Müəllim şeirləri

MÜƏLLİM

Bir müqəddəs zirvə idi MÜƏLLİM,
Duyğu-duyğu, kəlam-kəlam əridi.
Bayram-bayram dərd topladı, qəm yedi,
Kədər-kədər, ələm-ələm əridi.

Vətən-Vətən, torpaq-torpaq çat oldu,
Dünya qurdu, bir quruca ad oldu…!
Kitab-kitab, dəftər-dəftər od oldu,
Vərəq-vərəq, qələm-qələm əridi.

Qarğış tutdu, qarğışlarla biçildi…,
Böyüklüyü kiçildikcə kiçildi… .
Seçilmişə “əl ağacı” seçildi…,
Gedən-gedən, gələn-gələn əridi… !.

Evi oldu məzarının yas… himi…,
Dörd divarda əzab sıxdı cismini… .
Namərd aldı Bank adıyla ismini…,
Faiz-faiz , sələm-sələm əridi.
5.10.2019… 13:20

Müəllif: RƏSUL MUROVDAĞLI

========================================================

Müəllim

Müəllim, ey əziz, ey gözəl insan,
Sənə nə söyləyim, olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağactək ola bəhərli?

Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?

Sən bizə həm ana, həm ata oldun,
Bizimlə bağlandı arzun, diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü
Şam kimi əridi vuran ürəyin.

Haçan dara düşdük, əlin uzadıb
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.

Unudub evində qayğılarını
Məktəbdə büruzə vermədin bir an.
Görüb şagirdlərin ruhdan düşməsin,
Bizləri düşündün sən hər bir zaman.

Bəzən acıladın, danladın bizi,
Ki bizlər düşməyək pis səmtə, yönə.
Deyərdin, “eybi yox, inciyin məndən,
Vaxt gələr, minnətdar olarsız mənə”

Allah iki şəxsi sevər hər zaman,
Birisi şəhiddir, digəri alim.
Əgər Allah səni belə sevibsə,
Mən necə sevməyim de, ey müəllim?

Sənin sənətinin bərabəri yox,
O həm şərəflidir, həm də ki çətin.
Dünyada nə qədər sənət var isə,
Qoyub bünövrəsin sənin sənətin.

Yerin bizlər üçün daima uca,
Özü də, qəlbi də təmiz müəllim.
Haqqını yüz ömür ödəmək çətin,
Haqqını halal et, əziz müəllim!
Haqqını halal et, əziz müəllim!

Müəllif: Zaur Ilhamoglu

=======================================================

MÜƏLLİMLƏR

(Əsl müəllimlərə ithaf olunur)

Ömrünü bəxş edib neçə ömürə,
Ağaran saçları nur əlaməti.
Nə qədər şagirdə qol-qanad verib,
Onunçün qazanıb el məhəbbəti.

Çox vaxt gec yataraq,tezdən oyanıb,
İtirib gözünün nurunu hətta,
Yorğunluq duysa da,məğrur dayanıb,
Təmənna duymayıb əsla həyatda.

Verib,bəxş eləyib istedadını,
Nə qədər layiqli insan yetirib,
Qürurla daşıyıb hər an adını,
Bu ada hər zaman şərəf gətirib.

Bəzən laqeydlik çıxıb önünə,
Acı söz dilinə gəlməyib əsla.
Şükürlər eyləyib hər bir gününə,
Keçibdir dərsini köhnə həvəslə.

Müəllim kimləri verib cahana,
Önündə İskəndər,Teymur əyilib,
Boynu qalstuklu adi insana,
Hətta prezidentə müəllim deyilib.

Təəssübün çəkibdir ana torpağın,
Hər an alnı açıq,üzü də ağdır,
Az maaş alaraq şax dayanmağın,
Bəlkə də özü bir qəhrəmanlıqdır.

Sizə üz tuturam,sizə yenə də,
Qəlbi saf,ürəyi təmiz müəllimlər.
Bir vaxt bilik ,savad verdiz mənə də,
Mən sizə borcluyam,əziz müəllimlər.

Müəllif: AQİL KƏNGƏRLİ

==========================================================

MÜƏLLİM
( Bütün Müəllim həmkarlarımı təbrik edirəm ! )
” Müəllim ” ! “Nə gözəl səslənir bu söz !”
Bu söz başdan – başa hikmətdi , hikmət !
Dünyada ən nəcib , ən müqəddəs borc ,
Müəllimə hörmətdir , müəllimə hörmət .
****
Bağbandır , bağçası bar verir hər an ,
Daim fəxr eləyir öz əməyiylə .
Gecəni , gündüzü dinclik bilməyib ,
Xalqa xidmət edir öz biliyiylə .
****
Sonsuza çatsa da çəki vahidi ,
Müəllimin əməyi çəkiyə gəlməz .
Müəllimin əməyin itirən kəslər
Heç zaman zirvəyə yüksələ bilməz .
****
Onun ziyasından nur alır Günəş ,
Acizəm şəninə söz deməyə mən .
Atadır , anadır əsl müəllim ,
Hazıram önündə baş əyməyə mən .

Müəllif: NAZİM YAQUBOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA YUSİF – ABBASƏLİQIZI

Sona yusif – abbasəliqızının söz dünyası


Xatirə ətirli dəniz
Yenə xatirələr dəniz qoxuyur,
Könlümü oxşayır qırçın ləpələr.
Ruhumda uçuşan qağayı səsi,
Ömrümə bir dəniz sevgi səpələr.

Qollarım boynuna sarılıb sənin,
Qəlbim qanad açır doğmalığından.
Yenə öpüş dərir odlu dodağın,
Mənim könlümdəki sevgi Bağımdan.

Saçımı oxşayır mehriban əlin,
Təravət ətirli dəniz mehi tək.
Boylanır telimdən mirvari sular,
Çiçək yanağında bahar şehi tək.

Sənin sevgi dolu baxışlarından,
Ruhum çiçəklədi,qəlbim sevindi.
Duyğular çırpınır sinəmin üstə,
Dəniz sahilində dənizəm indi.

Durmuşam səninlə nəfəs-nəfəsə,
Vüsal nəğmələri sevgi qoxuyur.
Tanrının bəxtəfər çağına bir bax,
İkimiz susmuşuq, dəniz oxuyur.

<<<SONA YUSİF – ABBASƏLİQIZININ SÖZ DÜNYASI>>>

MÜƏLLİM ADI
İşıq soraqlıdır müəllim ömrün,
İşığa bələnib yolların ,qızım.
Hər şagird bəxtinə nur çiləyirsən,
İşıq bələyidir qolların,qızım.

Adınla həmişə öyünmüsəm mən,
Ulu müəllimdir ana ürəyi.
Məktəb yollarında göyərdib əlin,
Gör neçə arzunu,neçə diləyi.

Müəllim ömrünün qüdrəti uca,
Daim ucalarda olmusan,qızım.
Şərəfli,xeyirxah əməllərinlə,
Sanki dəniz kimi dolmusan,qızım.

Bu gün bayramındır,sevimli balam,
Müəllim adınla öyünürəm mən.
Sənin bayramını təbrikə gəldim,
Misrada ürək tək döyünürəm,mən!

<<<SONA YUSİF – ABBASƏLİQIZININ SÖZ DÜNYASI>>>

Nəvələrimə ərmağan

Biz ulu Göyçədə tumurcuq açdıq,
Atam da,babam da o yurtda qaldı.
Yaxşı ki,gün doğdu taleyimizə,
Xeyir şər üstündə qələbə çaldı.

İndi könül verir bu heyat mənə,
Kövrək arzuların yandırdım şamın.
Mənim nəvələrim,mənim canlarım,
Nübar meyvəsisiz bu gen dünyamın.

Sizin varlığınız güc verir mənə,
İşığa bükülür hər gün sözlərim ,
OSMANLA YUSİFİM həyat eşqimdir,
MƏRYƏMLƏ ÖMƏRİM görən gözlərim.

Hər nəvəm ruhumun bir aynasıdır,
Könlüm işıq saçır ömrün yayıtək,
Min yol minnətdaram, ey Tanrı, sənə,
Pay yoxdur dünyada nəvə payı tək!

<<<SONA YUSİF – ABBASƏLİQIZININ SÖZ DÜNYASI>>>

ÜMİDLƏR QAYITMIR
Bu gedən karvanın sarvanı kimdi,
Görən hansı səmtə gedir, ilahi?!
Dözümüm qalmadı səbrim tükəndi,
Şər gəlib qəlbimi didir, ilahi.

Bu sarvan naşıdır karvan yoluna,
Qaçağa, quldura yem edir bizi.
Bu sarvan acımır elin halına,
Bu sarvan günbəgün kəm edir bizi.

Beş ildir bu karvan gedir bu yolu,
Gündoğan, günbatan bilmirik, Allah.
İrəli qorxulu, geri qorxulu,
Beş ildir ürəkdən gülmürük, Allah.

Bir yana çıxarmır bu sarvan bizi,
Bu yolda yorulub əldən düşmüşük.
Salıb qan gölünə nahaqdan bizi,
Səsimiz batıbdı, dildən düşmüşük.

Bu karvan yolunun sonu görünmür,
Niyə haqq, ədalət bəri qayıtmır,
Gözlərim zillənib, yollara, qardaş,
Gedən ümidlərim geri qayıtmır.

<<<SONA YUSİF – ABBASƏLİQIZININ SÖZ DÜNYASI>>>

SƏNSİZLİK AĞRISI

Sən mənim eşqimi atıb getmisən,
Mən səni qəlbimdən ata bilmirəm.
Məhəbbət qoxulu xatirələrin
Üzünə baş qoyub yata bilmirəm.

Həsrət dənizi tək ləpələnirəm,
Ələnir sinəmə gözümün yaşı.
Ayrılıq dumanı yolları kəsib,
Ağrıdan göynəyir qəlbimin başı.

Görən saçlarımı oxşayan əllər,
Azca üşüyürmü həsrət odunda?!
Sən çıxıb gedəli gərəksiz olub,
Sənin atəşin də,sənin odun da.

Hələ də yoluna boylanıb baxan,
Qəmli gözlərimi ovutmaq olmur.
Sənsizlik alovu canımı yaxır,
Sevdalı günləri unutmaq olmur.

Sənli xatirələr hopub ömrümə,
Arxanca gözlərim xəyala dalıb.
Əzizim,sən mənim ürəyimdəsən,
Əllərim qəlbimə uzalı qalıb.

Müəllif: SONA YUSİF

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülzar İbrahimova

müəllim haqqında şeir

Mənim əziz müəllimim!

Müəllimə ta qədimdən, 
Böyük hörmət, ehtiram var.
Bu iş hələ lap keçmişdən,
Müqəddəs peşə sayılar.

Yaxşı ki, bizi sevən, 
Gözəl müəllimlər var!
Yoxsa yaza bilməzdik, 
Hesab da öyrənməzdik.

Müəllim olmasaydı, 
Uşaqlar oxumazdı, 
Heç kim məktəbə gedib,
Bilik, savad almazdı.

Müəllim olmasaydı,
Təyyarə də olmazdı,
Mürəkkəb sxemləri,
Heç kim çəkib qurmazdı

Müəllim olmasaydı, 
Həkimlər də olmazdı,
Xəstələnsəydi kimsə,
Dərmanı tapılmazdı.

Keçmişlə yaşayardıq, 
Çox savadsız qalardıq.
Heç sevinməzdi insan,
Çox pis olardı Cahan…

Deyirəm: “Müəllimə!
Ey gözəl, nəcib insan!
Yaxşı ki həyatımda, 
Müəllim kimi varsan!

Müəllif: GÜLZAR İBRAHİMOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru