Ramiz Həsənli “Üç yarpaq”-da

Ramiz Həsənli “üç yarpaq” – da


Vətən

Alın yazısıdır ömürdə hər an,
Arzular ürəkdə qalmasın balam.
Dərd-qəmin üstündə dağ tək ucalan,
Ümidlər qalası Vətəndir, Vətən.

Dağlarda yüksəlir bu haray, bu ün,
Ümiddən, arzudan qalalar hörün.
Vaxtsız qışa dönən hər şəhid ömrün,
Baharı, həm yazı Vətəndir, Vətən.

Üstündə dərd yığıb dövrü-zamanın,
Ömrü pərişandı ötən hər anın.
Gözü yaşlı qalan neçə ananın,
Dilinin laylası Vətəndir, Vətən.

Yağsa da torpağa möhnətin qarı,
Heç zaman qırılmaz ümid yolları.
Şəhid oğulların son yadigarı,
Analar anası Vətəndir, Vətən.

<<<<rAMİZ —- HƏSƏNLi>>>>

Göyçə sızıltısı,Ələsgər dərdi

Qəlbimi isidir yaz havaları,
Aşiqə güc verir naz havaları,
Dədə Ələsgərin saz havaları
Yaman sümüyümə düşüb bu axşam.

Yuxum gözlərimdən nədən tək keçir?
Xəyallar,əlində tər çiçək,keçir…
İçimdən dəli bir titrəmək keçir,
Zaman sümüyümə düşüb bu axşam.

Torpaq sədd,elədi nə qədər mərdi,
Tale günahını üstümə sərdi.
Göyçə sızıltısı,Ələsgər dərdi
Aman,sümüyümə düşüb bu axşam!

<<<<RAMİZ —- HƏSƏNLİ>>>>

PİRDİ ƏLƏSGƏR

(Dədə Ələsgərin ulu ruhuna ithaf edirəm.)

O Şahi-Mərdanın durub yanında, 
Haqq nuru çağlayıb onun qanında.
Bil, Saz məclisində, söz meydanında,
Əzəldən bircədi, birdi Ələsgər.

Ariflər zövq aldı onun səsindən,
Zərgər tək ayırdı “əlif”i “sin”dən.
Heç zaman enmədi saz sinəsindən,
Sənət meydanında sirdi Ələsgər.

İrfan dünyasının əvəzsiz şahı,
Könüllər mülkünün oldu pənahı.
Daim zikr eylədi Kəlamullahı,
Əzəldən övliya, pirdi Ələsgər.

Hər vədə nəfsiylə çıxdı savaşa,
Tamahın yolunu çox basdı daşa.
Mərifət elmini yetirdi başa,
Haqqın qapısından girdi Ələsgər.

İlahi, dağılsın qəlbimin çəni
Incitmə Ramiz tək qəlbi incəni.
İnşallah, fürsət ver görüm Göyçəni,
Ruhumu isidən sirdi Ələsgər.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru