QARDAŞ ŞEİRİ

ARZU MÜZƏFFƏR QIZINDAN BİR ŞEİR

QARDAŞ 

Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdi qardaş.

Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.

Ata ocağının gur işığıdır.
Atadan sonraki Atandı qardaş.
Bacının ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş..

Övladın yoxdursa o övlad olar.
Ogul tək arxanda durandı qardaş.
Müqəddəs ocağın ,and yerindi o 
Özünü od-közə vürandı qardaş.

Həyat işıgındır görən gözündür.
Düşünən beynindir, əlindi qardaş.
Dünyasın dəyişib səni tərk etsə .
Qəlbini göynədən qəmindi qardaş.

Qardaşında pisi,yaxşıları var.
Canında can olan canındı qardaş
Yaxşısıda olsa pisidə olsa.
Damarında axan qanındı qardaş.
Arzu Müzəffər Qızı Nuri.

Müəllif: Arzu Muzəffər Qizi Nuri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSUBLU

qardaş şeiri

(Sənsizliyin altıncı ili… İllər durna qatarı kimi uzaqlaşdıqca mən sənə yaxınlaşıram…)

QARDAŞ!

Gecə keçir səhər olur,
Ərməğanım qəhər olur,
Həyat acı zəhər olur,
geri dön.

Qəribsəyən tər güllərə,
Boynubükük bülbüllərə,
Yetimləşən könüllərə
geri dön.

Lal suların axarıyla, 
Yurdumuzun baharıyla, 
Uçan durna qatarıyla
geri dön.

Buludların harayında,
Arzuların sarayında,
Sənsiz ilin hər ayında
geri dön.

Torpağın hər qarışında,
Şimşəklərin yarışında,
Ayla günün baxışında
geri dön,
geri dön.

Müəllif: NAİBE YUSUBLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qardaş şeiri – Firuzə Bisavad

QARDAŞ.

Yazın xoş ayında, gözəl çağında
Açmamış soldurdun gülümü qardaş.
Məni məhkum etdin qəm otağında,
Qoydun yas içində telimi qardaş!

Bəd xəbərin parçaladı ürəyim,
Sökdü imarətim, yıxdı dirəyim,
Od qaladı, atəşləndi kürəyim,
Bircə görə idin halımı qardaş!

Ələsgər nəvəsi qardaş Ələsgər,
Ələsgər vurğunu, sirdaş Ələsgər,
Getdin qayıtmadın birbaş, Ələsgər!
Boynuna götürdün ölümü qardaş!

Ruhun yetişdimi Göyçə elinə?
Həsrət idin cığırına, yoluna…
Əlin çatdırdımı “Dədə əlinə”?
Ziyarət etdinmi “ulumu” qardaş?!

Sevincimi, şadlığımı apardın,
Çəngəl salıb ciyərimi qopardın,
Oda saldın, kösöv etdin çıxardın,
Qırdın qanadımı, qolumu qardaş!

Könlümün açılan baharı idin,
Qələm dostu idin, həmkarı idin,
Hamıdan qiymətli-bahalı idin,
İtirdim zərimi, ləlimi qardaş!

Dinclik tapmayıram, ollam divana,
Həm qardaşdın, həm ataydın, həm ana…
Sanıram ki, bəd gəlibdi zamana,
Kəsdirdin hər yandan yolumu qardaş!

Oğul-qız ah çəkir, salır fəryadı,
Gedişin yandırdı qohumu, yadı,
Qaçırdın qalmadı ağzımın dadı,
Zəhərə döndərdin balımı qardaş!

Qəlbim qan ağlayır, gülə bilmirəm,
Dəryaya baş vurum, gölə, bilmirəm?
Bu nə sirillahdı, bilə bilmirəm,
Atəşim qovurur külümü qardaş!

Bacıların böyük qardaş payıydın,
Pakizər bacımın əkiz tayıydın, 
Ata-baba, əmi, həm də dayıydın,
Üzdürdün hər yerdən əlimi qardaş!

Yenilməz pəhləvan, ər oğlu ərdin,
“Pudluq”lar oynadar, maşın çəkərdin,
Kəli boyunlayar, yıxıb kəsərdin,
Heyrətdə qoyardın elimi qardaş!

Mahalın bəllidi, Göyçə ellisən,
Külüng barmaqlısan, Fərhad əllisən,
Ələsgər nəvəsi Ələsgərlisən,
Zülmətin sındırdı belimi qardaş!

Yerdə qalan qardaş-bacın sağ olsun,
Cəmi balaları min budaq olsun!
Nə ağır mərəkə, nə yığnaq olsun,
Nə də dara çəksin dilimi qardaş!

Sənin xiffətinə dağlar ağlayar,
Quşlar göydə qanad saxlar, ağlayar,
Coşar “Qumlubulaq”, çağlar, ağlayar,
Dərd dilə gətirər selimi qardaş!

Hər kəsi ağlatdın, elim ağlayır,
Ulusum ağlayır, ulum ağlayır,
Tapdaq qalan Göyçə gölüm ağlayır,
Qəm nəhri elədin gölümü qardaş!

Oba, yurd ağlayır, Ələsgər deyir,
Sinəsi doluydu bir dəftər deyir,
Hər kəsə həyandı, xilaskar deyir,
Dilə gətiribsən lalımı qardaş!

“Hayıf-hayıf” deyir, ellər ağlayır,
Müəllim çağıran dillər ağlayır,
Yaylaqlar yas tutub, yollar ağlayır,
Xəzana döndərdin çölümü qardaş!

Nə yaxşı ki, atam-anam görmədi,
“Dərd tüğyan elədi”, üzün gülmədi,
Nəzirim-niyazım qəbul olmadı,
Ha qurban dedimsə malımı qardaş!

Vədən tamam olur, hardan bilərdim,
Yalvarıb Allahdan nicat dilərdim,
Ömrümdən-günümdən kəsib verərdim,
Qibləyə çevirib yönümü qardaş!

Qənimi olaydın dərman-davanın,
Ahılı olaydın elin, obanın.
Yaşına çataydın ulu babanın,
Onda çıxarmazdım ünümü, qardaş!

Firuzəyəm, bitirirəm sözlərim,
Qapına gəlməyə tutmur dizlərim.
Kor olaydı, görməyəydi gözlərim,
Çəkdiyin zilləti, zülümü, qardaş!

Gəncə şəhəri.
21.05.2019

Qeyd:

Bu gün Göyçə Aşıq məktəbinin parlaq Günəşi-Haqq Aşığı Dədə Ələsgərin ürəyi Göyçə nisgilli, Vətən həsrətli şair nəticəsi, qələm dostum, söz sirdaşım, canımdan artıq istədiyim kövrək qəlbli, polad biləkli pəhləvan qardaşım ƏLƏSGƏR ƏLƏSGƏRLİnin HAQQın rəhmətinə qovuşmasının 40 günü tamam olur. Allah rəhmət eləsin.
Əbədi məkanın Cənnət, məzarın nurlu olsun, əziz qardaşım. Amin.

Müəllif: Firuze Elesgerova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru