Kəmaləddin Qədim

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

YERİNDƏ DAYANIB, DURURMU DÜNYA…

Yerində dayanıb, dururmu dünya,
Sən niyə dayanıb, niyə durasan?..
Bir gün də olmaya sənin bu dünya,
Sən ona bir ömür yiyə durasan..

Vaxt, zaman dayana qəsdinə, gələ,
Baxmaya boyuna, şəstinə, gələ.
Dərdlər qoşun çəkib üstünə gələ,
Cibində bir paslı tiyə durasan…

Bişəsən odunun, közünün üstdə,
Tutasan özünü gözünün üstdə.
Söz vermisən deyə, sözünün üstdə
Dönəsən bir quru bəyə, durasan…

Yüz suçun ola, bir bağış düşməyə,
Üzünə bir qutsal baxış düşməyə.
Başına bir damcı yağış düşməyə,
Ha açıb əlini göyə durasan…

Xəzana çevrilə gülün deyilən,
Lap ərşə dayana zülüm deyilən.
Ayrılıq deyilən-ölüm deyilən
Bir sabah qapını döyə, durasan…

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

BURDA HƏR ŞEY VAXTINANDI

” Xəstəxana şeirləri” silsiləsindən

Burda hər şey vaxtınandı…
Keçib getmək bilməsə də
vaxt andır…
Vurulacaq iynənin,
qoşulacaq sistemin vaxtı var.
Onsuz da bol-bol
vaxtı var xəstənin,
vaxtı var…
Biri gəlib
yeməyin vaxtını yadına salır,
Birisi də
içəcəyin dərmanların.
Dünən, bu gün nə vardısa
təkrar olacaq yarın…
Bir özgə adı var burda vaxtın,
bir özgə dadı.
Burda hər şey yalnız və yalnız
Getməyin vaxtı olduğunu
xatırladır…

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

SƏNİ GÖRÜB CANNAN OLAN…

Səni görüb cannan olan
Tapsa, səndə canı tapar.
Yerişindən, duruşundan
Ədəbi, ərkanı tapar.

İstər min dərd, bəla gətir,
Qail olar sənə xətir.
Ötər səni sətir-sətir
Dərdinə dərmanı tapar.

Olmayıbdı hətta qurban,
Bu ləzzətdə, dadda qurban.
Mən boyda, mən adda qurban
Sən adda ünvanı tapar.

Baxan səmtə,yönə baxar,
Baxar, dönə-dönə baxar.
Kafər belə sənə baxar
Səndə Yaradanı tapar…

Müəllif:KƏMALƏDDİN QƏDİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Kəmaləddin Qədimin doğum günüdür. Ad gününüz mübarək, Kəmaləddin müəllim. Sizə Uca Yaradandan can sağlığı, işlərinzdə yeni-yeni uğurlar arzu edirik. Uğurlarınız bol olsun…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏMALƏDDİN QƏDİM

OLA

Nə bu boyda yerin, canım,
nə bu boyda göyün ola.
Çox demirəm, bir ürəkdə
bir kiçicik öyün ola…

Pulu-parasından haşa,
Çəkilənlər gələ başa.
Nə sevincin başdan aşa,
nə dərdin yüz löyün ola…

Ömür boyu bir gözəlin,
Qala yaxasında əlin.
Lap elə nazlı-qəmzəli,
bir az da ərköyün ola…

Qara gələ kaş xəbərin,
Baş xəbərin, çaş xəbərin.
Gözlədiyin xoş xəbərin
ayaqları yeyin ola…

Elə bu kəmdə, kəsirdə,
Bir həsir, məmmədnəsirdə.
Döyməyə bir qapı, bir də
baş qoymağa çiyin ola…

Müəllif: KEMALEDDİN QEDİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru