ƏFSANƏ RƏVAN

Əfsanə Rəvan “üç yarpaq” – da

Ayağım düşməz

Mən biləni düz deyildi gedişin,
O getdiyin yer də sənə yaraşmır.
Sən olduğun yerin səmalarında,
Ulduzlarda bir-birinə qovuşmur.

Ta o vaxtdan söyləmişdim tələsmə,
Mənə qalsa qoymazdımki gedəsən.
Sən dirəndin getmək üçün əzizim,
Gedənlərə qapı açıq biləsən.

Bilirdinki məndən getmək yasaqdı,
Özün seçdin yasaqları pozmağı.
Mən də daha söz verirəm bu gündən,
Tərgidəcəm sənə şeir yazmağı.

Öz içimdə bitirdim e mən səni,
Yüz il keçə məni heçnə dəyişməz.
Bütün çıxmazlarla kəsişər yolum,
Sizin küçənizə ayağım düşməz.

<<<<əFSANƏ —- RƏVAn>>>>

Birdənəm

Sarılıram qorxulara, düşünürəm görəsən,
Hərdən içinə dolurmu məni atmaq istəyi?
Asta-asta, aram-aram yox oluram birdənəm,
Məni məndən aparıbdı, sənə çatmaq istəyi.

Dizlərimi qucaqlayıb küncə qonaq oluram,
Sus-pus olub yıxılıram sən düşəndə yadıma.
Yalvarıram, qayıt mənə, sənə vətən olaram,
Bizi bölən şəhərləri qurban elə adıma.

Hər şeyə öyrəşib üzüm şərə, böhtana belə,
Yıxılana zərbə vuran nə çox olurmuş adam.
Bilirsənmi, canımüçün düz deyirəm birdənəm,
Ruh bəndənnən ayrılmamış da, yox olurmuş adam.

Qayıt, içimdə bitməmiş, çölümdən çıxıb gedən,
Özgə evin ocağına qızınmaq olmaz heç vaxt.
Məndə sən var, səndə də mən ayıb olar birdənəm,
Başqa-başqa yataqlara uzanmaq olmaz heç vaxt.

<<<<ƏFSANƏ —- RƏVAN>>>>

Bax deyirəm

Bax deyirəm –
Mən olmasam pozulacaq,
həyatının düzəni.
Bağışlama, məndən başqa
Səni hər gün üzəni.
Mən olmasam tək dolaşma, 
gəzmə dar küçələrdə.
Şeir deyib, reqs eləmə,
mənsiz kar küçələrdə.

Dost-tanışla vaxt keçirib,
baş qatmağa çalışma.
Mən olmasam gecələri,
təkliyinlə barışma.
Yeddi binə yada çevir,
doğmaları, dostları.
Yağdır hər gün şərəfimə,
sağlıqları, tostları.

Çünki sən olmasan mənim,
qan donar damarımda.
Çünki sən olmusan mənim,
dövlətim də, varım da.
Səndən yana darıxmağ e,
məni sürüdü, yıxdı.
Bilirsənmi mənim üçün,
səndən sonrası yoxdu!

Bax deyirəm sən olmasan,
bu saçı süsən qadın.
Hər kəlmədən tez inciyib, 
hər sözdən küsər qadın.
Sən olmasan, bu qadının 
ruhu çəkilər şişə,
Bu kimsəsiz, tənha qadın 
bax beləcə, dəli kimi,
səni sevir həmişə.

Müəllif: ƏFSANƏ RƏVAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Oqtay Rza vəfat edib

ALLAH RƏHMƏT ELƏSİN…

Tanınmış şair, AYB-nin ən qocaman üzvlərindən biri Oqtay Rza vəfat edib. Şair Salyanda dəfn olunub. Yazarlar camiəsi adından mərhumun doğmalarına, yaxınlarına və bütün onu sevənlərə dərin hüzünlə başsağlığı verir, ailə üzvlərinə Böyük Allahdan səbr diləyirik. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 1 August 1966 ) əsl dost, gözəl insan, hərbi jurnalistikanın əsasını qoyanlardan biri, eyni zamanda pedaqoq – müəllim kimi şərəfli bir adın daşıyıcısı, Azərbaycan Respublikasın Əməkdar Jurnalisti, neçə-neçə orden-medalların, mükafatların laueratı, bütün bu sadaladıqlarımın hamısından üstün gələn VƏTƏNİN VƏTƏNPƏRVƏR OĞLU, bir əldə silah, bir əldə qələm tutan yazarlarımızın ən öndə gələnlərindən, ən tanınmışlarından biri olan İbrahim Rüstəmlinin doğum günüdür. Ad gününüz mübarək, İbrahim müəllim. Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Uğurlarınızbol olsun…

İbrahim müəllimin hərbçi həyatı – əsgər şərəfi haqqında əvvəllər də dəfələrlədərc olunmuş bir yazısını Sizlərə təqdim edirik:

İbrahim RüstəmliƏsgər Şərəfi


Hardan başlayıb, harda qurtaracağımı bilmədiyim yazılarımdandı bu, – taleyim, qismətim, alın yazımdı elə bil…

Uşaqlıq şəkillərimə baxıram. Ucqar əyalətdə, qayğısız kənd uşağının əsgəri salamı və bu «salamın» obyektivin yaddaşında əbədi ilişib qalan sehrli pıçıltısı, gizli həqiqətləri…

Yeniyetməliyimi, cavanlığımı təftişim bu həqiqətlərin ən solğun, ən xırda işartısını belə görmək, duymaq və anlamaq istəyimin təhdididi yəqin. Özümü oda-közə vururam. Ancaq nə faydası! Hər dəfə, hər cəhddən sonra 45 illik ömrümün bəlkə də ən böyük etirafı ilə üz-üzə, baş-başa qalıram: Mən heç vaxt zabit olmaq istəməmişəm!

Arzularımın ucsuz-bucaqsız sahillərində Füzulinin, Dostoyevskinin, Lorkanın, Markesin, Mirzə Cəlilin, Sabirin… qağayı fəryadına bələnmiş isti nəfəsini, mehriban baxışlarını duyuram. Onlar 25-30 il bundan qabaq əyalətdə tək-tənha qoyub gəldiyim qayğısız kənd uşağının ən yaxın havadarları, ən etibarlı dostlarıdı… Kutuzov, Napoleon, Suvorov… yaddı bu uşağa. Kutuzovun, Napoleonun, Suvorovun… bu uşağa heç uzaq «qohumluğu» da çatmır.

İndi bizi bir-birimizdən zaman adlı, dibi görünməyən dəhşətli bir uçurum ayırır. Uçurumun bu tayından o tayına, al-qanına bələnmiş o uşağa çatdırası çox həqiqətlərim, çox mətləblərim var. Əsgər olduğumu hamıdan və hər şeydən çox duyduğum məqam Səninlə üz-üzə, göz-gözə qaldığım məqamdır. Mən öz ömrümün ən ali həqiqətləri ilə yalnız bu məqamda yol yoldaşı, çiyindaş ola bilirəm. Səni illərin o tayında niyə tək-tənha qoyub-gəldiyimi anlayıram. Ömrümə damcı-damcı çırpılan günlərin «daş dələn» qüdrətində Allahın diktəsini hiss edirəm: Bizi bir-birimizdən torpaq ayırdı. Bu torpağın adı yurddu, Vətəndi. Qarabağdı bu torpağın adı.

Düşmən elimizin-obamızın üstünə yeriyəndə biz, bizi tanımayan bu qaynar şəhərə hələ təzəcə qədəm basmışdıq. Bu şəhər bizi udmamışdı hələ onda. İkimiz də bir yerdə bütöv idik, tam idik. Səni kövrək qanadlarınla həmişə, hər yerdə başımın üstündə vurnuxan, sevgi dolu arzularıma ayna tutan mələyə bənzədərdim onda. Paytaxtın səsli-küylü küçələrində dualarımın boğulduğunu – Allaha çatmadığını heç hiss etmədim. Yurda qahmar çıxan insanlara qoşuldum. Və bir də onda ayıldım ki, mən əsgərəm.

Torpağı yağmalanan bir yurdda əsgər olmaq şərəfdi.

Bir də əsgər şərəfi var. Bu şərəf əyninə geydiyin libasla, o libasla ürəyinin üstündə, çiynində, başında gəzdirdiyin rəmzlərlə bitib-tükənmir. Əlinə silah alanda da, döyüşəndə də, dost dediyin, qardaş dediyin adamın bir mərmi partlayışından tikə-tikə parçalandığını öz gözlərinlə görəndə də… gərək insan olduğunu unutmayasan.

Atatürkü xatırlayıram. İzmirdə yunan bayrağını ayağının altına xalı kimi sərmişdilər. Qılıncdan da iti baxışlarını ətrafındakılara zilləyəndə, o bayraq yerdən həmən götürüldü. Atatürk yunan bayrağını yerdən qaldırmadı ki; Atatürk türk əsgərinin adını qaldırdı, əslində. Tarixin yaddaşını təzələdi…

1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevlə bir yerdə Ağdam ərazisində döyüş postlarını gəzirdik. Fərrux dağında mövqe tutan artilleriyaçılarla da görüşdük. Şirin Mirzəyev artilleriya qurğularının mövqeləri və koordinatları ilə şəxsən maraqlandı. Bir qədər fikrə getdikdən sonra bölmə komandirini yanına çağırıb, ondan mövcud koordinatları dəyişməsini tələb etdi: silahları kilsəyə, dinc əhaliyə tuşlamaq olmaz. Siz torpaqlarımıza göz dikmiş erməni quldurları ilə döyüşürsünüz. Allahla-dinlə, dinc əhali ilə yox. Əslində bu, Şirin Mirzəyevin öz dininə-imanına və xalqına olan hörmətinin, ehtiramının ifadəsi idi. Başqalarına əsgər şərəfini tanıtmaqdan ötrü bundan gözəl məqam, bundan tutarlı ifadə tapmaq çox çətindi, məncə.

…Uşaqlığıma, yeniyetməliyimə qayıdıram. Bu qayıdış əslində yenə də Ağdam torpağında erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Farizlə bağlıdı. Erməni snayperi mənim uşaqlığımı öldürüb əslində. Hələ ağzından süd iyi gələn bir körpəyə silah tuşlamaq, onu hədəfə almaq və başından vurmaq… Dünyanın heç bir yerində, dünyanın ən sonuncu əsgəri belə həyət-bacada oynayan günahsız bir uşağa güllə atmazdı. Dünyanın ən sonuncu əsgəri belə günahsız uşağı öldürməyi öz şərəfinə sığışdırmazdı. Amma erməni əsgəri bunu elədi. Özü də harada – Azərbaycan torpağında. Bəli, o, Azərbaycan torpağında, öz həyət-bacasında oynayan uşağı öldürdü, – mənim uşaqlığımı öldürdü…

İndi mən o erməni snayperinə, erməni snayperinin optik cihazdan bərələn gözlərinə 9 yaşlı Farizin bulaq suyu kimi dumduru, donmuş gözləri ilə ayna tuturam. İndi mən Farizin saf baxışları ilə o erməni dığasını özünə tanıdıram: Sən bu iyrənc görkəminlə unudulacağına ümid bağlama! Həyatımın sonuna bir gün qalsa da, törətdiyin bu cinayətin, bu qətlin hesabını səndən soruşacam.

Məni bu sözləri yazmağa vadar edən mənim əsgər şərəfimdi. Bu şərəf on minlərlə Azərbaycan əsgərini bir səngərdə, bir cəbhədə birləşdirir. Bu məqamda hər şeyi zamanın öhdəsinə buraxmaq niyyətində də deyilik, əsla! Bunu da yadında saxla!

İndi sənin – bir körpə qatilinin 9 yaşlı uşağın gözlərində gördüklərin mənim üçün gün kimi aydındı: Qarşında bu gördüyün Azərbaycan əsgəridi! Onu yaşadan və cihada çağıran əsgər şərəfidi! Bu da sənsən – şərəfini itirmiş erməni əsgəri!
ƏVVƏLLƏR DƏRC OLUNUB: Lent.az/2011, araz.az/2018

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gövhər Rüstəmli təltif olundu

Tanınmış yazar Gövhər Rüstəmli (Rüstəmova Gövhər Vasif qızı) Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “QIZIL QƏLƏM” MÜKAFATI – na layıq görülmüşdür. Bu münasibətlə Gövhər xanımı təbrik edir yeni – yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALİQ RƏHİMLİ – ŞAİR

ad gününüz mübarək !!!

Bu gün (24 July 1961) gözəl insan, əsl ziyalı, tanınmış şair Xaliq Rəhimlinin doğum günüdür. Bu münasibətlə sevimli şairimizi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik… Ad gününüz mübarək, Xaliq müəllim!!! Uğurlarınız bol olsun!!!

Xaliq müəllimin özünün bu gün münasibəti ilə dilinə gələnlər:

Ömrün də yazı olurmuş
Amma mən qış görə bildim
Ürəyim istəyən kimi
Nə də bir iş görə bildim
Mən yaşımnan utanıram

Taleyim bir şum misallı
Ömrümü ot ,alaq basdı
Çox şeyi bilmirsən dostum
Tərifləmə məni, bəsdi
Mən yaşımnan utanıram

Deyirlər su gələn arxa
Bir də gələr əvvəl axır
Yarımçıq qalan arzular 
Üzümə həsrətlə baxır
Mən yaşımnan utanıram

Nə qədər bəd günüm olub
Nə qədər şad günüm olub
Yelə verdiyim illərdi
Yığılıb ad günüm olub
Mən yaşımnan utanıram…

Müəllif: XALİQ REHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÜLEYMAN RÜSTƏM

SÜLEYMAN RÜSTƏM HAQQINDA

Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.

Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şeiri “Unudulmuş gənc”dir (1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şeirləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəşəyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şeirim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şeirlər yazır. Şairin bu dövrdə yazdığı şeirləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şeirlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.

Süleyman Rüstəmin müharibədən sonra yazdığı şeirləri “iki sahil” kitabında (1950-ci) il toplanmışdır. SSRİ (Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şeirlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur.
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şeirlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.

Süleyman Rüstəmin güney şeirlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
… Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.

Qoşma formasında yazdığı “Dəymə” şeİrində isə Azərbaycan-türk dilinə xor baxan iranşovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şeirləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Memarın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şeiri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şeiri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şeir bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

“Təbrizim” şeiri heca vəznində, beşlik şeir formasında yazılmışdır. Şeir bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Şeir sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şeir olduqca təsirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

“Təbrizim” şeiri şairin öz dilindən yazılmışdır. Şeirin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şeİrdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Şeirin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mənada bu, vətənin tərənnümü kimi qavranılır. Şeirin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Şeirin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Süleyman Rüstəmin “Təbrizim” şeiri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şeirləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)

Qaynaqlar:
1. “Ədəbiyyat”, Yazarlar: Möhsün Nağısoylu, Rəhman Quliyev, Araz nəşri (Quzey Azərbaycan)
2. “Təbrizim”, Yazar: Süleyman Rüstəm

TƏBRİZİM ŞEİRİ HAQQINDA

İkiyə bölünmüş Vətən. Hər birimiz üçün necə də ağırdır bu kəlməni söyləmək. XIX əsrin əwəllərində xalqımız məhz belə acı tale ilə üzləşmişdir – Azərbaycan qonşu dövlətlərin maraqlarına uyğun şəkildə iki hissəyə bölünmüşdür: Cənubi Azərbaycan və Şimali Azərbaycan. O vaxtdan bəri bu tarixi haqsızlıq, ayrılığın doğurduğu nisgil, eyni zamanda otaylı, butaylı Azərbaycanın birləşmək arzusu, xalqımızın bu məqsəd ugrunda apardığı mübarizə ədəbiyyatımızın əsas mövzularından birinə çevrilmişdir.
        XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Rüstəmin yaradıcılığında da Cənub mövzusu mühüm yer tutur. Ordu sıralarında Cənubi Azərbaycana gedən şair burada bir sıra müşahidələr aparmış, soydaşlarımızın həyatı ilə yaxından tanış olmuş, onların zaman-zaman milli azadlıq mübarizəsinə qalxmaları barədə geniş məlumat toplamışdır. Həssas qəlbli, vətənpərvər şairin təəssüratları sonralar onun cənub lirikasında birləşən dərin məzmunlu şeirlərinə çevrilmişdir.
        S.Rüstəmin bu qəbildən olan əsərlərindən biri də «Təbrizim» şeiridir. Şair bu şeiri elm, mədəniyyət, sənətkarlıq mərkəzi kimi tanınan qədim şəhər Təbrizə xitabən qələmə almışdır. Lakin Təbrizə müraciət etməkdə şairin məqsədi heç də yalnız onun barəsində söhbət açmaq, şəhərin gözəlliyini vəsf etmək deyildir. Şeirdə Təbriz vətənin rəmzi kimi başa düşülür. Əsərin əvvəlindən S.Rüstəmin Təbrizə böyük məhəbbətinin şahidi oluruq. Təbrizin hüsnünə baxdıqca gözləri doymayan şair «Qoymaram yadları girsin qoynuna» deyib onu özününkü sanır. Şair Təbrizin şad gününə şərik olmaq üçün onun bayramına gəlmişdir. Təbriz də öz əziz sirdaşını «duzlaçörəklə », «bağından dərdiyi güllə-çiçəklə», «ikiyə bölünməz saf bir ürəklə» qarşılayır. Bu, adi bir görüş deyil. Bu, dili bir, qanı bir iki qardaşın uzun ayrılıq həsrətindən sonra baş tutan görüşüdür. Şair duyğulanır və Təbrizə ən xoş arzularını dilə gətirir.
        Lakin Təbrizlə görüşdən hədsiz sevinc duyan, onun gözəlliyindən vəcdə gələn S.Rüstəm bərk narahatdır. Qəlbi nisgildən sızlayan şair Təbrizin bütün dərd-səri ilə tanış olmaq istəyir.
        Aşağıdakı misralarda müəllifin vətən yanğısı, təəssübkeşliyi dolğun şəkildə ifadə olunmuşdur.
Bülbül zar-zar ağlar çəməndən ayrı.
Insan deyib-gülməz Vətəndən ayrı.
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim.

        Təbrizin bağından gül-çiçək dərib onun vəziyyəti ilə tanış olan şairin dərdi təzələnir, o, təlatümlü düşüncələrə dalır. Torpağı ikiyə bölünən şairin iztirabları başadüşüləndir. Onun dərdi Vətən dərdidir. Şairin qəlbi otaylı, butaylı Azərbaycanı bütöv görmək arzusu ilə yanır. Onun qənaətinə görə, birliyə gedən yol mübarizələrdən, çarpışmalardan keçir. Müəllif Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırlayır. Təbrizin «qoynundan süd əmən saysı qəhrəmanlar» onun yolunda zaman-zaman canlannı qurban vermişlər. Şair belə qəhrəmanlıq tarixi olan Təbrizə cəllada, yada baş əyməməyi məsləhət görür, onu daim azadlıq, birlik uğrunda mübarizə aparmağa çağırır.
        S.Rüstəmin «Təbrizim» şeiri məzmunca dolğun olduğu kimi, bədii ifadə vasitələri ilə də zəngindir. Ustad sənətkar şeirin təsir gücünü artırmaq, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırmaq üçün dilimizin zənginliyindən geniş istifadə etmiş, bir-birindən təsirli bədii ifadə vasitələri seçmişdir. Aşağıdakı misralara diqqət yetirək:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetimtək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!

        Bu misralardakı təkrir, bənzətmə, məcaz və bədii sualların köməyi ilə şair Təbrizin ayrılıqdan doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur. Ümumiyyətlə, şeir böyük təsir və səfərbəredici gücə malikdir. «Təbrizim»i oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən Vətənin birliyinə nail olmaq istəyi daha da güclənir.

TƏBRİZİM ŞEİRİ

Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim Təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OQTAY RZA HAQQINDA

OQTAY RZA HAQQINDA

Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

“Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb “Sosializm yolu” rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. “Kamennıy Svetilnik” şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

ƏDƏBİ İRSİ:

  1. Torpağı dinləyirəm. Bakı: Gənclik, 1970, 24 səh.
  2. Ürəyimi oxuyun. Bakı: Gənclik, 1975, 80 səh.
  3. Hara gedirəmsə. Bakı: Gənclik, 1980, 66 səh.
  4. Yasəmən çiçəkləyəndə. Bakı: Yazıçı, 1981, 90 səh.
  5. Daş çırağın işığında. Bakı: Gənclik, 1983, 168 səh.
  6. Fəsil dəyişəndə. Bakı: Yazıçı, 1986, 112 səh.
  7. Günəşin adından. Bakı: Yazıçı, 1991, 140 səh.
  8. Vətən, yas saxlama. Bakı: Şur, 1993, 32 səh.
  9. Adlı, ünvanlı misralar. Bakı: Azərnəşr, 1999, 334 səh.
  10. Seçilmiş sətirlərim. Bakı: Azərnəşr, 2001, 264 səh.
  11. Dördlüklər. Bakı: Gənclik, 2004, 200 səh.
  12. “Rübai karvanı – dördlük çələngi”. Bakı: Yazıçı, 2011. 188 səh.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“R“ HƏRFİ HAQQINDA ŞEİR

“R“ HƏRFİ HAQQINDA ŞEİR

“ R “

Raul əlində fırça,

Yanaşdı molbertinə,

Rənglər rəngə qarışdı,

Oxşatdı raketinə.

Rəna görəndə rəsmi,

Dedi, qəşəng rəndədi

Hətta qanadı da var,

Sanki, uçacaq indi…

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR