Məmməd Qədir – Ana şeiri

Məmməd Qədir Ana şeiri

Ay ana

Hər gün yuxun şirin olsun deyərdin,
Yuxularım zəhər dadır, ay ana.
Şirin-şirin oyadardın, öyərdin,
İndi məni qəm oyadır, ay ana.

Ah, canımda nə göynəyir can yeri,
Gözlərimdən rəngin alır dan yeri,
Gecələrim hərb meydanı, qan yeri,
Anasızlar necə yatır, ay ana.

Yatmadım ki, sənsiz görəm yuxu mən,
Anlamıram bu əcaib yoxu mən,
Sənsizlikdə necə sağam axı mən,
Canım yanır çatır- çatır ay ana.

Eşitmirsən, ürək yaxan çağrımı,
Didib- tökür, parçalayır bağrımı
Yer götürmür, torpaq tutmur ağrımı,
Ahu-naləm göyə çatır, ay ana!

Görünməyən köylərdəsən, bilirəm,
Bağrı yanıq neylərdəsən, bilirəm,
Əlim çatmır, göylərdəsən, bilirəm,
Off, dərgahın nə ucadır, ay ana?!

Allah bilir sənsizlikdə nə çəkdim,
Sənə qurban olmağıma gecikdim,
Sənsiz ömrüm bir misradan kiçikdi,
Məmməd Qədir bir hecadı, ay ana!
Ah, dərgahın nə ucadı, ay ana…

Müəllif: Məmməd Qədir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

Məmməd qədir “üç yarpaq” – da

Getmə

Offf, sənsiz bu canım quru qəfəsdi,
Kəsilir taqətim, amanım, getmə.
Məni yaşatmağa hənirin bəsdi, 
Ay mənim sonuncu gümanım , getmə.

Sənsiz çəkər məni hər iz aparar,
Çəkim elə itər, ilbiz aparar, 
Cin-şeytan aldadar, iblis aparar, 
Pirim, peyğəmbərim, imanım, getmə.

Bəxtin bəd duasın pozan sən idin,
Dəli sevdalara yazan sən idin, 
Dünyanı xeyrimə yozan sən idin,
Sirli sehrbazım, şamanım, getmə.

Sənsiz bu dünyanın sönər işığı, 
Nə ləzzəti qalar, nə yaraşığı,
Boynum bükük olar, başım aşağı, 
Ay uca sevgilim, cananım, getmə.

Çin çıxan sehirli yuxum ki, sənsən,
Varlığım ki, sənsən, yoxum ki, sənsən, 
Cismimdə həyatım, ruhum ki, sənsən, 
Canımda canımsan, ay canım, getmə…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Deyirlər

Yaşından-başından bir azca duz səp,
Şair, şeirlərin şitdi deyirlər!
İndi Nəsimidən utanır Hələb,
Sözün zəmanəsi bitdi deyirlər!

Kamil öyrətsə də Allah hər elmi,
“Hazıram”- deyirəm, görmür əlimi,
Bir para ruziyə möhtac alimi,
Dəyirmanda görüb bitdi deyirlər!

Biti də, iti də Allah törədib,
Törədən ümman ki, nə üst var, nə dib,
İtə adam kimi min dil öyrədib,
Adamı hürdürüb itdi deyirlər.

Hürsün də, de, Aya kim hürmür, atam,
Bəlkə anlamıram mən, bisavadam,
Güllə yarasından sağalır adam,
Donuzu öldürən fitdi deyirlər.

Bu dünya şeytandı, şərdi, İlahi,
Həmişə qəm təzə, tərdi, İlahi,
Bəs kimlə bölüşək dərdi, İlahi,
Məmməd bu dünyadan getdi deyirlər…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Səndə mən

İşığında üzə çıxdım, Ayüzlüm,
Görünmürdüm dumanda mən, çəndə mən.
Anlamıram səhv edirəm, ya düzgün,
Bələdçiyəm bəlli olan kəndə mən.

Nə ətirli eşq cücərdi qışımdan,
Bir sevdalıq möhlət aldım daşımdan,
Boylananda papaq düşür başımdan,
Gör nə boyda ucalmışam məndə mən.

Necə çıxır baxanların cızdağı,
Bu ucalıq görənlərin göz dağı,
Damla-damla yoxa çıxıb buz dağı,
Allah, necə ərimişəm səndə mən.

Əridikcə candan çıxır acı su,
Gözdən axır ayağına uca su,
Şirinləşmir ayrılığın acısı,
Ha çəkirəm şəkərə mən, qəndə mən.

Eşq əzabı aşiq ömrün mabədi,
Saf sevgindi ürəyimin məbədi,
Qurban olum, bax, neynirsən Məmmədi,
Bu sevdada Tanrı sənsən, bəndə mən.

…ü ç y a r p a q… – اؤچ یارپاق

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

sevgi şairindən sevgi şeirləri

Səndə mən

İşığında üzə çıxdım, Ayüzlüm,
Görünmürdüm dumanda mən, çəndə mən.
Anlamıram səhv edirəm, ya düzgün,
Bələdçiyəm bəlli olan kəndə mən.

Nə ətirli eşq cücərdi qışımdan,
Bir sevdalıq möhlət aldım daşımdan,
Boylananda papaq düşür başımdan,
Gör nə boyda ucalmışam məndə mən.

Necə çıxır baxanların cızdağı,
Bu ucalıq görənlərin göz dağı,
Damla-damla yoxa çıxıb buz dağı,
Allah, necə ərimişəm səndə mən.

Əridikcə candan çıxır acı su,
Gözdən axır ayağına uca su,
Şirinləşmir ayrılığın acısı,
Ha çəkirəm şəkərə mən, qəndə mən.

Eşq əzabı aşiq ömrün mabədi,
Saf sevgindi ürəyimin məbədi,
Qurban olum, bax, neynirsən Məmmədi,
Bu sevdada Tanrı sənsən, bəndə mən.

= = = =

Keçəcək

Gözlərinə de, daşmasın,
Su gecə məndən keçəcək.
Ehmallı ol, bulaşmasın,
Yu, gecə məndən keçəcək.

Keçən keçər, gül, ya ağla,
Dammaz qəlbə, batmaz ağla,
Qanadına işıq bağla,
Qu gecə məndən keçəcək.

Ruhumu yıxıb içimdən,
Ürəyim çıxıb içimdən,
Həyatım axıb içimdən,
Bu gecə məndən keçəcək.

Taleyim lək, bu gecə dən,
Güc edəcək bu gec edən,
Mən keçməsəm bu gecədən,
Bu gecə məndən keçəcək.

= = = =

Bu qədər olmaz

Hər şey mizanından çıxsa məhv olur,
Ayüzlüm, intizar bu qədər olmaz!
Həsrət keyf çəkir, ruhum qəhr olur,
Əzizim, dərd-azar bu qədər olmaz!

Gör nə ruhdan düşüb ruhun adamı,
Daha gecə doğur ruhumun danı,
Tökülər gecəyə ruhumun qanı,
Köynəyimə sızar,- bu qədər olmaz!

Susduğum sinəmdən min ah qoparar,
Savabı çəkənlər günah qoparar,
Qorxuram sevgini yuyub aparar,
Ağladıqca zar-zar, bu qədər olmaz!

Səbrim böyüdükcə kəsib soymuşam,
Qızdıran başıma cuna qoymuşam,
Vallah, sənsizlikdən cana doymuşam,
Adam candan bezar bu qədər olmaz.

Məmməd, yar dərdini yarıdana de,
Yarısın qüruba, yarı dana de,
Yara gücün çatmır, Yaradana de,
Vallah, giley-güzar bu qədər olmaz.

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

SEVGİ ŞAİRİNDƏN SEVGİ ŞEİRLƏRİ

Eyləməmiş

Heç nə görmürəmmiş, Ayüzlüm, demə,
İşığın gözümü kor eyləməmiş.
Necə basılırdım ən zəif qəmə,
Sevgin ürəyimə zor eyləməmiş.

Mənə işarə ver, kiminəm, bilim,
Onsuz hünərim yox, qisməti silim,
Mən də bayquş idim, işıq sevgilim,
Ömrümü, günümü nur eyləməmiş.

İndi səndən çıxır Günəşim, Ayım,
İşıq aqibətim, mənim nur payım,
İzn ver, sevgində cənnət yaşayım,
Həsrətin həyatı gor eyləməmiş!

Gorda sevinməyə bir az iman ver,
Min ili neylirəm, sevgili an ver,
İlahi, külümü sovur, zaman ver,
Sevəm ocaqlarım qor eyləməmiş.

Məmməd, necə sındı qürurun, şaxın,
Səni qıran sənə səndən də yaxın,
Lütf elə sevginə doyunca baxım,
Ayüzlüm, gözlərim tor eyləməmiş!

= = = =

Sevgindən ötrü

Məni sevgin ilə sən yaratmısan,
Ayüzlüm, ölürəm sevgindən ötrü.
Hərəyə bircə can verib Yaradan,
Canımı bölürəm sevgindən ötrü.

Canıma yiyə çıx, bu əl, bu ətək,
Könlüm iftarında bal dolu pətək,
Köhnə ürəyimi tozlu güzgü tək,
Hər səhər silirəm sevgindən ötrü.

Sildikcə gözümü bağlar önündə,
Dərdinlə öyünnəm dağlar önündə,
Ağıllı canımla ağlar günümdə,
Dəli tək gülürəm sevgindən ötrü.

Çəkib qartal kimi qıyya, çapıram,
Nura süvar olub Aya çapıram,
Rəhminə sığınıb qaya çapıram,
Dağları dəlirəm sevgindən ötrü.

Məmməd, mələk düşüb bəxtinə, toxun,
Eşqi zikr elə yat, çin çıxsın yuxun,
Gündüzdən hürküm yox, gecədən qorxum, 
Ayüzlüm, gəlirəm sevgindən ötrü.

= = = =

Möhtac

Ayüzlüm, bilmirəm necə anladım,
Yer göyə möhtacdı, mən sənə möhtac.
Ruhu ki, göydəndi doğmanın, yadın,
Sevdalı bir başa hər sinə möhtac.

Nəyi nəsə olan nəsə anlamır,
Dodağı daş olan busə anlamır,
Müdrik Xocaları kimsə anlamır,
Dünya şəyirdlərin dərsinə möhtac.

Ay canım, qınama bu qədər məni,
Yeyib bitirdi ki, dərd-kədər məni,
Nəğməsi qırılan dərk edər məni,
Könlümün qopuzu bir simə möhtac.

Şeir iynəsiylə Məmməd nur qazır,
Sevən sevgisində gora da hazır,
Sevgi tarixini dəlilər yazır,
Dünya mənim kimi sərsəmə möhtac…

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR

Gecələr

Yenə gündüzündə günə dözürəm,
Ayüzlüm, boğuldum, dardı gecələr.
Dərdin harayından necə bezirəm…
İnləyən kamandı, tardı gecələr!

Nəsimi qisməti gülür dərimdə,
Ah, necə rahatam mən dizlərində,
Yanıb kül oluram gündüzlərində,
Elə üşüyürəm, qardı gecələr.

Dərd acır oduma, durub söndürür,
Məni lampa bilir, burub söndürür,
Hər gün son gümanı qürub söndürür,
Mənim əzabıma yardı gecələr.

Çəkdiyim hər ahım Haqqa çağrımı,
Həsrət çəkməyənlər bilməz ağrımı,
Gündüzlər günündən gülən bağrımı,
Paramparça etdi, yardı gecələr.

Səhər dan üzünə sıçradı qanım,
Yenə “canıımm”- dedi canımda canım,
Məmməd, çox üzülmə, əsil sevdanın,
Əvvəli gündüzdü, ardı gecələr…

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD QƏDİR – MƏNƏ

Mənə

Ayüzlüm, eşqinlə ətir saçıram,
Nə həsəd aparır çiçəklər mənə.
Sevgi qanadında elə uçuram,
Min ilin tikanı çiçəklər mənə.

Könlüm bir dünya ki, eşq puçur-puçur,
Fələklər sevinir, mələklər qucur,
Sevgiyə güvənib nə gözəl uçur,
Yarpaqlar, qönçələr, ləçəklər mənə!

Sevgin səbəbimdi boy atım, canım,
Dağları titrədir bayatım, canım,
Elə şirinləşib həyatım, canım,
Yüyürür ilbizlər, böcəklər mənə.

Ruhuma dərd rəsmi çəkər gecələr,
Günümün yükünü çəkər gecələr,
Ulduz gözlərini dikər gecələr,
Öz Ay qulağını göy şəklər mənə.

Məmməd, haqdan düşür şölə, xoşbəxtəm,
Yanıb çevrilməklə külə, xoşbəxtəm,
Eybəcər dərdimlə elə xoşbəxtəm,
Nə deyər gözəllər, göyçəklər mənə?!

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Qədir

Yığışdıraq

Ayüzlüm, sən göydə, mən yer adamı,
Yer-göy söhbətini gəl yığışdıraq.
Adamın gümanı min yerə damır,
Araya vurmamış pəl yığışdıraq.

Çəkirəm dərdini naza bənzədib,
Yeyirəm təamda duza bənzədib,
Allah sevgimizi yaza bənzədib,
Səpir başımızdan gül, yığışdıraq.

Şahənşah qürurum sevginin qulu,
Ruhu sevdalılar tutur bu yolu,
Tökülüb gedire eşqin məhsulu,
Cəld olaq, yetirək əl, yığışdıraq.

Gecəyə nə lazım, nurlu bir sabah,
Şükürsüz heç gecə tapmarıq, vallah,
Sevgimiz incidi, lütf edib Allah,
Töküb başımızdan ləl, yığışdıraq.

Məmməd, hər gecənin al səhəri var,
Hər daman kirpiyin bir qəhəri var,
Vallah, yanmağın da bir təhəri var,
İlahi, nə qədər kül yığışdıraq.

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru