Lilpar Cəmşidqızı “Ayın Yazarı”

Tanınmış şairə Lilpar Cəmşidqızı ustac.az – ın təşkilati dəstəyi ilə yazarlar.az-ın keçirdiyi “AYIN YAZARI” Müsabiqəsinin qalibi olmuşdur. O, 2019-cu il İyul ayının nəticələrinə görə “AYIN YAZARI” (iyul – 2019) adını qazanan şairə eyni zamanda təşkilatçılar tərəfindən “BAYRAM BAYRAMOV” DİPLOM-una layiq görülmüşdür. Müsabiqənin nəticəsinə görə şairənin adı bu gündən etibarən “AYIN YAZARI” səhifəsinə qeyd olunur. Diplom isə 2020 – ci ilin iyul ayında Milli Mətbuat Günü ərəfəsində təşkil olunacaq təntənəli tədbirdə digər laureatlarla birlikdə təqdim olunacaq. Lilipar Cəmşidqızını bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun…

ARAYIŞ

AUDİTORİYA (ƏSAS OXUCU KÜTLƏSİ) HAQQINDA:

Azərbaycan – 90%

ABŞ – 6%

Gürcüstan – 2%

Türkiyə – 1%

Rusiya – 1%

FOTO SƏNƏD: FOTO ARXİV

YAZARLAR.AZ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LİLPAR CƏMŞİDQIZI

LİLPAR CƏMŞİDQIZI “ÜÇ YARPAQ”- DA

Olardım

Dünyanın dərd-sərin başımdan atım,
Al məni qoynuna yorğunam, yatım,
Bu son muradıma, arzuma çatım,
Vətən, torpağının daşı olardım.

Yenidən dünyaya doğulub gəlsəm,
Saxsı tək qəlibdə yoğrulub gəlsəm.
Xırmanda döyülub, sovrulub gəlsəm,
Dünyaya nabələd naşı olardım.

Hər kəsdən uzaqda olaydım cansız,
Həyatı yaşardım səhvsiz, yalansız.
Bir dağa dönərdim çənsiz, dumansız,
Uca zirvələrin başı olardım.

Əl üzüm vəfasız, fani dünyadan,
Doğulan günümdən hər kəsə yadam.
İllərdir alışan tüstüsüz odam,
Dörd fəslin soyuğu, qışı olardım.

Bezmişəm gileydən, güzardan artıq,
Qayğılar azalmır çoxalıb, artıb.
Ayağım yalındı, dizimsə yırtıq,
İstəsəm üzüklər qaşı olardlm.

Lilparam geriyə qayıtmır illər,
Susuz yaşayarsa saralar güllər.
Ömrüm yarı olub ağarıb tellər,
Bacarsam gəncliyin yaşı olardım.

= = = =

Taleyim

Sinəmin üstündə közün qoyubdu,
Ömrümdə silinməz izin qoyubdu.
Məni zərrə- zərrə yeyib doyubdu,
Əl çəkmir yetim tək qalan, taleyim.

Gənclik təravətin əldən alıbdı,
Al yanaq üstünə kölgə salıbdı.
İndi mənlə birgə tənha qalıbdı,
Dözümü, təpəri alan, taleyim.

Salıb nə hallara gözü doymayır,
Qəlbim inildəyir görür duymayır.
Verdiyi nisgili, dərdi saymayır,
Məni məzlum hala salan, taleyim.

Tikmişdim minarə damın uçurdu,
Ürəyin arzusun, kamın uçurdu.
Sevinci, fərəhi məndən qaçırdı,
Xoş günü ömrümdən çalan, taleyim.

Tanrının əmriylə boyun əymişəm,
Zülümdən, zillətdən libas geymişəm.
Mən daşam, kəsəyəm bilməm nəymişəm,
Fələyin əliylə talan, taleyim.

Ömrümü böş yerə hədər vermişəm,
Gül əkib yerinə tikan dərmişəm.
Mən nədən dünyaya belə gəlmişəm,
Əvvəldən axıra yalan, taleyim.

Lilparı çəkmisən hey bərkə – boşa,
Arzusun, istəyin vurmusan daşa.
Ömür gəlib çıxıb düz əlli yaşa,
Əritdin şam kimi yanan, taleyim.

= = = =

Sumqayıtım

Günəş durub xəzərdən, 
Salamlayır şəhəri.
Öz nuruna boyayır, 
Sumqayıtda səhəri.

Hər tərəf gül-çiçəkdir,
Lalə, nərgiz, yasəmən.
Sanki, təzə gəlintək,
Bəzənibdi göy çəmən.

Açıb qolun, qanadın, 
Dayanıbdı göyərçin.
Arzuları çüçərmiş,
Ümidləri olub çin.

Gözəlləşən şəhərim,
Ayın, ilin mübarək.
Yetmişınə çatmısan,
Bəyaz telin mübarək.

Gözəlliyin yayılıb, 
Yaxın, uzaq ellərə.
Adın, şöhrətin düşüb, 
Nəğmə deyən dillərə.

Lilpara bir anatək, 
Qollarını açıbsan.
Sən hələ də cavansan, 
Kim deyir qocalıbsan.

Müəllif:LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LİLPAR CƏMŞİDQIZI

tənhayam

Yuxum yaman çəkilib, 
Gecə uzun gecədi.
Soruşmadın tənhayam, 
Sənsiz halım necədi?

Ay da durub uzaqdan, 
Pəncərəmə boylanır.
Otağımda çarpayım, 
Ağ nuruna boyanır.

Otaq sükut içində,
Bağlanıbdı yollarım,
Yoxluğuna alışmır, 
Çarpayıda qollarım.

Nə arzudu, nə istək, 
Keçir xəyal başımdan.
Az qalır ki, utansın, 
Qadınlığım yaşımdan.

Mən ki, yuxu görürdüm,
Gecə uzun, tən yarı.
Saçlarını hörürdün, 
Oyatmamış Lilparı.

Müəllif: LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LİLPAR CƏMŞİDQIZI

Dağlar oğlu

İçib buz bulağın sərin suyundan,
Yarpızın ətrini duy, dağlar oğlu.
Görüb kol dibində tər bənövşəni,
Dərib gözlərinə qoy, dağlar oğlu.

Şehli çəmənlərin solmaz nərgizi,
Gülündən ayrılan yolmaz nərgizi.
Hər çiçək sevənin olmaz nərgizi,
Solub yanağlarım oy, dağlar oğlu.

Gəraylı oxşadım, saza büründüm,
Gözəllər yanında naza büründüm.
Ayrılıb çoxlardan, aza büründüm,
Almısan canımı, ay dağlar oğlu.

Sultanın olaydım, şahın olaydım,
Gözləri sürməli Ahun olaydım.
Sevməsən, mən sənin ahın olaydım,
Eşqini dilimdən soy, dağlar oğlu.

Unutdun bir yolluq, nədən bilmədim,
Çəkdiyim cəfadan, dərddən gülmədim.
Harda yalan dedim, harda büdrədim?
Səhvimi üzümə say, dağlar oğlu.

Hər kəsin aşiqi, öz yarı vardır,
Hər çiçək budaqda yetişən bardır.
Məni məndən alan, itirən yardır,
Olmadın sən mənə tay, dağlar oğlu.

Dar gəlir həsrətin soyuq qucağı,
Alışdır sinəmdə sönən ocağı.
Olaydın qonağım bir axşam çağı,
Susaydı həsrətim vay, dağlar oğlu.

Lilparı aldatma, küsər, barışmaz,
Sönərsə alovu, odu alışmaz.
Ölərsə həsrətdən, yerə qarışmaz,
Gəl edək payızda toy, dağlar oğlu.

Müəllif: LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lilpar Cəmşidqızı – Dağlar…

Görmürəm dağlar

Yenə xəyallarım ləpələnibdi ,
Sahilsiz ümmantək səpələnibdi.
Dərdim ürəyimdə təpələnibdi,
Bəxtəvər çağları görmürəm, dağlar.

Zirvələr vüqarın, şanın itirib,
Xoş keçən günlərin, anın itirib.
O yerdə, igidlər qanın itirib,
Yuxumda dağları görmürəm, dağlar.

Baharda bağçada gül-gülü səslər,
Naz edər qönçələr, bülbülü səslər.
Bağbanlar ağacda meyvəsin bəslər,
Quruyan bağları görmürəm, dağlar.

O vaxtlar başlardı əkin-biçunlər,
İndi torpaqlarım dərdindən inlər.
Sarıbdı Yurdumu hikkələr, kinlər,
Birləşən tağları görmürəm, dağlar.

Alışdı həsrətim ocaqda, qorda,
İnləyir nigaran ruhlarım orda.
Bir Atam var idi, bir Anam orda,
Köçübdü, sağları görmürəm, dağlar.

Bilmirəm bu nə ov, bu nə tələydi,
Dərdimi gözümdən qanan gələydi.
Lilparam, halıma yanan gələydi,
Anamtək ağları görmürəm, dağlar.

Aşıq, çalma “Ruhanı”ni

Pərdə-pərdə tel ağlayır,
Daşır çaylar, sel ağlayır.
Yurd-yuvasız el ağlayır,
Aşıq, çalma”Ruhani”ni.

Bağçaların gülü yoxdu,
Ocaq sönüb külü yoxdu.
Muğamatın dili yoxdu, 
Aşıq, çalma “Ruhani”ni.

Dağlarımda qar sevmişdim,
Bağlarımda bar sevmişdim.
O yerlərdə yar sevmişdim,
Aşıq, çalma “Ruhani”ni.

Bulaqların gözü kordu,
Ürəyimin başı qordu.
Bu həsrətim məni yordu,
Aşıq, çalma “Ruhani”ni.

Sınıb qolu dirəyimin,
İtib ətri çörəyimin.
Təpəri yox ürəyimin,
Aşıq, çalma “Ruhani”ni.

Bir sonasız göl olmuşam,
Axıb-axıb hey dolmuşam. 
Dərdi, qəmi mən almışam,
Aşıq, çalma “Ruhani”ni.

Nə Anam var, nə də Atam,
Nə evim var, orda yatam.
Solub gülüm, solub butam,
Aşıq, çalma “Ruhani”ni.

Duman gəlməz çəndən ayrı,
Sünbül olmaz dəndən ayrı.
Düşüb Vətən məndən ayrı,
Aşıq çalma “Ruhani”ni.

Bilaqların Lilparıyam,
Batıb günüm,sapsarıyam.
Bölünmüşəm, tən yarıyam,
Aşıq çalma “Ruhani”ni.

Müəllif: LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru