NƏCİBƏ İLKİN

BİLMİRƏM

Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.

Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözün,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.

Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib, nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.

Deməyin, sərxoşam xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm.

= = = =

Dərdim sənsizliyin dərdini çəkir…

Bir səhər üz tutdum dənizə sarı,
Görüş yerimizdə ayaq saxladım.
Öpdü həsrət məni sən əvəzinə,
Töküldü gözümdən leysan, ağladım.

Mənə elə gəldi dəniz bu saat,
Coşaraq tez məni qucaqlayacaq.
Köksümə sığmayan hicran qəmini,
Sənin əllərinlə sığallayacaq.

Açıb gözlərimi nəmli baxışla,
Boylandım dənizə xəyala dönüb,
Sahili qucan o ləpələr kimi,
Sənə sarılmışdım suala dönüb.

Görmək istəməzdim sənsizliyimi,
Ağlar gözlərimi yumdum yenidən,
Hönkürtü səsimi batırmaq üçün,
Asılı qalmışdım bircə zəngindən.

Bu necə səadət, bu necə zülüm?!
Birisi inləyir, biri kef çəkir,
Nə yaxşı yenə də sən varsan gülüm,
Dərdim sənsizliyin dərdini çəkir.

Müəllif: NECİBE ILKİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru