağ tərəfdə əyləşdilər.

***

Çox qəribə bir təsadüf baş vermişdi. Aşura günü 1 Maya düşmüşdü. Aşurada Qarabağın demək olar ki, bütün rayonlarının camaatı bu şəhərə axışırdı. Ölkədə rəsmi olaraq fəaliyyət göstərən 4-5 məscidin biri də bu şəhərdə idi. Qətl günü məscidin qarşısına bəlkə də 50-60 min adam yığılırdı, iynə atsan yerə düşməzdi. Məscidin ətrafındakı yolları da maşınlar üçün bağlayırdılar ki, camaat əziyyət çəkməsin.

Ehsan verilərdi, şərbət paylanardı, dürməkdə halva paylanardı. Və bu ehsanı da gələn camaat öz gücüylə təşkil edərdi. Kasıbın olanından – kimin evində nə bişirdisə bir qazanını vurub qoltuğuna, gətirirdi bu ehsan süfrələrinə.

Kəlbəcərlilər, laçınlılar özləriylə gətirdikləri say-seçmə qoyunları Məscidin böyründə xüsusi yerdə kəsib iri qazanlarda bozartma bişirərdilər ki, adam yedikcə yemək istəyərdi.

1 May günü, təbii ki, Lenin meydanında böyük bir nümayiş olurdu. Məktəblilər, idarə və müəssisələrin işçiləri sıra ilə əllərində də Siyasi Büronun üzvlərinin portretləri, qardaş respublikaların bayraqları gəlib Lenin heykəlinin qabağında quraşdırılmış tribunanın önündən keçirdilər – sevinclə, əl yelləyə-yelləyə, “Urra!” bağıra-bağıra.

Həmişə də nümayişin önündə əlində Stalinin portreti Dəli Kərəm keçərdi. Dəliliyi-filan yox idi, sadəcə elə belə hərəkətlərinə görə “dəli” deyib yola verirdilər. Şüarı da “Yaşasın Stalin” idi. O Stalin ki, Dəli Kərəmin nəslinin yarısını güllələtmişdi, yarısını da yük vaqonlarına doldurub göndərtmişdi Qazaxıstana. Və hələ də çoxu elə orda yaşayırdı. Özü də internat uşağıydı.

Lenin meydanına yol Məscidin önündən keçirdi. Nümayiş saat 10-da başlayırdı və bir saatdan da çox çəkirdi.

İndi çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki saat 10-dan da camaat yığılırdı Məscidin önünə.

Raykomun instruktoru gəldi Rəşid əmigilə.

– Rəşid əmi, Katib səni çağırır.

– Ölüsü düşüf?

– Yox.

– Bəs onda Katip məni neyniyir?

İnstruktor güldü:

– Yəqin, partiyaya keçirəcək.

– Ay bala, mən İmam Hüseyn partiyasının üzvüyəm, ondan da böyük partiya tanımıram.

Oturdu instruktorun maşınına, gəldilər raykoma.

Katib Allah adamıydı, “Quran”ı da çox gözəl bilirdi. Təkcə İslamı yox, elə bütün dinləri bilirdi. Hətta iclaslarda “Quran”dan misallar çəkməkdən çəkinməzdi.

Rayona gələn kimi də ilk işi iki əsr yaşı olan Məscidin böyür-başındakı, üzbəüzündəki dükanları, yeməkxanaları sökdürmək olmuşdu. Məscidin önünü, üzbəüzdəki ərazini bağ-bağat eləmişdi, gül-çiçək əkdirmişdi. Hələ bir Çay evi də tikdirmişdi. Məscidin önünə bulaq çəkdirmişdi. Yolu məscidin önündən keçənlər və ya namaz qılmağa, nəzir-niyaz verməyə gələnlər hər gün Katibin dədəsinə rəhmət oxuyurdu.

– Rəşid kişi, bilirəm ki, sənin təkcə bu şəhərdə yox, bütün Qarabağda xətir-hörmətin var, ağır kişilərdənsən, səni eşidirlər. Bəlkə bir camaatla danışasan Aşuranı bir saat arxaya çəksinlər ki, biz nümayişimizi keçirə bilək, yoxsa aləm dəyəcək bir-birinə.

Rəşid əminin üzünə bir istehzalı təbəssüm qondu:

– Katip, təh bizim camaat olsa, birtəər yola verməy olar. Mən Laçına, Şuşaya, Ağcabədiyə, Bərdəyə, Kəlbəcərə, Stepanakertə nejə çatdırım ki, Aşuraya saat on birdən sonra gəlsinlər. Bir də Qətli nejə arxaya çəhməy olar, saat on ikidə sınır. Bunu mənnən yaxşı bilirsən.

– Bəs indi neyləyək?

– Katip, sənin əlində qəzet var, radyo var, böyük bir təşkilat var. İmkanın var ki, məytəvlərə, təşkilatlara xəbər göndərəsən ki, nümayiş saat onda yox, doqquzda başlıyajax. Vəssalam, sənin də işin düz getsin, bizim də.

Katib bir xeyli fikrə getdi, sonra dedi:

– Rəşid kişi, sən doğrudan da deyilən kimi varsan, müdrik adamsan. Qoy elə sən deyən kimi olsun.

Sonra üçüncü katibi çağırıb göstərişlərini verdi.

Rəşid əmi qalxdı ayağa:

– Elə sən də Allah adamısan. Allah işini avand eləsin! İndi gedə bilərəm?

Katib:

– Bir dəqiqə gözlə, – dedi və keçdi arxa otaqdan məxmərə bükülmüş bir kitab gətirdi, – Rəşid kişi, bu da məndən sənə bir hədiyyə. Qurandı, Azərbaycan dilində. – kitabı öpüb verdi Rəşid əmiyə.

Rəşid əmi də kitabı öpüb gözünün üstünə qoydu və dedi:

– Sağ ol, Katip. Maa bunnan böyük hədiyyə ola bilməz.

Və səhərisi gün nümayiş də çox sakit keçmişdi, Aşura da.

***

Söhbətə Katib başladı:

– Rəşid kişi, işlər necədi?

– Elə də yaxşı deyil.

– Niyə?

– Əvvəla, ölənlər çoxalıf. Havadandı, yeməhdəndi, nə bilim nədəndi, həm də cavanlar yaxşı böyümür. Bulvar oluf o iki adam ölənəcən döyüşür ey, onun adı nədi?

Kimsə yerdən dedi:

– Qladiator.

– Hə, hə, qladyator meydanı. Qorxuram bunun axırı heş yaxşı olmaya.

Bu sözü eşidəndə Rəisin bir az rəngi qaçdı.

Katib:

– Rəşid kişi, sən bu rayonun sayılıb-seçilən ağsaqqallarından birisən. Özün də dinimizi, tariximizi bilən bir ziyalısan. Gözəl sözlərini, fikirlərini yas yerlərində deyirsən. Deyirəm bəlkə hərdənbir məktəblərdə sənlə görüşlər keçirsinlər, ya ayda bir dəfə müəllimləri, məktəbliləri yığaq mədəniyyət evinə, sən də bir az dinimizin əxlaqi dəyərlərindən onlarla söhbət edəsən?!

– Sağ ol, ay Katip. Onsuz da özüm hərdən bizim uşaxların oxuduğu məytəvə valideyn iclaslarına gedirəm, orda da sözümü deyirəm. Yaxşı olar ki, məytəvlərdə tədbirlərin sayı artırılsın, rayon tədbirləri tez-tez olsun, uşaxların başı qarışsın belə tədbirlərə, bulvardan, bazardan, çayxanalardan yığışsınlar. Bayaq Rəyisə də deyirəm, özü də hələ uşax milisi də var, bir çıxsınlar bazara, meydana, çayxanalara. Əvvəllər internat uşaxları olardı, indi az qala bütün məytəvlərin uşaxları elə internat uşaxları ola! Yaxşı ki, Yusif müəllim var, heç olmasa bu dəjəl-düjəl uşaxların çoxunu küçələrdən yığıf-yığışdırıf gətirif idman məytəvinə.

İdman məktəbinin direktoru Yusif müəllim də məclisdəydi. Təbii ki, rayona yeni gəlmiş Katibə onun haqqında deyilən xoş sözlərdən məmnun oldu, başı ilə də Rəşid əmiyə bir təşəkkür elədi.

Katib:

– Rəşid kişi, çox düz buyurursan. Elə bu yaxınlarda fikrim var rayon ziyalılarını yığım bir yerə, elə siz də orda olasız, bu dediklərinizi də, həm də demədiklərinizi orda bir müzakirə eləyək.

– Katib, bilirəm Xuduynan, Bəxtiyarnan, Nurəddin doktornan, elə bizim Şahmarnan bərk dossan. Onnar da tez-tez rayona qonax gəlirlər, sən də onnarı götürüf aparırsan Şuşuya, ya Dəlidağa. Yaxşı eliyirsən. Amma onnar gələndə təşkil elə qoy mədəniyyət evində, məytəvlərdə görüş keçirsinlər. Onnarın sözü mənim dedihlərimdən daha ötkəm olar. Onnar məndən müdrik adamlardılar. Öyün Zeynal məllimə deyirəm, deyirəm ki, bu qojaları başına yığıf Füzulidən danışdığını get məytəvlərdə uşaxlara danış. Sən gəl Zeynal məllimi maarif midiri qoy ey, həmkarları hamı işdədə bilər.

Katib güldü:

– Neçə dəfə demişəm, deyir yaşım keçib, təzədən məktəblərlə işləyə bilmərəm.

– Partiyanın əsgəri döyül? Hara deyirlər, ora da getməlidi dana.

Katib:

– Rəşid kişi, yaxşı bilirsən ki, o, partiyadan çox, Füzulinin əsgəridi.

Məclisin qırışığı təmiz açılmışdı. Katibin Rəşid əmiylə belə səmimi söhbəti hamıya ləzzət eləmişdi.

Prorektor da sakitcə oturmuşdu, söhbətə qarışmırdı.

Sonra Katib dedi:

– Rəşid kişi, bəlkə bir “Fatihə” verəsən, iş çoxdu. Professor da qonağımızdı. İstəyirəm rayonda gedən işlərlə yaxından bir tanış olsun. İcazə versən, sonra lap Şuşaya da apararam.

Rəşid əmi güldü:

– Katip, hamı icazəni sənnən alır.

Katib:

– Rəşid kişi, buranın da katibi sənsən də.

Bir “Fatihə” verdi. Katib Prorektorla qalxdı, yenə Rəşid əmiylə əlbəəl görüşdülər, sonra da onların ardınca Prokuror, Rəis Yas Sahibinə başsağlığı verib çıxdılar.

Rəis çıxmamışdan əvvəl gəldi Rəşid əminin yanına. Cibinə bir əllilik basdı:

– Rəşid əmi, dədəmə bir “Quran” oxuyarsan.

– Nayran olma, bir hazır surə var, tapşıraram dədənə.

Rəis başını bulaya-bulaya güldü və çıxdı.

Onları yola salandan sonra Yas Sahibi gəldi Rəşid əminin yanına, qulağına pıçıldadı ki, axşam saat 9-dan sonra gedərsən Qonaq Evinə, Prorektor səni gözləyəcək. Dedi ki, arxayın olsun.

– Amanatı da aparım?

– Yox. Amanatı səhərdə-birisigündə mənə çatdırarsan, qaçhaqaç deyil ha. Özü də dedi ki, kasıb adamdı, on min çoxdu, elə beş min versə bəsdi.

– Allah onun da, sənin də balalarını saxlasın. Dədənə də elə bir yasin oxuyajamkı cənnətdə nə qədər huri-qılman var yığışajax başına. Elə burdakı kimi orda da kef partdadajax.

Sonra da yerini rahatladı, yenə bir stəkan çay içdi və başladı şirin avazla “Yasin” surəsi oxumağa.

Yas Sahibi də gözlərini yumub ləzzətlə qulaq asırdı və dədəsini cənnətdə huri-qılmanların arasında təsəvvür edirdi.

Amma bilmirdi ki, bu dəqiqə dədəsini Qarağacıda inkir-minkir salıb çubuğun altına, bu dünyada etdiyi günahlara görə şülüyürlər.

***

… Dayanmışdı Küllük təpənin üstündə. Haçansa bu təpə də qəbiristanlıq olmuşdu. Özü də çox qəribəydi ki, burda müsəlman məzarlarının arasında neçə-neçə xristian qəbiri də vardı. Səbəbini heç bilən də yoxuydu. Bu təpədən şəhər əl içi kimi görünürdü. Baxırdı yanan şəhərinə. Göydən od yağırdı şəhərə. Təpənin yanından keçən yolda maşın-maşına dirənmişdi. Yüzlərlə də adam pay-piyada. Bəzilərinin də qucağında, boynunda uşaqlar üz tutmuşdular yaxın kəndlərə.

Müharibə başlayandan yüzlərlə şəhidi dəfn eləmişdi. Heç çoxuna ölü namazı da qılmamışdı, çünki vaxt yoxuydu. Yas yerlərini çatdırmaq olmurdu. Qarağacı da Əsgəran tərəfdən güllə altında qaldığından şəhidləri də tələm-tələsik basdırırdılar. Məsciddən sayı hesaba gəlməyəcək qədər şəhid kəfənlədib haqq dünyasına yola salmışdı. Çoxlarını heç kəfənləmək də olmurdu, ya parça-parçaydılar, ya da yanmışdılar deyin əyindəkiləri çıxarmaq olmurdu. Məcbur olub hələ qanlarının, yaralarının üstünə torpaq səpdirirdi, sonra da elə geyimli-gecimli kəfənlədirdi, belələrini tabutda basdırdırdı. Bəzilərinin üstündən heç sənəd də çıxmırdı, haralı olduqları, kim olduqları bilinmirdi. Məscidin axundu Barata deyirdi ki, bunların şəkillərini çəkdir, qəbirlərini də nömrələ vur dəftərə, bir gün sahibləri çıxar.

İndi isə gözünün qabağında şəhəri şəhid olurdu – “Quran”sız, “Fatihə”siz.

Baxırdı və fikirləşirdi ki, 70 il qulluğunda durduğu Allah bu zülmü nə təhər götürür. Təkcə şəhərdəki evlər yanmırdı, təkcə camaatı qırılmırdı, şəhid olmurdu, bu şəhərin duzu da, zarafatları da, suyu da, havası da şəhid olurdu.

Bu şəhər şəhid olmalı şəhər deyildi axı…

Və şəhər yanırdı. 70 ildən çoxuydu hər namazda, hər “Quran” oxuyanda Allahdan əmin-amanlıq istəmişdi, bu millətə xoş günlər arzulamışdı, bu şəhərə xoş günlər arzulamışdı. Və indi, nədənsə, Füzulinin bir beyti dolanırdı başında:

“Allah, bu nə zülm, bu nə sitəm,

Qiyami qiyamətlər içində bu qiyamət”.

İndi qiyamət günü deyildi, bəs, onda bu nə qiyamət idi, bu nə zülm idi, bu nə sitəm idi? Allah bu 70 ildə onun dualarını eşitməmişdimi? Və Allah bu zülmü, bu qiyaməti görmürdümü? Elə isə Allah niyə susurdu? Niyə göz yumurdu bu zülmə, bu qiyamətə?

Və birdən-birə şəkk elədi. Və çöndü oğluna dedi:

– Allah yoxdu, oğul!

Və çox qəribədi ki, Allah onun 70 illik dualarını qəbul etmədiyi halda, şəkkinə qəzəbləndi və bir “Qrad”ı düz Küllük təpəyə tərəf uçurdu.

İlkin mənbə:

Əzrayılın erkək-dişiliyi – Aqil ABBAS – hekayə | Edebiyyatqazeti.az

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

Səma mələyi…
(hekayə)

(Sən mənə Tanrı dərgahı qədər ucasan, ey Qadın… M.A.)


… O qız çox gözəl idi. Allah onu, elə bil özü üçün yaratmışdı. Bütün məharətini, sevgisini, sanki bu qızın gözəlliyinə həsr etmişdi. Uzun boyu, cazibədar görkəmi, bir baxışıyla ürəklərə dərd salan iri, qara gözləri, quş pətənəyinə bənzəyən alqırmızı dodaqları, alma kimi qıpqırmızı yanaqları, dağçayı kimi şırım-şırım şırımlanıb kürəyinə səpələnən gur, qara saçları, enli sinəsindən köynəyinin yaxasını dikəldən döşləri, o qızı göydən enmiş bir səma mələyinə bənzədirdi. Onu görən kişilər evləndikləri qadınları sarıdan nə qədər bədbəxt olduqları barədə düşünürdülər.
Qız isə, onun dərdindən ölənləri sanki görmürmüş kimi öz sirrli, sehirli aləmində idi. Heç kəsin qəlbinə dəyməz, yan-yörəsində olan, onunla maraqlananlara isə mehribanlıq göstərərdi. O, gözəl olmaqla yanaşı, həm də çox ağıllı, qürurlu bir qız idi. Bu xasiyyətinə görə onu tələbələrin hamısı sevirdi, hətta subay, cavan müəllimlər də.
Universitetin dördüncü kursunda oxuyarkən hamını təəccübləndirən bir hadisə baş verdi. Kimsənin yuxusuna belə girməyən bu hadisə çoxlarının hıçqırığını içində qoydu. İradənin Camal adlı bir oğlanla görüşdüyü xəbəri yayılanda, çoxları Allahın bu qıza ağıldan başqa hər şey verdiyinə inanmaq istəyirdi.
İradənin sevib, könül verdiyi Camal adlı oğlan, onu sevənlərin və dərdindən ölənlərin yanında çox aciz və gülməli görünürdü. Yarı-yaraşığı olmayan bu oğlan, bu hadisəyə qədər heç kəsin diqqətini özünə cəlb etməmişdi. Birdən-birə belə bir söz-söhbətin yaranması, doğurdan da, çoxlarına qəribə gəldi və Camal az bir vaxtda barmaqla göstərilən bir adama çevrildi.
Dördüncü kursun başa çatmasına az qalmış İradə ilə Camal nişanlandılar. Qurbağa gölünə daş atılmış kimi hamı sakitcə öz içinə çəkilərək, bu cütlüyün gələcək taleyinin necə olacağıyla maraqlanırdılar. Sinələrinə çalın-çarpaz dağ çəkilmiş İradəni sevənlərin qəlbindən, qəribə də olsa, qara fikirlər keçirdi… Bu fağır və aciz bəndələrin ürəklərindən keçənləri Allah duyduqca, o da gülümsəyirdi… Çünki Allahın özünün də bu qızdan xoşu gəlirdi və xoşu gəldiyi bəndəsini də həmişə sınağa çəkər Allah, – deyirlər.
Bu hadisənin üstündən bir müddət vaxt keçmişdi, gənclər toya hazırlaşırdılar. Toy günü də, artıq dəqiqləşdirilmişdi. Elə bu zaman qəribə bir hadisə baş verdi. İradənin könül verdiyi Camal həyətlərindəki qoz ağacından yıxılaraq onurğasını qırdı.
Bu xəbər İradənin dərdindən ölənlər üçün elə də bəd xəbər olmadı. Amma İradə üçün bu xəbər dünyanın sonu kimi göründü… Sevdiyi bir adamın bu hala düşməsi qızın dünyasını altüst etdi. O, bütün varlığıyla ağrı içərisindəydi.
Cəlalın aparılmadığı xəstəxana, göstərilmədiyi həkim qalmadı. Hara apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Cəlalın ömürlük şikəst qalacağını söyləyirdilər.
Ümidsizlik ailələri yaman pərişan etmişdi. Hər iki tərəf məyyus idi. Onlar bu ağır hadisənin sonunu ancaq nişanın qaytarılmasında görürdülər. Hətta, Cəlalın özü də taleyi ilə barışaraq, nə qədər ağır da olsa, İradənin başqa birisiylə ailə quraraq xoşbəxt olmasını istəyirdi.
Son söz isə İradənin idi. Onun atacağı addım bu məsələni kökündən həll edəcəkdi. O, hamıya bu sözləri dedi: – Mən Cəlalı sağ, salamat olarkən sevib, ona könül vermişəm. Onu bu vəziyyətdə tərk edib gedə bilmərəm. Bu mənim üçün böyük bir günah olar. Bu günahımı bundan sonra heç kimin ocağına, hətta, ölsəm qəbrevimə belə daşıya bilmərəm… Mən həmişəlik onunla, mənim üçün hamıdan istəkli olan Cəlalımın yanında qalacağıma qərar verirəm!..
Qızın bu sözlərindən sonra hamı susdu… Təkcə İradənin anasının, əllərini ağzına təpərək, sevimli qızının gələcək bədbəxt taleyi üçün hıçqırtıyla ağlayaraq, fəryad qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan gün dəvət olunan qonaqlar hamısı toyda iştirak edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə yanaşı duran bu məğrur qızın sevgisi lap flimlərdəki kimi hamını kövrəltmişdi. Göz yaşlarını saxlaya bilməyənlər də vardı. Amma ağ gəlinlik paltarında, su sonası kimi görünən İradə çox xoşbəxt görünürdü.
Vaxtilə İradəni sevənlərdən də toyda iştirak edirdilər. Onlar özlərini əlil arabasında oturan Cəlalın yerində hiss edə bilsələr də, İradənin onların yanında dura biləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Çünki, o boyda sevgini duymaq onlar üçün, doğurdan da, çox çətin idi.
Toy günündən sonra İradə Cəlalın həm həyat yoldaşı, həm də qulluqçusu oldu.
Bir addım belə ata bilməyən Cəlal, ömrünü, gününü əlil arabasına, bir də onu canından çox sevən İradənin qayğısına bağladı. – Sevgi, istək olan yerdə əlil arabası dünyanın möhtəşəm saraylarından da uca və rahat görsənir adama, – deyirdi Cəlal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb, keçən illər insanlara çox şeyləri unutdurdu. Təkcə, İradə bu həyatın hər ilini, hər gününü və hər dəqiqəsini əlil arabasında ömür sürən həyat yoldaşı ilə birgə yaşadı. Bu illər ərzində həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini, hətta qadınlığını da əlindən alsa da, bircə iradəsini sındıra bilmədi, sevgisini əlindən ala bilmədi. O, xobəxtliyini sevdiyi adamın yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı yaşamaqda tapdı… Amma çoxlarının yaşaya bilməyəcəyi ağrılı bir ömür bahasına…
İradənin qurup yoldaşları hər il may ayında bir yerə toplaşar və keçmiş tələbəlik illərini yada salardılar. Bu görüşdə, təkcə İradə ilə Cəlal iştirak edə bilmirdilər. Xəbər-ətər tutanda da, bildirirdilər ki, bu halımızla sizi narahat etmək istəmirik.
Uşaqlar onları başa düşürdülər və çoxlarına da elə gəlirdi ki, İradə utandığından onlarla görüşmək istəmir. Necə olsa axı, heç kəsi bəyənməyən bir qıza, indi əlil arabasında, vaxtilə hamıdan üstün tutduğu birisini öz əlləriylə ora-bura sürümək utanc gətirirdi, – düşünürdülər. İradə isə susaraq öz ağrılı həyatını yaşayırdı. Onun çəkdiklərini özü kimi heç kəs duya biməzdi, Çünki özgə ölüsü adama yatmış kimi görünür, – deyirlər.
Tələbə yoldaşları ali məktəbi bitirməyin 30 illiyinə hazırlaşırdılar. Kim isə təklif etdi ki, bu dəfəki görüşü şəhərdə deyil, İradə ilə Cəlalın yaşadığı rayonda keçirsinlər. Zarafat deyil, otuz ildənbəri görmədikləri dostları üçün bu gözlənilməz və sevindirici bir hadisə olacaqdı, uşaqlar düşündülər.
Hamı bu təkliflə razılaşdı. Vaxt təyin olunan gün keçmiş tələbə dostları yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə də Cəlalın xəbəri yox idi. Dostları bu gözlənilməz görüşü onlar üçün bir sürpriz etmək istəyirdilər.
Hər şey məxfi şəkildə hazırlanmşdı. Onların gəlişindən heç kəs xəbər tutmamalıydı.
İradəgilin yaşadığı rayona çatanda uşaqlar mer-meyvə almaq üçün qəsəbənin bazarına daxil oldular. Bazarın girəcəyində uşaqlardan kim isə əlini dodaqlarının üstünə qoyub; – Bir dəqiqə ayaq saxlayın! – dedi.
Hamı ayaq saxladı. Həmin adam barmağını onlardan on beş-iyirmi metr kənarda göy-göyərti satan bir qadına tuşlayıb dedi: – Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdılar. Uşaqların çoxu onu tanıdı, tanımayanlar isə bir qədər keçəndən sonra həmin qadının İradə olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı görünən İradənin bu halı hamımnın ürəyini ağrıtdı. Onlardan kim isə, tam yəqinlik etmək üçün yaxınlıqda şor, pendir satan yaşlı qadından soruşdu:
– Xala, o qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini gözünün üstünə qoyub, deyilən tərəfə baxdı və:
– Əlbəttə, tanıyıram. Bədbəxt İradədir də. Əri şikəstdir, araba möhtacıdır. İnstitutu qurtarıb e… Mən şor, pendir satıram, o da göy-göyərti. Daş belə dünyanın başına düşsün, görüm, – deyə yaşlı qadın gileyləndi. – Amma bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə? Adam ona baxanda ağzının suyu axırdı. İndi də çox mərifətli gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər istəyirik. Tikansız adamdır. Adamın belə gəlini ola, yoxsa mənim matişkə gəlinlərim kimi… Ərləri yağ-böyrək içində onları saxlayır, onlar da məni bazarda, bu toz-torpağın içində oturdurlar. Evə dönəndən sonra da, qulluqçu kimi onların zir-zibillərini təmizləyirəm, – deyə yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Uşaqlar gördükləri mənzərədən heyrətə gəlmişdilər. Qarşısına bir yığın göy-göyərti töküb satan qadının vaxtilə gözəlliyi dillərdə dastan olan İradənin olduğuna heç kəsin inanmağı gəlmirdi. Həyat onun gözəlliyinin üstündə elə bir xəzan yeli əsdirmişdi ki, o gözəllikdən indi əsər-əlamət belə qalmamışdı.
Uşaqlar qərara gəldilər ki, İradənin bu halında ona yaxınlaşmaq, onu utandıra bilərdi. Ona görə də, tezcə oranı tərk edib uzaqlaşdılar. Və qərara gəldilər ki, Cəlalın yaşadığı evi axtarıb tapsınlar.
Yoldan keçənlərin birindən Cəlalı soruşdular.
– Xəstə, çolaq Cəlalımı deyirsiniz? – deyə, həmin adam suala sulla cavab verdi. Sonra sualının cavabını gözləmədən:
– Cəlalgilin yaşadığı ev, qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Cəlalın həyat yoldaşı İradə xanım bazarın girəcəyində göy-göyərti satır. İstəyirsiniz ona xəbər edim gəlsin, Cəlalgilin bizə qohumluğu çatır, – deyə həmin adam əlavə etdi..
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə xanımı narahat etməməyi qərara aldılar.
Cəlalgilin evinin darvazasını döyəndə, qapıya on üç-on beş yaşlarında bir qız çıxdı. Qız çox yaraşıqlı və gözəl idi. Eynən İradənin gəncliyindəki gözəlliyi kimi.
– Bura Cəlalgilin evidirmi?! – sualına, qız adamların çoxluğundan qorxmuş kimi, bir-iki addım geri çəkilərək:
– Bəli, bizim evimizdir! – dedi.
– Siz Cəlalın nəyisiniz? – deyə qonaqlardan kimsə soruşdu.
– Cəlalın qızıyam! – deyə o, gülümsədi.
– Ananız da İradə xanımdır? – deyə qadınlardan biri soruşdu.
– Elədir, anam da İradədir! – deyə qız dilləndi. Sonra o, qapıdan bir azca aralı çəkilib:
– Buyurun, içəri keçin, niyə qapıda dayanmısınız? – deyə yaşına uyğun olmayan bir ərkyanalıqla dilləndi.
Qonaqlar həyətə keçəndə, Cəlalı əlil arabasında həyətdəki çardağın altında gördülər. O bayaqdan qapıya tərəf boylanırdı. Qonaqları görəndə, əvvəlcə təəccübləndi, sonra isə uzun illər bundan qabaq gördüyü insanları tanıyanda, sevindiyindən uşaq kimi qışqırdı:
– Ooo!.. Gör kimlər gəlib? Bu nədir, İlahi, yoxsa məni qara basır? Gözlərimə inana bilmirəm ki, bu sizsiniz. Xoş gəlmisiniz, buyurun həyətə, buyurun. Sonra o, əlləriylə oturdğu əlil arabasının təkərlərini hərlədərək qonaqlara tərəf sürdü.
Cəlal hamıyla bir-bir əl tutub, qucaqlaşıb görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
– Keçin, həyətə… Bu lap gözlənilməz oldu ki… Kaş, xəbər edəydiniz. Adam belə qəfil gəlməz, axı… Siz məni lap dəli etdiniz. Özümü tamam itirmişəm. Bu necə oldu, gərək xəbər edəydiniz? Sonra o kənarda dayanan qızına üzünü tutub:
– Qızım, yuxarıdan stulları gətir aşağı… – Xahiş edirəm, oturun, bu dəqiqələrdə İradə də gəlməlidir. Evə bazarlıq etmək üçün dükan, bazara gedibdir… Ürəyimə danmışdı ki, bu gün nə isə bir hadisə baş verəcəkdir. Görürsünüz, baş verdi də… Bundan da böyük hadisə… Hə yaxşı oldu, nə yaxşı siz gəldiniz… Vallah, elə darıxmışdıq ki, sizdən ötəri… – deyə Cəlal sevindiyindən, həm də həyəcanlandığından bilmirdi ki, nə etsin.
Qonaqlar yerbəyer olub rahatlandılar. Cəlalın anası da həyətə düşüb qonaqlarla bir-bir görüşdü, onlara “xoşgəldin” dedi. Arvadın sevincindən rəngi-ruhu tamam ağarmışdı. Göz yaşlarını saxlaya bilmirdi.
Sonra Cəlal qızına tərəf dönüb:
– Sevinc, qızım, qaç ananı çağır… Denən, dostlarımız gəlibdir, tələbə yoldaşlarımız, ha, – denən… – Sizin gəlişinizi bilsə çox sevinəcəkdir. İradə gözəl insandır, çox gözəl, – deyə Cəlal kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən, qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb yerə düşdü. O tezcə əyilib ayaqqabını yerdən götürdü və qaçaraq getdi…
İradənin qayıtması çox uzun çəkmədi. Həyət qapısından içəri keçib dayandı və bir müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda gördükləri İradə idi, amma indi bir azca fərqli, üst-başına azacıq əl gəzdirmişdi. O, bir müddət beləcə darvazanın yanında donub qaldı.
Sonra əlləriylə üzünü qapayaraq hönkürdü.
Gələn qonaqların hamısı ayağa qalxıb, ona tərəf irəlilədilər. İradə bir-bir onlarla qucaqlaşıb görüşdü. Bəzi dostlarının adını səhv saldığına, yaxud da unutduğuna görə təkrar-təkrar onlarla görüşüb, üzrxahlıq edirdi. Neynəsin, zarafat deyil, son görüşün üstündən nə az, nə çox, düz otuz il bir vaxt keçmişdi…
Dərd-sər unudulmuşdu, hamı deyib, gülür, tələbəlik illərinin unudulmaz xatirəlrindən danışırdılar. Cəlal da çox şən idi, deyib, gülür, işaqlarla zarafatlaşırdı. Hamı Cəlalı tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o tələbəlik illərinin qəhrəmanı, Ağ atlı oğlan idi. Çünki İradə hamının içindən onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər oğlan idi…
İradə də kövrəlmişdi… O nəzərlərini tələbə yoldaşlarını üzünə dikərək, onların cavanlıq çağlarını xatırlamağa çalışırdı. Ona görə heç nə dəyişməmişdi, sadəcə hamı bir az yaşlaşmış və müdrük görkəmdə idilər. Bircə, onun yaddaşına narahatlıq gətirən əri Cəlalın oturduğu əlil arabası idi. İradə bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil arabası onların arasında yox idi…
İradənin qaynanası qonaqların gəlişinə çox sevinirdi. Bayaqdan özünü oda-gözə vuran, bu yaşlı qadın həyət-bacada dolaşaraq, qonaqlar üçün çay dəmləyir, yemək hazırlayırdı. Aradabir vaxt tapan kimi özünü onların içərisnə atır və dil-ağız edərək qonaqlara yalvarıb, yaxarırdı.
Yemək yeyilib qurtardıqdan sonra, çay süfrəsi hazırlandı. İradənin qaynanası Gülzar arvad, elə bil, bu məqamı gözləyirmiş. Ağbirçək nənənin ürəyi dolu idi, fürsət gözləyirdi ki, bir-iki kəlmə də o danışsın. Neçə illərdən bəri ürəyində sirr saxladığı sözləri açıb söyləsin.
Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrətdolu baxışlarla onları süzdükcə, gözlərindən axan yaş heç kəsin nəzərindən yayınmırdı. Birdən o, titrək əllərini havada yelləyərək, sanki qonaqların nəzərlərini özündə çəmləşdirmək istədi. Hamı susdu. Nəzərlər bu ağbirçək ananın üzərində donub qaldı. O kövrək səslə:
– Ey, adamlar, bu sözümü sizə deyirəm, eşidin… Mən bu yaşa qədər gəldim, amma belə bir qadın görmədim ki, ailəsinə, həyat yoldaşına bu qədər sədaqətli olsun. Heç bir gəlin onun kimi ola bilməzdi. Bu neçə ili o bizim evdə gəlin yox, qulluqçu oldu. Canını, ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz onun çəkdiklərini… O olmasaydı mənim oğlum indi həyatda yox idi. Heç biz də yaşaya bilməzdik. Biz yaşadığımıza, sağ qaldığımıza və bu günümüzə görə İradəyə borcluyuq. – Sizə bir sirr açım! – deyə, arvad üzünü qonaqlara tərəf tutub dedi:
– Gördüyünüz o qız İradənin qızı deyil, böyük oğlumun qızıdır. İradə onu doğulan gündən qızlığa götürübdür. Qohumlarımız və bızi tanıyanlar elə bilirlər ki, o qızın anası İradədir. Qızın özü də elə bilir ki, onun anası İradədir. Bu barədə ona heç kəs bir söz deməyibdir. Amma sizə deyəcəyim sirr bu da deyil… Sirr odur ki, İradənin özü də qızdır… O, bu evə necə qız gəlmişdisə, indinin özündə də o cür qalıb, bakirə olaraq… – Görmüşdük ki, qızlar ata evində qalıb qarıyırlar. İradə isə ər evində qız olaraq qarıdı… Biz onun günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?! – deyə ağbirçək ana hıçqırdı…
Ananın bu sözləri gələn qonaqların qulağında ildırım kimi çaxdı. Hamı təəccübdən içini çəkərək, donuq baxışlarla İradəyə baxırdılar. İradə isə əlil arabasında oturmuş həyat yoldaşına sığınaraq xəfifcə gülümsəyirdi… O, bu halında elə gözəl görünürdü ki, sanki göylərdən enmiş bir səma mələyi idi…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

ÇƏKİ DAŞI… 

(hekayə) 

O, atamın anası idi. Onu hamımız “nənə” deyə çağırırdıq. Ağlımız kəsənə qədər onun adının nə olduğunu bilməmişdik. Elə zənn edirdik ki, onun adı elə əzəl-binədən Nənədir. Evdə təkcə atam ona “bacı” deyirdı. Atamızın ona niyə görə bacı dediyini hələ indinin özündə də anlaya bilməmişəm. 
Ona nənə dediyimizə görə öz anamızı adıyla çağırırdıq. Anamız isə bundan bərk hirslənər: – Heç olmasa həyət-bacaya adam gələndə məni adımla çağırmayın, ay sizin boynunuz sınmasın! – deyə bizi danlayardı.
Lap böyük olana qədər biz uşaqlar elə bilirdik ki, bizi dünyaya qoca nənəmiz gətiribdir. Öz anamıza o qədər də qanımız qaynamazdı. Çünki o, həm bizi danlayardı, həm də çox vaxt iş-güc görəndə deyinərdi. Ona görə də, bir dərd-sərimiz olanda sözümüzü nənəmizə deyərdik. Anamızı da istəyirdik, amma nənəmiz qədər yox, nənəmiz bizim üçün çox şirin idi.
Çox sonralar öyrəndik ki, nənəmizin adı Ağca imiş. Qonum-qonşu, qohum-əqraba ona “Ağca nənə” deyərdilər. Kənddə hamıdan yaşlı idi. Çox göyçək arvad idi, üz gözündən nur tökülürdü. Elə bil, Allah onu xoş gündə, xoş saatda yaratmışdı. Ağ, bir azca uzunsov sifəti, nazik qaşları onu elə gözəl göstərirdi ki… Geyim-kecimi nimdaş olsa da, həmişə səliqəli olardı. Paltarının cırıq-sökük yerini elə səliqə ilə tikib, yamayardı ki, vurulmuş yamaq həmin paltara, sanki bir az da yaraşıq verirdi. Üst-başından həmişə gülab iysi gəlırdi. Başımızı onun dizinin üstə qoyub mürgüləyəndə, hardasa güllü-çiçəkli sehirli bir aləmə düşmüş kimi özümüzü hiss edirdik. 
Üstü xırda, güllü köynəyinin yaxası boğazına qədər düyməli olardı. Yayın, lap cırramasında belə yaxasının düşməsinin heç bircəciyini də açmazdı. Adam ona baxanda darıxardı, elə bilərdi ki, o güclə nəfəs alır. Uzun taxtalı tumanı ayağının altında yerlə sürünərdi. İş görən zaman isə tumanının ətəyini dürgələyib qurşağına elə keçirərdi ki, elə bilərdin əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni haqlasa da çox gözəl qədd- qaməti vardı. Ayda bir dəfə saçlarına xına qoyduğundan, çox da uzun olmayan seyrək saçları qıp-qırmızı rəngdə olardı. Saçlarının qırmızılığı ağ, nazik sifətinə elə yaraşıq verirdi ki…
Həmişə qəmli görünərdi, onun gülməyini heç xatırlamıram. Həyət-bacada dolananda, iş-güc görəndə də fikirli olardı. Elə bil, dünyanın bütün dərd-sərini nənəmiz çəkirdi. 
Ayda, nüdrətdə bir dəfə hirslənərdi. Onda da ev adamlarından hansısa qəbaətli bir iş tutanda. Yazıq arvad hirsini həmin adama deyil, özünə tökərdi. Görərdin, həmin günü çörək yeməzdi. O çörək yeməyəndə, elə bilərdik ki, bu dəqiqə dünya tar-mar olub dağılacaqdır. Biz uşaqlar hərəmiz evin bir küncünə çəkilib xısın-xısın ağlayardıq. Bu halmıza dözməyib süfrəni salar, bizim yeməyimizi qablara çəkib: – siz yeyin, mən də yeyəcəyəm, – deyərdi.
Onun bu sözlərindən sonra başımızı aşağa salıb, xımır-xımır yeməyimizi yeyərdik. Amma sonradan baxıb görərdik ki, özünə çəkdiyi yemək süfrənin bir qırağında qalıb, soyuyaraq buza dönübdür. 
Gözütox arvad idi nənəmiz. Heç bircə dəfə də görmədik ki, özü üçün ürəyi istəyən bir yeməyi bişirib yesin. Özünə hamıdan az yemək çəkərdi, amma elə şirin-şirin yeyərdi ki, adam ona baxanda yenidən acardı. Yemək üstünə gələn qonum-qonşuya, uşaq-muşağa həmişə öz yeməyindən pay verərdi və məcbur edərdi ki, o yeməyi mütləq yesin. Aclıq illərini gördüyünə görə çörəyin necə böyük nemət olduğunu bilirdi. Həmişə də deyərdi: – “Alllah sizə o günləri göstərməsin”. Biz uşaq idik, aclıq illərini də görməmişdik. Ona görə də, onun nə dediyini qədərincə anlaya bilməzdik.
Sakitliyi çox sevirdi. Qonum-qonşu bir dəfə də olsun onun ucadan danışdığını eşitməmişdi. O, çox az danışardı. Bir söz deyəndə də, adamı yanına çağırar, əlini ehymalca onun çiyninə qoyaraq, az qala qulağına pıçıldayırmış kimi sözü deyərdi. Onun sözləri o qədər sehirlydi ki, elə bil adamın qulağına dua oxuyurdu. 
Anam bizi danlayıb, dansayanda nənəmiz harayımıza yetər və əlini ağzının üstə qoyub: – Ay bala, səsin özüvə xoş gəlir, deyəsən? Bir az yavaş danış, yoldan ötən olar, – deyərdi. Onun bu sözlərindən sonra evdə sakitlik yaranardı. 
Çox təmizkar arvad idi, stəkan nəlbəkini, qab-qacağı ocaqdan götürdüyü küllə, o qədər sürtüb, təmizləyərdi ki, qab-qacaq onun əlində par-par parıldayardı. İllah ki, stəkanları yuyanda. Qəribə stəkan yumağı vardı onun. Barmaqlarının qoşalaşdırıb stəkanın içinə salar və onu sağa-sola fırladardı. Tər-təmiz yuyulmuş stəkan onun əlində elə xartıltıyla səs çıxarardı ki, elə bil kim isə rəndə ilə taxta yonurdu. O səs hələ indinin özündə də qulaqlarımdan getməyibdir. Səliqə, səhmana o qədər fikir verən idi ki, hətta, həyətdəki itin yalağını da sürtüb, təmizləməmiş ora yeməkdən, yaldan tökməzdi.
İki otaqlı, bir də uzun, dar dəhlizi olan birmərtəbəli evimiz həmişə səliqəli olardı. Ayda bir dəfə evi, eyvanı sarışirə deyilən və kəndin kənarındakı qayalıqdan daşıyıb gətirdiyi sarı rəngdə olan torpaqla şirələyərdi. Göy ot, xırda saman qarışığıyla hazırladığı və bir neçə gün qıcqırtdıqdan sonra ərsəyə gələn palçığın iyi adama elə xoş gəlirdi ki.
Novruz bayramında isə ağşirə deyilən palçığa bir az da nil qatıb ev-eşiyin divarlarını suvayardı. Ağ şirəylə suvanmış ev elə gözəl görünərdi ki… İllah ki, yay vaxtları pəncərədən süzülüb evə düşən gün işığının qızılı şüaları divarıın ağ rəngini bir az da ecazkar göstərərdi. Ayağımızın altındakı həsirdən, palazdan qalxan narın toz dənəcikləri pəncərədən düşən günəş şüasının altında sanki xırda kəpənəklər kimi uçuşardı. Biz uşaqlar sıraya düzülərək ağzımızı geniş açıb o qızılı şüanı, guya uda-uda pəncərəyə qədər bir-birimizi itələyərək basırıq salardıq. O vaxta qədər ki, hansımızın başısa, dəyib pəncərənin şüşəsini sındırana kimi. Ondan sonra xurd düşüb kirimişcə evin künc, bucağında oturub, səbirsizliklə cəzamızı veriləcəyini gözləyərdik. 
Bəxtimiz onda çəkirdi ki, bu cəzanı bizə nənəmiz verirdi. Ya, odun daşıtdıracaqdı, ya tövlənin arxasındakı mal peyinini bostan yerinə yaydıracaqdı, ya da ki, evin banına çıxardıb illərlə qalaqlanmış göyərçin, sərçə zıllarını süpürtdürəcəkdi. 
Nənəm üçün fərqi yox idi, pəncərənin şüşəsini kim sındırıbdır. Cəzanı hamımız çəkməli idik. Onun bu cəza üsulunu illər sonra hərbi xidmətdə olarkən anladım. Kazarmanın şüşəsini kimsə sındırmışdı. Şüşəni sındıran əsgər əməlini boynuna almaq istəmirdi. Onun qəbahətini görənlər isə əsgər yoldaşlarını satmaq istəmirdilər. Ona görə də, bütöv bir polk səhərə qədər yatmayıb, ayaqüstə yuxusuz qaldıq. Mən onda anladım ki, mənim savadsız nənəm dünyaya meydan oxuyan sovet generallarından da çox bilirmiş…
Ağca nənəmizin gecə nə vaxt yatıb, səhər nə vaxt oyandığını heç birimiz görməmişdik. Heç bircə dəfə də onun yatıb yuxuya qaldığının şahidi də olmamışdıq. Yuxudan ayılanda onu həyət-bacada ora-bura vurxunan görərdik. Adəti idi, sübh tezdən hamıdan qabaq yerindən qalxar, dəstəmazını alıb, namazını qılardı. Onun pıçıltıyla dediyi sözlər, etdiyi dualar, elə bil qeybdən gələn sirrli-sehirli sözlər idi. Hər kəlməsi adamı ovsunlayırdı. Dua edən zaman həmişə ağlayirdı. Yanağından süzülən göz yaşları çənəsində gilələnər, sonra da damcı-damcı dizlərinin üstə tökülərdi. Tək-tək hamımıza dua edərdi. Bizlərin dər-bəladan uzaq olmağımız üçün Allaha yalvarardı. Dualarının sonunda isə özünə dua edərdi. Özünə etdiyi dua çox qəribəydi. Deyərdi: – “İlahi, səndən çox ömür istəmirəm, verdiyin bu ömürə də şükür. Amma mənim axırımı xeyirli et, məni dilsiz, ağızsız, əlsiz-ayaqsız edib kimsəyə möhtac etmə. Məni ayaqüstə öldür, yorğan-döşək möhtacı etmə”. 
Çox imanlı arvad idi bizim Ağca nənəmiz. Əl-ayağı bərəkətliydi. Əlini nəyə vursaydı o şeyə Allah o qədər bərəkət verərdi ki.
Qapıda mal-qaramız çox idi. Mal-qaranın sağılması, yerbəyer edilməsi onun əlindən gəlib gedərdi. Həftədə iki dəfə nehrə çalxayardı. Nehrənin suynu da sübh tezdən gedib kəndin yuxarıbaşındakı “Alçalı” bulaqdan gətirərdi. Bulağa, camaat yuxudan oyanmamış, səhərin gözü çırtlayanda gedərdi. Deyərdi ki, nehrənin suyu gərək bulağın əl dəyməyən ilk suyu olsun ki, yaği bol düşsün. Nehrəni də özü çalxalayardı. Xırda qoyun dərisindən olan bir parça yunlu dərini nehrənin altına atardı ki, nehrəyə daşdan-zaddan bir xətər toxunmasın. Heyva budağından bir çybuğu da vardı, həmişə əldəyməz bir yerdə, təmiz parçanın arasında saxlardı. Nehrə çalxalayarkən arada o çubuğu nehrənin “gülfə” yerindən içinə salar və yağın düşüb-düşməməsini yoxlayardı. Necə ki, çubuğun hər tərəfinə yağ yapışdı, onda bilərdi ki, nehrə hazırdır. Qabaqcadan yuyub hazırladığı vedrə, ləyənə boşaldardı nehrənin ayranını. Ayranın üzərində topa-topa üzən yağı yığıb, ovuclayar ayrca qaba qoyardı. Gözləyərdik, nehrənin yağı hazır olan kimi biz uşaqlar da hərəmiz əlimizə bir parça çörək alıb nehrənin yanında boy sırasıyla düzülərdik. 
Əlimizdəki çörəyin üstünə yağı elə səliqə ilə yaxardı ki, elə bil adamın ürəyini qıdıqlayardı. O yağ-yaxmacı dünyanın ən şirin matahı idi bizim üçün. 
Heç yadımdan çıxmaz. Bir dəfə nənəmin yuyub, təmizləyərək qurumaq üçün çəpərin yanına, xəlvət bir yerə qoyduğu nehrəni daşla vurub sındırdım. Elə bil nehrəni yox, arvadın ürəyini çilik-çilik etdim. Nehrənin paralanıb, iki yerə bölündüyünü görəndə arvad dizə çöküb hönkürdü və bircə bu sözləri dedi: – İgid öləsən səni, bala. 
Nənəmin etdiyi qarğış kefimə dəymişdi. Günahım böyük olsa da, qəlbimdə ondan küsmüşdüm. Atam səhəri gün təzə nehrə alıb gətirəndən sonra nənəmin üzünün qırışığı açıldı və günorta vaxtı yemək zamanı başımı aşağı salıb, dodaqlarımı sallayaraq, altdan-altdan ona baxdığımı görüb, yaxın gəldi və boynumu qucaqlayıb üzümdən öpdü. Kövrəlib ağladım. Tumanının ətəyi ilə göz yaşımı silə-silə: – Ağlama, səni çox istəyirəm! – dedi. 
Mızıldanaraq: – Məni çox istəmirsən. Bir nehrədən sarı mənə igid öləsən, – dedin.
Arvad gülümsədi, təkrar məni öpərək: – “İgid ölmək hər kişiyə qisməti olmur, bala. – Dedim ki, o nağıllardakı igidlər var ha, onlar kimi olasan da, yəni”.
Çox-çox sonralar, başımız müsibətlər çəkəndə, torpaqlarımız işğal olunub, el-obamıza şəhid tabutları gələndə başa düşdüm ki, nənəm mənə qarğış yox, alqış edibdir. Sən demə, igid ölmək hər kəsə nəsib olmurmuş… Mənim yazıq nənəm, ağıllı nənəm…
Nənəm ölən gününə kimi oruc-namazından əl çəkmədi. Xəstə olan vaxtlarında da namaz qılar, oruc tutardı.
Heç yadımdan çıxmaz, yayın qorabişirən ayı idi. Havalar çox isti keçirdi. Orucluq ayı həmin yaya düşmüşdü. Nənəm oruc idi. Amma iş-gücündən də əl çəkmirdi. Noxud, mərcinin yolunan vaxtı idi. Dünəndən evin böyüründəki bir parça yeri təmizləyib, ora noxud yolub tökmüşdü. Günün altında quruyub, qabığından çırtlayan noxudu döyüb, sovurub yığışdırmalıydi. 
Dərz-dərz tökülmüş noxud yığını kiçik bir təpəni xatırladırdı. Nənəmin iri bir toxmağı da var idi. Biz uşaqların o toxmağa gücümüz güclə çatardı. Nənəm isə onu başının üstünə qaldırar və qalaq-qalaq qalaqlanmış noxud dərzlərinə endirərdi. Hər zərbə endiriləndə, noxudlar qınalanıb ətrafa səpələnərdi. Nənəmizlə biz uşaqların bir şərti də vardı, xırman deyilən, şirələnmiş sahədən noxud kənara düşsəydi o bizim idi. Biz uşaqlar həmin noxudları qablara yığıb günün sonunda nənəmizə verərdik. O da bizə pensiyasından beş-on qəpik pul verərdi.
Həmin gün çox möhkəm isti vardı. Günəşin yandırıcı şüası adamın sir-sifətini qarsıtmışdı. Belə istidə oruc tutmuş nənəmizin birdən-birə ürəyi dayandı və o, üzüqoylu noxud dənlərinin üstə yıxıldı. Biz qışqırdıq. Səsimizə qonum-qonşular tökülüşüb gəldilər. Nənəmizin üz-gözünə, sinəsinə su töküb ayıltdılar. Nənən gözlərini açıb özünə gələndə qonum-qonşudan bircə bunu soruşdu: – Siz Allah, mənə su içirdib, orucumu batil etmədiniz ki?!.. Məni günaha batırmadınız ki?!..
Qonşular and-aman etdilər ki, belə iş olmadı. Ondan sonra nənəm arxayınlaşib, – Şükür sənə, ilahi, – dedi. 
Anam ildə dünyaya bir uşaq gətirdiyinə görə daima əliuşaqlı olardı. Doğduğu uşaq ayaq açıb yeriməmiş, yenə də anamın qarnı burnuna dəyərdi. Anam doqquz uşaq dünyaya gətirmişdi. Uşaqların çoxu da qız idi. Atalar sözüdür, deyir, kasıbın arvadı dişi, inəyi erkək doğar, varlının isə arvadı erkək, inəyi dişi doğar. 
Anam hər qız dünyaya gətirəndə atam deyinərdi. Atamın deyinməyi nənəmin xoşuna gəlməzdi. – Naşükür olma, bala. Adam var o qızın çölə atılan dırnağına gəzir. Allaha acıq gedər, belə nasaza sözlər danışma, – deyə atama məzəmmət edərdi. 
Atam da nənəmin bu sözlərindən sonra bir daha bu barədə söhbət açmazdı.
Qış vaxtları evimizin içindən həmişə nəm əski iyi gələrdi. Çöl-bayır şaxta-sazaq olduğuna görə, yeni doğulan uşağın əski-üsküsünü evin içində, sobanın yaxınlığındakı divara bərkidilmiş ipdən asardılar. Sobanın istisi dəyib, qurutduğu nəm əskilərin çox qəribə iyi gəlirdi evdən. Bu iyi o vaxt çox xoşlayırdım. Bu iy körpə uşağın bələyinin iyinə oxşayırdı…
Uşaqların bütün götür-qoyu nənəmizin əlindən gəlib gedərdi. Anam dünyaya uşaq gətirəndə onun doğduğu uşaqları da nənəm özü tutardı. Onun bu işdə çox böyük səriştəsi vardı. Uşaqların əksəriyyəti qış vaxtı, özü də gecəyarsı doğulardılar. Kasıb yaşayan adamlar üçün bu əlavə çətiliklər yaradardı. Anamın doğacağı ayı, bəzən günü də, beş-üç gün fərqiylə də olsa nənəm bilərdi. – Gəlin, bu ay ayındır ha, sənin… Yır-yığışını et, hazırlığını gör! – deyərdi.
Bəzən anam nənəmim təkrar-təkrar dediyi bu sözlərdən inciyən kimi olardı. Açıq deməsədə, dilinin ucunda deyinib deyərdi: – Evin tikilsin bu arvad, elə bil doğan mən yox, budur. Bilirəm də, hazırlığımı görmüşəm…
Anamın cancıdan divara söykənib, qıvrıla-qıvrıla necə ağladığını indinin özündə də unuda bilmirəm. Nənəm isə bir söz belə demədən, sakitcə əlləşərdi. Belə vaxtlarda o ikiqat zirək olurdu. Yaşına uyğun olmayan bir zirəklik vardı onda. İşi cəld və səliqəli görərdi. 
Biz uşaqlar yan otaqdan kirimişcə gözləyərdik. Uşağın qız və ya oğlan olduğunu yenə də nənəmizin sözlərindən anlayardq. Qız olanda nənəm bir az uca səslə: – Canın yansın sənin, bunun boyuna bax, hayçı-qarayçılığına bir bax, – deyərdi. 
Uşaq anadan olandan sonra nənəm həmişə anama xaşıl çalardı. O xaşılın artıq-urtuğundan biz böyük uşaqlar da yeyərdik. İçinə kəra yağı və çoxlu ədvalar qatılmış xaşılı yeməklə doymazdıq. Elə bil doğan yazıq anamız yox, biz idik.
Doqquz uşağın heç birinin ağ mələfəyə büküldüyünü görmədim. Onların əski-üsküsü atamızın könhə şalvar, köynəyi, bir də nənəmlə, anamın cırıq-sökük, daha kara gəlməyən nimdaş pal-paltarları olardı. Nənəm həmin köhnə şalvar köynəyi, paltarları səliqə ilə qayçılayıb kəsər, uşaqlar üçün əski düzəldərdi.
Nənəm həm də çox savadlı türkə-çarə qadın idi. O bizim həkimimiz idi. Yeni doğulan uşağın ongünlüyündən sonra onu yuyundurar, sonra da burnunun üçundan, yanaqlarından, dabanından, yanından iti lezvayla qan alardı. Hələ indiyə kimi də bilmirəm bunlar nəyə görəymiş?
Uşaq vaxtı mən göy öskürək deyilən bir öskürək tutmuşdum. Bu elə bir axmaq öskürək idi ki, adamı yaxalayanda az qalırdı nəfəsin kəssin. Elə bərkdən öskürürdüm ki, az qalırdı ciyərlərim ovulub ağzından tökülsün. Öskürək tutanda adam göyərib keçirdi.
Mən öskürək tutan günün səhəri nənəm böyük bacımı bayıra səsləyib onu harasa göndərdi. Bir azdan bacım kasada süd gətirdi. Nənəm onu istəkana töküb mənə içirtdi. Südün dadı başqa idi. Ömrümdə belə qəribə tamı olan süd içməmişdim. Süd həm qatı, həm də bir az turşməzə idi.
O südü içən günün səhəri mənim öskürəyim xırp kəsildi. Günortaya yaxın bacımı yanlayıb dünən mənə nənəmin içirtdiyi o südün nə südü olduğunu soruşdum. Axı, südü o tapıb gətirmişdi. Həm də, bacımın arada mənə baxıb bic-bic gülmsəməsi məni şübhələndirmişdi. 
Bacım isə nənəmin bu barədə ona bərk-bərk tapşırdığını bəhanə gətirib susdu. Axırda, çarəsiz qalıb, nənəmin balıncımın altına qoyduğu konfeti ona verəndən sonra sirri açacağına söz verdi. Konfeti ona verdim. Bacım əyilib qulağıma dedi ki, sənin içdiyin süd qonşumuzun eşşəyinin südüdür. 
Bu sözləri bacımdan eşidəndə əhvalım döndü. O dəqiqə ürəyim bulandı. Mənim öyüməyimlə bacımın həyətə qaçmağı bir oldu.
Anam həftədə bir dəfə böyük bacımın uzun, kilkəli saçını mis kasaya tökülmüş ayranla yuyardı. Hər yuyanda da deyinərdi ki, bu boyda yekə qızsan, amma saçını özün yuya bilmirsən. Belə vaxtda nənəm əyilib az qala güclə eşidiləcək səslə anamın qulağına deyərdi: – “Gəlin, başuva dönüm, sən bu evə gələndə saçını mən yumurdummu?! Nə tez yadından çıxdı o günlər? Uşaqdır da, öyrət yusun”. Sonra o, dizə çöküb anamı ehmalca dirsəyi ilə kənara itələyər və bacımın uzun saçlarını toparlayıb mis kasadakı ayrana salıb isladar, sonra isə islanmış tükləri qolunun üstünə sərərək darağın iri dişləriylə yavaş-yavaş kilkəsini alardı. Saçın ki kilkəsi açıldı, daraq saçda elə axardı ki, baxanda adamın ürəyinin qıdığı gələrdi. Nənəm arada darağa diqqətlə baxardı, gözünə bir şey sataşanda ayağa durub bir az nöyüt gətirər və təmiz ilıq suyla qarışdırıb, lap axırda bacımın saçını nöyütlü suyla yuyardı. Bunun səbəbini nənəmizdən soruşanda isə bir söz deməzdi… Amma bunun səbəbini bilirdik. Qonşu arvadı da qızının saçlarını nöyütləyəndə deyinə-deyinə deyərdi: – “Ay səni görüm, əlin heç yar əlinə dəyməsin, bu bit-sirkəni hardan doldurmusan e, başına?”
Çox kasıb yaşayırdıq, külfət böyük idi. Amma mehriban idik. Evdə dava-dalaşın qarşısını ancaq nənəmiz alardı. İstər, biz uşaqların, istərsə də, ata-anamın davasının. Bəzən atam bir şeyi bahanə edib anama əl qaldırmaq istəyəndə nənəm sakitcə deyərdi: – “Uşaqların zəhrin-bağrın yarmayın, oturun yerinizdə!” O dəqiqə atam sakitləşərdi.
Nənəm məni çox istəyirdi. – Sən babana oxşamısan, – deyərdi. – Babam necə adam olub? – soruşardım. – O çox yaxşı adam idi, – deyərdi. – Atam da babama oxşayıb? – soruşardım. – Yox, atan zəhəndə tuluğudur!- deyərdi.
Kasıb olduğumuza görə yatacaq az olardı. Qış ayları od-ocaqdan yaman korluq çəkərdik. Nənəm belə vaxtlarda təndirdə çörəkləri bişirdikdən sonra, təndirin közünü saca yığar və biz yatdığlmız otağa qoyardı. Köz də bir az istilik verəndən sonra yanıb külə dönərdi. Uzun qış gecəsində tir-tir titrəyərdik. Uşaqlar “başdı-ayaq” yatardılar ki qızınsınlar. Mən isə, döşək olmadığına görə, yorğanı ikiqat edib arasına girərdim. İkiqatlanmış yorğan arasında yatanlar olubsa, yəqin anlayarlar ki, belə yatmaq çox əzablıdır. Səhərə qədər dizlərini qucaqlayaraq bir böyürün üstə yatmalısan.
Soyuqdan titrədiyimi hiss edən nənəm mənə yaxınlaşıb ağzını qulağıma tutar və gülə-gülə deyərdi: – Döz, çətini böyüyənəcəndir. İnşallah, böyüyüb arvad alarsan, ondan sonra üşüməzsən.
Nənəmin o sözlərindən sonra içimdə, elə bil ümid işığı yanardı, bədənim qızınardı… Mən necə qışı həmin ümid işığının hesabına yola verirdim..
Nənəm imanlı və halal adam idi. Mən heç vaxt onun kiminsə dalınca danışdığını, qeybət etdiyinin şahidi olmamışdım. Bir sözü vardı, həmişə işlədərdi; – Adam gərək özünü qədrdən-qrübdən salmasın. 
Çox qənaətcil arvad idi, həyət-bacamızda çoxlu toyuq-cücə, evimizdə yavanlıq olsa da, o bizə hər şeyi cirə ilə verərdi. Qarnımız doyardı, amma gözümüz həmişə yeməyin dalınca qalardı. Əlinin duzu vardı. İstər plov bişirsin, istərsə də adicə soğansu o qədər ləzzətli olardı ki… Yemək bölməkdə də səriştəsi böyük idi. Kimə hansı ət tikəsin atacağını yaxşı bilirdi və həmişə də eyni qaydayla yeməyi çəkirdi. Zarafat deyil, on iki nəfər ailə üzvünə bir toyuğu və yaxud da cücəni bölmək asan iş deyildi. 
Uşaq vaxtı bir az qarınqulu olmuşam. Gözüm həmişə nənəmin çömçəsində olardı. Qabıma atılan əlavə xırdaca ət parçası da məni sevindirərdi. Böyük bacımla qazan dibi qaşımaq üstündə həmişə mübahisə edərdik. Bu mübahisəni yenə də onun sözləri kəsərdi. Belə vaxtda deyərdi ki, qazan dibi yeyən adamın toyunda yağış yağar. 
Kənd uşağı oduğumuza görə yağışın, palçığın nə olduğunu yaxşı bilirdik. Ona görə də, tezcəli qazanı bir-birimizə tərəf uzadıb: – al sən ye, – deyərdik.
Təsərrüfatımız böyük idi, qara malımız, qoyun-quzumuz, həyət-bacada toyuq-cücəmiz vardı. Əkin sahəmiz də böyük idi, yay vaxtı bostanımız bol olardı. Həm kasıbçılıqdan, həm də yemədiyimiz məhsulları qonum-qonşuya satardıq.
Nənəmin bir tərəzisi vardı. Tərəzinin gözləri həsir pisələrindən hörülmüşdü. Süzülüb getməsin deyə, qıraqlarına bərk parçadan yamaq salınmışdı. Tərəzinin içində bir kiloluq çəki daşı da var idi. Bu cəki daşı qoşa yumruq boyda idi. Qap-qara çaylaq daşı idi. 
Nənəm o tərəziylə bir şey çəkəndə, elə bil o tərəzidə imanını çəkirdi. Tərəzinin o həsir gözləri ki, bərabərləşdi, hə, onda arvad bir az da artıq atıb deyərdi ki, bu da halallıq olsun. 
Kəndimizdə Qaraqız deyilən lal bir arvad var idi. Həmişə yağı, şori və bostan məhsullarını gəlib nənəmdən alardı. Biz uşaqlar ondan çox çəkinərdik. O həyətə girəndə küyüyüb həyətdən çıxardıq. Qəribə gülüşü vardı. “pə-pəhhh” deyib elə qəh-qəhə çəkərdi ki, adamın başında tükləri biz-biz durardı. 
Qaraqız nənəmə çox inanırdı. Nənəm də onun dilini elə bilirdi ki… Bəzən saatlarla onların bir-biriylə “söhbət” etdiklərinin şahidi olmuşduq. Qaraqız çox diqqətcil və gözdən tükqapan bir arvad idi. Hələm-hələm ona bir şeyi bəyəndirmək olmazdı. Xiyarın əyri-üyrüsünü, pamidorun kələn-kötürün seçib atar, harda malın fəri var onu tərəziyə qoyardı. Gözünü də tərəzidən çəkməzdi. Bir şey alanda dizə çökər və gözlərini tərəzinin pərsənginə elə dikərdi ki, elə bil aldığı pamidor, xiyar deyil qızıldır. Nənəm də altdan-altdan onun hərəkətlərinə baxıb, dodaqaltı qımışardı. 
O çəki daşı bizim evdə müqqəddəs sayılirdı. Nənəmin qorxusundan o daşa əl vurmağa cürət etməzdik. Tərəzi ilə çəki daşının evimizdə öz yeri vardı. Eyvanın küncündə, divara çalınmış mıxdan asılardı tərəzi. Çəki daşı da həmişə tərəzinin bir gözündə olardı. 
Bir dəfə əriyin çəyirdəyini sındırmaq üçün o daşı tərəzinin içindən götürüb həyətə apardım və bir neçə ərik dənəsinin qabığını onunla əzdim. Birdən-birə necə oldusa, çəki daşı ərik dənəsindən yayınıb altdakı daşa dəydi və xırdaca, barmaq boyda bir hissə qopub yerə düşdü. Diqqətlə baxmayınca daşdan qopan yeri ayırd etmək olmazdı. Amma necə olsa, çəki daşıydı, nə vaxtsa nənəm bunu biləcəkdi. 
Fəncən daşı aparıb yerinə qoydum və bu barədə evdə heç kəsə bir söz demədim. Üstündən bir müddət keçdi, bir gün yenə də Qaraqız arvad bizə gəlmişdi, deyəsən, bu dəfə şor alırdı. Nənəm tərəzidə şoru çəkib ona verdi. Arvad çıxıb getdi. Bir azdan qonşuluğumuzda yaşayan hesab müəllimi Şaban müəllim də gəlib şordan, noxuddan nə isə alıb getdi. Sonra bir neçə qonşu da gəlib nənəmlə alver etdilər. Bu zaman qəribə bir hadisə baş verdi. Bir də gördük ki, Qaraqız arvad hay-küylə bizim evə tərəf gəlir. O çatar-çatmaz həyətdə bir hənğamə qopartdı ki, gəl görəsən. Nənəm tez həyətə düşüb baş verənlərlə maraqlandı. Qaraqız arvad əlindəki şoru nənəmə göstərərək, qiyamət qoparırdı. Nənəm isə onu sakitləşdirməyə çalışaraq, nə baş verdiyini öyrənmək istəyirdi.
Qaraqız isə əlindəki şoru nənəmə göstərərək nə isə başa salmağa çalışırdı. Deyəsən, nənəm onu anlamışdı. Qaraqız bu dəfəki aldığı şorun kilodan az olmasından narazılıq edirdi. 
Nənəm şoru onun əlindən alıb tərəziyə qoydu və çəkdi. Hər ikisi gözlərini tərəzinin pərsənginə dikmişdilər. Tərəzinin hər iki gözü bərabər dayanmışdı.
Nənəm özü də fikirliydi. O, çəki daşını əlinə alıb, o tərəf-bu tərəfinə baxdı.. Birdən o daşın qırağından bir çimdik yerin qopub düşdüyünün gördü. İlk dəfə idi ki, nənəmin utandığndan sifətinin qızardığını gördük. O evə dönüb yağdan, şordan əlinə nə keçdisə gətirib Qaraqızın torbasına qoyub onu yola saldı, heç pul da almadı.
Sonra arvad çəki daşını bizə göstərib: – Bu kimin işidir?- soruşdu. Qorxumuzdan heç kəs cınqırını belə çıxartmadı
Arvad dərindən köks ötürüb : – Siz məni günaha batırdınız! – dedi və ağladı.
Üstündən çox illərin keçməsinə baxmayaraq, hələ də məni düşündürən bir məsələnin narahatçılığını keçirirəm. Necə oldu ki, ömründə bircə gün də dərs oxumayan, savadsız, lal-kar olan bir qadın çəki daşından qopmuş dırnaq boyda bir tilişkəyə görə tərəzinin səhv çəkdiyini hiss edə bildi, amma ali təhsili olan və uzun müddət riyaziyyatdan dərs deyən bir müəllim bunu hiss edə bilmədi.
… Nənəmiz yüz yaşında dünyasını dəyişdi. Allahdan dilədiyi kimi bir gün də olsun yorğan-döşəkdə xəstə yatmadı. Elə sağ-sağlam, axşam yatağına girib yatdı və bir də səhər oyanmadı… 
Birinci dəfəydi ki, həmin səhər ev adamları ondan qabaq yerlərindən durmuşdular. O isə həyət-bacada gözə dəymirdi. – Yəqin, naxoşlayıbdır! – deyə heç kəs qıyıb onu oyatmadı. Amma narahat idik.
Ev adamlarından kimsə nənəmizin yatdığı otağa yaxınlaşdı. Yaxınlaşmağıyla ağlaya-ağlaya geri dönməsi bir an oldu…
Mən onun ölümünü öz gözlərimlə gördüm. Arxası üstə düm-düz uzanmışdı. Gözləri yumuluydu. Mənə elə gəldi ki, nənəm ölən zaman öz gözlərini də özü öz əliylə qapamışdı. Çünki onun bir əli sinəsində, o biri əli isə gözlərinin üstə quruyub qalmışdı. Sifəti ağappaq, nurlu idi. Bir azca gülümsər çöhvrəsindən, sanki bəxtəvərlik yağırdı. Onu ağrısız-əzabsız öz dərgahına apardığına görə, yəqin, Allahına şükranlığıydı onun bu gülümsər çöhvrəsi.
Nənəm günortaya yaxın dəfn olundu. Qəbiristanlığa aparılarkən mən də onun cənazəsi qoyulmuş mafaya çiyinlərimi söykədim. Qu quşunun tükü kimi yüngül idi nənəmin cansız bədəni. Yazıq arvad, heç kəs inciməsin deyə, elə bil, öz cənazəsini də məzara özü aparırdı.
Nənəm böyük bacıma bir vəsiyyət etmişdi. Tapşırmışdı ki, Qaraqızın bundan sonra aldığı nə olacaqdısa, onu tərəzidə artıq çəksin. Nənəmiz son günlərində yəqin ki, bunun xiffətini edirmiş.
Onun vəsiyyətini böyük bacım yerinə yetirirdi. Qaraqız arvad hər dəfə bir şey almağa gələndə bacım çəkidən əlavə onun qabını doldurmamış yola salmazdı. O da, iki əlini qoşalaşdırıb üzünə qoyar və boynunu əyərək gözlərini yumub ölmüş nənəmizi belə yad edirdi. 
Nənəmin qırx mərasimini yola verəndən sonra birdən-birə o çəki daşı da yoxa çıxdı. Hara getdi, kim apardı bilən olmadı. Hamımız çox qəmləndik. Axı, nənəmizi bizlərə ən çox xatırladan o çəki daşı idi. O çəki daşı, elə bil, nənəmin ruhu idi. Birdən-birə o ruh da bizi tərk edib getmişdi…
Çəki daşından sonra Qaraqızın da ayağı bizim həyətdən kəsildi. O, bir daha bizim evə gəlmədi. Get-gedə evimizin səliqə-səhmanı da pozuldu. Atamla, anam hər gün bir-birləriylə deyinirdilər, günlərlə küslü qalırdılar, onları barışdıran da olmurdu. Uşaqların birinin sözü, o birinin boğazından keçmirdi, tez-tez dava-dalaş edirdilər.
Həyətimizin mer-meyvəsi, bostan-tərəvəzi yavaş-yavaş solub-solxurdu, alan olmurdu. Mal-qaranın yağ, pendiri də azalmışdı. Həyətdə, güllüyaylıq kimi rəngbərəng olan, toyuq-cücələr də qırılıb, azlmışdılar. Evimizin urvatı, xeyir-bərəkəti də çəkilmişdi, ziyan ziyan üstündə dəyirdi həyət-bacamıza. 
…İllər ötdükcə dünyanın nizam-tərəzisi də yavaş-yavaş dəyişib, pozulmağa başlayırdı… Elə bil, bizim evi də, el-obanı da, hətta kainatı da səhmana salan nənəm və bir də onun çəki daşı imiş…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru