Pərvanə Bayramqızı

MƏMMƏD ARAZ Bütövlükdə Azərbaycan…

Təsəvvür edək ki, hansısa kanalda süjetə baxırıq, məşhur mahnı səslənir: – “Vətən oğlu, çoban qara, yay sürünü yaylaqlara…” Aparıcı çıxışına başlayır: – Çoban nəğmələri şifahi xalq ədəbiyyatı nümunələrindən biridir. Uşaqkən necə həvəslə oxuyurduq: 
Göydәki göy buludlar
 Yorğanıdır çobanın.
 Yastı-yastı tәpәlәr
 Yastığıdır çobanın.
 Yumru-yumru qayalar.
 Yumruğudur çobanın…

Çoban adı çəkilincə Abdulla Şaiqin “Keçi” şeirini, “Kitabi-Dədə Qorqud”un Qaraca Çobanını, “Pəri ilə çoban” əfsanəsini, Nizami Gəncəvinin “Ağıllı çoban”ını və bu mövzuda yazılmış digər əsərləri xatırlayırıq. Biz də bu gün verilişimizi çoban peşəsinə həsr etmişik. Yaxınlaşırıq qəhrəmanımıza…
Verilişi izləyirik, sonra çoban haqqında oxumaq üçün kitablara üz tutur, Azərbaycan Milli Ensiklopediyasından belə bir məlumat öyrənirik:
“Bukolika, bukolik poeziya (yun. bukolikós – çoban) – Ellin və Roma dövrünün (e.ə.III əsr – eramızın V əsri ) çoban məişətini əks etdirən antik poeziya janrı. Bədii əsasını siciliyalı yarımmifik çoban Dafnis, onun məhəbbəti və ölümü haqqında mahnılar təşkil etmişdir. Yunan bukolikasının yaradıcısı və klassiki Feokrit, Roma bukolikasının banisi Vergili hesab olunur. Kiçikhəcmli, təhkiyə və ya dialoq formasında, hekzametrdə yazılan şeirlərdə təbiət gözəllikləri, kənd həyatının füsunkarlığı, çobanların sadə məişəti təsvir edilir. Bukolik şeirlər fərq qoymadan idilliya (hərfi mənada – lövhə), yaxud eqloqa (hərfi mənada – seçmə) adlanırdı; sonralar şərti olaraq hesab edilirdi ki, idilliya daha çox hiss, eqloqa isə fəaliyyət tələb edir. Yeni Avropa ədəbiyyatında XII-XIII əsrlər folkloru ilə qovuşan bukolika XIV-XVIII əsrlər pastoralının müxtəlif formalarını meydana gətirdi. Lonqun mənsur “Dafnis və Xloya” romanı da bukolik poeziyaya aid edilir”.

Üstəlik çobanla bağlı “Çobanın könlü olsa, tәkәdәn pendir tutar”, “Çobanı özündәn olanın qoyunu dişi doğar”, “Keçinin әcәli çatanda çobanın dәyәnәyinә sürtünәr” məsəllərini xatırlayırıq.
Roma ədəbiyyatının Vergili, Bokkaçosunun, yunan şairi Feokritin, rus şairi A.Sumarokov, V.Jukovski və A.Delviqin yaradıcılığını axtarmaqda, bukolika, pastoral, ekloqa terminlərini ələk-fələk eləməkdə məqsədim var – Məmməd Arazın bircə bəndindən yazmaq. Nizaminin ağıllı çoban obrazına işgəncəsinə görə haqq qazandıra bilmirəm. Maarifin təbliği üçün gözəl əsər hesab olunan Abdulla Şaiqin “Çoban”nına da fərd kimi yazığım gəlir. Ruhuma təkcə Məmməd Arazın “şairi”, “şeiri” olan çoban obrazı yaxındır. Kimi maarif, kimi ədalət, kimi də ibrət dərsi üçün yaradıb bu obrazı. Məmməd Arazsa onu adi insanlardan yüksəkdə görüb və ucaldıb.
Hər kəsin əzbər bildiyi “Əlvida, dağlar” şeirindən danışmağa əvvəlcə Nizami Muradoğlunun “Sözün Məmməd Araz zirvəsi” kitabındakı aşagıdakı hissə ilə tanışlıqdan başlayaq.
“Əlvida dağlar” qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunmuşdur. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan bu şeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də öz poetik ifadəsini tapmışdır. Dağ ilə, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağların gülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solmuş, boz biçənəklər həsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylara çatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur. Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin etməkdədir. Belə ki, dağların əbədi sirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın, millətin ümumiləşmiş obrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasında xalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşmişdir”
İndi isə “Az sözlə çox şey demək və ya bukolikasız bukolika” başlığı verdiyim duyğularımdan ibarət sətirləri gözlərinizdən keçirin. Şeir haqqında bu fikrə əsasən də müəyyən qədər izah vermək olar. Bilmirdim nə vaxtsa bu şeir haqqında yazacam, amma bilirdim ki, misralar ruhumdan yoğrulub. Bütün bölgələrdə onu nəinki aşıqlar, həyət-bacasında odun yaran, yer şumlayan hər kəs oxuyur. Təkcə kənd həyatı ilə məhdudlaşdırmaq olmaz. Elə şəhərdən gedənlər də, evdəkilərə: – “Bəlkə, bu yerlərə bir də gəlmədim” söyləyir. Hara getmişəmsə bu misraları eşitmişəm. Adları çəkilən müəlliflərin ölkəsində bukolik əsərlər yazılıbsa deməli, bizimkini də lokal hesab etmək olmaz. İnsanların bir-birinə etinasız yanaşdığı bir vaxtda dumanı, dağı fərd kimi dəyərləndirmək, ondan ayrılmağın belə ağır olmağını təsvir etmək üçün böyük ürəyə sahib olmalısan. 
Aşıqların yanıqlı səsi qulaqlarımdan getmir. Şeir artıq Məmməd Arazın deyil, dağların, çobanların, Azərbaycanındır. Doğrudur, güclü bukolika yoxdur, amma bircə bəndlə hisslərimizə elə toxunur ki, təsəvvürümüzdə çoban həyatı canlanır: “Bu qoca dağların biri də sənsən, şairi də sənsən şeiri də sənsən” Misra Məmməd Arazın insanlara münasibətindən, sadəliyindən, sadə olduğu qədər də əzəmətindən xəbər verir. Mənə elə gəlir kimsə şeiri məndən qat-qat üstün təhlil edər, amma məni qədər ordakı ruhu duya bilməz. Bəlkə də, gədəbəyli olmağın – dağ-dərəni, el-obanı, sazı-sözü sevməyin təsirindəndir. Gərək elə təhlil edəsən ki, yazının dil açıb danışmağı bir yana, o, ayaq tutub yeriyə də bilə. Bunu dağ-daşla dərdləşən, belə şeirlərin “dilini” bilən kəs yaxşı bacarar. Mən hisslərə qapıldığımdan ədəbiyyatşünas kimi yaza bilmirəm.
Anam məni dərəyə-təpəyə, meşəyə buraxmırdı. İcazə versə belə gərək bir ay əvvəldən etibar etdiyi ağbirçəklər minnət edərdilər. Kəndin içində kənd həsrəti çəkirdim. Onda sevmişəm bu şeiri. Dağlara duman çökəndə qəribsəyirdim. Hardasa da aşıq oxuyurdu: – “Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamat qal…” Aman Allah, bu nə səsdir, necə misralardır! Erkən itirdiyim özümdən kiçik qardaşım da sevə-sevə oxuyurdu. O da o yerlərə bir də getmədi. Məmməd Arazın olmadı şeir, özü Məmməd Araz oldu, çoban oldu, leysan oldu, mən oldum. Bu şeir sizsiniz – yüzlərlə kənd sakini, minlərlə azərbaycanlı. Yetər ki duyasan. İfa edən aşıqların az qala ruhunu görmək olurdu. Başını saza qoyub yana-yana oxuyanda sanki kənd özü susub dinləyirdi. 

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? – 
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax – salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən – 
Çoban, salamat qal, sağ-salamat qal.

Bir bəndi bukolika, bir bəndi peyzaj. Bütövlükdə isə Azərbaycan, Məmməd Araz. 
Bu gün duman, dağ, leysan, qaragöz pəri, çaylar, çoban şairinə sağ-salamat qal söyləyir. Bu gün Məmməd Araz cismən son ünvanına yola salınır. Bu gün onun barmaqlarının istisinə çoxdan həsrət qalan qələm buza döndü. Əslində isə şairim bu yerlərdən getməyib. O, “qara torpaq üstündə üfüqə doğru gedən ağ yoldur”

İlkin mənbə: Bu yerlərdən getməyən Məmməd Araz

Müəllif: Pərvanə Bayramqızı 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Araz

İLHAMIM

(Xudu Məmmədova)

Yenə dağ döşündə dənələndi qar,
Yenə zirvələrin həsrətində qal.
Sel qopdu, dərəyə düşdü qalmaqal…
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar…
Dolular qırımlı, daşlar döyənək…
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı…
Hər adi ölçüyə, ülgüyə gəlsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Müəllif: Məmməd Araz

Mənbə:ETİBAR QERİB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Araz

Bu gün ( 14 oktyabr 1933 ) görkəmli söz adamı Məmməd Arazın doğum günüdür. Ruhu şad olsun… Allah qəni-qəni rəhmət eləsin… Amin…

QISA ARAYIŞ:

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

AZƏRBAYCAN – DÜNYAM MƏNİM

( “Azərbaycan!” deyiləndə ayağa dur ki, … )

Azərbaycan – qayalarda

bitən bir çiçək,

Azərbaycan –

çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin

bəbəklərində

Qütb ulduzu,

dan ulduzu gözəlləridir.

Tariximə qara xətli hicri, miladi

Qılıncların qan ağzıyla

yazılmadımı?

Babaların boz çöllərə bənzər

Muradı

Qızıl bayraq

dalğasından yaz almadımı?!

İllər olub-kürrələrdə

dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq

küləkdən ayıq.

Od gölündə,

buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin

ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin

duman dünyası.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Müəllif: Məmməd Araz (www.memmedaraz.az)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

VƏTƏN  MƏNƏ  OĞUL  DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim — 
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970

Mənbə: ŞEİRLƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD ARAZ

MƏMMƏD ARAZ HAQQINDA

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
Publisist İradə Tuncayın atasıdır.
Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.

ƏSƏRLƏRİ

1.Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
2.Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
3.Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
4.Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
5.Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
6.Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
7.İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
8.Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
9.Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
10.Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
11.Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
12.Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
13.Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
14.Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
15.Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
16.Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
17.Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
18.Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
19.Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
20.Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
21.Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
22.Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
23.Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
24.Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
25.Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
26.Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

TƏRCÜMƏLƏRİ

(Rus dilindən – Ana dilimizə)
1.S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
2.G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
3.M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
4.N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
5.Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru