Narıngül – Professor

PROFESSOR

(hekayə)

Professor 50-55 yaşlarında,  ağbəniz, mavi gözlü,  arıq bədənli, balacaboy  qadındır. Son dəblə olmasa da, zövqlə geyinməyi xoşlayır. Ayağında həmişə hündür daban ayaqqabı olur. Üz-gözündən ətrafda  hər kəsə  meydan oxuyan hökmranlıq iddiası boylanır. Professor öz çəkisini, yerini, dəyərini bilən adamdır.  Ətrafdakı adamlarla mümkün qədər məsafə saxlayır. Yaxından tanıyanlar deyirlər ki, çox qürurlu olduğundan adamlarla dil tapa bilmir.Tanıyanlar bunu da deyirlər ki, professor acıdildir, ünsiyyəti sevmir, amma ürəyi təmizdir. Əlbəttə, onu yaxından tanıyanların sayı çox deyil. Professor yol gedərkən başını dik tutub ətrafa baxmadan, şəstlə yeriyir. Elə şəstlə yeriyir ki, yanından salam verib ötən tanış –bilişlərini də çox vaxt görmür. Buna görə ondan inciyənlər də olur. Amma inciməyə  dəyməz!  Durub adamlara hesabat verməyəcək ki, niyə belə şəstlə yeriyirəm, niyə adamlardan bir pillə yuxarıda görünürəm? Professor hesabatı yalnız özünə verir. İçində ağıllı, ciddi bir qadın gizlənib,  onu öz zəhmi, zabitəsi ilə daim yuxarıda saxlayır, artıq hərəkət etməyə, aşağı enməyə qoymur.

Professor divarlarına üstü  yasəmən çiçəkli divar örtüyü çəkilmiş otağında tək yaşayır. Bir də “Zəvzək” adlı pişiyi var ki, evin içində quyruğunu dik tutaraq onunla o başa-bu başa gəzişir.

Pişik demişkən, çalışdığı institutda dedi- qodu gəzir ki, guya professor tək yaşadığı  evində pişiyi ilə adam kimi rəftar edir, onunla danışıb-gülür, məsləhətləşir, hətta ona mühazirələr oxuyur. Pişik də guya qeyri-adi pişikdir, dil açıb adam kimi onunla danışır.  Guya professor  pişiyinə sevgili tapıb, onları evdə görüşdürür, hətta toy da edib onlara. Dedi-qoduçular ardınca da əlavə edirlər ki, yazıq neyləsin axı… tək adamdır. Özünü vaxtında sevən, alan olmayıb, o da azarını belə öldürür.  Bu tipli bir çox dedi- qodular eşidilir və bəziləri gəlib professorun qulağına da çatır. Dedi-qoduçular bütün bunlardan sonra qulaqlarını şəkləyib dinləyirlər ki, görək professor nə cavab verəcək, nələri açıqlayacaq, nələri öyrənəcəklər? Amma boş yerə… Bütün bunlar professorun heç vecinə də deyil,  baş  qoşmur onlara. Bilir ki,  şöhrətli adamın arxasınca həmişə belə dedi-qodular gəzir. Düşünür ki, hələ axtarsan, bəlkə, paxıllıq da var bunun içərisində.

Bir sözlə, professor bağlı boğçadır, qıfıllı sandıqdır ətrafdakılar üçün. Bəzən adama elə gəlir ki, o, elə doğdu- bitdi, anadangəlmə, hazırca  professordur.

Ara-sıra qulağına dəyən ”Qarımış qız!”, “Evdə qalmış!”, “Ürəksiz müqəvva!” sözləri də professoru sındıra bilmir.

Amma evindəki yasəmən çiçəkli divar kağızları yaxşı bilirlər ki, professorun  gizlində, özüylə tək qaldığı vaxtlarda, geriyə baxıb qəhərləndiyi, köks ötürdüyü vaxtlar da az deyil.

Divar örtüyündəki  çiçəklər professorun sirdaşıdır. Professorun o çiçəklərlə danışdığı vaxtlar da çox olub. Hətta tək qaldığı uzun gecələrdə  özü üçün bayatılar da deyib. O yasəmən çiçəkləri şahiddir ki, professorun geridə bir keçmişi var və bu  keçmişin içərisində Qədir adlı bir oğlan da var. Bir vaxtlar tələbə yoldaşı olmuş bu oğlan  onun zəif tərəfidir, həm də xatırlamalı olduğu ən işıqlı yerdir. Yasəmən çiçəkləri şahiddir ki, professor onu çox xatırlayır. Həm də, Qədir onun keçmişindən boylanan yeganə kişidir.

 Çiçəklər də, professor da yaxşı bilir ki, bir vaxtlar Qədir adlı oğlan ölürdü onunçün.  Məcnun kimi, Kərəm kimi,  daha nə bilim,  nə kimi çöllərə düşmüşdü, sevirdi onu. Az qalmışdı sevgisi dastana çevrilsin.  O vaxt professor da cavan, yaraşıqlı qızdı. Göz qoyanı, söz deyəni də az deyildi.  Amma eşq, sevgi söhbətləri heç vecinə də deyildi. Yüz dənə işi, qayğısı, planları vardı. Gecə-gündüz kitabxanalardan çıxmırdı, az qala yol gedə-gedə kitab oxuyurdu. Elə tələbələr də, müəllimlər də savadına, çalışqanlığına görə  onu  “Professor” deyə çağırırdılar. Bu ad onu çox fərəhləndirirdi. Şöhrət özü gəlib onu tapmışdı, elmi iş də vermişdilər. O vaxtdan da ətrafdakı yaşıdları ilə arasında bir sədd yaranmışdı. Özünü yuxarıda hiss etdiyindən, nə qədər edirdi o uşaqların yanına enə bilmirdi. Belə bir məqamda Qədir də düşmüşdü onun dalınca. Hara gedirdisə,  kölgə kimi izləyirdi. İnstituta gedirdi orda görürdü, kitabxanaya gedirdi orda qarşısına çıxırdı, dayanacağa gəlirdi Qədir ordaydı. Amma Qədir nə qədər cəhd edirdisə də qız yumşalmırdı ki, yumşalmırdı. Hər dəfə Qədirin sevgi dolu ismarıclarına qısa və sərt cavab verirdi.

O zaman tələbələrin içərisindən  Qədiri danlayanlar da çox idi: Bunun nəyini sevirsən? Qupquru odun kimi bir şeydir, hissi, duyğusu da yoxdur.  Amma xeyri olmamışdı. Görünür, oğlan öz ürəyiylə bacarmırdı. Profesor da artıq Qədirin onu izləməsinə alışmışdı, görməyəndə darıxırdı.

Qədirlə sonuncu görüş isə professorun gün kimi yadındadır. Diplom işi ərəfəsiydi.Tələbə yoldaşlarının çoxu professordan diplom işiylə bağlı məsləhətlər alırdı. Qədir də məsləhət almaq üçün professorun yaşadığı tələbə yataqxanasındakı köhnə, balaca otağına gəlmişdi. Masanın ətrafında üz-üzə oturmuşdular.  Professor mövzunu bir müəllim kimi həvəslə başa salır, Qədiri tələbə kimi suala tutaraq bilmədiyini izah edirdi. Amma hiss edirdi ki, oğlanın fikri dağınıqdır, qonur rəngli gözlərini tez-tez ondan qaçırır. Sonra masaya çay gəldi. Oğlan çaydan bir qurtum alıb ürəyini boşaltdı. Bu çay da, qulpu düşmüş  o fincan da professorun indiki kimi yadındadır. Hətta, bir az dərinə getsə, o çayın qurtumunun səsi də yadına düşər. Oğlan aramla danışırdı. Səsində əlacsızlıqdan doğan bir titrəyiş vardı, rəngi ağarmışdı, elə bil məhkəmədə ömürlük həbs cəzası alan birisi son nitqini söyləyirdi:

  • Mənim sənə olan münasibətimi özün bilirsən. Bu gün sabah institutu  bitiririb hərəmiz bir tərəfə gedəcəyik. Səni uazaqdan da olsa görə bilməyəcəyimi fikirləşəndə dəli oluram.  Səni görməsəm ölərəm! Sənsiz mümkün deyil! İnan ki, ölərəm!

O zaman Qədirin səsi onlarla tələbəni yola vermiş  o köhnə otağın divarlarına dəyib ordan  geri qayıdırdı. Saysız-hesabsız tələbələri o tərəf-bu tərəfə ötürən, üstünün rəngi qopub tökülmüş taxta qapı belə, oğlanın ürəyindəki alovu- odu duyur, cırıltısını boğub susurdu.

Doğrudur, sonralar professor öz- özünə hesabat verirdi ki, onu o vaxt içindəki bir dəli şeytan yoldan çıxartdı. Yoxsa, razılaşacaqdı Qədirin təklifiylə. Guya o gün az qalıb desin ki, razıyam səninlə getməyə,  gəl evlənək.  Amma deyə bilməyib tamamilə əksini söylibmiş.

O gün professor ciddi görkəm alıb Qədiri qapıya ötürmüşdü:

– Əlvida! Get xoşbəxt ol! Mənim başqa planlarım var!  Məni bir də narahat eləmə!

 Qapının ağzında üzbəüz dayanmışdılar. Birdən- birə Qədir  nə fikirləşmişdisə, qızı özünə tərəf çəkib sinəsinə sıxmış, dodaqlarını dodaqlarına yapışdırıb bərk- bərk öpmüşdü. Professor   onun qollarının arasından çıxmağa çalışsa, çabalasa da, çıxa bilməmişdi. Sonra sakitləşib qeyri -ixtiyari oğlana təslim olmuşdu. Bu eşq səhnəsi bir qədər çəkmiş və nəhayət ki, oğlanın qolları arasından qurtularaq özünü çarpayıya atmış, əlini hələ də göynəyən dodaqlarına sıxıb xeyli ağlamışdı. Qədirdən bunu gözləmirdi. Ona elə gəlmişdi ki, qüruru parçalanıb tökülüb, yerlə yeksan olub. Bərk qəzəblənmişdi.

Aradan illər keçmiş və professor bir daha Qədiri görməmişdi. Bu illər ərzində çoxlu uğurları olmuş, ad-san qazanmışdı. Bir vaxt müəllimlərinin ona verdiyi “professor” adını doğrultmuşdu. Artıq dünyanın çox yerində tanınırdı. Əlbəttə, bütün bunlar asan qazanılmamışdı. Geçə-gündüz çalışmış, zamanını, əməyini sərf etmişdi. Başı o qədər qarışmışdı ki, illərin necə keçdiyindən xəbəri olmamışdı.

Amma tək qaldığı vaxtlarda Qədirlə olan son görüşünü də  dəfələrlə xatırlamışdı professor. Daha əvvəlki kimi qəzəblə deyil, həyəcanla, həsrətlə  xatırlayırdı. Hər dəfə də  xatırlayanda dodaqları göynəyir, bədəninə həyəcan gəlirdi.  Ürəyi xoşbəxlikdən çırpınırdı. Yenə də o sevgini, o həyəcanı istəyirdi. O sonuncu görüşü, rəngi tökülmüş qapınının ağzında oğlanın qolları arasında sıxılıb qaldığı dəqiqələri heç unutmamışdı. Hətta professor belə güman edir ki,  o vaxt oğlan onu qollarının arasından buraxmasaydı, tamamilə oğlana təslim də ola bilərdi…

Sonralar bir neçə dəfə Qədirə zəng etmək də istəmişdi professor. Amma müxtəlif səbəblərdən fikrindən daşınmışdı. Sevdasını qüruruyla, şöhrətiylə birlikdə özüylə uzun illərin sonuna daşımışdı.

Bütün bunları divar örtüyündəki yasəmən çiçəkləri də bilirdi. Yasəmən çiçəkləri sirr saxlamağı yaxşı bacarır…

Tanış-bilişlərdən öyrənmişdi ki,  Qədir evlənib, iki qızı da var. Qədir haqqında son məlumatı isə 5 il əvvəl  almışdı: Qədirin yoldaşı rəhmətə gedib, qızlarını ərə verib, özü də evində tək yaşayır.

Bir gün professor yenidən Qədiri xatırladı. Özü də elə xatırladı ki, bu əvvəlki xatırlamalara bənzəmədi. Birdən –birə ürəyi Qədiri istədi.

Əslində, bu gün o biri günlərdən elə də fərqlənmirdi. Professor bu gün də həmişəki kimi institutda mühazirəsini oxumuş,  dərslərə gəlməyən tələbələrə ciddi şəkildə xəbərdarlıq etmiş, xarici ölkədə keçiriləcək konfransa cavab məktubu yazmışdı. Mühazirəsini birtəhər, candərdi yola vermiş müəllimləri danlamağı da unutmamışdı.  Sonra institutun geniş dəhlizində xeyli gəzişmiş, tələbələrin, eləcə də gənc müəllimlərin onu görərkən özlərini necə yığışdarmasına gizlincə göz qoymuş, ürəyində qürurlanmışdı.

Evə həmişəki kimi yorğun qayıtmışdı. Amma bu dəfə həmişəkindən fərqli olaraq elə dəhlizdə ayaqqabısını soyunarkən ürəyinə bir darıxmaq havası gəlmiş, onun ardınca da Qədiri xatırlamışdı.

Görəsən, Qədir indi hardadır?  Bu an nə edir? Yəqin ki, yatmış olar. Tək adamdır.  Özlüyündə etiraf etdi ki,  son günlər Qədiri yaman tez-tez xatırlayır, həm də həmişəkindən çox arzulayır. Görəsən, Qədir yenə də onu sevirmi? Aradan nə qədər illər keçib, sular axıb. Yox, unuda bilməz! Düz beş il onunla nəfəs alıb, zarafat deyil. Yağış bilmirdi, qar bilmirdi yataqxananın qarşısında dayanırdı. Professor köksünü ötürdü, yenidən ürəyinin başı odlandı.

Pəncərənin qarşısına gəldi. Küçəyə tamaşa edən  professora elə gəldi ki, hamı  qeybə çəkilib, bu şəhərdə bircə o mövcuddur, bircə o təkdir. Bu şəhər də, adamlar da harasa köçüb. Az qaldı dəli olsun. Onsuz da gecədən xoşu gəlmirdi. Gecə küçədəki adamları sakitcə udurdu…  Professor  ünsiyyət qurmağı sevməsə də, uzaqdan adamlara tamaşa etməyi sevirdi. Həmişə təkliyə meydan oxuyan professor əməlli-başlı darıxdı, az qaldı hönkürüb ağlasın, canavar kimi ulasın…

Divar örtüyündəki yasəmən çiçəkləri də ləçəklərini sallamışdı.

“Qədir də mənim kimi təkdir, bəlkə o da darıxır. Bəlkə, o da indi  pəncərənin qarşısında dayanıb darıxmağını boğur”. Ruh haqqındakı yazılardan oxumuşdu ki, müxtəlif  insanlar eyni anda eyni şeyi hiss edə, eyni şeyi düşünə bilirlər. Qədirə görə də ürəyi sıxıldı, ürəyinə sevgi qarışıq bir mərhəmət hissi də doldu.   Amma bir az keçmiş ağlına bir fikir də gəldi.  Bu dəfə bir az da bəd tərəfini düşündü… “Nə bilirsən, bəlkə heç tək deyil, kimisə tapıb baş-başa verib, günü də xoşdur”. Bax, bu fikir az qaldı professoru dəli eləsin. “Bu axmaq fikir hardan ağlıma gəldi?!”Evin ortasında o tərəf-bu tərəfə gəzişməyə başladı.  Özünü danladı: “gərək elə harda pis şeylər var ağlıma gətirim. Yox, bu hamısı o şeytanın işidir…”

Professor əli ilə divar örtüyündəki  çişəkləri sığalladı. Çiçəklər sakitcə ləçəklərini şəklədi. Çiçəklərin professora kömək etməyə güçü çatmadı. Professor əməlli-başlı narahat oldu, təlaşlandı. İçində həyəcan qarışıq bir qorxu baş qaldırdı. Yox, bu gün nə isə qəribə gündü. Bir az keçmiş içində bir işıq yandı, bu işıqdan ürəyi istiləndi. “Sabah Qədirə zəng edəcəm, açıq danışacam. Deyəcəm, gəl birlikdə yaşayaq!  Baş-başa verək!” Ürəkləndi. Qəti qərara gəldi: bu dəfə alınsa da, alınmasa da sözünü deyəcək. Bu dəfə hər şey başqa cür olacaq. Necə də ağlına gəlməyib bu vaxta kimi… “Açıb deyəcəm  ki, mən də səni sevirəm. Mən də sənə biganə deyiləm. Bunu sonralar başa düşmüşəm. Sadəcə açıb deyə bilmirəm”. Görəsən, alınarmı?

Divar kağızındakı yasəmən gülləri gülümsündü. Çiçəklər canlandı. Ləçəkər razılıqla başını yellədi.

 Professor daha heç nə düşünmədən yatmağa çalışdı, yatanda vaxt keçib gedirdi. “Birtəhər sabahı açmaq lazımdı. Elə ki, sabah açıldı hər şey düzələcək. Kim nə deyir-desin,  gündüzün öz hökmü var. Sabah hər şey gözəl olacaq!” Amma nə qədər cəhd etdisə, yata bilmədi. Qədir söhbəti beynindən çıxmadı. “Görəsən, indi neyləyir, yatıbmı? Yatmış olar. Bəlkə elə indi zəng edim?..”

 Vərəqləri saralmış dəftərçədə  Qədirin nömrəsini tapdı.

Əlləri titrəyə-titrəyə nömrəni yığdı. Ürəyi az qaldı həyəcandan yerindən çıxsın.

Dəstəyin o başından səs gəldi.  Qədirin səsi heç dəyişməmişdi. Həm də səs aydın idi. Demək yatamayıbmış hələ.

Qədir dərhal onun səsini tanıdı. Səsində çaşqınlıq qarışıq sevinc hiss olunurdu. Bir-birinui uzun müddət görməyən adamlar necə hal-əhval tutursa, eləcə bir-birindən hal-əhval tutdular.

-Səni görmək istəyirəm,- söylədi- işim var.

Qədir yenə əvvəliki aydın səslə:

 -Sabah gəl iş yerimə,- dedi. Sonra işin ünvanını başa saldı, sağollaşdılar.

Vəssəlam! Xoşbəxtliyin bu qədər yaxında olacağı, həm də asan başa gələcəyi heç ağlına da gəlməzdi. Çiçəklər  baş-başa verdilər, ləcəklər alışıb yandılar. Çiçəklər divarda yallı getdilər. Ev işığa büründü. Aman allah, xoşbəxt olmaq olurmuş! Hər şey adamın öz əlindəymş! Bu başqa cür xoşbəxtlik idi.  Seminarlarada alqışlanmaq, institutun rəhbərinin əlindən diplomlar almaq, gözqamaşdıran titiullar,  filan deyildi bu. Nə idisə, başqa şeydi və çox gözəldi… 

“Görəsən, Qədir bura gələrmi yaşamağa? Bəlkə də, onun öz evində qalarıq. Nə fərqi var?..  Amma yox, bu evə öyrəşmişəm. O bura gəlsə yaxşı olar. Yataq otağının mebelini də dəyişərəm. İki adamlıq çarpayı almaq lazımdır”. Birdən -birə bədəni istiləndi. Qədirin nəfəsini hiss elədi.  Həyəcanlandı. Ürəyi sevinclə döyündü.

Səhər işdən icazə aldı. İllərdən bəri ilk dəfə işə getmədi.  

Evdən çıxmazdan əvvəl xeyli güzgünün qarşısında dayandı. Fərəhlə  üz-gözünə əl gəzdirdi, bacardığı kimi bəzəndi. Hiss etdi ki, bəzənməyə əli yatmır. Belə şeyləri çoxdandı yadırğamışdı. Amma rəngi xeyli açılmışdı. Güzgüdən sanki başqa bir qadın boylanırdı. Bu qadın xeyli cavan görünürdü.

Tələsmədən, Qədirin söylədiyi kimi, 4-cü mərtəbəyə  qalxdı.

Qapının ağzında xeyli tərəddüd elədi. Nəhayət qapını döydü. İçəridən səs gəldi. Ağ xalat geyinmiş 40-45 yaşlarında xoşsifətli, gülərüz bir qadın qapıda göründü. Professorun düşündüyünə görə qapını Qədir açmalıydı. Hələ qapının ağzında bir xeyli donub qalmalıydı da… sonra qucaqlaşıb görüşməliydilər.

-Buyurun, professor. Qədir demişdi gələcəksiz. Bir iş üçün çıxdı, 10 dəqiqəyə qayıdacaq. Siz allah, əyləşin, çay verim sizə.

Küncdəki kolbalardan və  başqa cihazlardan anladı ki, bu qadın Qədirin laborantıdır. Qadın mehribanlıq göstərdi, çay süzdü.

-Qədir sizdən danışıb. Bilirəm, birlikdə oxumusunuz. Ən yaxşı oxuyan, şöhrət qazanan  da siz olmusunuz tələbələrin arasında.

Professor istədi soruşsun ki, daha nələri danışıb Qədir, üzü gəlmədi.  Qadının Qədir müəllim yox, eləcə Qədir deməsi professoru açmadı. Nəsə narahatlıq yarandı ürəyində. Bu niyə Qədir müəllim demir?!  Həm də, bu qadının yanında Qədirlə necə açıq danışacaq? “Yəqin ki, bu  qadın çölə çıxar, ya da biz başqa bir yerdə oturarıq”. Gözəyarı qadını süzdü, ürəyində özüylə müqayisə etdi. Üstünlüyü özünə verdi və anladı ki, çığallıq edir.

Çox keçmədən Qədir gəldi. Qapıdan içəri girən kimi professorun üstünə gəldi, professorun ürəyi titrədi. O qədər də dəyişməmişdi. Şux qaməti,  qonur gözləri, gülümsəməyi əvvəlkiydi elə. Doğma adamlar kimi qucaqlaşdılar. Professor onun ürəyinin döyüntüsünü də hiss elədi. Ona elə gəldi ki, neçə il əvvəlki kimi, yataqxanada, qapının ağzında qucaqlaşıblar. Ürəyi sevinclə çırpındı. Adətinə xilaf olsa da,  birinci özü hal-əhvl tutdu, həm də dil-dil ötdü.

 Qadın ayaq üstə dayanıb onlara tamaşa edirdi. Birdən Qədir qadına tərəf döndü, ona işarə edib dilləndi:

–  Yəqin ki, artıq tanışsınız, bu da mənim köməkçi laborantım, dostum, iş yoldaşımdır.  Həm də…həm də, həyat yoldaşımdır – bir sözlə, hər şeyimdir… 3 ildir evlənmişik.  Yəqin xəbərin oldu,  həyat yoldaşım  5 il bundan əvvəl vəfat edib. Mən də təkliyin daşını bu gözəl xanımla atdım.

Professorun  ürəyinə sanki ox sancıldı. Bir anda əli yerdən-göydən üzüldü. Qüruru çilk-çilik olub yerə səpələndi. İmkanı olsa, özünü gizlədib yoxa çıxardı. Nə edəcəyəni, nə söyləyəcəyini bilmədi. Sanki halalca əri öz evində  üstünə başqa arvad gətirmişdi. Az qaldı müvazinətini itirsin. Dizləri titrədi. Bayaqkı gülərüz, mehriban qadın gözünə ifritə kimi göründü. Birtəhər özünü ələ aldı. Nə edəcəyini, nə söyləyəcəyini bilmədi. Şeytanı köməyə çağırdı, şeytanla köməkləşib rol oynadılar.

–Hə, nə gözəl! Sevindim, əladır!  Xoşbəxt olun! Təklik bir şey deyil… Doğrudur, mənim üçün elə fərqi yoxdur. Başım qarışır, elə tək olmaq sərf edir. Elmi işlərim, məqalələr…

  Ürəyindən qara qanlar axsa da, professor şöhrətindən, uğurlarından söz açdı, bir az da qadının acığına qazandıqlarını dönə-dönə sadaladı.  Özü də hiss etdi ki, danışdıqları sabun köpüyü kimi  uçub getdi.

Qədir maraqla onu dinlədi, qadına üzünü tutdu:

– Sənə danışmışdım axı, professor bizinm tələbələrin gözü idi. Çox istedadlıdır. Hətta bir müddət dəlicəsinə vurulmuşdum da ona. Az qalırdım dərdindən intihar edəm. Gənclik idi də, hisslərimiz coşub daşırdı. Dəlilikdi…

Şeytan professorun  yadına saldı ki, bura gəlməyinin məqsədini deməlidir, nəsə uydurmalıdır.

-Mən də sizin mərkəzlə bağlı  bir elmi məqalə yazmaq üçün gəlmişdim. Amma işə qayıtmalı oldum. Qalsın gələn dəfəyə.

-Hə… Necə istəyirsən. Amma nə vaxtdır görüşmürük.  Aşağı düşək, üçümüz  birlikdə nahar edək, həm də söhbətləşək.

-Yox, sağ ol!  Çox tələsirəm. İşdən zəng ediblər, təcili qayıtmalıyam.

Aşağı düşdü. Qədir onu küçəyə kimi  ötürdü.

Dərhal taksiyə əyləşib ordan uzaqlaşdı.

Ayağını sürüyə -sürüyə  gəlib oturacaqda əyləşdi. Ürəyində, beynində bir boşluq hökm sürürdü.  Daha nə Qədir vardı, nə də illərlə ürəyində gəzdirdiyi  xəyalları.  Ağacların başındakı sərçələr cikkilti ilə uçuşurdu. Belini oturacağa söykədi. Uzaqdan çalışdığı  institutun ağappaq divarı görünürdü. Ağappaq, boyasız, rəngsiz divarları..

Müəllif: NARINGÜL NADİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 40 qəzəl”

Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.

Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Özkan Hüseyinlə görüş keçirildi

Türkiyəli araşdırmaçı, şair-ozan,  BATTAM-ın başkanı Özkan Hüseyinlə görüş keçirildi

03 oktyabr 2019-cu il tarixində Abşeron rayon Mərkəzi Kitabxanasında böyük Turançı, araşdırmaçı, şair-ozan, BATTAM-ın (Batı Trakya Türkləri Araşdırma Mərkəzi ) başkanı Özkan Hüseynlə görüş keçirildi və  ona təqdim olunacaq dünya mədəniyyət və barışına elədiyi xidmətə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Uluslararası Ödül Birliyinın (UNKOPA) “Avropa Ali Xidmət ordeni” nin təqdimatı keçirildi.  Görüşdə şair və yazıçılar, mərkəzi kitabxananın işçiləri, oxucular, eləcə də müxtəlif təşkilat və qurumların mediya nümayəndələri iştirak etdilər.

Görüşü giriş sözüylə açan kitabxananın direktoru, tanınmış şair Məlahət Yusifqızı Özkan Hüseyinin həyat və mübarizə yolundan, türk dünyası üçün göstərdiyi xidmətlərdən söz açmışdır. O bildirmişdir ki, Özkan Hüseyinin adı artıq bizlərə çoxdan tanışdır. Dəfələrlə Bakıda qonaq olmuş və bizim mərkəzdə  görüşləri keçirilmişdir. Hamımıza məlumdur ki, araşdırmaçı şair –ozan Özkan Hüseyin çox çətin və mübariz bir həyat yolu keçmişdir.  Özkan bəy bir daha sübut elədi ki, Türklər  harda olursa-olsun öz  dilinə, mədəniyyətinə, adət-ənənələrinə sadiq çıxır və onu inamla yaşadır.

Medalı Özkan Hüseyinə təqdim etmək üçün söz “Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, Azərbaycan Texniki Universitetində “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, Texnika və Filologiya Elmləri Doktoru, Professor, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri, şair Elçin İsgəndərzadəyə verildi. O, Özkan Hüseyini uzun illər öncə tanıdığından, onun mücadilə yolunun şahidi olduğundan söz açdı. Elçin İsgəndərzadə  bildirdi ki, Özkan Hüseyinin tolerantlıq, sülh və  ədalət yolunda  apardığı işlər olduqca diqqətəlayiqdir. “ Mən, Yunanıstan türklərinin  yaşayış tərzi, mədəniyyəti, adət-ənənələri ilə tanışam. Onların milli dəyərləri, adət-ənələri, dil və mədəniyyətlərinin qorunması yolunda Özkan Hüseyinin apardığı mücadilə bir qəhrəmanlıq savaşıdır. Bu yolda onun necə çətinliklərlə rastlaşması, böyük əzmlə, iradəylə mübarizə aparması öz layiqli qiymətini almışdır. İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UNKORA (Beynəlxalq  Mükafatlar Birliyi) Özkan Hüseyini olunan  DÜNYA MƏDƏNİYYƏTİNƏ VƏ SÜLHƏ  Göstərdiyi XİDMƏTLƏRƏ GÖRƏ  “Avropa Ali Xidmət Ordeni”  (qızıl medal)  ilə təltif etmişdir. Və biz bu önəmli mükafatı Özkan bəyə Bakıda verməyi qərara aldıq”. Sonra Elçin İsgəndərzadə medalı Özakan Hüseyinə qədim etdi.

Tədbirdə şıxış edən şair Şəfəq Sahibli də Özkan Hüseyinin türkçülük yolunda göstərdiyi xidmətlərdən  söz açdı, bildirdi ki, onun haqqında yazılan çoxsaylı məqalə və bədii nümunələri, eləcə də Azərbaycanda onunla keçirilən müxtəlif görüşlərdən hazırlanan reportajları “Türkün səsi və sözü” adlı kitabda topladıq.  Bu, Özkan bəyin əməyinə bizim tərəfimizdən verilən qiymətdir.

Yazıçı Narıngül də çıxış edərək bildirdi ki, Özkan Hüseyinin şair və aşıq kimi də fəaliiyəti də diqqətçəkəndir. Özkan bəyin ifa etdiyi mahnılarda bir hayqırtı, vətən sevgisi, qürbət yanğısı hiss olunur.  

Tədbirdə İlqar Türkoğlu, Hüseyn Sözlü, Arzu Nehrəmli, Balayar Sadiq, Pəri Muradova, Mafilə Müntəzir, Səmayə Güləliqızı, Azad Qəlbinur, Aləmzər Sadıqqızı, Xalid Laçınlı, Esmira Məmmədli, Aygün Hüseyn, Mütalib Tahiroğlu, Vüsal Ağayev, Əzizə Ağahüseynqızı, Elmira Aslanxanlı, Mübariz Qəzənfəroğlu, Xəlil Əhmədəliyev və b. şıxış edərək Özkan Hüseyini təbrik etdilər və ona öz arzularını bildirdilər.

Tədbirin sonunda çıxış edən Özkan Hüseyin, Professor Elçin İsgəndərzadəyə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Mənbə: NARINGÜL NADİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Narıngül Nadir – ilk hekayə

“PATRON”UN ÖLÜMÜ

(İlk hekayəmdir. İllər əvvəl “Ulduz” jurnalında nəşr olunub.)

Gonbul Sürəyya nəfəsi təngiyə-təngiyə otağa daxil olub qışqırdı ki, arvad öldü. Hamı bir anlıq donub qaldı. Əvvəlcə heç kim dinmədi, otaqdakılar key-key bir-birinin üzünə baxdılar. Bir qədər keçmiş qəfildən ortaya atılmış xəbərin buzu əridi, hamıya çatdı. Hərçənd ki, Sürəyya artıq eyni sözü üç- dörd dəfə təkrarlamışdı. Həyəcandan az qalırdı ölsün. İri gözləri əməlli-başlı hədəqədən çıxmışdı. Birinci dillənən Lalə oldu:
– Niyə?
– Maşın vurub.
Yenidən sükut çökdü. Hamının geniş açılmış, sual dolu gözləri Sürəyyanın üzünə dikildi. Sürəyya bu an otaqda ən vacib adam olduğunu anladı və bir az da lovğalıqla, qaşlarını çataraq susdu. Sonra keçib alçaq, köhnə pəncərənin qarşısında dayandı:
– Küçədə eşitdim. “ Patron” ölüb. Kürəkəni maşınla apardı xəstəxanaya. Vəziyyəti yaxşı deyilmiş, ordaca keçinib. Kirayənişin qızlar ev sahibəsini öz aralarında “patron” adlandırırdılar.
Məhəllə bir-birinə dəydi. Günorta yaxınlaşdığından günəş həyətdəki tut ağacının arxasından boylanırdı. Tut ağacının yarpaqları par-par parıldayırdı.Yarpaqların məsumluğu adamın gözünə dolurdu.
Həyətin ortası bir anda adamla doldu. Ümumi həyət olduğundan burda hamı bir ailə kimi yaşayırdı. Ən gec gələn həyətin başındakı evin ikinci mərtəbəsində yaşayan “piyaniska Hüsü” oldu. Hüsü səntirləyə-səntirləyə aşağı endi, gözlərini ovuşdurdu. Onu saya salan olmadığından gedib pilləkəndə əyləşdi. Ətrafa ucuz araq iyi yayıldı.
Küçənin başındakı kiçik dükanların qarşısından yoldan keçənlərin sorğu-sualı eşidilirdi. Səs gah aşağı enir, gah da yüksəlirdi. Və hər dəfə eyni sözlər təkrarlanırdı.
Gonbul Sürəyya da artıq kirayənişin yoldaşları ilə adamların arasında idi. Köhnə, taxta həyət qapısının ağzında dayanıb küçədəki adamlara tamaşa edirdi. Yeni gələnlərə xəbəri ötürən də o idi. Küçənin o biri başından gələn maşın qapının ağzında yavaşıdı. Gələnlər tələm- tələsik həyətə daxil oldular. Sürəyya yanındakılara elan verdi: bu gəlinidir, o biri gəlinin bacısı, qardaşı… Sürəyya bu evdə qızlardan xeyli əvvəl yaşadığından “Patron”un qohumlarını yaxşı tanıyırdı.
Həyətdəkilər bir anda gələnlərin başına toplaşıb, sorğu- suala tutdular. Qara paltarlı qadın başa saldı ki, xəstəxanada keçinib, gətirəcəklər bir azdan, hazırlıq görmək lazımdır.
Adamlar tələm-tələsik o tərəf- bu tərəfə vurxunmağa başladılar, qab-qazan səsi, taxta pilləkənlə qalxıb-enənlərin ayaqlarının tıqqıltısı bir-birinə qarışdı. Həyətə çoxlu yad adamlar daxil oldu.
Gonbul Sürəyya qızları başına yığıb bir tərəfə çəkildi. Nədən ki, kirayə qaldıqları otaqdan da yas məclisi üçün istifadə etməyə başladılar. Bazarlıq dolu çantaları bir-bir gətirib ora yerləşdirdilər. Sonra qızların çarpayılarını yığışdırıb bir kənara qalaqladılar, sonda isə qonşunun zirzəmisinə daşıdılar. Kirayənişin qızlar da qollarını çırmalayıb işə girişdilər. Kömək göstərməyə, əl- ayaq etməyə çalışdılar.
Həyətin otrasındakı su kranının başında qadınlar növbəyə düzüldülər. Kimi göyərti yumağa, kimi tavadakı düyünü suyun altında islatmağa, kimi başqa bir işlə məşğul olmağa başladı.
Artıq günəş həyətin ortasındakı tut ağacının başından xeyli yuxarı qalxmışdı. Ordan həyətdəkilərə tamaşa edirdi.
Hüsü fikirli-fikirli tut ağacını başdan-ayağa süzdü, sonra nəzərlərini günəşə dikdi. Hüsünün arvadı da həyətdə fırlanan arvadların içərisində idi. Oğlu isə qapının ağzına yığılmış gənclərin arasında çöməltmə oturmuşdu. Həyətdəki qadınlara kömək edən kirayənişin qızlar gözucu Hüsünün oğlunu süzürdülər. Hüsünün oğlu hündür boylu və yaraşıqlıydı. Hüsünün arvadı da gözəl qadındı, diqqətlə baxanda mələyə bənzəyirdi. Üzündə müqəddəs bir işıq vardı. Hüsünün oğlu yaraşıqlı olduğunu hiss etdiyindən gəzişində, duruşunda bir qədər lovğalıq hiss olunurdu. Qonşu qadınlar onun haqqında deyirdilər ki, çox qanacaqlı, sakit, böyük-kiçik yeri bilən uşaqdır.
Hüsünün oğlu son vaxtlar gözəl bir qızla görünürdü küçədə. Kirayənişin qızlar oğlanın onlardan xeyli uzaqda dayandığını hiss edirdilər. Amma yenə də ona tərəf baxırdılar, eləcə baxırdılar. Özləri demişkən, baxmaq da pulla deyildi ki?..
Bir qədər sonra ara qarışdı, deyəsən, gətirirdilər. Hamı o tərəf- bu tərəfə qaynaşmağa başladı. Təkcə Hüsü gözə dəymirdi.
Hüsünün arvadı taxta pilləkənlə yuxarı qalxdı. Bir qədər sonra içəridən səslər gəldi. Hüsü arvadına qışqırırdı, bəlkə də, döyürdü onu. Arvad nəyisə başa salmağa çalışırdı. Səsi qırıq-qırıq gəlirdi. Arvadın səsi cingiltili idi, Hüsünün qalın səsinə dəyib çiliklənirdi. Sonra yuxarıdan qab- qaşıq səsi eşidildi. Hiss olundi ki, bir dəstə qab yerə çırpılıb çilikləndi. Həyətdə hamı diqqətini yuxarı cəmlədi. Qadınlar bir-birinə baxıb him- cimlə başlarını buladılar. Kirayənişin qızlar gözlərini Hüsünün oğluna zillədilər. Hüsünün oğlu olanları eşidirdi. Yoldaşlarının yanında susub dayanmışdı. Əməlli- başlı pərt görünürdü, üzündə xəcalət hissi vardı. Artıq hamının gözü Hüsünün oğlunun üzünə zillənmişdi. Bir qədər sonra pilləkəndən aşağıya diyirlənən büllur külqabı asfaltın kənarındakı daşa dəyib çilik-çilik oldu. Ayna qırıqları muncuq kimi ətrafa səpələndi. Hüsünün oğlunun üzündəki işıq da qab ilə bərabər çilik-çilik oldu. Az sonra Hüsü səntirləyə-səntirlləyə pilləkəndə göründü, ardınca arvadının hıçqırıq səsləri eşidildi.
Hüsünün oğlu pilləkənin qarşısına gəldi. Hüsü axırıncı pillədə səntirləyərək pilləkənin kənarında yellənən taxta söykənəcəyə dirsəkləndi. Hüsünün oğlu atasının qarşısında dayandı. Gonbul Sürəyya içini çəkib qızların qolunu çimdiklədi. Hüsünün üzündə açılan şillənin səsi tüfəngdən açılmış atəş kimi şaqqıldadı. Hamı nəfəsini içinə çəkdi. Hamının içində bir qorxu, bir vahimə dolandı. Vahimənin ardınca həyətdəki adamlar yenidən diksindilər. Həyətdəki tut ağacının bir hissəsi ildırım vurmuş kimi ayrılaraq asfaltın üstünə sərələndi. Keyləşmiş adamlar bir anda ayıldılar. Bəlkə də, tut ağacı qopub düşməsəydi, hələ uzun müddət bu həyətin ortasında donub qalacaqdılar.
Hüsünün oğlu asta addımlarla heç kimin üzünə baxmadan həyətdən çıxdı. Bir daha onu bu həyətdə görən olmadı. Çox sonralar, anası onun həsrətiylə dünyadan köçəndə də, Hüsünün cansız cəsədi küçədəki qarın altından tapılıb gətiriləndə də onu “gördüm” deyən olmadı.
Özünə gələn adamlar tutun qırılmış budaqlarını həyətdən çölə sürüdülər. Budağın altındakı iri, yumru daşı götürüb atmaq istəyəndə hamı bir anlıq duruxdu. Bu daş hardan düşdü axı bura?! Həyətdəkilərin hamısı şahiddi ki, bu daş həyətin ortasında deyildi. Hamı bir-birinə baxıb and içdi ki, bu daş burda yox idi, heç vaxt olmayıb.
“Patron”un ölümündən sonra bu həyəti tərk edən və hərəsi bir tərəfə dağılışan kirayənişin qızlar illərdən sonra bir yerə yığışarkan Gonbul Sürəyya dönə-dönə qeyd elədi ki, Hüsünün oğlu atasını vurduğu vaxt daşın göydən enməsini öz gözləri ilə görüb.
– Daş göydən günəşin yanından endi, düz tut ağacının köksünə düşdü. Özüm gördüm, gözümlə gördüm…
Sürəyya az qalırdı ağlasın. Deyəsən, ona inanmayacaqlarından qorxurdu. İri həyəcanlı gözləri o tərəf- bu təfə qaçışırdı. Sonra nəyisə isbat edirmiş kimi asta səslə öz-özünə dilləndi: “Ömrümdə bu qədər qorxmamışdım!”

Müəllif: NARINGÜL NADİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru