QABİL DƏRDLİ

Qabil dərdli “üç yarpaq” da

BUNDAN ARTIQ DƏRD OLAR?

Dərdin nədi, sorma mənə,
Zəhrimardan qənd olarmı?
Bağrım başı sana-şana,
Bundan artıq dərd olarmı?

Əsrlərdi döyülürük,
Əsrlərdi söyülürük.
Hələ yenə öyünürük,
Bundan artıq dərd olarmı?

Doğma yurdum viran qalub,
Çiçəklərim vaxtsız solub,
Haqq sözümüz yalan olub
Bundan artıq dərd olarmı?

Yırtıqlara yamaq olduq
Soydaşlarçun soraq olduq
Ona buna calaq olduq
Bundan artıq dərd olarmı?

Ürəyimiz yana-yana,
Bel bağladıq şaumyana.
Ağlar qaldı bacı, ana,
Bundan artıq dərd olarmı?

Sahibi bəlli itlərin,
Qanlıdır daim əlləri.
Sayı artır şəhidlərin,
Bundan artıq dərd olarmı?

Günahı nə, bilə bilmir,
Öz elində ölə bilmir.
Dərdli dərdin bölə bilmir,
Bundan artıq dərd olarmı?

<<<<qABİL DƏRDLİ “ÜÇ YARPAQ” Da>>>>

SƏN AYRI, MƏN AYRI…
Nədir bu intizar, nədir bu hicran,
Bülbül ası güldən, gül də bülbüldən.
Ayrılığa qərar verdik bir zaman,
Sən ayrı çəməndən, mən ayrı güldən.

Buydumu ilqarın, əhdin axırı?
Odlu şimşək kimi birdən çaxırıq.
Yandırırıq, bir birini yaxırıq,
Sən ayrı bir çöldən mən ayrı çöldən.

Yaz gələndə bağ bağçaya çıxardıq,
Tər çiçəkdən çələng hörüb taxardıq.
Dağ çayında suya dönüb axardıq,
Sən ayrı bir seldən, mən ayrı seldən.

Mən bir Məcnun idim, sən gözəl Leyli,
Mən güneyli oldum, sən də quzeyli.
Danışdıq, küsüşdük, olduq gileyli,
Sən ayrı bir dildən, mən ayrı dildən.

İndi həsrətliyik şirin sevdaya,
Sahib çıxammadıq eşq adlı paya.
Baxırıq, ay sonam, göydəki aya,
Sən ayrı bir göldən, mən ayrı göldən.

<<<<QABİL DƏRDLİ “ÜÇ YARPAQ” DA>>>>

GEDƏCƏYİK HAMIMIZ

İtəcəyik hamımız
Bütün itənlər kimi.

Günün gündüzündə də
Bir çölün düzündə də
Görünməz olacağıq…
Yanıb solmuş bağ kimi,
Susayıb hər istiyə
Sönmüş o ocaq kimi,
Gözləri acışdıran
Kor duman tək tüstüyə
Bürünməz olacağıq…

Dağı dağ, düzü aran,
Gəzib, tozub axtaran,
Bu vətənin içində,
O vətənçün nigaran,
Tapmayıb istəyini,
Çıxıb gedənlər kimi,
Gedəcəyik hamımlz…
19.08.2019

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QABİL DƏRDLİ

qabil dərdli “üç yarpaq” – da

DƏYİŞƏR GÜLLƏR, GÜLÜM.

Ömür keçir, gün keçir,
Sabah gəlir, dün keçir.
Hələ ki, sözün keçir,
Dəyişər illər, Gülüm.
Bülbül gül fərağında,
Çəmənzar qırağında.
Şirin dil sorağında,
Dəyişir dillər, Gülüm.
Gözələ gül yaraşır,
Yelkənə yel yaraşır.
Sonaya göl yaraşır,
Dəyişir göllər, Gülüm.
Bivəfadan üz əli,
Aldadar göz düz əli.
Dəyişməz tül gözəli,
Dəyişər tüllər, Gülüm.
Qapı bağlı, yox açar,
Qalmarıq böylə naçar.
Güllər solar, gül açar,
Dəyişər güllər, Gülüm.

= = = =

GÖZLƏDİM
Gözlədim mən səni bu gecə yarı,
Özlədim, gözlədim ürəyimdəcə.
Aşiq sevdasını, yarı öz yarı,
İstəyər, gözləyər hər gün, hər gecə…

Nədənsə ürəyim yenə bərk vurur,
Yadıma o gülər bəniz düşüncə.
Bir yanda təəssüf, bir yanda qürur,
Ürəyim tək səni istəyir necə.

Əlini hiss etmək istər bu əlim.
Gəzişək sahildə üzü küləyə.
Mən sənin ətrini küləkdən alım,
Saçın səpələnsin üzə, sinəyə.

Deməyək qapılıb qəm otağında,
“Heyif o günlərdən, getdilər güdaz”.
Tərsinə fırlanan fələk çarxında,
Biz də tərs mayallaq fırlanaq bir az.

Birimiz ovçuyuq, birimiz şikar,
Kim kimi tovlayıb, ovladı bilməm.
Bəzən gizlin olduq, bəzən də aşkar,
Bizə yoldaş oldu həm sevinc, həm qəm.

= = = =

BU GÜN
Həyatımın
ən ağır günlərindən biri kimi
qalır yadımda bu gün.
Çox illər öncə(47 il) 
elə ağır oldu ki,
çiynimə qoyulan yük…
Elə pis oldu ki,
mənə verilən 
“atasız” adı…
Ağırlığına öyrəşdimsədə,
heç öyrəşmədim o ada.
Çox dəyişdi həyatımı
o gün…
Yaxşıyamı, pisəmi bilmirəm…
Sözüm içimdə o qədər qaldı ki,
doğmalaşdı sözlərim.
Gözüm atalı uşaqlarda o qədər qaldı ki, özğələşdi gözlərim…
Hətta bəzən yola da getmədi
ürəyimlə gözüm .
Çox dəyişdim mən də…
Bəlkə də
uşaqlıqda boynum bükülü qaldığından,
indi dik durur hamının önündə…
Səsim o vaxt kəsik olduğundan,
indi çox ucalır yeri gəldikcə.
Ürəyim çox sızıldadığından 
daşlaşıb bəlkə indi,
təkcə kimsəsizlərə acıyır…
Bəlkə ,
ətrafdakı ədalətsizliklərə məruz qala-qala
belə mübariz olmuşam haqsızlığa qarşı?
Bəlkə zalımları görə-görə,
aciz olmuşam
atasızların qarşısında?
Bəlkə,
əlbirdir bu dünya
mənimkimilərin bəxti ilə…
24.07.2019

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QABİL DƏRDLİ

QABİL DƏRDLİ – “ÜÇ YARPAQ” – DA

ƏSGƏRƏ MƏKTUB

Salam, mənim əziz atam.
Burada axşamdır,
Axşamın xeyir.
Necəsən, ay ata?..
Mən yaxşıyam.
Böyümüşəm, deyir anam…
Bura çox istidir.
Səngər necə, sərindimi?
Soyuq olur torpaq, deyir anam,
Mən yerdə uzananda.
Bir də fırfıranın küləyində soyuq olur.
Çox durma qabağında, deyir anam…
Aralı dur, sən də fırfıradan,
Xəstələnərsən,
Gecikər gəlməyin…
Darıxıram çox…
Qorxmuram, yox,
Kişisən, axı, deyir mənə anam…
Ona demirəm, amma,
Gecələr qorxuram mən.
Bir də anamın gözləri qırmızı olanda.
Tez-tez qızarır anamın gözləri…
Televizorda çal-çağır olanda,
bizə toy dəvətnaməsi gətirəndə,
qonşumuz Əhmədgilə atasının dostları gələndə,
qazımız kəsiləndə…
Tez-tez kəsilir bizimki.
Əhmədgilin qazı kəsilmir heç.
Ata, gələndə sən mənə Əhmədin velosipedindən al,
zəngi də olsun.
Ataların çox olur pulu, deyir anam…
Anam mənə, ürəyim, deyir.
Mən də həmişə ürək şəkli çəkirəm.
Bir tərəfinə anam deyirəm, birinə atam.
Nədənsə sənin tərəfini çəkəndə həmişə əyri düşür ürək.
Yəqin, ona görə ki,
Sən yanımda deyilsən…
Tez gəl, ata,
sən gələndə ürəyin hər iki tərəfini düz çəkə biləcəyəm…
Bu məktubu da qoyacağam yastığımın altına.
Mən yatandan sonra poçtalyon gəlib götürür ordan, deyir anam…
Sağ ol, ata,
Tez gəl…
26.06.2019.

=========================================================

GƏLİN DEYƏK QARABAĞDAN

Bəsdir bunca of-ah etdik,
Gecələri sabah etdik.
Millət, biz bir günah etdik,
Qaranı seçmədik ağdan,
Gəlin deyək Qarabağdan.

Azar oldu, bezar oldu,
Hər nə oldu bazar oldu.
Elə hamı yazar oldu
Çal-çağrlı xoş növrağdan,
Gəlin deyək Qarabağdan.

Bəsdir könül xoş eylədik,
Arzuları boş eylədik.
30 ildir “toş” eylədik,
Qurtulmadıq bu tapdaqdan,
Gəlin deyək Qarabağdan.

Qərarımız olsun qəti,
Uca tutaq hürriyyəti.
Tək qoymayaq bu dövləti,
Kömək gəlsin hər bucaqdan,
Gəlin deyək Qarabağdan.

Xalq bir olsun, qardaş olsun,
Savaşdırsa, savaş olsun.
“Vətən” sözü ən baş olsun,
Tut əlindən, çək ayaqdan,
Gəlin deyək Qarabağdan.
25.06.2019

================================================

GETDİ

Tale səni alıb məndən apardı,
Ömrümün bəzəyi, sonası getdi.
Ruhum dincliyini səndə tapardı,
Qara gözün şirin röyası getdi.

İlin həm payızı, həm də yazı var
Baharın güllərə ehtiyacı var.
Dərdlər arasında şirin, acı var,
Dərdimin dərmanı, dəvası getdi.

Həsrət məni gör, nə hala gətirib,
Öz doğma elimdə olmuşam qərib.
Gülüstanı zimistana çevirib,
Gül, çiçək ətirli havası getdi.

Harda qaldı ilqara and içdiyin?
Əkdiyim məhəbbət, hicran biçdiyim.
Bilirsən nə çəkir qoyub getdiyin?
Sənsiz oldu, sənli dünyası getdi.

Sevən qəlbə həmdəm ola dilbəri,
Sevdasın itirən, olar sərsəri.
Dərdli Məcnun kimi gəzər çölləri,
Binəva aşiqin Leylası getdi.
03.07.2016 

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QABİL DƏRDLİ


QARABAĞ HAQQINDA BAYATILAR

Mən elimə bağlıyam,
Aranlıyam, dağlıyam.
Təbrizli, Zəngəzurlu,
Dərbənd, Qarabağlıyam

Güllər boynun əyəndə,
Əlim yara dəyəndə.
Ürəyim fəğan edir,
Qarabağdan deyəndə

Gözəl bağça, gözəl bağ,
Yaddan çıxmaz Qarabağ.
Nə yazıq ki, ediblər,
İndi onu oyuncaq.

Qarabağda xal qalıb,
Başdan düşüb, şal qalıb.
Neçə oylağ, neçə bağ,
Neçə zirvə, yal qalıb.

Qara oldu Qarabağ,
Para oldu Qarabağ.
Hamımıza eyni dərd,
Yara oldu Qarabağ

Hanı o bağça o bağ?
Nə bağ qalıb, nə də dağ.
Kaş ki ölməyək belə,
Deyə-deyə Qarabağ

Qəmə dözmək çətinmiş
Demə dözmək çətinmiş
Dözərdim, bu yalançı
Çəmə dözmək çətinmiş

Batmışıq qəmə , yasa,
Oyun qurub hansısa.
Həm torpaq əldən gedib,
Həm də dilimiz qısa

Vaxtı keçir, qalmayır,
Deyir, vədə dolmayır.
Halva, halva deməklə, 
Ağız şirin olmayır

Müəllif: QABİL NABİYEV DERDLİ