Zaur Ustac – Bir şeir

EY VƏTƏN OĞLU…

(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı…)

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan  asılıb bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandır qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı.  (14. 30. 1 0’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 4 – cü yazı

DÖRDÜNCÜ  YAZI

 Erich  Maria  Remarque  yoxsa, Ramil Səfərov

Dəyərli oxucum, bu yazını yazmaqda  yeganə  məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi  tərifləmək,  nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları  lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların  adlarını çəkdiyi on müəllifdən biri Erich  Maria  Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu  açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich  Maria  Remarque olur?  Bu suala kəsədən  bəs  gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich  Maria  Remarque  ilk onluğa düşməyə  həqiqətən  layiq  bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım  ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı  oxumaqdan,  mütaliədən  danışır  mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich  Maria  Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich  Maria  Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich  Maria  Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən  dünyanın əksər ölkələrinə  yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları  dəyişsə də Erich  Maria  Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna  və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich  Maria  Remarque üçün olduqca ucqar  bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich  Maria  Remarque nin  necə yazar olmasına  heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək  sevimli yazarımız Erich  Maria  Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa  heç kimdə narazılq doğurmasın  və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları”  (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar ,  üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur,  ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir???  Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???

11.10.2016.  Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şəhid haqqı

ŞƏHİD HAQQI

Hər gedən bir şəhidin haqqı var boynumzda,

Onlara borclu olan bir can var qoynumuzda,

Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,

Əgər biz unutsaq da, dövran bunu unutmaz…

Bu yara hey su verər, zaman onu qurutmaz…

* * *

Bu bizim şakərimiz, həp şikarı unutmaq,

Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,

Cismimiz oyansa da, layla deyib uyutmaq,

Bir gün biz istəsək də, dövran bizi oyatmaz…

Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…

* * *

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, yada ki, qardaş olmaz…

Vallah, atam-qardaşım daha betər dərd olmaz…

* * *

Hər şeyi yükləmişk, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

03.08.2019. Bakı. (22:22 – 10’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 1 August 1966 ) əsl dost, gözəl insan, hərbi jurnalistikanın əsasını qoyanlardan biri, eyni zamanda pedaqoq – müəllim kimi şərəfli bir adın daşıyıcısı, Azərbaycan Respublikasın Əməkdar Jurnalisti, neçə-neçə orden-medalların, mükafatların laueratı, bütün bu sadaladıqlarımın hamısından üstün gələn VƏTƏNİN VƏTƏNPƏRVƏR OĞLU, bir əldə silah, bir əldə qələm tutan yazarlarımızın ən öndə gələnlərindən, ən tanınmışlarından biri olan İbrahim Rüstəmlinin doğum günüdür. Ad gününüz mübarək, İbrahim müəllim. Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Uğurlarınızbol olsun…

İbrahim müəllimin hərbçi həyatı – əsgər şərəfi haqqında əvvəllər də dəfələrlədərc olunmuş bir yazısını Sizlərə təqdim edirik:

İbrahim RüstəmliƏsgər Şərəfi


Hardan başlayıb, harda qurtaracağımı bilmədiyim yazılarımdandı bu, – taleyim, qismətim, alın yazımdı elə bil…

Uşaqlıq şəkillərimə baxıram. Ucqar əyalətdə, qayğısız kənd uşağının əsgəri salamı və bu «salamın» obyektivin yaddaşında əbədi ilişib qalan sehrli pıçıltısı, gizli həqiqətləri…

Yeniyetməliyimi, cavanlığımı təftişim bu həqiqətlərin ən solğun, ən xırda işartısını belə görmək, duymaq və anlamaq istəyimin təhdididi yəqin. Özümü oda-közə vururam. Ancaq nə faydası! Hər dəfə, hər cəhddən sonra 45 illik ömrümün bəlkə də ən böyük etirafı ilə üz-üzə, baş-başa qalıram: Mən heç vaxt zabit olmaq istəməmişəm!

Arzularımın ucsuz-bucaqsız sahillərində Füzulinin, Dostoyevskinin, Lorkanın, Markesin, Mirzə Cəlilin, Sabirin… qağayı fəryadına bələnmiş isti nəfəsini, mehriban baxışlarını duyuram. Onlar 25-30 il bundan qabaq əyalətdə tək-tənha qoyub gəldiyim qayğısız kənd uşağının ən yaxın havadarları, ən etibarlı dostlarıdı… Kutuzov, Napoleon, Suvorov… yaddı bu uşağa. Kutuzovun, Napoleonun, Suvorovun… bu uşağa heç uzaq «qohumluğu» da çatmır.

İndi bizi bir-birimizdən zaman adlı, dibi görünməyən dəhşətli bir uçurum ayırır. Uçurumun bu tayından o tayına, al-qanına bələnmiş o uşağa çatdırası çox həqiqətlərim, çox mətləblərim var. Əsgər olduğumu hamıdan və hər şeydən çox duyduğum məqam Səninlə üz-üzə, göz-gözə qaldığım məqamdır. Mən öz ömrümün ən ali həqiqətləri ilə yalnız bu məqamda yol yoldaşı, çiyindaş ola bilirəm. Səni illərin o tayında niyə tək-tənha qoyub-gəldiyimi anlayıram. Ömrümə damcı-damcı çırpılan günlərin «daş dələn» qüdrətində Allahın diktəsini hiss edirəm: Bizi bir-birimizdən torpaq ayırdı. Bu torpağın adı yurddu, Vətəndi. Qarabağdı bu torpağın adı.

Düşmən elimizin-obamızın üstünə yeriyəndə biz, bizi tanımayan bu qaynar şəhərə hələ təzəcə qədəm basmışdıq. Bu şəhər bizi udmamışdı hələ onda. İkimiz də bir yerdə bütöv idik, tam idik. Səni kövrək qanadlarınla həmişə, hər yerdə başımın üstündə vurnuxan, sevgi dolu arzularıma ayna tutan mələyə bənzədərdim onda. Paytaxtın səsli-küylü küçələrində dualarımın boğulduğunu – Allaha çatmadığını heç hiss etmədim. Yurda qahmar çıxan insanlara qoşuldum. Və bir də onda ayıldım ki, mən əsgərəm.

Torpağı yağmalanan bir yurdda əsgər olmaq şərəfdi.

Bir də əsgər şərəfi var. Bu şərəf əyninə geydiyin libasla, o libasla ürəyinin üstündə, çiynində, başında gəzdirdiyin rəmzlərlə bitib-tükənmir. Əlinə silah alanda da, döyüşəndə də, dost dediyin, qardaş dediyin adamın bir mərmi partlayışından tikə-tikə parçalandığını öz gözlərinlə görəndə də… gərək insan olduğunu unutmayasan.

Atatürkü xatırlayıram. İzmirdə yunan bayrağını ayağının altına xalı kimi sərmişdilər. Qılıncdan da iti baxışlarını ətrafındakılara zilləyəndə, o bayraq yerdən həmən götürüldü. Atatürk yunan bayrağını yerdən qaldırmadı ki; Atatürk türk əsgərinin adını qaldırdı, əslində. Tarixin yaddaşını təzələdi…

1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevlə bir yerdə Ağdam ərazisində döyüş postlarını gəzirdik. Fərrux dağında mövqe tutan artilleriyaçılarla da görüşdük. Şirin Mirzəyev artilleriya qurğularının mövqeləri və koordinatları ilə şəxsən maraqlandı. Bir qədər fikrə getdikdən sonra bölmə komandirini yanına çağırıb, ondan mövcud koordinatları dəyişməsini tələb etdi: silahları kilsəyə, dinc əhaliyə tuşlamaq olmaz. Siz torpaqlarımıza göz dikmiş erməni quldurları ilə döyüşürsünüz. Allahla-dinlə, dinc əhali ilə yox. Əslində bu, Şirin Mirzəyevin öz dininə-imanına və xalqına olan hörmətinin, ehtiramının ifadəsi idi. Başqalarına əsgər şərəfini tanıtmaqdan ötrü bundan gözəl məqam, bundan tutarlı ifadə tapmaq çox çətindi, məncə.

…Uşaqlığıma, yeniyetməliyimə qayıdıram. Bu qayıdış əslində yenə də Ağdam torpağında erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Farizlə bağlıdı. Erməni snayperi mənim uşaqlığımı öldürüb əslində. Hələ ağzından süd iyi gələn bir körpəyə silah tuşlamaq, onu hədəfə almaq və başından vurmaq… Dünyanın heç bir yerində, dünyanın ən sonuncu əsgəri belə həyət-bacada oynayan günahsız bir uşağa güllə atmazdı. Dünyanın ən sonuncu əsgəri belə günahsız uşağı öldürməyi öz şərəfinə sığışdırmazdı. Amma erməni əsgəri bunu elədi. Özü də harada – Azərbaycan torpağında. Bəli, o, Azərbaycan torpağında, öz həyət-bacasında oynayan uşağı öldürdü, – mənim uşaqlığımı öldürdü…

İndi mən o erməni snayperinə, erməni snayperinin optik cihazdan bərələn gözlərinə 9 yaşlı Farizin bulaq suyu kimi dumduru, donmuş gözləri ilə ayna tuturam. İndi mən Farizin saf baxışları ilə o erməni dığasını özünə tanıdıram: Sən bu iyrənc görkəminlə unudulacağına ümid bağlama! Həyatımın sonuna bir gün qalsa da, törətdiyin bu cinayətin, bu qətlin hesabını səndən soruşacam.

Məni bu sözləri yazmağa vadar edən mənim əsgər şərəfimdi. Bu şərəf on minlərlə Azərbaycan əsgərini bir səngərdə, bir cəbhədə birləşdirir. Bu məqamda hər şeyi zamanın öhdəsinə buraxmaq niyyətində də deyilik, əsla! Bunu da yadında saxla!

İndi sənin – bir körpə qatilinin 9 yaşlı uşağın gözlərində gördüklərin mənim üçün gün kimi aydındı: Qarşında bu gördüyün Azərbaycan əsgəridi! Onu yaşadan və cihada çağıran əsgər şərəfidi! Bu da sənsən – şərəfini itirmiş erməni əsgəri!
ƏVVƏLLƏR DƏRC OLUNUB: Lent.az/2011, araz.az/2018

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru