Mayıl Dostu – Belə sev…

Mayıl Dostudan bir şeir

BELƏ SEV, SEVƏNDƏ

“Sevirəm” kəlməsin gətirmə dilə,
Bu sözü o gözlər, baxışlar desin.
Barmaqlar toxunsun pərişan telə,
Üzündə sehirli naxışlar desin.
***
“Dərdindən ölürəm” demə, amandı,
Sevən ürəklərin dili lal olur.
Ürək pıçıltısın dil demir bəzən,
Him – cimlə sevişmək, inan, bal olur.
***
Ədəbi, kamalı yerli — yerində,
Riyadan çox uzaq düzünə vurul.
Sevgisi ürəkdə, eşqi dərində —
Qəlbinin aynası gözünə vurul.
***
Sevgində sadiq ol, dəyişmə, gülüm,
Seçilmək azarı tutmasın səni.
Sadəlik, dürüstlük sirdaşın olsun,
Bayağı görüntü udmasın səni.
***
Gözlərin sevgidən imtahan versin,
Həyalı üzünə riya qonmasın.
Dinən baxışların ürəyə girsin,
İsti baxışların, heç vaxt donmasın!

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu “Üç yarpaq”-da

Mayıl dostu “üç yarpaq” – da

G E D Ə K

Sevincimiz gilə – gilə,
Niyə düşdük yaman dilə?
Gəl yapışaq biz əl – ələ,
Bu dünyadan çıxıb gedək.

Sevgimiz qəmə bələndi,
Göz yaşımız çox ələndi,
Gül – çiçəyə səpələndi,
Göz yaşını yığıb gedək.

Sevgidən aldıq ilhamı,
Gözdən qandıq hər eyhamı,
Bizə düşmən deyil hamı,
Dost əlini sıxıb gedək.

Bağ – bağata mehir saldıq,
Eşqin ətrin güldən aldıq,
Çəmənliyə layla çaldıq,
O yerlərə baxıb gedək.

Pis gözləri ovaq, deşək,
Eşq odunda yanaq, bişək
Sən bulud ol,mən də şimşək,
Guruldayaq, çaxıb gedək.

= = = =

G Ö R Ə S Ə N

Qalxasan yaylağa, minib köhlənə,
Duyğuların şehə bata, şehlənə,
Əhvalın çiçəklə, güllə mehlənə,
Çiçəyi, daşları yaran görəsən

Qara bulud ağ yağışla yüklənə,
Şimşək çaxa, duman göyə diklənə,
Sürü çaşa, erkəc təzə, təklənə,
Yayın ortasında boran görəsən

Aləmi bürüyə qəribə qoxu,
Dumana bürünə zirvələr çoxu,
Tuta təbiəti şirin bir yuxu,
Dərədə sürünən toran görəsən.

İlahi duyğudur burda hökm verən,
Vəfalı dağlardı qəlbimə girən,
Olubmu,sübh çağı yaylağı görən?
Dağları yuxudan duran görəsən.

= = = =

G Ə Z İ R Ə M

Tablaşa bilmirəm bu ağır yükə,
Bir uşaq gərəkdi, dizimi bükə,
Toxunma ürəyim asılan tükə,
Dərdimi çəkməyə ürək gəzirəm.
***
Ananın, atanın göz yaşı bitmir,
Şivənim qurtarmır,dərdim də getmir,
Artıq, götürməyə gücüm də yetmir,
Bu yükün altına dirək gəzirəm.
***
Öyrəndik Vətəni para görməyə,
Vərdiş etdik, ağı qara görməyə,
Kimi tapım dərdə çara görməyə,
“Lazım olsa” deyil, gərək gəzirəm.
***
Artıq, ayaq tutub yalan yeriyir,
Yaxşı nəyim varsa itir, əriyir,
Dözüm bizi dağa, dikə dirəyir,
Səbrimi yığmağa mərək* gəzirəm.

*mərək — ot-ələf, saman yığılan qapalı yer

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu – Yalan YETƏR…

biz biz olsaq, kim nə deyər bizlərə

RUHUM OXLANIB

Ağlım var, sırıma mənə yalanı,
Zər deyib geydirmə, nimdaş palanı,
Dağlansın, milləti oda salanı —
Qarğışa keçmişəm, əlim bağlanıb.
***
Nəyi gözləyirsən, adil millətim?
Qurtarmır əzabın, sönmür zillətin,
Düşmən əlindədir namus, qeyrətin,
Şərəfi don vurub, qeyrət buğlanıb.
***
Deyin, bu münvalla gedirik hara?
Nədən aciz olduq, tapmırıq çara,
Dilimiz lal olub, qəlbimiz yara,
Sinəmiz bir qızmar şişlə dağlanıb.
***
Odum söndürülüb, kül olub qorum,
Çatlayacaq, belə getsə, hər gorum,
Mənə yağ adına sırınır şorum,
Şorum qaymaq tutub, yaman “yağlanıb.”
***
Duyğular buxovlu, çapa bilmirəm,
Yurd kündəm küt gedir, yapa bilmirəm,
Halıma özgə ad tapa bilmirəm,
Cismim güllələnib, ruhum oxlanıb.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – V U R Ğ U N A M

Mayıl dostu “üç yarpaq” da

GÜNAHKAR ÖZÜNSƏN

Hardan gəldin,necə girdin qəlbimə,
Ömrümün yazını boran, qar etdin.
Dədəlik elədin könül dünyama,
Bu geniş aləmi, mənə dar etdin.

Mənəmlik,lovğalıq sevgiyə yaddır,
Apardın özünü, sultan sayağı.
Güldürdün özünə doğmanı,yadı,
Özün saxta oldun,sevgin bayağı.

Sadəlik insanın başının tacı,
Bu sənə çatmadı, ola bilmədin.
Adi sözlərin də zəhərdən acı,
Ağıla, kamala dola bilmədin.

Təkəbbür başına bir bəla oldu,
Cavanlıq ötübdü, üstdən keçmisən.
Belə ömür tərzin, bu həyat yolun,
Heç kimi qınama, özün seçmisən.

= = = =

V U R Ğ U N A M

Dəyişə təbiət, hər yan allana,
Naxışlana, dərə-təpə xallana,
Çəmən, çiçək bala bata, ballana,
Nəfəsi ətirli yaza vurğunam.
***
“Baş Sarıtel” gilə – gilə süzülə,
“Ruhani”, “Dilqəmi” simə düzülə,
Kərəm yana, tüstülənə, üzülə,
Havası ləngərli saza vurğunam.
***
Qələm qaşlar düyünlənə yay ola,
Çəp baxışlar, zülmət yaran ay ola,
Xoş təbəssüm gül üzünə pay ola,
Yandıran, can alan naza vurğunam.
***
Pərdə – pərdə bəmdən qalxa, zillənə,
Zəngulə ucala, göyə millənə,
Bu haraydan qara daş da dillənə,
Gözəl səsə, xoş avaza vurğunam.

= = = =

KAMİL ÖMÜR SÜR...

Bir həsrətin dumanına,
Xoş niyyətin gümanına,
Kor fürsətin amanına —
Düşənləri görürsənmi?
***
Haqsızlıq üzüb didənə,
Son ümidə yol gedənə,
Ehtiyaclar qul edənə,
Qəlbindən pay verirsənmi?
***
Zalım cəsuru əyəndə,
Harın, yazığa dəyəndə,
Haram halalı yeyəndə,
Haqqa qala hörürsənmi?
***
Təbiətə zər toxuyan,
Naxışa meydan oxuyan,
Behiştin ətrin qoxuyan,
Gül – çiçəyi dərirsənmi?
***
Beşcə günlük bu dünyada,
Bir fikirləş, sal da yada —
Ömrü vermirsən ki, bada,
Kamil ömür sürürsənmi?

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – VƏTƏN…

dərd yüklü vətən – vətən yüklü söz

DƏRD YÜKLÜ VƏTƏN

Düşünürəm acı – acı,
Vətən,üzün çapıq-çapıq.
Əriyirsən damcı-damcı,
Soyulursan qabıq-qabıq.
***
Vətən,Vətən deyə-deyə,
Yarasını bağlamırıq.
Duz -çörəyin yeyə-yeyə,
Dərdinə gün ağlamırıq.
***
Gələn gəlir, gedən gedir,
Çarə tapmır bu müşkülə.
Arzu, dilək ancaq birdir:
Sahib çıxaq ocaq,külə.
***
İstəmirik qan tökülsün,
Özgə çarə bilən varmı?
Yalvarmaqla, bağırmaqla,
Donuz darıdan çıxarmı?
***
Dərd yüklüyəm,necə qalxım,
Əzabımı görən yoxdur.
Vətən dərdi salxım-salxım,
Vaxtı ötür, dərən yoxdur.
***
Millət, sənə kef yaraşmır,
Vətən, namus dar ayaqda.
Dərdlərini dərya tutmaz,
Yol gedirsən bir qayıqda.
***
Yurddan başqa yerimiz yox,
Bu qaxincı silmək gərək.
Danışmağa dilimiz yox,
Bu gerçəyi bilmək gərək.
***
Gün gələcək,sağ qalanı,
Daş, qayaya basacaqlar.
Öldürməsək bu ilanı,
Bizi gorda asacaqlar…

= = = =

SƏNDƏN ÖZGƏM YOX

Belə olmaz gülüm,insafın olsun,
Odlu baxışınla üzürsən məni.
Bilirsən, gözünə vurğunam sənin,
Gözünə kiprik tək, düzürsən məni.

Arzuların çoxdur, ümid sabaha,
Nə olar, sən məni qısqanma daha,
İlk görüş yerində durmuşam tənha,
Kiminsə yanında, gəzirsən məni.

Kimsəynən işim yox, səndən savayı,
Dünyam sənsiz heçdir,ömür havayı,
Niyə çəp baxırsan, elə dolayı?
Suçlu biri kimi, süzürsən məni.

Ayıb iş sayılmır, gözələ baxmaq,
Mayıldan uzaqdır, əriyib axmaq,
Axı ağıllısan, deyilsən axmaq,
Sevgimi tapdayıb, əzirsən məni.

= = = =

HALIM… HAL DEYİL

Dağ selinə oxşar çağlamağım var,
Dolmuş bulud kimi ağlamağım var,
Dərdimə dağ çəkib dağlamağım var,
Gəl mənə toxunma, halım hal deyil.
***
Sədaqət alçalıb, vəfa atılıb,
Mərhəmət can verir, iman satılıb, 
Halalca mayama haram qatılıb,
Şəkər şirəsidir, balım bal deyil.
***
Torpağım yağıda, tükənir güman,
Yox daha özgədən mərhəmət uman,
Yolları çən tutub, hər tərəf duman,
Mıxım tökülübdü, nalım nal deyil.
***
Səbrim daşa dönüb, təbim yuxalıb,
Ruhum öləziyib, əzmim yox olub,
Halıma gülənlər yaman çoxalıb,
Yalmanım qırxılıb, yalım yal deyil.
***
Neyləyim, yadıma əsir yurd düşür,
Göynəyən qəlbimə ağır dərd düşür,
Çürüyən arzuma daha qurd düşür,
Dəymişim tökülür, kalım kal deyil.

= = = =

TAPDIN MƏNİ

Daş yuxumu sökə-sökə,
Qəlb evimi tikə – tikə,
Kündələyib kökə – kökə,
Ürəyinə yapdın məni.

İlk baharda süzə – süzə,
Gül açırdın təzə – təzə,
Saf eşqini gəzə – gəzə,
Gülüm, gəlib tapdın məni.

Sevgimizi silə – silə,
Təmizlədin gilə – gilə,
Mələyim, sən bilə – bilə,
Hamıdan tez qapdın məni.

Rübabını çala – çala,
Ürəyimi ala – ala,
Ovsunlayıb bala – bala,
Sən taladın, çapdın məni…

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – “BİLƏSİZ…”

mayıl dostudan günümüzə ayna tutan şeirlər:

YURDDA QALIB

Pərən – pərən düşən elim,
Bükülübdü dizim, belim,
Para-para ağzım, dilim,
Yurdda qalıb ağız dadım,
Ondan doyub kam almadım.

Yetim qalıb daşın, kolun,
İzə həsrət cığır, yolun,
Ay hazarat, ağah olun:
Özgə yerə iz salmadım,
Yurddan doyub kam almadım.

Sığal görmür meşən,çölün,
Sonasızdır çayın, gölün,
Məni doğran, yarı bölün.
Orda qalıb pir olmadım, 
Yurddan doyub kam almadım.

Meşə sirdaş hər talana,
Dağlar həmdəm daş qalana,
Dağ çəkirsən mən balana.
Xəyalən sənsiz qalmadım,
Yurddan doyub kam almadım.

Yurddur dərdə dərman,davam,
Orda qalıb nəğməm, havam,
Adı qalıb, yoxdur obam.
Onsuz boşaldım, dolmadım
Yurddan doyub kam almadım.

Qucaq açam dağ yelinə,
Dar dərənin gur selinə,
Qaçqın, köçkün mərd elinə.
Sənə tay bir yer bulmadım,
Yurddan doyub kam almadın.

= = = =

ŞƏHİD ANASI

Bilirəm, möhtacsan şirin bir sözə,
Həsrətsən gülüşlü quru bir gözə,
Dağsan, əriyirsən sən dözə-dözə,
Oğlunu itirmiş, şəhid anası.

Günü aya dönür, ayı illərə,
Naləsi, fəyadı düşür dillərə,
Nəmli gözü meydan olur sellərə,
Gözü nəm bitirmiş, şəhid anası.

Dərdinə tapılmaz əlac, nə dərman,
Bəxtinə yazılıb dəhşətli fərman,
Sanki, külə dönüb yaşıl bir orman,
Qəlbini əritmiş, şəhid anası.

Ən uca yer sizlərindi, biləsiz,
Zəfər çalaq, bir ürəkdən güləsiz,
Niskili, acını bir az siləsiz,
Ər oğul yetirmüş, şəhid anası.

17. 07. 2019

= = = =

HALAL QARDAŞIM

Kürəyin şələli, əlin qabarlı,
Gəlindən həyalı, qızdan abırlı,
Güvənin tərindi, zəhmətin barlı.
Qürurum,adımsan, vüqarlı başım,
Yaşamaq halalın,halal qardaşım.
***
Çörəyin torpaqdan, ya daşdan şıxır,
Ehtiyac çox zaman qəlbini sıxır,
Yüz haram sarayı– bir halal yıxır.
Mayası mərdlikdən bünövrə daşıım,
Yaşamaq halalın, halal qardaşım.
***
Şöhrətin zəhmətdi, alın tərindi,
Mənliyin bütövdü,həm də dərindi,
Vicdanın dayağın, saf hünərindi.
Sən, quru oduna yanan, ay yaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Nəfsini qul edir, cəza verirsən,
Gözünlə od yeyir , oda girirsən,
Özgənin yox, öz barını dərirsən,
Özgə malın haram sayan sirdaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Dünyanın nizamı çiynində durub,
İçində paklığı, saflığın qurub,
Niyyətin haramı gözündən vurub.
Harama,tamaha sənsən savaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Bu haram dünyada işin çox çətin,
Ağır, fəqət şərəflidir qismətin,
Sən uca varlığı, uca millətin.
Sənədir hörmətim, güvən,alqışım,
Yaşamaq halalın,halal qardaşım.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – KÖNLÜM…

K Ö N L Ü M

Yaylaqların bal şirəsin çəkərdim,
Yoxuşların dik dizini bükərdim,
Meşələrdə cüyür kimi səkərdim,
Olmuşam səhralar maralı, könlüm.
***
Ülvi gözəllikdən düşdüm aralı,
Ümidlər dolaşıq, istək qaralı,
Soruşan çox– haralısan, haralı?
Didərgin yığvallı, yaralı könlüm.
***
Doğmalar “yurd” deyə-deyə getdilər,
Eldən ayrı düşüb, sanki itdilər,
Yoruldular, gözləməkdən bitdlər,
Taleyi möhnətli, qaralı könlüm.
***
Əlacsız qalmışam dürüst seçimdə,
Düşmənim hiyləgər, alçaq biçimdə,
Qeyrətim od tutub yanır içimdə,
Paramparça olmuş, paralı könlüm.
***
Gerçək arzularım köhlən belində,
Qalmışam arxalı KÖPƏK əlində,
Elmi qaldı qaçqın, köçkün elimdə?
Kədərlə baş – başa, sıralı könlüm.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – QALIB

Q A L I B

Ümidlər sozalır, inamlar itir,
Arzu boşa çıxır, gümanlar itir,
Şeytan at oynadır, imanlar itir,
Deyəsən, bizimki Allaha qalıb.
***
Bədxahı, zalımı basıb döyəsən,
Xainin üzünə tutub, söyəsən,
Qardaşım, inanın mənə– deyəsən,
Çarə and içməyə, “Vallah”a qalıb.
***
Həqiqət yaşmanır, utanır doğru,
Daha gözə girir dələduz, oğru,
Qurtarmır milləti üzən bu ağrı,
Ümid “təvəkkülə”, “pənaha” qalıb.
***
Şit tərif ət tökür, meydan sulayır,
Gerçək qorxusundan quyruq bulayır,
Ləyaqət çaqqala dönüb, ulayır,
Kürsülər yaltağa, məddaha qalıb.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – NƏ VAR Kİ…

NƏ VAR Kİ…

Bunu mən demirəm, dədələr deyib–
Utanmasan, oynamağa nə var ki.
Qeyrəti, namusu, həm arı yeyib,
Boş qazan tək, qaynamağa nə var ki…
***
Gerçəyə diz çöküb, desən düzünü,
Boş vədi rədd edib, tutsan sözünü,
Qəlbində vicdanın açsan gözünü,
Bu qəflətdən, oyanmağa nə var ki…
***
Doğrunun gözünə düz baxa bilsən,
Namərddən vaz keçib, mərdə əyilsən,
Haqqın tökülən göz yaşını silsən,
Ədalətə boyanmağa nə var ki…
***
Milləti, Vətəni sevsən ürəkdən,
Əl çəksən xəyaldan, yersiz görəkdən,
Mayıl, təməl qeyrət olsa dirəkdən,
Qala kimi dayanmağa nə var ki…

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – ELƏ BAXMAYIN

KÖÇKÜNƏ ELƏ BAXMAYIN

Gözləri yoldadır,qulağı səsdə,
İllərdir üzülür o dar qəfəsdə,
Fikirdən, həsrətdən düşübdü xəstə,
Didərgin adına qara yaxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Köçkündü, qəribdi doğma Vətəndə,
Yeri də bilinmir, ölüb – itəndə,
Salamsız, kalamsız sizdən ötəndə,
Fikirlidir, özgə sayaq saymayın,
Siz Allah, köçkünə elə baxmayın.

Qayğının bolluğu,dərdin çoxluğu,
Qəddini əyibdi yurdun yoxluğu,
Orda qalıb əzmi, gözü toxluğu,
Köçkünü acgözlü, sırtıq sanmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Kül olub sərvəti, göyə sovrulub,
İyirmi beş ildir yanıb, qovrulub,
O, sürünüb, ilan kimi qıvrılıb,
Dərdli adamları vurub yıxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Onlar da yuvalı,yurdlu idilər,
Adına yüz cürə sözlər dedilər,
Yetimin tikəsin, payın yedilər,
Burnunuzdan gələr, rahat tıxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Tikdiyi, qurduğu viran edildi,
Çadırda, vaqonda bağrı didildi,
Hərdən də söyüldü,üstə gedildi,
Zavallı kəslərin üstə qalxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Dağları itirib təpə tapırıq,
Mayasız xamırdan kündə yapırıq,
Həqiqəti minir, yalan çapırıq.
Yetər, köçkün adın başa qaxmayın,
Siz Allah, köçkünə elə baxmayın.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru