RAMİZ HƏSƏNLİ

Axirəti qazanmaq
(hekayə)
Qəsəbə məscidinə, köhnə axund yerində sağ-salamat qala-qala, təzə bir axundun göndərilməsi dindarlar arasına pərxaşlıq salmışdı, camaat bilmirdi ki, nə fikirləşsin. Əhvalat gülməli də olsa heç kimin gülməyi gəlmirdi. İndi axundlardan gündə biri namaz vaxtı pişnamazlıq edirdi.
Tezliklə məscid əhli üç qütbə parçalandı. Köhnə axundun müridləri daha çox olsa da dindarların bəzisi təzə axundun tərəfinə keçmişdi. Əmələnin bir qismi isə ortada qalmışdı, hələ ki, tərəddüd eləyirdi, kimin tərəfini tutacağını bilmirdi. Diqqət çəkən bu idi ki, təzə axundun pişnamazlığında məsciddə seyrəklik olurdu.
Araya düşən ikitirəlik dini icmanın üzvlərini də dilemma qarşısında qoymuşdu. Uzun müddət belə gedə bilməzdi, bir qərar verilməli idi. İş onda idi ki, icmanın beş üzvündən üçü köhnə axundun sadiq tərəfdarə olsa da, o biri ikisi isə tərəddüd edirdi.
Bu gün sözləşmişdilər ki, namazdan sonra yaxındakı çayxanaya yığışıb məsələyə nöqtə qoysunlar. Hamı vaxtında gəlsə də hacı Gülü gecikirdi. İcma üzvləri küsülü kimi oturmuşdular, heç kimin cınqırı çıxmırdı.
Hacı Ruzgar söhbətə nərdivan qoymağa çalışdı:
-Görəsən məscidə ikinci axundun göndərilməsinə nə ehtiyac vardı?
Hacı Vaqif çoxbilmişlikə ona baxdı:
-Yəqin kabab iyi yuxarılara da çatıb!-Dedi, və susdu.
Araya yenə sakitlik düşdü. Sükutdan darıxan hacı Ruzgar bir daha cəhd elədi:
-Hacı Vaqif, bizim axundun təlimatı nə oldu?- Soruşdu.- Bayaq yanına girmişdin…
Hacı Vaqif köhnə axundun sağ əli idi. Əvvəl də tez-tez baş-başa verirdilər, amma indi lap günün yarısını bir yerdə keçirilər, tədbir tökürdülər. O, qayğılı dilləndi:
-Bizim axundu tanımırsız? Daş atır, başını tutur,- Dedi, cavab gözləmədən əlavə elədi.- Deyir, bu işdə məndən icma üzvlərinə məsləhətçi çıxmaz. Deyir, hamı iman əhlidi, özləri bilərlər, qərar onlarındı.
Məşədi Naxış dəqiqləşdirməyə çalışdı:
-Yəni təzə axundun torbasını tikə bilərik?- Soruşdu.- Hələ ki, arxasında beş-on nəfər namaz qılır, onları öz tərəfimizə çəkməyə nə var ki! Sonra gec olacaq ha!
Hacı Vaqif narahat oturmuş kərbəlayı Əliyə baxdı:
-Hamının razılığı olsa, bu işə əncam çəkməyə nə var ki,- dedi.
Kərbəlayı hacı Vaqifə cavab vermədi, burnunu çəkməklə kifayətləndi. Artıq ikinci caydan boşalmışdı, caycı ücüncü çaydanı ortaya gətirəndə hacıVaqif özünü saxlaya bilmədi, deyindi:
-Şair gecikməyi özünə şakər edib də! Vaxtında gəlməklə heç arası yoxdu…
Söz hacı Vaqifin ağzında təzə çıxmışdı ki, hacı Gülü daz başının tərini el dəsmalı ilə qurulaya-qurulaya, şlyapası qoltuğunda içəri təpildi. Əhvalaşaraq özünə çay süzdü, isti-isti bir qurtum alacaqdı ki, hacı Vaqif irad tutdu:
-Rəhmətliyin oğlu, çay qaçmır ki!- deyə onu tələsdirdi.- Mətləbə gəl.
Hacı Gülü fincanı əlindən qoymalı oldu:
-Necə demişdiz, elə də eləmişəm. Məscidə gələnlərin əksəriyyətinin ağzını aramışam. Haqq tərəfi, çoxu bizim axundu dəstəkləyir. Amma təzə axundu da tərifləyənlər də var. Xüsusən, əzadarlığını bəyənirlər.
HacıVaqif balacaboy kişi idi, üzündən hiyləgərlik yağırdı. Yetmişdən çox yaşı vardı. Məscidə məxsus böyük bir mağazanın müdiri idi. Köhnə axundun sayəsində əli pulnan oynayırdı. Mağazada dini suvenirlər, canamazlar, təsbehlər, üzüklər, ətirlər, dini kitablar, bir sözlə, cürbəcür əntiq mallar satılırdı. O, hacı Gülünün gah nala, gah mıxa vurmağını bəyənmədi. Tikanlı soruşdu:
-Deyəsən, təzə axunda beət eləmisən?
Sualın konkretliyindən çaşan hacı Gülü:
-Mən eşitdiyimi sizə çatdırdım…,- dedi, və çayı yenidən qabağına çəkdi.
Hacı Ruzgar da köhnə axundun xeyir-duasi ilə çörək yiyəsi olmuşdu. İri başı həmişə hərəkətdə idi. Nisbətən cavan olsa da həmişə bəlağətlə danışırdı. Neçə illər idi məscidin nəzdindəki mərasim evlərinə nəzarət edirdi. Təchizatına, biş-düşünə, mətbəxinə baxirdi. Hacı Vaqifin köməyinə gəldi:
-Gülü qardaşımızın bu yaşda qibləsini dəyişməyi heç xoşagələn iş deyil…,- deyə araya söz atdı.
Hacı Gülü çayı içə bilmədi, fincanı yenidən özündən kənara itələdi, kərbəlayı Əliyə baxdı, amma ondan hərəkət görmədikdə birdən qızışdı:
-Belə çıxır ki, ağa qara desəm yaxşıdı?- deyə çımxırdı.- Ay-hay! Mənim kimsəyə borcum yoxdu, azad şairəm, heç vaxt haqqı nahaqın ayağına vermərəm. İcazə versəz, o gün yazdığım iki bənd şeri sizə oxuyum…
Bu yerdə hacı Vaqif hacı Gülünün ağrıyan yağırını basdı:
-Əşi, qoy görüm!- Dedi.- Sənin dalı-qabağı bilinməyən şeirlərin kimə lazimdi, axı!
Köhnə ədəbiyyat müəllimi olan məşədi Naxiş məscidin mürdəşirxanasına baxirdi. Xırıltılı səslə təsdiqlədi:
-Eyzən elədi,- dedi.- Hacı Gülü, sən hələ də ədəbiyyat nəzəriyyəsini oxumamısan, amma şeir yazırsan, şairlik eşginə düşmüsən…
Hacı Gülü aciz halda balacaboy hacı Vaqifı üstən aşağı baxdi, uşaq kimi burnunu çəkdi:
-Bayy, hacıcan!-dedi.-Ad gününə yazdığım şeiri tərifləyib göylərə qaldiran sən deyildin? Sən deyildin deyən, hacı Gülünün şeirlərində Səməd Vurğunun nəfəsi var? Nə tez fikrini dəyişdin?
Hacı Vaqif istehza ilə:
-Süfrəmin arxasında oturan adamın könlünə dəyə bilməzdim ki! Qonaqpərvər adamam, – dedi, sonra qızarıb-bozaran hacı Gülüyə baxmadan o biri yoldaşlarına müraciyət elədi.- Heç bilmirəm bizim axund hacı Gülünün nəyinə vurulub da! Deyir, onun kitabını
böyük tirajla buraxdıracağam. Deyir, danışmışam, bir imkanlı dindar qardaşımız sponsorluq eləməyə hazırdı…
Hacı Gülü duruxdu, solğun üzü güldü, incikliyi dərhal unutdu:
-Doğru sözündü, hacı Vaqif? Ay sənin dilini yeyim!- Dedi, cavab gözləmədən bülbül kimi ötdü.- Sizə deyim ki, bizim axunddan, vallah, yoxdu. Həqiqətən dəyərli alimdi. Maşallah, yerin altini da bilir, üstünü də! Onun arxasında namaz qılmaq hər birimiz üçün böyük savablardandı…
Hacı Ruzgar məşədi Naxışıla baxışıb irişdi:
-Şair ilhama gəlib!- Dedi.
-Doğurdan da, mayasiz ilham olmur. Əslində, bizim axund şairi dəstəkləməkdə düz iş görür.- Məşədi Naxış təsdiqlədi.- Eyzən elədi.
Hacı Vaqif söhbəti məcrasından çıxmağa qoymadi, yenə nəsə demək istəyən hacı Gülüyə dedi:
-Şair çayını iç! Sonra çinədanını boşaldarsan.- Dedi, sonra kərbəlayı Əliyə müraciət elədi.- Sənin axır sözün nə olacaq, kəbleyi?
Kərbəlayı Əlinin üzündəki dərin çopurlar hərəkətə gəldi, sıxıla-sıxıla:
-Bilirsən ki, indi təqaüddəyəm. Əlim açağıdı,- dedi.- Başımı qatmaq üçün bir məşğuliyyətim olsaydı, heç pis olmazdı…
Hacı Vaqif boynunun ardını qaşıdı, bir az fikirdən sonra:
-Nəzir qutularına nəzarət sənə həvalə olunsa necə olar?- Soruşdu.- İndiyə qədər mən baxirdım, bundan sonra sən baxarsan.
Onsuz da işim çoxdu. Elə bizim axundun da məsləhəti belədi. Dedi, qoy, kərbəlayı Əli qardaşımız da ehtiyacın daşını atsın.
Kərbəlayi Əlinin tərəddüdü keçdi, astadan dedi:
-Mən həmişə bizim axundun yanındayam,- dedi.- Haqq tərəfi, məscidin ərsəyə gəlməyində bizim axundun böyük haqqı var, iyirmi ildi can qoyur. Onu heç kimin ayağına verə bilmərik…
Hacı Vaqif onun sözünü kəsdi:
-Madam yekdil qərara gəlmişik, onda hərəkətə keçmək vaxtı deyilmi?- Soruşdu.
Masa arxasında oturanlar həmfikirliklə gülümsədilər. Yer-yerdən dedyildi ki, vaxtdır.
Daha bir çaydan sifariş verdilər, söz ilahiyyat alimindən düşdü. Bilirdilər ki, dünyanın işləri dünyada qalacaq, əsas axirəti qazanmaqdı.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli “Qızıl Qələm” mükafatına layiq görülüb

Bu gün (20.11.2019) tanınmış şair, sevimli müəllim, elmimizin inkişafına öz töhfələırini verməkdə davam edən alim, əsl ziyalı RAMİZ HƏSƏNLİ  (Ramiz Kamandar oğlu Həsənli) Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə “Qızıl Qələm” Ali Media Mükafatına layiq görülmüşdür. Bu münasibətlə laureatı təbrik edir. yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli – Gədəbəy

GƏDƏBƏY

Qayadan boylanan daş sarıteldi,
Yanağa süzülən yaş sarıteldi.
Könlünün mayası “Baş Sarıteldi”
Sazın köynəyisən özün, Gədəbəy.

Misralar dil açır dodaqlar üstə,
Lalələr alışır yanaqlar üstə.
Ellər məclis qurur bulaqlar üstə,
Sevinclə dolubdu gözün, Gədəbəy.

Sinəsi dastandır burda hər dağın,
Saza köklənibdir könül otağın.
Ruhu gülümsəyir İlyas Tapdığın,
Kövrəlir astaca sözün, Gədəbəy.

Donub bulaq üstə bir su sənəyi,
Sazla cavab verir dindirsən neyi.
Yaylaqlar geyinib bayram köynəyi,
Fərəhlə dolubdu köksün, Gədəbəy

Ramizəm, car etdim mən öz eşqimi,
Yazdım zirvələrə bu söz eşqimi.
Burda adamların ürəyi kimi,
İstidir ocağın, közün, Gədəbəy.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənlinin söz dünyası

Ramiz HƏSƏNLİNİN SÖZ DÜNYASI

BİVƏFA DÜNYA

Bir əlində cəfa, birində səfa,
Heç kim ölümünə tapmayıb şəfa.
Ulu peyğəmbərə qılmayıb vəfa,
Əzəldən yaranıb bivəfa dünya.

Dağlar bu dünyanın alın qırışı,
Dəryalar, dənizlər gözümün yaşı.
Qəlbində bu uca hikməti daşı,
Əzəldən yaranıb bivəfa dünya.

Soruş lalələrin qara xalından,
İbrət al həyatın qeylü-qalından.
Tutma iki əlli haram malından,
Əzəldən yaranıb bivəfa dünya.

Əzəldən dərdləri təzədi, tərdi,
Min ildi gözlərdən göz yaşı dərdi.
Ramiz, milyon ili torpağa sərdi,
Əzəldən yaranıb bivəfa dünya.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

SARALIB DAHA

İntizar yağışı yağır ömrümə,
Bəxt əli qoynunda baxır ömrümə,
Nə deyim bu yazıq, fağır ömrümə-
Sevgi çiçəklərim saralıb daha.

Bir günün ovcunda min qəza-qədər,
Xoş iqbal bəxtimdən düşüb dərbədər.
Özümə təsəlli verim nə təhər?
Sevgi çiçəklərim saralıb daha.

Ayrılıq küləyi saçımı yolur,
Arzu yollarımın gözləri dolur.
Sevənin son payı kədər-qəm olur,
Sevgi çiçəklərim saralıb daha.

Ramiz, qəm qarışıb könül ətrimə,
Kədər naxış-naxış hopub sətrimə.
Fələk yaman dəyib mənim xətrimə,
Sevgi çiçəklərim saralıb daha.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

MƏRD ADAM

Sözün yarpağında gərək söz ola,
Ürək sərinlədən sərin meh ola.
Görmədim özündən müştəbeh ola,
Ya da ki, özünü öyə, mərd adam.

Dar gündə qoruyur öz sifətini,
Görüb adamların yüz sifətini.
Həyat göstərəndə boz sifətini,
Qaldırıb əlini göyə, mərd adam.

Qayalar əzizlər yel sevgisini,
Dərələr unutmaz sel sevgisini.
Yığıb ürəyinə el sevgisini,
İnanır bu haqqa-saya mərd adam.

Bir gün gülməyəndə bəxti, iqbalı,
Yenə haqq yoluna döşəyir xalı.
Tanrı dərgahından enmir xəyalı,
Durur halallığa yiyə, mərd adam.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

PAYIZ ARZUSU

Payız köynəyini geyib təbiət,
Əhvalı dəyişib dağın, dərənin.
Könül, misra-misra duy gözəlliyi,
Özgədir camalı bu mənzərənin.

Soyuğun nəfəsi dəyir üzümə,
Göydəki buludun qanı qaralıb.
Küləyin əsəbi duyulur hər an,
Sanki təbiətin səbri daralıb

Payızın içindən keçib gedirəm,
Əl edir saralmış yarpaqlar mənə.
Könlümə ələnir payız qoxusu,
Gör nələr danışır varaqlar mənə.

Sapsarı nəğmədir saralan meşə,
Onu asta-asta dinləyir gözüm,
Qarşıdan soyuqlar yol gəlir deyə,
Misranın içində üşüyür sözüm.

Könlüm, ovqatını sən diri saxla,
Bərəkət fəslidir payız torpağın.
Deyirəm bu payız nə olaydı kaş,
Həsrəti sarala kaş Göyçəmizin!

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

MÜƏLLİM ÖMRÜ
(Müəllim adı daşıyan həmkarlarıma ithaf edirəm)

İnsan bu dünyanı dərk eliyəndən,
Mərifət carçısı olubdu müəllim.
Hamıya öyrədir işıq saçmağı,
Hikmət dünyasına bir yoldu müəllim.

Günəş misallıdır onun əməli,
Ürəkdən-ürəyə işıq çəkir o.
Həyat bağçasının bağbanı kimi,
Ömür yollarında ümid əkir o.

Bəzən həlim olur, bəzən sərt olur,
Səpir siniflərə zəhmət ətrini.
Aradan nə qədər illər ötsə də,
Heç kəs unutmayır onun xətrini.

İşıq bulağıdır müəllim ömrü,
Ondan nur içirlər su əvəzinə.
Könüllərə düşən bu işıq ilə,
İnsanlar yol alır həyat dərsinə.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli – Dünya şeiri

dünya

Oğullar kiçilir papaq altında,
Duz-çörək heç olur tabaq altında,
Əyricə-üyrücə qapaq altında,
Gör nələr qaynadır qazan, a dünya.

Bir əclaf qudurub tayını yeyir,
Kiminsə haqqını, sayını yeyir.
Bir namərd yüz mərdin payını yeyir,
Beləmi yazıbdı yazan, a dünya.

Yaxşının ürəyi dərdlə dolubdu,
Doğranan, budanan mərdin qoludu.
Elə ən gözəli haqqın yoludu,
Ar olsun bu yoldan azana, dünya.

Ramiz də söyləyir talan dünyasan,
Adəmdən-Həvvadan qalan dünyasan.
Elə əzəl gündən yalan dünyasan,
Doğru demədimi ozan, a dünya.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsəlinin söz dünyası

Ramiz Həsənlinin söz dünyası

ƏSGƏR QARDAŞIM

Qəlbini isidir bu od,bu hənir,
Qələbə gününün səbri tükənir.
Sənin qeyrətinə vətən güvənir,
Ümid qalasısan,əsgər qardaşım.

Döyüşdür ilk yolu,son yolu yurdun,
Ruhun sevgisiylə dopdolu yurdun.
Bu ana torpağın,bu ulu yurdun,
Əziz balasısan,əsgər qardaşım.

Allahım, tez elə, etmə gec-günü,
Bir gün başlayacaq-ulu köç günü.
Doğma ocağına neçə köçkünü,
Yola salasısan, əsgər qardaşım.

Zəfər tonqalının yandır közünü,
Söylə bu torpağa “oğul” sözünü.
Bir gün yağıların oyub gözünü,
Qisas alasısan, əsgər qardaşım.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ARZULAR İSİNƏNDƏ

İndi yad əlində qalan yurdlarım,
Bir də çətin məni bağışlar, Vətən!
Hər gecə yatanda balıncım üstə,
Yağır gözlərimdən yağışlar, Vətən!

İtib arzularım dumanda, çəndə,
Yoxdu bir gedənim, gələnim mənim.
İnsafsız fələyin qürbət daşları,
Çoxdandır başıma ələnib mənim.

Üz tutub getməyə bir yol qalmayıb,
Zaman yığışdırıb bütün yolları.
Bəlkə çiçəklədi sonuncu ümid,
Ay ellər, bir addım tutun yolları.

Harda səslənirsə Göyçə kəlməsi.
Orda Ələsgərin ruhu diksinir.
Ümid asta-asta açır gözünü,
Ürəkdə don vurmuş arzu isinir.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ŞƏHİDLƏR

Ömrü addım-addım könül isidir,
Hünərin əbədi təntənəsidir.
Ulu azadlığın uca səsidir,
Qələbə ünvanlı yoldu şəhidlər!

Mələklər öyrədib heyrət andını,
Qəlbi səssiz içib qeyrət andını,
Heç vaxt unutmayıb cürət andını.
Qələbə ünvanlı yoldu şəhidlər!

Kədər ürəklərdə salıb bağça-bağ,
Azadlıq eşqiylə təsnədir dodaq.
Boylana-boylana qalıb Qarabağ,
Qələbə ünvanlı yoldu şəhidlər!

Buğlanır sinədə dərd sini-sini,
Babalar, öyrədin hünər dərsini,
Yarıb cəsarətlə dərd dənizini,
Qələbə ünvanlı yoldu şəhidlər!

Verib sinəsini dərdin önünə,
Söykən harayına,söykən ününə.
Milləti səsləyir qisas gününə,
Qələbə ünvanlı yoldu şəhidlər!

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

DÜNYA

Dağlarıma dolu düşdü,
Nədir mənim suçum, dünya?
Tez başladı, köçüm dünya.
Sızıldadı içim, dünya.

Səndən yoxdur dərdə Kərəm,
Kotan qoşub, dərd əkərəm.
Yalvarsanda əyilmərəm,
Əyil səndən keçim, dünya.

Çox üzmüsən sənə nə var,
İlqarına yox etibar.
Bəxtim yayda yağdırdı qar,
Tez ağardı saçım dünya,
Nədir mənim suçum,dünya.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

UNUTMAQ OLMUR
Başım üstə gəzən qara buluddu,
Səbrimi daraldıb, ruhumu uddu…
Bu necə alovdu, bu necə oddu,
Sənin gözlərini unutmaq olmur.

Bu dərdin bağrını necə teyləyim?
Çıxmır xəyalımdan, cıxmır neyləyim?
Bu könül sözünü kimə söyləyim?
Sənin gözlərini unutmaq olmur.

Demə bu ömrümün payız fəslidir,
Bir gözün Leylidir, biri Əslidir.
Hər misram dərdimə bir təsəllidir,
Sənin gözlərini unutmaq olmur.

Rəsmini cəkirəm, bax, bu da sonu,
Halını kim duyar, bəxtimin sonu?
Dili tutulubdur, laldı, ha soru,
Sənin gözlərini unutmaq olmur.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsənli “Üç yarpaq”-da

Ramiz Həsənli “üç yarpaq” – da


Vətən

Alın yazısıdır ömürdə hər an,
Arzular ürəkdə qalmasın balam.
Dərd-qəmin üstündə dağ tək ucalan,
Ümidlər qalası Vətəndir, Vətən.

Dağlarda yüksəlir bu haray, bu ün,
Ümiddən, arzudan qalalar hörün.
Vaxtsız qışa dönən hər şəhid ömrün,
Baharı, həm yazı Vətəndir, Vətən.

Üstündə dərd yığıb dövrü-zamanın,
Ömrü pərişandı ötən hər anın.
Gözü yaşlı qalan neçə ananın,
Dilinin laylası Vətəndir, Vətən.

Yağsa da torpağa möhnətin qarı,
Heç zaman qırılmaz ümid yolları.
Şəhid oğulların son yadigarı,
Analar anası Vətəndir, Vətən.

<<<<rAMİZ —- HƏSƏNLi>>>>

Göyçə sızıltısı,Ələsgər dərdi

Qəlbimi isidir yaz havaları,
Aşiqə güc verir naz havaları,
Dədə Ələsgərin saz havaları
Yaman sümüyümə düşüb bu axşam.

Yuxum gözlərimdən nədən tək keçir?
Xəyallar,əlində tər çiçək,keçir…
İçimdən dəli bir titrəmək keçir,
Zaman sümüyümə düşüb bu axşam.

Torpaq sədd,elədi nə qədər mərdi,
Tale günahını üstümə sərdi.
Göyçə sızıltısı,Ələsgər dərdi
Aman,sümüyümə düşüb bu axşam!

<<<<RAMİZ —- HƏSƏNLİ>>>>

PİRDİ ƏLƏSGƏR

(Dədə Ələsgərin ulu ruhuna ithaf edirəm.)

O Şahi-Mərdanın durub yanında, 
Haqq nuru çağlayıb onun qanında.
Bil, Saz məclisində, söz meydanında,
Əzəldən bircədi, birdi Ələsgər.

Ariflər zövq aldı onun səsindən,
Zərgər tək ayırdı “əlif”i “sin”dən.
Heç zaman enmədi saz sinəsindən,
Sənət meydanında sirdi Ələsgər.

İrfan dünyasının əvəzsiz şahı,
Könüllər mülkünün oldu pənahı.
Daim zikr eylədi Kəlamullahı,
Əzəldən övliya, pirdi Ələsgər.

Hər vədə nəfsiylə çıxdı savaşa,
Tamahın yolunu çox basdı daşa.
Mərifət elmini yetirdi başa,
Haqqın qapısından girdi Ələsgər.

İlahi, dağılsın qəlbimin çəni
Incitmə Ramiz tək qəlbi incəni.
İnşallah, fürsət ver görüm Göyçəni,
Ruhumu isidən sirdi Ələsgər.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ – ANA ŞEİRİ

ANA ŞEİRLƏRİ” LAYİHƏSİNDƏN NÖVBƏTİ ŞEİR

ANA

Qarşımda bir ana durur, 
Qəlbi oddur, çöhrəsi nur. 
Övlad arxa, övlad qürur, 
Hər kəlməsi, sözü ana!

Həyat onsuz heç, hədərdir, 
Məhəbbəti nə qədərdir, 
Övlad ölməz bir əsərdir,
Müəllifdir özü ana!

Niyə yolu çən-dumandır, 
Qəlbi kövrək bir kamandır, 
Qocalmayan bir insandır, 
Haqlasa da yüzü ana!

Baş əyirəm bu varlığa, 
Getmə məndən sən uzağa, 
Həyat verib çox uşağa, 
Bir dünyadır duyan ana!

Müəllif: Ramiz Hasanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ -ŞAİR, ALİM…

RAMİZ HƏSƏNLİ HAQQINDA

Ramiz Kamandar oğlu Həsənli – 8 may 1960-cı ildə 
Qərbi Azərbaycanın qədim Göyçə mahalındakı 
Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 
1977-ci ildə Şişqaya kənd orta məktəbini, 1983-ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) əla qiymətlərlə bitirib. 
1983-1989-cu illərdə Neft Maşınqayırması üzrə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnologiya İnstitutunda mühəndis, II kateqoriyalı mühəndis-texnoloq, kiçik elmi işçi, 1989-1993-cü illərdə Azneftmaş Elm-İstehsalat Birliyinin Sahə Mühəndis Mərkəzində I kateqoriyalı mühəndis-texnoloq, elmi işçi, baş elmi işçi, 1993-1999-cu illərdə Bakı Neft-Mədən Maşınqayırma zavodunda mərkəzi zavod laboratoriyasının rəisi, baş metroloq vəzifələrində çalışıb.

1991-1994-cü illərdə Xarkov Dövlət Avtomobil Yolları Texniki Universitetinin aspiranturasında qiyabi təhsil alıb.
1994-cı ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək, 
Ukrayna Ali Attestasiya Komissiyasının qərarı ilə
texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. 

1990-cı ildən eyni zamanda Аzərbaycan Texniki Universitetində (AzTU) əvəzçilik və yarımştatla dərs aparan və diplom işlərinə rəhbərlik edən Ramiz Həsənli 1999-cu ildən АzТU-nu özünə əsas iş yeri seçib. 
2001-ci ildə AR AAK-ın qərarı ilə dosent elmi adına layiq görülüb. 
2000-2009-cu illərdə Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi olub. 
2009-2013-cü illərdə Metrologiya və standartlaşdırma kafedrasının müdir müavini, Texnoloji maşınlar fakultəsi Elmi Şurasının üzvü olub.
Hazırda yenidən Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi, AzTU-nun Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Elmi Seminarın üzvü və “Metallurgiya və metalşünaslıq” kafedrasının dosentidir.

AzTU-nun və Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Dəfələrlə Məntəqə və Dairə Seçki Komissiyalarının sədri olmuşdur. Hazırda 31 saylı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvüdür. Avropa İttifaqı Tempus layihəsinin “Ətraf mühitin mühafizə texnikası” üzrə AzTU-da ixtisas rəhbəri olmuşdur. Tempus və DAAD layihələri üzrə 2004, 2005, 2007-ci illərdə üç dəfə Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, elmi tədqiqatlar aparmışdır.
Kürəvi qrafitli yüksəkmöhkəm çuqunların tədqiqi və tətbiqi sahəsində Azərbaycanda yeganə alimdir. 
Məhsuldar və qüsursuz işinə görə işlədiyi təşkilatların rəhbərlikləri tərəfindən dəfələrlə tərifnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 
170-dən çox elmi əsərin, о cümlədən, 3 ixtira, 2 monoqrafiya, dərs vəsaitləri və 10 dərsliyin müəllifidir. 
Bir sıra elmi məqalələri Rusiya, Ukrayna, Çexiya və Bolqarıstanın nüfuzlu jurnallarında nəşr edilmişdir. 
Çoxsaylı beynəlxalq və respublika elmi-texniki konfranslarının təşkilatçısı və iştirakçısıdır. 
Onlarla diplom işinə və 14 magistr dissertasiyasına rəhbərlik etmişdir.

AzTU-nun doktoranturasını bitirib, doktorluq dissertasiyasını tamamlayıb və müdafiəyə təqdim edib. 

Evlidir, 2 oğlu var.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru