HƏSƏN BƏY ZƏRDABİ

BİR DAHA HƏSƏN BƏY ZƏRDABİ HAQQINDA

“Həsən bəyin qızı gələnləri qapıdan qovdu” – Zərdabinin həyatı, övladları…

“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.

Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.

– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.

Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.

“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.

Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.

Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.

O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.

Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.

Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.

İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.

Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.

– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…

– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.

– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.

– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.

Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.

Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.

Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.

– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…

– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.

Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.

– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?

– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.

Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.

Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.

Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.

Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?

Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.

Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.

Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?

Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.

İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.

Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.

Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.

– Bu kim olub?

– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.

1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.

Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.

Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.

Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.

Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.

1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.

Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.

Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.

Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.

İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.

Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.

Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?

– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.

Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.

Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.

Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…

Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.

Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.

– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?

– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.

Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.

Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?

– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.

Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.

“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.

Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.

Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.

Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.

Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.

Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.

Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.

Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır.
Teleqraf. com
Müəllif: Səxavət Həmid

Mənbə: Babək Cəfərov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milli Mətbuat Günü

BAYRAMINIZ MÜBARƏK !!!

22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür.
Azərbaycan mətbuatının banisi görkəmli maarifçi Həsən Bəy Zərdabidir. 22 iyul Milli Mıtbuat və Jurnalistika Günü Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Böyük çətinliklərdən sonra o, Bakida ana dilində ” Əkinçi” qəzetini nəşr etdirmişdir. Bu qəzetin ilk nömrəsi 1875 – ci il iyulun 22 -də çapdan çıxmışdır. ” Əkinçi ” qəzetinin nəşri bütün Qafqzda böyük əks – səda doğurmuşdu. 1875 -1877 – ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrısi işıq üzü görüb. ” Əkinçi” qəzeti xalqımızın milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində bir çox irəliləyişlər oldu. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan, qəzet və jurnal fəaliyyət göstərir. 
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ” Əkinçi” qəzetinin nəşrə başladığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 
Biz də Mətbuat və Jurnalistika sahəsində çalışan işçiləri 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, sağlamlıq və daim fəaliyyətdə olan peşələrində uğurlar arzu edirik.

Mənbə: Kurdemir Rayon Atakisili Kitabxanasi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həsən bəy Zərdabi haqqında – (28.06.1837) onun doğum günü

Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. Bu gün onun doğum gündür. Mövludunuz mübarək, ey gözəl insan… Ruhunuz şad olsun…

İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb.

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olur. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başlayıb.

Həyatının son illərində Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib.

İflic xəstəliyinə tutulmuş H.B.Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat edib. Məzarı hazırda Fəxri Xiyabandadır.

Respublika Prezidenti 2012-ci il iyunun 4-də “H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb və bu sənədə uyğun olaraq görkəmli maarifçiının yubileyi təntənə ilə qeyd olunub.

İlkin mənbə: www.oxu.az

===========================================================

Doğum günündə gəlin onu və ailəsini daha yaxından tanıyaq:

(Həsən bəy Zərdabini xatırlayaq.
Həm onu, həm də onun övladlarını…
)
Həsən bəyin dörd övladı vardı.
İlki Pəri xanım idi. O, Əlimərdan bəy Topçubaşova ərə getmişdi. Parisdə, Sen-Klu qəbristanında ərinin yanında dəfn edilib.
İkinci övladı Mithət bəy Almaniyada təhsil almışdı, dəqiqləşməmiş məlumatlara görə repressiya olunub.
Üçüncü övladı Səffət bəy idi, o da mühəndis idi.
Əvvəlcə o, Riqada oxumuşdu.
Atasının ölümündən sonra onun adına təqaüd təsis edilmiş və bu 350 manatlıq təqaüdlə həm Səffət bəy, həm də Mustafa bəy Vəkilov (AXC-nin gələcək daxili işlər naziri) təhsil ala bilmişdilər.
Lakin Səffət bəy təhsili yarımçıq qoymalı olur.
AXC-nin, bacısının həyat yoldaşı Topçubaşovun rəhbərliyi altında Parisə yola düşən nümayəndə heyətinə daxil olur.
Ancaq Parisə gedə bilmir, İstanbulda qalır.
O, İstanbulda qaldığı zamanda anası Hənifə xanım Məlikova AXC-nin Maarif və dini etiqad naziri, “Əhrar” partiyasından olan Rəşid bəy Kaplanova məktub yazaraq oğlunun xaricdə təhsil almasına köməklik göstərməyini xahiş edir.
Hənifə xanım 18 il Bakıda qız məktəbinin müdiri, Sovet hakimiyyəti dövründə isə Maarif nazirliyində çalışmışdı.
Amma məktubda özünü “Həsən bəy Zərdabinin dul övrəti” kimi təqdim etmişdi.
Qəribə şəkildə, ömrünü Azərbaycan xalqının təhsilinə və maarifinə sərf etmiş bu iki görkəmli şəxsin övladına belə bir icazə verilmədi.
Bir il sonra Azərbaycana qayıdan Səffət bəy Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadəyə bir məktub yazdı.
Məktubda Müsavat hakimiyyətinin onu “etibarsız” hesab etdiyi üçün xaricdə təhsilinə imkan yaratmadığından şikayət etdi.
Bünyadzadə dərkənar qoyur və Səffət bəy Almaniyanın Karlsrue şəhərində memarlıq təhsili alır.
Amma Azərbaycana qayıtmaq əvəzinə Türkiyəyə gedir.
Ömrünün sonuna qədər də orda yaşayır.
Türkiyədə öz ixtisası sahəsində çalışsa da bir tərəfdən məqalələr yazır, siyasi fəaliyyətlə də məşğul olur.
Əvvəlcə Azərbaycan Milliyyətçilər Dərnəyində təmsil olunan Səffət bəy təşkilatın seçkisinin düzgün keçirilmədiyini əsas gətirərək məhkəməyə müraciət edir.
Məhkəməni uduzur.
Daim radikal millətçi cəbhədə qalan Səffət bəy əvvəlcə “Türk izi” sonra isə dərnəkdən ayrılanlarla birgə “Mücahid” jurnalını çap etməyə və orda mütəmadi yazmağa başlayır.
Liberal atasından fərqli olaraq, radikal millətçi olan Səffət bəy məqalələrində Sovet işğalına qarşı çıxır, eləcə də kommunistlərdə ailənin olmadığını, doğulan uşaqların internatlarda tərbiyə edildiyini yazır.
1976-cı ildə vəfat edir.
Azərbaycana gəlmək ona qismət olmur.
Həsən bəyin sonbeşiyi isə Qəribsoltan xanım idi.
Qəribsoltan xanım ailə qurmamışdı, lakin məşhur övlad yetişdirmişdi.
Belə ki, SSRİ Xalq artisti, Rauf Hacıyevi dörd yaşından götürüb saxlamışdı.

Rauf Hacıyev Mədəniyyət naziri işlədiyi dövrdə Parisdə səfərdə olarkən Pəri xanım və Əlimərdan bəyin qəbirlərini ziyarət edərək ordan torpaq götürmüş və Bakıda həmin torpağı Həsən bəyin və Hənifə xanımın qəbrinə tökmüşdü.
Həsən bəyin uşaqlarının faciəvi həyatı bundan ibarətdir.

P.S. Məqalə Akif Aşırlının “Həsən bəy Zərdabinin mücahid oğlu” kitabı əsasında yazılmışdır.

Qan Turalı

———————————————————————————————————–

ZƏRDABİ ELM ADAMI KİMİ:

Dahi mütəfəkkir, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi yaradıcılığı dövründə Azərbaycanda bir çox elmlərin əsasını qoymuşdur. Onun xalqının, millətinin tərəqqisi yolunda elmi, nəzəri, təcrübi işləri, ideyaları, tövsiyələri ilə göstərmiş olduğu xidmətlər hər bir Azərbaycan ziyalısına yaxşı məlumdur. Həsən bəyin və eyni zamanda, onun ailə üzvlərinin göstərmiş olduğu xidmətlər bu gün də öz aktuallığı ilə müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməkdədir.

Həsən bəy Zərdabinin çoxsahəli fəaliyyəti, çoxşaxəli elmi bilik sahibi olması respublika alimlərinin və ziyalılarının diqqətini cəlb etmiş, 1944-cü ildən başlayaraq ayrı-ayrı illərdə onun fəlsəfi, siyasi, hüquqi, iqtisadi görüşləri, materialist düşüncə tərzi, coğrafi görüşləri, demokratlığı, mədəni həyatımızda rolu, jurnalistliyi və çoxşaxəli elmi fəaliyyəti araşdırılmış, ölkənin tanınmış alim və ziyalılarının bütün bunlara dair bir çox dəyərli elmi məqalələri və qiymətli elmi-tədqiqat əsərləri işıq üzü görmüşdür.

Həsən bəy Zərdabinin bu günədək 40-dan çox tədqiqatçısı olmuş, onun həyat və yaradıcılığı ilə bağlı bir çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, obyektiv və subyektiv səbəblərdən Həsən bəy Zərdabi irsi, xüsusilə, aqrar elmlər-əkinçilik, bitkiçilik, torpaqşünaslıq, aqrokimya, yerquruluşu sahəsindəki fəaliyyəti bu günə kimi mükəmməl araşdırılıb tədqiq edilməmişdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar 1875-1877-ci illər ərzində Həsən bəy Zərdabinin dərc etdiyi elmi-təcrübi işlər və bir sıra müəlliflər tərəfindən yazılan tədqiqat əsərləri, onun kənd təsərrüfatının bütün sahələrini dərindən təhlil edən ensiklopedik biliyə malik alim olduğunu bir daha təsdiq edir.

Həsən bəy Zərdabi təkcə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, əkinçilik, aqrokimya, bitkiçilik, meyvəçilik və digər elmlərin deyil, eyni zamanda, bu elmlərlə sıx əlaqədə inkişaf edən yerquruluşu elminin də banisidir. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1865-ci ildən ilk əmək fəaliyyətinə Tiflisdə “Mejavaya Palata” İdarəsində yerquruluşçusu-torpaq islahatçısı kimi başlayan H.Zərdabinin bu sahədəki tarixi xidmətləri tədqiq olunmamışdır. Onun aqrar elmlərin və əkinçilik mədəniyyətinin banisi olmasının tarixi reallıqları barədə aparılan tədqiqatlarını, elmi, hüquqi və təcrübi məsələlərini az da olsa işıqlandırılmağa çalışmışıq.

Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq və yoxsulluqdan əzab çəkən insanların acınacaqlı halına dözməyərək “Əkinçi” qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxt gələcəkləri uğrunda mübarizəyə səsləyirdi.

O, “Əkinçi” qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah, torpaq onun dilini bilənindir. Bizim torpaq-Bizimdir!”. Və yaxud da “Əkinçi”nin 3-cü sayında yazırdı: “Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini dərk edənlər anlayar”.

Bəli, vətənini, torpağını ana məhəbbətindən belə üstün tutan Həsən bəy Zərdabi millətinin xoşbəxtliyini, xoş gələcəyini ana torpağına bağlılıqda görür və insanları torpağın qədrini bilməyə, ondan doğru, düzgün, səmərəli istifadə etməyə səsləyir. Həsən bəy “Əkinçi” qəzetinin digər bir nömrəsində yazırdı: “Insan! Atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq”.

H.Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı, torpağın elmi qaydada əkilib-becərilməsi, ondan daha səmərəli istifadə edilməsi haqqında bir çox izahlar və şərhlər vermişdir.

Torpağın məhsuldarlığının artırılması, torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etməyin, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması yollarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salır və bunun üçün birinci növbədə kompleks torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsini tövsiyə edirdi. Bu dövrdə Həsən bəy Zərdabi tam şəkildə əkinçilik, bitkiçilik, meyvəçilik, torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri və təcrübi məsələlərini kütlələrə çatdırır və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr irəli sürürdü.

Bütün bunlarla yanaşı, Həsən bəy o dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, istehsalında, eləcə də, müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın- mexanizmlərin, texnika və texnologiyaların inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açır, öz xalqını bu məsələlərin vacibliyinə inandırır, həmin sahələrdə milli mütəxəssis kadrlarının hazırlanmasının əhəmiyyətini ön plana çəkirdi.

Həsən bəy Zərdabda yaşadığı 1880-1896-cı illər ərzində əkinçilik və bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə çeşidləri yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal etmişdir.

H.Zərdabi hələ rəsmi olaraq Tiflisdə torpaq idarəsində bir yerquruluşu mütəxəssisi kimi fəaliyyət göstərərkən 1861-ci ilin kəndli islahatının, 1864-cü ilin zemstvo islahatının məqsəd və məzmununu bilərək, bir kəndli ideoloqu olaraq, torpaq bölgüsü işinin aparılmasında, eyni zamanda, burada “8-ci mejavaya torpaq palatası”nda məhkəmə üzvü kimi kəndlilərin mənafeyini güdmüş və onların hüquqlarının müdafiəçisi olmuşdur.

Həsən bəy Zərdabi doğulduğu və hələ ilk ibtidai təhsil aldığı Zərdab kəndində zəhmətkeş kəndlilərin əsas məşğuliyyətinin torpaqla bağlı olduğunu yaxşı bilirdi. O dövrdə çarizmin ağır iş rejimində torpağı əkib-becərmək, məhsul yetişdirmək, halal zəhmətləri, alın tərləri ilə qazandıqları və çatacaq məhsulun hesabına ailələrini güclə dolandıran əhalinin dərdli-sərli problemlərini görmüş və bu məsələlər onu heç vaxt rahat buraxmamışdır.

Harada yaşamasından, təhsil almasından, işləməsindən asılı olmayaraq, xalqının iztirablı həyat tərzi, əsarət altında olması Həsən bəyi daim narahat etmişdir. Həsən bəy ömrünün sonunadək torpaqla bağlı problemlərin zəhmətkeş kəndlilərin xeyrinə həll olunması yolunda alovlu bir vətənpərvər, təcrübəli torpaq işçisi-yerquruluşçusu olaraq bəylərə, xanlara, mülkədarlara qarşı kəskin mübarizə aparmış, xalqına mənəvi dayaq olmuşdur. Torpaqların dilini-sirrini, hər qarışının qədrini bilən kəndlilərə verilməsi yolunda çox böyük xidmətlər göstərmişdir.

Həsən bəy Zərdabi təbiətşünaslıq, torpaqşünaslıq və bu elmlərlə, xüsusilə yerquruluşu ilə əlaqədar sahələrin mühüm nailiyyətlərini əsas etibarı ilə 1875-1877-ci illərdə redaktoru, naşiri, korrektoru, bəzən də mürəttibi olduğu “Əkinçi” qəzetində “Əkin və ziraət xəbərləri”, “Əf Ali-Əhli-Dehat” başlıqları altında dərc etmişdir. Zərdabinin fəaliyyəti Azərbaycanda yerquruluşu, təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, əkinçilik, bitkiçilik elmlərinin inkişafında başlanğıc mərhələdir. Onun torpaqşünaslıq elmi haqda fikirləri əsasən dağ süxurlarının aşınması prosesindən, torpaqəmələgətirən amillərin rolundan, torpağın əmələ gəlməsindən, onun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyinin artırılmasından, torpaq analizlərinin əhəmiyyətindən, yararsız torpaqları yaxşılaşdırmaq üçün yerquruluşu və digər müvafiq tədbirlər sisteminin həyata keçirilməsindən, torpaqəmələgəlmə prosesində insanın istehsalat fəaliyyətindən və s. ibarət olmuşdur.

Azərbaycanda torpaqşünaslıq elminə ilk nəzəri və təcrübi baxış Həsən bəy Zərdabiyə məxsusdur. O, torpağı təbiətin yaratdığı ən dəyərli və müqəddəs hadisə hesab etmişdir. Torpaq biosferin əsas komponenti hesab edilir, insanlar maddi nemətləri torpaqdan alır. Həsən bəy Zərdabi bir təbiətşünas, torpaqşünas alim kimi torpağı əmələ gətirən amilləri göstərmişdir. 130 ilə yaxın bir dövrün keçməsinə və bu müddətdə torpaqşünaslığın bir elm kimi formalaşmasına baxmayaraq, Həsən bəy Zərdabinin torpaq haqda dedikləri öz aktuallığını itirməmişdir.

Rus torpaqşünaslıq elminin banisi hesab edılən V.V.Dokuçayevdən əvvəl torpaq elmi haqda Həsən bəy Zərdabi fıkir söyləmişdir. Məlum olduğu kimi, rus torpaqşünaslıq elminin banisi hesab edilən V.V.Dokuçayev torpağın əmələgəlməsi haqqındakı qiymətli fıkirlərini 1883-cü ildə “Rus qaratorpağı” adlı əsərində söyləmişdir. O, 1885-ci ildə yazırdı ki, “… torpaq a) ana süxurların, b) yerli bitki və canlı orqanizmlərin, v) yerli iqlimin, q) ərazinin relyefinin və d) ərazinin yaşının birgə fəaliyyətinin nəticəsidir”.

Dokuçayevin göstərdiyi torpaqəmələgətirən amillərə sonradan V.P.Vilyams tərəfındən insanın təsərrüfat fəaliyyəti də əlavə olunmuşdur. Qeyd etmək lazımdır ki, V.V.Dokuçayevdən 8 il əvvəl, hələ 1875-1876-cı illərdə H.Zərdabi torpağın əmələ gəlməsini izah etmiş və bu prosesdə dörd amilin: a) ana süxurun, b) bitki və canlı orqanizmlərin, v) iqlimin və q) insanın təsərrüfat fəaliyyətinin rolunu göstərmişdir.

Həsən bəy Zərdabi ilk dəfə torpaq təsnifatı haqda fikir söyləyərək, torpaqları mexaniki tərkibinə görə üç qrupa (qum, gil və əhəng adlandırdığı karbonatlı birləşmələr) bölmüşdür. Göründüyü kimi, Həsən bəy Zərdabi dövrün məşhur rus torpaqşünas alimləri olan N.M.Sibritsevdən və N.A.Kaçinskidən xeyli əvvəl mexaniki tərkibinə görə torpaqların təsnifatını vermişdir.

O, torpaqların meliorasiyasına, eroziyasına, becərilməsinə, münbitliyinin artırılmasına, səmərəli istifadəsinə, meşələrin salınmasına böyük diqqət yetirirdi. Lakin Zərdabi birinci növbədə burada torpaqların eroziyasında, münbitliyinin artırılmasında, meşəquruluşu işlərinin aparılmasında, torpaqdan səmərəli istifadə olunmasındayerquruluşutədbiriəri sisteminin tətbiqinin ön planda olduğunu göstərmişdir. Onun bu sahədəki elmi nəzəriyyələri indi də öz aktuallığını və əhəmiyyətini itirməmişdir.

Həsən bəy Zərdabi torpaq eroziyasından danışarkən onların qorunması yollarını göstərmişdir. Qeyd etmək lazımdır ki, dinamik proses olan eroziya respublikanın dağ və dağətəyi, eləcə də düzən zonalarını bürümüşdür.

Torpağın məhsuldarlığının artırılması ilə bağlı şumun hansı qaydada və nə qədər dərinlikdə aparılmasmı Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kəndlilərə çatdırırdı. Həmçinin yeni yerquruluşu tədbirlərinə və yeni inkişaf mərhələsinə qədəm qoyan torpaqşünaslıq, aqrobiologiya, aqrokımya, aqrotexnika elmlərinin naliyyətlərinin praktiki tətbiqi işlərinə əsaslanaraq, torpaqlardan necə və hansı yollar ilə daha səmərəli və düzgün istifadə olunması haqqında tövsiyələr verirdi.

Qeyd edək ki, ilk universitet təhsili alan azərbaycanlı, fitri istedad sahibi, çoxşaxəli elmi biliyə malik dünya şöhrətli alim, millət fədaisi Həsən bəy Zərdabi 1875-1877-ci illərdə “Əkinçi” qəzetindəki və 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərindəki elmi fikirlərilə Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya və digər aqrar elmlərlə bağlı olan bugünkü yerquruluşu elminin təməlini qoymuşdur.

Burada onu da diqqətə çattırmaq istərdik ki, Həsən bəy Zərdabinin “Torpaq, su və hava” əsəri ilk dəfə ayrı-ayrı məqalələr şəklində, müəllif tərəfindən “Həyat” qəzetinin 1905-ci il 11, 14, 18, 21, 25, 30, 35, 38, 54, 72, 76, 79-cu nömrələrində dərc olunmuşdur. 1907-ci ildə Həsən bəyin vəfatından sonra Yusif bəy Vəzirov (Çəmənzəminli) tərəfindən rəhbərlik edilən Kiyev islam tələbələrinin nəşriyyat heyəti İsa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində bu məqalələrin bir qismini toplayıb çap etdirmişdir. 1912-ci ildə həmin heyət, əsəri “№ 2” işarəsi altında ikinci dəfə çap etmişdir. Lakin bu əsər tərtib edilib işıq üzü görərkən həm 1907-ci il, həm də 1912-ci il nüsxələrinin bəzi hissələri nəzərdən qaçırılmışdır. Bu çapda Zərdabinin öz sağlığında çap etdirdiyi məqalələri əsas götürülmüş və buraxılmış, aşkar olunmamış və nəzərdən qaçırılmış hissələri orijinalda olduğu kimi bərpa edilmişdir.

Həsən bəy Zərdabi torpağın məhsuldarlığının artırılması, əkin yerlərinin daha qüvvətli olması məqsədilə torpağa yemləmə-kübrəverilməsinin əhəmiyyətini və onun tətbiqi üsullarını əhaliyə başa salır, bununla da süni münbitlik yaratmaqla torpaqdan səmərəli istifadə etməyin yeni yollarını göstərirdi. Eyni zamanda, Həsən bəy Zərdabi torpağın münbitliyinin təmin edilməsi və bərpası məqsədilə istifadə edilən kübrələrin hazırlanma və tətbiqi qaydaları haqqında da xalqına dəyərli tövsiyələr vermişdir.

O, hələ “Əkinçi” qəzetinin 20 sentyabr 1875-ci il tarixli, beşinci nömrəsində “Əkin və ziraət xəbərləri” bölməsində torpağa ilbəil eyni bitki əkildiyindən torpağın gücdən düşməsi, az məhsul verməsi səbəblərini, bir əkinin digər əkinlə əvəz olunmasını, əkiləcək bitkiyə tələb olunan qida maddələrinin verilməsinin zəruriliyini və bununla da növbəli əkin sisteminin tətbiqinin vacibliyini göstərərək yazmışdır: “Bir yerdə bir neçə il dalbadal əkin əkiləndə zikr olan otlara xörək olan şeylərin qədəri azaldığına əkin də ilbəil az bəhrə verir. Ona binaən belə yerə genə mərkur şeyləri qarışdırmaq gərək ki, əkin irəliki kimi bəhrə versin. Və bir də hər heyvan bir qisim xörək yeməyən kimi, hər əkinin də öz xörəyi var. Məsələn, bir yerdə küncüd bir neçə il dalbadal əkilsə, o yerin küncüdə lazım olan xörəyi azaldığına orada küncüd az bəhrə gətirir. Ona binaən o yerdə ya gərək qeyri əkin əkəsən, ya küncüdə lazım olan şeyləri o yerə qarışdırıb sonra küncüd əkəsən ki, küncüd genə yaxşı bəhrə versin”.

Zərdabi mexaniki tərkibə görə, qumu çox olan torpağı qumlu, əhəngi-karbonatlı birləşmələri çox olan torpaqları əhəngli, gili çox olan torpaqları isə gilli  torpaqlar adlandırırdı.

Həsən bəy Zərdabi torpaq əmələgəlmə prosesi ilə əlaqədar “Torpaq, su və hava” əsərində dağ süxurlarının aşınması, torpaq əmələ gətirən amillər barədə mülahizələrinin, tövsiyələrinin elmi əsaslarla şərhini vermişdir.

O, torpaqəmələgətirən süxurlardan yaranan torpağın mineral hissəsini, yəni qum, gil və əhəng kimi karbonatlı birləşmələri əkin üçün yararlı torpaqlar qrupuna daxil etmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Həsən bəyin bu sahədə elmi irsini dərindən tədqiq etdikdə məlum olur ki, dahi alim o dövrdə əkinə yararlı olan yalnız bu torpaqlar haqda deyil, eyni zamanda, qara torpaq adlandırdığı torpaqlar haqda da fikir söyləmişdir.

Misal üçün, “Əkinçi” qəzetinin 18 avqust 1887-ci il tarixli on yeddinci sayında qara torpaq adlandırdığı əkin sahəsi barədə yazır: “Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. Bu qurd yağışdan sonra yerin altından üzünə çıxdığına ona yağış qurdu da deyirlər. Bir yerdə bu qurd çox olanda adam elə bilir ki, o, əkinə zərər edər, amma indi təcrübə olunub ki, onun əkinə nəfi çoxdur. Bu qurd yer altında bir arşın dərinlikdə özünə dəmək qayırır. Bu dəməklərin içi onun nəcisindən qüvvətlənir və bu dəməklərə əkinin kökü düşəndə çox dərinə gedir. Belə də əkin dəxi yaxşı əmələ gəlir”.

Həsən bəy Zərdabi torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq, torpaqların keyfiyyət xüsusiyyətlərinin şərhini müfəssəl şəkildə vermişdir. “… hər bir əkin yerinin hissələrini bilmək olur və əkin yerinin xasiyyəti onun hissələri ilədir” deyən Zərdabi əkin sahələrinin xarakterik nöqtələrindən torpaq nümunələri götürmüş və göstəricilərini müəyyən etmişdir, onun xüsusi çəkisini, mexaniki tərkibini, burada onun bəzi su-fiziki-kimyəvi xassələrinin göstəricilərinimüəyyənləşdirmişdir. Torpaqda karbonatların, rütubətin miqdarını təyin etmiş, 100 qram torpaqda suyun, humusun, gilin, əhəngin, qumun miqdarını müəyyən etmiş və mahiyyətini açıqlamışdır.

Bütün bunlarla Həsən bəy Zərdabi torpaqdan tam səmərəli, dolğun şəkildə istifadə etmək, onun münbitliyinin, məhsuldarlığının artırılması, ölkədə əkinçilik mədəniyyətinin yüksəldilməsi sahəsində misilsiz xidmətlər göstərmiş, bugünkü torpaqşünaslıq və aqrokimya elmlərinin inkişafına təkan vermişdir. Eyni zamanda, torpaqlar haqqında, onların münbitliyinin bərpası, mühafizəsi, meşələrin qorunması, yeni meşələrin salınmasını, torpaqların rekultivasiyasını tövsiyə etmiş və ekoloji durumun tənzimlənməsi yollarını göstərmişdir.

Həsən bəy Zərdabinin Azərbaycanda torpaq eroziyası prosesi və onu əmələ gətirən amillər, onunla mübarizə tədbirləri işinin təşkilində yerquruluşu tədbirləri sisteminin tətbiqi barədə dəyərli elmi-təcrübi işləri indiyədək kifayət qədər tədqiq edilməmişdir.

H.Zərdabi dünyanın fəlakətli hadisələrindən biri olan torpaq eroziyasından, xüsusilə, Abşeronda və Azərbaycanın digər zonalarında külək eroziyasının səbəblərindən və onun qarşısını almaq tədbirlərindən ətraflı bəhs etmişdir (“Əkinçi” qəzeti, 1875-ci il, № 1,4; 1876-cı il, № 26, “Kaspi” qəzeti, 1899, №  172 və s.). Abşeronda külək eroziyasının əkinləri məhv etməsinin qarşısını almaq üçün bitkiləri “xəndək içində əkmək” qaydalarına qəti etiraz edərək göstərir ki, əkin yerinin ətrafında ağac və digər bitkilər əkmək daha əlverişlidir. Bununla əlaqədar olaraq, Zərdabi yazır: “Əlbəttə, bizim xəzri küləyimiz və susuzluq təzə əkilmiş ağacları qurudub tələf edir. Amma insan elm səbəbi ilə sahibidünya olduğuna nə ki, xəzriyə və susuzluğa, bəlkə hər bir şeyə əlac tapar”. Lakin Zərdabinin bu qiymətli təşəbbüsünə uzun illər səs verən olmamışdır. Yalnız XX əsrin ikinci yarısından etibarən Abşeronun müxtəlif yerlərində yaradılan yaşıllıqlar Zərdabinin elmi tədbirlərinin düzgünlüyünü sübut etmişdir.

Azərbaycanda, xüsusilə, Abşeron yarımadasında küləklərin olması, onların vurduğu ziyanlar haqda tarixi ədəbiyyatda xırda məlumatlar olmuşdur. Lakin külək eroziyası və ona qarşı elmi əsaslarla mübarizə tədbirləri ilk dəfə Həsən bəy Zərdabi tərəfindən ictimaiyyətə çatdırılmışdır. Küləklər vasitəsilə qum və torpağın sovrulması yarımadada xalq təsərrüfatına böyük ziyanlar vurur. Qumlar dəmir və şose yollarını örtür, evlərin və tikililərin ətrafında toplanır, relyefi dəyişir. Torpağın münbit və qidalı hissəsi sovrulur. Küləklər sahildə olan duz hissəciklərini ətrafa yayır, torpaqların duz balansını pozur, toz və duz qalıqlarını ətraflara yayaraq ekoloji tarazlığı pozur, texnogen çirklənmə əmələ gətirir. Həsən bəy Zərdabi bütün bunları görərək mübarizə tədbirləri, o cümlədən fitomeliorasiya, xüsusilə, meşə meliorasiya tədbirlərini tətbiq etməyin zəruriliyini göstərmişdir. O hakim küləklərə qarşı meşə zolaqlarının və başqa bitkilərin əkilməsini məqsədəuyğun hesab etmişdir.

Azərbaycanda eroziya hadisəsinə qarşı planlı və əsaslı mübarizə hələ XX əsrin ortalarında elmi tədqiqat eroziya bölməsinin yaranmasından sonra həyata keçirilmişdir.

H.Zərdabi Abşerondakı külək eroziyasının qarşısını almaq məqsədilə torpağın eroziyadan mühafizə olunması üçün yerli şəraitdə inkişaf edən ot bitkilərindən də istifadə etməyi təklif etmişdir. “Bizim uyezdinqumustanındatəkdəbirələfiyyatlar var. Onlar özbaşına hər il əmələ gəlirlər. Bu otlar bizim xəzriyə və susuzluğa vərdiş ediblər. Ona binaən xəndək qazmaqdan o otlardan əkin hasar çəkmək yaxşıdır”.

Zərdabi belə ot və kol bitkilərini əkmək və küləkdən mühafizə edib böyütmək yollarını aqrotexniki qaydada göstərmişdir. Daha sonra Zərdabi yazır: “… otlar bina tutandan sonra onların yanında bizim qumustandapərvəriş tapan incir, nar, tut, söyüd və qeyri ağacları əkəndə otların yanında o ağaclar həmçinin bina tutar …onları bitirəndən sonra… kölgəsində təzə ağaclar əkmək ilə tamam Badkubəuyezdində bağat eləmək olar”.

H.Zərdabi Azərbaycanın digər yerlərində, xüsusilə, düzənlik rayonlarında küləklərin törətdiyi eroziya prosesini kədərlə təsvir edir. O, bunun səbəbini haqlı olaraq, meşə sahələrinin azalmasında görürdü. Zərdabi 1899-cu ildə “Kaspi” qəzetində dərc etdirdiyi “Zaqafqaziya bozqırlarının meşələşdirilməsi” məqaləsində yazırdı: “Meşələrin və digər ağacların sahəsinin azalması ilə demək olar ki, bütün il boyu torpağı örtən otlar yalnız ilin müəyyən qısa müddətində olur, digər vaxtlarda isə torpaq çılpaq qalır, quruyur. Torpaqlar isə hər yerdə eyni deyildir: bir yerdə qumlu, digər yerdə gilli və s. olur, külək isə bir-biri ilə zəif birləşmiş torpaq hissələrini havaya qaldırır, beləliklə, torpağın səthi dəyişilir, yarğanlar əmələ gəlir, havaya qalxmış gillicəli qum isə bərk cisimlərin ətrafında təpəciklər əmələ gətirərək qonşu tarlalara hücum edir və yaşayışla ölümün mübarizəsi başlayır. Yaşayış güclü olmadığı üçün qeyri-bərabər mübarizədə məhv olur, ölüm isə öz amansız əlini daha uzaqlara uzadaraq çox böyük tələfatlar verir. Belə bir acınacaqlı hadisə artıq yalnız Rusiya quberniyalarında deyil, bizdə, Zaqafqaziyada da başlamışdır və bu amansızlığa qarşı az əmək və vəsait sərf edilmir”.

H.Zərdabi külək eroziyası ilə bərabər su eroziyasından da bəhs edir. Lakin onun sonuncuya aid olan fikirlərini eroziya prosesindən bəhs edən əsərlərində deyil, çay və sel sularının gətirdiyi aşınma materiallarından bəhs edilən yazılarında oxumaq olar. O, “Əkinçi” qəzetinin 1875-ci il 1-ci və 1876-cı il 21-ci saylarında bu məsələdən ətraflı bəhs etmişdir, həm də bu fikir sellərin gətirdiyi aşınma materiallarından lillərdən gübrə kimi istifadə etmək məqsədilə söylənmişdir. Zərdabinin “səthi su və ya sellər gələndə xırda daşları, yəni torpağı apardıqda lilli olur…” fikri torpağın üst qatının niyə eroziyaya uğramasnı izah edir.

Həsən bəy Zərdabi sellər haqda dəfələrlə öz məqalələrində danışır. Qeyd etmək lazımdır ki, sellər əsasən, dağ zonasında dağılmış meşələrdə, bitki örtüyü pozulmuş dağ otlaqlarında formalaşır, bitki örtüyü dağılmış yamaclarda güclü axın əmələ gətirərək əkinləri, heyvan yataqlarını, yol və körpüləri, evləri, ümumiyyətlə, infrastrukturu dağıdır. Bütün bunlar insan və heyvan tələfatı ilə nəticələnir. Sellərin vurduğu ziyanları öz yazılarında işıqlandıraraq onlara qarşı mübarizə tədbirlərinin tətbiqini zəruri sayırdı. O, xüsusilə, meşə meliorasiya tədbirlərinə böyük əhəmiyyət verirdi. Həsən bəy Zərdabi həm də irriqasiya eroziyasından danışmışdır. O, respublikanın düzən əkinçilik zonasında suvarmanın düzgün aparılmaması nəticəsində torpaqların yuyulub dağılmasını göstərmişdir.

Həsən bəy Zərdabi tərəfindən 130 il bundan öncə söylənilən və elmi əsaslara söykənən tövsiyələri bu gün də çox böyük aktuallıq kəsb edir.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 3 mart 1877-ci il tarixli 5-ci sayında yazır ki, “Əkin yeri sulanır isə gərək onu duzlayasan və su gələn tərəfini bir az hündür edəsən ki, su axsın. Bizlərdə yeri suya basdırırlar, amma belədə yerin bir tərəfinə az və bir tərəfinə çox duz dəyir və bir də belədə su axan zaman torpağı apardığına yeri nahamar edir, əkinə lazım olan şeyləri aparıb ol yerin ayağını qüvvətli edir, amma başını qüvvətdən salır. Ona binaən bir yeri düşəndə bir suya basdırmaq olur ki, onun zəhməti azdır, amma həmişə basdırmaq olmaz.

Qeyri vilayətlərdə bir neçə tövr ilə əkini sulayırlar. Əzon cümlə su gələn tərəfdən 10-15 sajen bir-birindən aralı kotan ilə arxlar qayırırlar ki, onların başı, yəni su gələn tərəfi dərin və əyağı, yəni əkin yerinə çıxan ucu dayaz olur. Bu aralara birdən suyu buraxanda gedib onların kotan ilə köndələn kiçik arxlar qayırıb (bir-birindən 3-4 arşın aralı), onları su ilə doldururlar. Belədə su arxlardan çıxmayıb yerin altı ilə gedib əkini sulayır”.

O dövrdə Həsən bəy əkin yerindən səmərəli istifadə olunmasında, su eroziyasının qarşısının alınmasında yerin relyefinə, quruluşuna fikir verməyi tövsiyə edirdi ki, su bir yerdə yığılıb qalmasın və relyefdən asılı olaraq, torpağın tərkibində olan qida maddələrini yuyub aparmasın, əkin sahələrinin bir hissəsi məhsuldar, digər hissəsi qeyri-məhsuldar olmasın.

Həsən bəy Zərdabi o dövrdə elmi fikirləri ilə torpağın relyefindən asılı olaraq, suvarma eroziyası nəticəsində torpağın narın hissəciklərinin, torpağın üst münbit qatının yuyulub aparılmasını, torpağın su-fiziki xassələrinin və torpağın münbitliyinin aşağı düşməsini açıqlamışdır.

O göstərir ki, əkin sahələrinin suvarılmasında suyun normadan artıq və selləmə üsulu ilə sahəyə verilməsi zamanı suyun bir hissəsi torpağa hopur, qalanı isə yamac uzunu axaraq torpağı yuyur və suvarma eroziyası yaradır.

Mürəkkəb relyef quruluşuna malik olan əkin sahələrinin suvarılmasında eroziyaya qarşı mübarizə tədbiri olaraq arxların mənbəyi istiqamətindən dərin, əkin yerinə çıxan hissəsinin isə dayaz qazılmasını və bu qaydada suyun tədricən axıdılaraq torpağın sulanmasını tövsiyə etmişdir.

Digər tərəfdən, yerin relyefindən asılı olaraq, torpaq eroziyasının qarşısının alınması məqsədilə əkin sahələrinin köndələn istiqamətlərində kiçik arxlar qayırıb, həmin arxlara su verilməsi vasitəsilə torpağın üst, münbit-məhsuldar qatının yuyulmaması üçün yeraltı suvarma üsulunu “Əkinçi” qəzeti vasitəsilə kəndlilərə çatdırmışdır. Bu gün də Həsən bəyin bu kimi tövsiyələri, səmərəli təklifləri suvarma əkinçiliyində tətbiq olunmaqla öz əhəmiyyətini itirməmişdir.

Şorlaşmaya məruz qalmış torpaqları yaxşılaşdırmaq üçün Zərdabi belə bir təklif irəli sürür: “O yeri suya basdırmaq gərək ki, su duzu əridib, axıdıb aparsın”. Torpaqları duzlardan yumaq üçün sahənin qabaqcadan hazırlanmasına xüsusi fikir verməyi tövsiyə etmişdir. O göstərirdi ki, şorlanmış əkin yerini yaxşılaşdıran zaman sahə düz və bir az meyilli olmalıdır ki, torpağı suvaran zaman suyun bir yerdə dayanmayıb tədricən axıb getməsinə və duzları da yuyub aparmasına şərait yaransın. Məlumdur ki, H.Zərdabi bu kimi təkliflərin həyata keçirilməsində birinci növbədə müvafiq yerquruluşu işlərinin aparılmasını zəruri hesab etmişdir.

Zərdabi göstərir ki, torpaq eroziyasının genişlənməsinə, quraqlığa və məhsul qıtlığına səbəb meşələrin amansızcasına məhv edilməsidir. Onun göstərdiyi kimi, hələ keçən əsrin əvvəllərində Kür çayının hər iki sahili sıx meşələrlə örtülü idi, bu meşələr ətraf düzlərin iqliminə müsbət təsir göstərirdi. Lakin ağaca olan ehtiyacın artması ilə əlaqədar olaraq, bu meşələrin xeyli hissəsi məhv edilmişdir.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 6 noyabr 1876-cı il tarixli 21-ci sayında eroziyanın yaranmasında, ən başlıca amillərdən biri olan suyun azalmasında, torpaqların eroziyaya məruz qalmasında, odun bahalandığından çayların başında sakin olan kəslər tərəfindən orada olan meşələrin qırılmasını, burada eroziyanın yaranmasında insanın düzgün olmayan təsərrüfat fəaliyyətini göstərərək yazırdı ki, suyun olmamasına ah çəkmək yox, meşə salmaq gərəkdir ki, su artsın. Təzə meşə gəlib meşə olunca, eroziyanın qarşısının alınması və su mənbəyi yaradılması məqsədilə yerquruluşu tədbirləri görməyin, əkin yerinin məhsuldarlığını artırmağın yollarını əkinçilərə başa salırdı. O, hələ 1875-ci ildə yazmışdı: “Bizim Qafqaz vilayətinin abu havası dəyişilməyi məlumdur. Keçmişdə yayımız belə isti və qışımız belə soyuq olmayıb. Buna ümdə səbəb meşələr azalmaqdır”.

Zərdabi ömrünün sonuna qədər meşələrin qırılmasına, bunun nəticəsində baş verən eroziya prosesinin sürətlənməsinə, suyun azalmasına və iqlimin quraqlaşmasına acımışdır. Ona görə də, Zərdabi bu fikrini 24 il sonra “Kaspi” qəzetində yenidən şərh etmişdir. O, Böyük Qafqazın şimal-şərq yamacındakı meşələrin Bakı, Şamaxı qəzaları və Dağıstan üçün odun və kömür məqsədilə qırılıb məhv edilməsinə qəti etiraz edərək yazırdı: “Bu meşələrin qorunmasına qayğı göstərmək lazımdır, əks təqdirdə, Quba qəzası susuz səhraya, yaxud daha sərfəsiz sulu səhraya çevriləcəkdir”.

Zərdabi mal-qara otarılan yerlərdə müxtəlif bitkilər arasında təbii yol ilə əmələ gələn nisbətlərin pozulmasını və bunun heyvandarlıq üçün zərərini göstərirdi. Zərdabi biologiyanın nəzəri əsaslarından heyvandarlıqda istifadə etməyin yollarını öyrədirdi. O, kəndlilərə otlaqlardan elmi üsulla istifadə etməyin əhəmiyyətini başa salırdı: “Bunun sayəsində bizim otlaqlarımızda faydalı otların sayı getdikcə daha da azalır, hazırda demək olar ki, tamamilə süddöyən və ya digər zərərli otlaq basmış otlaqlara rast gəlmək olar”. Zərdabinin fikrincə, maldarlıqda məhsuldarlığın get-gedə aşağı düşməsinə səbəb olan amillər çoxdur. Bunlardan biri mal-qaranın artımı ilə otlaqların sahəsi arasında getdikcə artan ziddiyyətdir. Əhalinin həyatında maldarlığın çox böyük iqtisadi rolu olmasına baxmayaraq, onun inkişafı üçün ölkədə şərait yaradılmır. O, otlaqlarda süni olaraq yem otları əkilməsini təklif edirdi. Zərdabi bu otlardan yoncanın, xaşanın adlarını çəkirdi: Otlaqların səmərəli istifadə edilməsi üçün heç olmazsa, bir neçə ildən bir torpağı çevirməli, yumşaltmalı və onun toz halına keçməsinə yol verilməməlidir: “…buna görə də, otlaqları gübrələmək, yəni həmin bitkilərə lazım olan maddələri torpağa qaytarmaq lazımdır…”

Həsən bəy Zərdabi eroziya prosesləri ilə yanaşı, aqrokimyəvi problemlər haqda da fikir söyləmişdir. O, eroziya nəticəsində deqradasiyaya uğramış otlaqların bərpası üçün başqa tədbirlərlə yanaşı, gübrələrdən istifadə edilməsini tövsiyə edirdi. O, göstərirdi ki, bitkilər tərəfindən torpaqdan ixrac olunan qida maddələrini gübrə şəklində torpağa qaytarmaq zəruridir. Həsən bəy Zərdabinin hələ yüz otuz il bundan əvvəl söylədiyi fikirlər bu gün də müasir aqrokimya elminin əsasını təşkil edir. Beləliklə, Həsən bəy Zərdabi bitkilərin qida sisteminin qurulmasının labüdlüyünü tövsiyə edirdi və bununla əlaqədar proqnozlar verirdi. Göründüyü kimi, vətənin bu dahi oğlu elmin, xüsusilə, təbiət elmlərinin Yer kürəsində və biosferdə yerini göstərmiş, insan cəmiyyətinin inkişafında onların rolunu üzə çıxarmışdır. Eyni zamanda, Həsən bəy Zərdabi həm də Azərbaycanda aqrokimya elminin banisi olmuş və onun əhəmiyyətini xalq arasında təbliğ etmişdir.

Həsən bəy heyvandarlığın inkişafında otlaq-biçənəklərin əhəmiyyətini, güclü yem bazasının yaranmasında onların rolunu göstərmişdir. O, bitkilərin növü, məhsuldarlığı, yemin keyfiyyəti haqda, otlaq və biçənəklərin ot durumunun yaxşılaşdırılması haqda da tövsiyələr vermişdir. Əsərlərindən göründüyü kimi, Həsən bəy həm də geobotanikanı dərindən öyrənmişdir və bu sahədə də onun elmi görüşləri diqqətəlayiqdir.

Həsən bəy heyvandarlığın inkişafında müstəsna əhəmiyyət kəsb edən, təbii yem bazası hesab olunan örüş-otlaq sahələrində müşahidələr-tədqiqatlar aparmaqla hələ o zaman otlaqların bitki aləminə, botaniki tərkibinə, məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə eroziya prosesinin təsirini müəyyən etmiş, antropogen amillərin otlaq eroziyasının əmələ gəlməsinə təsirini, mal-qaranın sistemsiz və normadan artıq otarılması, torpaqqoruyucu yerquruluşu tədbirlərinin tətbiq edilməməsi nəticəsində otlaq eroziyasının geniş yayılması səbəblərini, təbii yem sahələrində bitkilərin botaniki tərkibində dəyişiklik əmələ gələrək şirin, şirəli, qidalı (faydalı) bitkilərin quru, tikanlı, zəhərli, alaq otları ilə əvəz olunduğunu göstərmişdir. Otlaqlardan səmərəli istifadə olunmasını və onların yaxşılaşdırılmasını elmi əsaslarla əhaliyə başa salmışdır. Belə ki, otlaqlarda zəhərli və ziyanlı bitkilərin məhv edilməsi, yem bitkilərinin toxumunun səpilməsi və sahələrdə yaxşılaşdırma məqsədilə aqrotexniki tədbirlərin aparılmasını, gübrələmə tətbiq olunması və sair tövsiyələri örüş-otlaq sahələrində təbii və antropogen amillərin təsirindən baş verən eroziyanın qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

Heç şübhə etmirik ki, Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, elmi irsi müstəqil respublikamızın alim və ziyalıları tərəfindən bundan sonra daha da dərindən, diqqətlə öyrəniləcək, onun kimliyi və gördüyü çox böyük işlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və bu dahi şəxsiyyətin arzuları,amalları, elmi bilikləri daima yaşayacaqdır.

Eldəniz Həsənov,

Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı.

İlkin mənbə və daha çox məlumat: Zerdab.com

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru