Hüseyn Arif – Ana şeiri


Analar
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar. 
***
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
***
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar. 
***
Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar. 
***
Özüm də bilmirəm, Hüseyn, niyə 
Başımın tüstüsü çəkilir göyə? 
Torpaqmı anasız qalmasın deyə, 
Torpağın qoynuna köçür analar?

Müəllif: Hüseyn Arif (1924 – 1992)
Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:003 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru