Mirvarid Dilbazi yad edilib

İyul ayının 12-də Azərbaycanın xalq şairi Mirvarid Dilbazi məzarı başında yad edilib. Xatırladaq ki, Mirvarid xanım 2001 – ci ilin bu günündə dünyasını dəyişib. Anım günü münasibətilə şairin ruhuna ehtiram olaraq Azərbaycanın bir qrup ziyalıları qəbrini ziyarət etdilər, gül dəstələri qoydular. Anım mərasimində xalq şairimizin qızı Xatirə xanım və yaxın qohumları, eyni zamanda prafessor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, “Mişov” dərgisinin təsisçisi və baş redaktoru şair-publisist Akşin Ağkəmərli, tarix instutunun direktor müavini Əli Məhərrəmov, Slavyan Universitetinin professoru Valeh Nəsibli, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, şair-publisist Rəfail İncəyurt, gənc şair Nuranə Təbriz, şair Xalidə İlyas, Südabə İrəvanlı və s. çıxış edib xatirə sözlərini söylədilər. Bu günkü ziyarət Mirvarid Dilbazi Məclisinin sədri şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə keçirildi. 
Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, ömrünü poeziyamızın daha da nurlanması naminə pay- paxac edən Azərbaycanın xalq şairi Mirvarid Dilbazi həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun aydan arı, sudan duru poeziyası xalq ruhunun ləli- cövhəridi, şeirləri dillər əzbəri, mahnılar bəzəyi olub. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub. 
Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan ordusuna ruh, ilham vermişdi. 
Bir yanı müqəddəs Hacımahmud əfəndi ( Hajəfəndi), bir yanı Dilbazilər ocağının saflılığı olan Mirvarid Dilbazi poeziya sevərlərin, din və imam əhlilərinin yaddaşına əbədi həkk olub.
Ulu öndərimiz Heydər Əliyevin sevdiyi şair olub Mirvarid Dilbazi.
Ulu öndərin sərəncamı ilə ilk “İstiqlal” ordeni ilə təltif olunanlardan biri də xalq şairi Mirvarid Dilbazi olub.
Sonda Xatirə xanım və Güllü xanım gələn ziyarətçilərə öz dərin təşəkkürlərini bildirdi.

MƏNBƏ:MİRVARİD DİLBAZİ MƏCLİSİ

Qüdrət İsaqova bu yazı üçün təşəkkür edirik:

Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin anım günüdür.

Mirvarid Dilbazi Azərbaycan tarixində Məhsəti Gəncəvi, Xanqızı Natəvan kimi böyük şairədir.

Mirvarid Dilbazi yaradıcılığının poetik diapazonuna görə Azərbaycan tarixində özündən əvvəlki, öz dövründəki və özündən sonrakı şairələrdən daha yüksək zirvədə durur.

Mirvarid Dilbazi yaradıcılığında şeirin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı vəhdət təşkil edir.

Mirvarid Dilbazi şeirlərinin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı arasındakı vəhdətə və harmoniyaya görə Azərbaycan poeziyasının klassiklərindəndir.

Azərbaycanda hamı Mirvarid Dilbazi şeirlərini sevir.

Mirvarid Dilbazi insanlara nümunə olan bir insan, analara nümunə olan bir ana, sairlərə nümunə olan bir şair idi.

Mirvarid Dilbazi el anası idi.

Mirvarid Dilbazinin şeirlərini oxuyanda insanın vətənə məhəbbəti artır. İnsan vətəni daha çox sevir. İnsan vətənin gözəlliyini daha çox duyur.

Yuxarıda göstərilən keyfiyyətlərinə görə Mirvarid Dilbazi 20-ci əsrin dahi şairləri Səməd Vurğun, Hüseyin Cavid, Mikayıl Müşfiq, Əliağa Vahid və digərlərinin  cərgəsini böyük şairə olaraq tamamlayır.

Allah Mirvarid Dilbazini bir qadın olaraq yaratsa da, onu dahi şairlərimizin cərgəsinə bir kişi kimi göndərmişdi.

Mən fəxr edirəm ki, dəfələrlə Mirvarid xanımın evində olmuşam.

Fəxr edirəm ki, Mirvarid Dilbazinin gözəl və misilsiz şeirlərini onun öz dilindən eşitmişəm.

Mən fəxr edirəm ki, Mirvarid xanımın öz əli ilə mənə verdiyi çayı içmişəm, çörəyini yemişəm.

Çıxışımın sonunda böyük şairəmiz Mirvarid xanıma Allahdan rəhmətlər diləyirəm. Məkanı Cənnət olsun!

Daha sonra Facebookda Mirvarid Dilbazi Məclisi profilini yaradan, Mirvarid Dilbazi Məclisinin sədri Güllü Eldar Tomarlı xanıma bu nəcib işinə görə təşəkkürlər edirəm, xoşbəxtlik, can sağlığı və uğurlar arzulayıram!

Prof.Dr. Qüdrət İsaqov   

İLKİN MƏNBƏ:Poeziyamızın klassiklərindən Mirvarid Dilbazini anım günüdür

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRVARİD DİLBAZİ

Tarixdə iz buraxanlar: Mirvarid Dilbazi

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan olub. Atası Paşa bəy, anası Cavahir xanımdır. Atasını erkən itirən Mirvarid Dilbazi babası Mustafa ağanın mülkündə Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyüyüb. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun tutumlu bir şəxsiyyət kimi formalaşmasına münbit zəmin yaradıb. 1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil alıb, Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsilini davam etdirib.

Yaradıcılığa təhsil illərində başlayan şairənin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı jurnalda dərc edilib. Bu jurnalda şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılan, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri də dərc olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri, sonra Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində işləyib.

Doğma Azərbaycanı qarış-qarış gəzən şairə onun hər guşəsinin gözəlliyini dərindən duya-duya mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb.

Böyük Vətən müharibəsi illərində, bir çox sənətkarlarımızda olduğu kimi, Mirvarid Dilbazi xanımın yaradıcılığında da Vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı nəşr olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. Bu kitablarda onun qəhrəmanları sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub.

Daha çox lirik şairə kimi tanınan və sevilən Mirvarid Dilbazi səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman xanım aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övladın bir-birinə olan duyğularına, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən şairə özü haqqında “Şair və ana-tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”– deyən şairə gözəl insani keyfiyyətlərlə zəngin təkcə valideynin deyil, eyni zamanda xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələr yaradıb. Bu dövrdə Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilib. Yurd-yuvasından didərgin düşmüş qaçqın və köçgünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbristanında” və digər şeirləri bu mövzuda yazılan çox gözəl poeziya nümunələridir. Kədərini, sevincini kövrək misralara çevirən şairə ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı.

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məshəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Lay-lay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə oxunur.

Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Mirvarid Dilbazi ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görən nəslin nümayəndəsi idi. Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməyib, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxıb.

Mirvarid Dilbazinin əsas yaradıcılıq fəaliyyəti xalqla onun həyatında baş verən tarixi hadisələrlə bağlı olub. O, Qarabağ faciəsinin ağrı-acılarını ürək ağrısı ilə yanıqlı poeziya parçalarında əks etdirib. Onun bir sıra əsərlərini o zaman məhz şərq qadınının taleyinə həsr etməsi də tamamilə təbii idi. Çünki özünün yazdığı kimi, “Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Mənim gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.” Şairə yeni həyatın qoynuna atılarkən qadınlara verilən geniş hüquqları müşahidə edib və qələmə sarılıb. Onun şeirlərinin mövzusu rəngarəngdir. Cəmiyyətdəki quruculuq işlərinin pafosu, yeni həyat və mədəniyyət quran xalqların həyatı, məişəti, fərdi cizgiləri öz əksini tapıb. O, böyük yaradıcılıq yolunda öz dəsti-xəttinə sadiq qalıb, yeni mündəricəli şeirimizin rəhgarəng nümunələrini yaradıb.

Mirvarid Dilbazi təbiətə məftun bir şairə idi. Onun şeirlərində Azərbaycan bütün gözəlliyi ilə canlandırılır. O təbiətə göz açanda Göyəzəni, Avey dağını, Soyuqbulaq yaylasını, Dilican dərəsini görmüş, uşaqlıq illərini yaşadığı Musaköyün enişli-yoxuşlu dolama cığırlarını, Ağstafaçayın füsünkar sahillərini qarış-qarış gəzmişdi. Uşaqlıqdan məftun olduğu bu yerlər onun lirik poeziyasına bir zəriflik və romantik vüsət gətirib. Bu romantik vüsət şairənin kamala çatdığı illərdə gah gənclik xatirələri kimi, gah da şair duyğularının tərcümanı kimi bədii don geyib:

Necə doğru söyləmişlər: doğma vətənin

Başqa dildə söhbət edir küləkləri də,

Ayrı təhər ətir saçır çiçəkləri də.

Mirvarid Dilbazi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində o qanlı, odlu çıxış və yazılarında Vətən oğullarını əyilməməyə, vüqarlı olmağa çağıraraq yazırdı: “Gözəlliyinə heyran olduğum, şəninə silsilə şeirlər həsr etdiyim Qarabağ torpağı, meşələrinin nəğməsini dinlədiyim, dağlarının havasını udduğum, buz bulaqlarının suyunu içib qoynunda dincəldiyim Ağdam, Şahbulaq, Abdal Gülablı cənnət üzərinə yağdırılan raket, top mərmilərinin ağrısı mənim ürəyimdən keçir.”

Mirvarid Dilbazi milli dərdimizə, milli ordumuza, qəhrəman oğullarımıza həsr etdiyi “Ağla kamanım, ağla”, “Qoymayın ağlayım məni”, qanlı yanvar günlərinə yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbristanında”, “Qanlı yanvar bayatıları” və digər əsərlərində mənsub olduğu xalqın hisslərini, həyacanlarını ifadə edir, fərdi sayıla biləcək mövzularda da məhz xalqın tarixi taleyi ilə bağlı məsələləri qaldırırdı:

Sən ey Odlar elimiz!..

Ayaq üstə möhkəm dur,

Nə qədər ki, sən varsan,

Yıxılsan tapdalanarsan!

Ey od, işıq məbədi!

Bu işığın odunda

Döyüşdəsən əbədi.

Göründüyü kimi, Mirvarid Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxıb, şeir xəzinəsini zənginləşdirib. Bu qeyri-adilik Mirvarid xanıma Azərbaycanın Xalq Şairi fəxri adını qazandırıb.

Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma heç vaxt torpaqdan qopmadı. Əksinə, torpağa sığındı, insanın torpaqdan yarandığını, torpaqdan cücərdiyini unutmadı. Həyatda da torpaq kimi sadə, torpaq kimi təvəzökar, torpaq kimi mərhəmətli oldu. Hərdən dənizə də oxşadı, coşub-daşdı, qəlbinin dupduru sularından, yosunların arasından ona lazım olan söz mirvarisini tapıb üzə çıxardı, bir ömür sözün pərvanəsi oldu. Od tutub yandığı vaxtlar da oldu, üşüdüyü zamanlar da…

Onun yaradıcılığı mirvari dənələri kimidir – şəffaf, zərif, xoşagələn… Hansısa bir şeirini ürəyinə taxıb günlərlə, illərlə, bir ömür zümzümə edə bilərsən. “Qadınların hürriyyəti” adı ilə ədəbiyyata qədəm qoyan Mirvarid Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi. Həyat düsturu təxminən belə oldu: əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı, bütün bunların içində bağlandığı və əbədi könül verdiyi söz oldu.

Şeirim qəlbinizə yol tapa bilsə,

Heç vaxt əyə bilməz bir kədər məni

– deyən şairə 40 kitabı ilə oxucunun görüşünə gəldi. Hər dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə. Uca Yaradanın nəzəri, özünün nəcabəti, səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı, sevgisiylə xalqın istəyini qazandı. Xalqla arasında olan səmimiyyətə uzun ömründə kölgə düşmədi. Bu, çox az insana nəsib olan xoşbəxtlik idi, Mirvarid Dilbazi bunu bacardı.

Yazıçılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” orden və medallarla təltif edilib.

Ən uzun bənövşə ömrünü Mirvarid xanım yaşadı. 89 il… Heç vaxt başqasına bənzəmədi, heç vaxt başqasına baş əymədi, onsuz da onun obrazında bənövşəyə məxsus bir boynubüküklük vardı, ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələdi. Qarabağ nisgili ilə dünyasını dəyişdi. Tarixi şəxsiyyət Mirvarid Dilbazi 2001-ci il iyul ayının 12-də vəfat edib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2018.- 12-14 may.- S.12

İLKİN MƏNBƏ: Mirvarid Dilbazi Məclisi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Evimizə gəlin gəlir…

Mirvarid Dilbazi

Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!

Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Elə sevinc, fərəh gəlir,
Bir işıqlı ürək gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!

İki qonça cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir, hey!
Bu oğlanı şadlandıraq, şadlandıraq!

Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq, adlandıraq.

Mənbə: MİRVARİD DİLBAZİ MƏCLİSİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru