Rövşən Abdullaoğlu Bakıda.

Tanınmış yazar artıq Antaraktida səfərini başa vurub və vətəndədir. İndi müsahibələr, görüşlər davam edir. Növbəti tədbirlərdən biri haqqında məlumat:

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu İqtisad Universiteti UNEC adlı yerdədir. Baku, Bakı · 

“Bu ilin son təlimi İqtisad Universitetində baş tutacaq.

Yeni ildən isə yeni təlimlərə başlayacağıq. Artıq bir neçə universitetlərdən gələn təklifləri dəyərləndirmişik. Yeni ildə oxucularla görüşlər də nəzərdə tutmuşuq.

Antarktida təəssüratlarımı sizinlə bölüşmək üçün müstəqil bir görüş də təşkil etmək istəyirəm.

* Təlim 25 dekabr saat 12 də baş tutacaq. Əfsus ki, təlim yalnız sözü gedən universitetin tələbələri üçün nəzərdə tutulub.”

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Antaraktida səfəri yekunlaşdı

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu King Sejong Station, Antarctica şəhərindədir.

Bellinshauzen qütb stansiyası

Bu səyahətin ən üstün cəhətlərindən biri də bizi qütb stansiyalarının işi ilə yaxından tanış etməsi oldu.

Cənubi Şetland arxipelaqındayıq. Arxipelaqa aid olan Kral Georq adasında Rusiyanın məşhur Bellinshauzen qütb stansiyası yerləşir. Bu, Antarktidada fəaliyyət göstərən böyük ölkələrə məxsus qütb stansiyalarından biridir. Bu stansiyalara kənar şəxslərin girişi qadağan olduğundan bizə yalnız Bellinshauzen qütb stansiyasının ərazisinə daxil olmağa icazə verdilər. Bellinshauzenin qonşuluğunda yerləşən Çili qütb stansiyası nəinki icazə vermədi, hətta bizim gəminin Kral Georq adasına yaxınlaşdığını görüb stansiyanı qoruyan hərbi gəmisi ilə qarşımızı kəsdi. Kapitanla danışandan sonra gəmi kənara çəkildi.

Ümumiyyətlə, burada qütb stansiyalarının fəaliyyətinin əsas hissəsi tam məxfi saxlanılır. Bəzilərində isə, Çili stansiyasında olduğu kimi, hərbçilər fəaliyyət göstərirlər.

Antarktidada ən böyük stansiya azı min nəfərin fəaliyyət göstərdiyi amerikanların qütb stansiyasıdır. Burada bir çox mühüm məqamlar öyrəndim, vaxt olduqca sizinlə paylaşacağam.

Bellinshauzen qütb stansiyası. Burada yay vaxtı 40-a qədər işçi olur, qış mövsümündə isə 13 adam qalır. Stansiya qırmızı və gümüşü rənglənmiş 15 birmərtəbəli tikilidən ibarətdir. Bizə stansiyanın əməkdaşları ilə ünsiyyət qurmağa icazə verdilər. Onlar da rahat şəkildə bəzi məlumatları bizimlə bölüşdülər. Rusiyadan olan ekspedisiya üzvləri öz həmvətənlərinə iki şüşə araq da gətirmişdilər.

Çox maraqlı məqamlardan biri stansiyanın ən hündür yerində kilsənin inşa edilməsi idi. İlboyu açıq olan kilsədə bir-birini əvəzləyən iki keşiş fəaliyyət göstərir. Dedilər ki, burada nikah mərasimi belə keçirilib. Hətta Rus Provaslav kilsəsinin patriarxı Kiril də bu kilsəni ziyarət edib, hədiyyə də gətirib. Onun məxsusi ritualla Antarktida sularını müqəddəsləşdirdiyi, ən çox da adada pinqvinlərin fonunda çəkdirdiyi şəkillər Rusiyada böyük maraqla qarşılanıb.

Bu stansiya və ümumiyyətlə Antarktikanın ekoloji və siyasi əhəmiyyəti barədə ilk fürsətdə bir neçə geniş məqalə hazırlamağı düşünürəm.

===========================================================

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

Salam, dostlar. Antarktida səfərimiz başa çatdı, artıq Vətənə dönürük.

Bu, əlbəttə, səfərlə bağlı paylaşımların bitməsi deyil. Əksinə, ən maraqlı materiallar, çəkilişlər hələ qalır. Sosial mediada, bloqumda vaxt olduqca gördüklərimi, öyrəndiklərimi sizinlə bölüşəcəyəm. Çox maraqlı müsahibələr olacaq. Səfər müddətində hamınızın səmimi dəstəyini hiss edirdim. Hamınıza təşəkkür edirəm.

Dreyk boğazını necə keçdiyimiz, yəqin ki, hamınıza maraqlıdır. Bu dəfə dərmanları vaxtında içdiyimdən özümü çox yaxşı hiss edirdim, hətta o həngamədə göyərtəyə çıxıb bayrağımızla şəkil də çəkdirdim.

Bütün səfər yoldaşlarımız bizdən xoş təəssüratlarla ayrıldılar.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

O BUZUN İÇİNDƏ GECƏLƏDİ

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu South Pole, Antarctica adlı yerdədir.

 Bristol, Birləşmiş Krallıq · 

Öz qazdığımız çuxura düşdük:

Hələ səfər etməmişdən əvvəl buzlaqlar içində gecələmək şansımızın olacağını eşitmişdim. Bunun üçün səfərdən 7-8 ay öncə növbə götürmək lazım idi, elə də etdim. Bütün səfər boyu da o anın nə zaman gələcəyini səbirsizliklə gözləyirdim. Antarktidada buzlar arasında, açıq səma altında gecələmədən oranın təbiətini tam hiss edə bilməzsən.

Axır ki, o günün gəlişini elan verdilər. Həmişəki kimi brifinq keçirildi. Brifinqdə iştirak etmədən kempinqə (Antarktidada düşərgə salmağa) icazə verilmirdi. Brifinq zamanı düşərgənin necə salınacağını, orada nə edəcəyimizi, təhlükəsizlik tədbirlərini öyrəndik. Brifinqdən sonra bir çoxu bu işin onlar üçün olmadığına qərar verib buzlu materikdə gecələmək fikrindən vaz keçdilər.

Ertədən şam edib sahilə yan aldıq. Bələdçilər gecələyəcəyimiz yerləri müəyyənləşdirdilər. Hər kəs öz ölçülərinə uyğun və dərinliyi bir metr olan yer qazmalı idi. Bu çuxur bizi soyuqdan və küləkdən qoruyacaqdı. Yatacağımız üçqatlı kisələrin -18’C-ə qədər şaxtadan qorumaq gücündə olduğunu dedilər. Yerimizi tez hazırlayıb bitirdik, ətrafı gəzmək üçün xeyli vaxtımız qalmışdı.

Gecəyarısına az qalıb, ancaq saata baxmasan gecə düşdüyünü təyin edə bilməzsən. Ay çıxıb, hər tərəf süd rəngli işığa bələnib, sanki heç gecə deyil. Ətrafda bir az dolaşdıqdan sonra düşərgəyə qayıtdıq. Gecənin kənar səslərdən arınmış havası, dağın dümağ ətəyi və okeanın indi daha fərqli səslənən uğultusu qəribə bir əsrar yaratmışdı. Dünyanın sonunda, bəlkə də başlanğıcında bir-birinə qovuşmuş buz və su səhrası. Əzəmətlə dayanmış dağların soyuq nəfəsini hiss edirsən. Bütün bu ehtişamın təsiri ilə köksün fərqli hisslərlə qalxıb-enir.

Təbiəti öz saflığını hifz etmiş bu uzaq diyarda fərqli, heç yerdə görmədiyim qədər şəffaf səma ilə üzləşəcəyimi zənn etmişdim. Qaşlarını çatmış göy üzündə, hündür dağların düz zirvəsindən boylanan Aydan başqa heç nə görə bilmədim.

Antarktikaya gələndən bəri məndə yaranmış qəribə bir hiss burada daha şiddətləndi. Yadlıq hissi. Bu barədə başqa bir paylaşımda danışacam.

Hava getdikcə soyuyurdu, hamı bir-bir yatacağı yerlərə üz tuturdu. Yatmaq üçün olan kisələrə girmək özü də ayrı bir əziyyətdir, bu barədə bir dəfə ətraflı danışaram. Narahat bir gecə keçirdim. Tez-tez oyanıb o yan-bu yana çevrilirdim. Sərt buz parçaları bədənimizi yaralayırdı. Kisəni bir az açıb nəfəs almaq istəyirdim, o dəqiqə soyuq üzümü dalayır, kisənin içinə dolub bədənimə üşütmə salırdı.

Səhər yuxarıdan, elə bil dağın başından gələn səsə oyandım. Bələdçi idi, nəsə suitilərdən danışırdı. Kisənin içindən çıxıb paltarlarımı geyinənə qədər səhərin soyuqluğu iliyimə işlədi. Ətrafa boylandım. Yavaş-yavaş hamı öz çuxurundan çıxmağa başlamışdı. Okeana tərəf boylananda gördüyüm mənzərədən heyrətlənməyə bilmədim. Sular sahildən 50-60 metr geri çəkilmişdi. Sahil isə suitilərlə dolmuşdu.

Bir müddət Antarktida sübhünün gözəlliyinə tamaşa etdik, sonra arxamızca gələn qayıqlara minib gəmiyə qayıtdıq. Yəqin ki, hər kəs o qəribə gecənin təəssüratlarını hələ uzun müddət xatırlayacaq. UNUDULMAZ ANLARIN FOTOLARI:

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Balinaların ahı adasından

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Enterprise Island adlı yerdədir.

Cənuba doğru irəlilədikcə hava daha da sərtləşir. Duman ətrafı bürüyür, arabir qar yağır.

İndicə elan etdilər ki, biz Enterprays adasına yaxınlaşırıq. Çox güman ki, adaya çıxmaq mümkün olmayacaq. Çünki adada, demək olar ki, gəzməyə yer yoxdur, əksər hissəsi qalın buz qalxanı ilə örtülüdür. Əvəzində isə motorlu qayıqlarla adanın ətrafını dolaşmaq, ondan qopan buz parçalarını yaxından izləmək, adanın hündür buzlaqları üzərində toplaşmış pinqvin dəstələrini müşahidə etmək olar.
Ekspedisiya bələdçisi bunları deyərkən bu adanın çox maraqlı keçmişi olduğuna da işarə etdi. Adanın sahilində qəzaya uğramış bir gəmi olduğunu dedi. Görəsən, kimlərin gəmisi olub, sərnişinlərinin başına nə gəlib? Maraqlıdır. Bu barədə növbəti paylaşımda.

========================================================

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Enterprise Island adlı yerdədir.

Balınaların ahı

Enterprays adası. Hava hazırda çox soyuqdur, sular da bir az dalğalıdır. Yenə qruplar şəklində motorlu qayıqlara minirik. Biz C qrupundayıq. Ağzımızı, gözümüzü bərk-bərk bürümüşük. Qarşıda çoxlu aysberqlər var. Yaxınlaşanda qayığı saxlayıb müşahidə edirik. Rəngləri və ətraflarındakı sular da göydür. Bu Aysberqlər Enterprays adasından qopub okeana düşmüş buz parçalarıdır.

Adanın 15-20 metrliyində qəzaya uğramış köhnə bir gəmi vardı.

Gəminin çox maraqlı və kədərli bir tarixçəsi var. Norveçə məxsus olub. İribuynuzlu heyvanların daşınması üçün nəzərdə tutulmuş bu gəmini bir şirkət alır və balina ovu və emalı üçün istifadə etməyə başlayır. 1913-cü il üçün əla təhciz edilmiş bu gəmidə ovladıqları balinaları hissələrə ayırır, əti çeşidləyib qablaşdırır, sümükləri üyüdür, piyi çəlləklərə yığırdılar.

Həmin vaxtlar Antarktida sahillərində balinaların sayı xeyli çox idi, müxtəlif ölkələrin gəmiləri burada ovla məşğul idilər. Təkcə bu gəmi birinci il 500, ikinci il 400-dən çox balina ovlayıb. 1915-ci ildə Foyen buxtasında, Enterprays adasının yaxınlığında olanda gəminin sakinləri növbəti uğurlu ovdan sonra göyərtədə əyləncə təşkil edirlər. Ehtiyatsızlıq üzündən gəmini alov alır. Kapitan gəmini tam sürəti ilə sahilə sürür. Gəmi saya oturur və bütün ekipaj xilas olur. Qəzaya uğramış gəmi isə illərdən bəri burda dayanıb, görk olsun deyə. İndi atılmış bu gəmi quşların məskənidir.

Daha bu sularda balina ovuna icazə verilmir. Həmin illərdə kütləvi tələf edildikləri üçün bu nəhəng, ziyansız heyvanların sayı kəskin azalıb. Doğrudan da, təbiətin insandan böyük düşməni yoxdur. Bu gəmi də bu düşmənçiliyin acı nəticəsini əks etdirən abidədir indi.

Sahilə çıxmaq üçün adanı dövrə vurduq, lakin yan almağa bir yer tapa bilmədik. Bütün sahil hündürlüyü bir neçə metr olan qar təpələri ilə əhatə olunmuşdu. Qayıqlarla bir müddət müşahidə apardıqdan sonra gəmiyə geri qayıtdıq. Adadan fotolar:

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Buzlu suların qonağı

Rövşən Abdullaoğlu:

“Antarktida səyahəti insana daha bir sahədə öz sərhədlərini aşmaq fürsəti verir: arzu etsən, buzlu okean sularına baş vura bilərsən.

110 nəfərlik komandamızdan cəmi on nəfər suya girməyə razılıq verdi. Təlim zamanı baş verə biləcək fəsadları izah etmişdilər: soyuqdan insanda qəfil qıcolma, yaxud ürək tutması baş verə bilər. Bir sözlə, hazırlıqsız adam qəfildən buzlu suya yıxılsa, sadəcə ölə bilər. Ancaq həkimlər mənə səhhətimin bununçün uyğun olduğunu demişdilər.

Hər kəsin belindən kəndirlə bağladılar ki, ehtiyac olsa, dərhal sudan çıxara bilsinlər. Qayıqda iki nəfər xilasedici də kömək üçün hazır idi. Suyun neçə dərəcə olduğunu dəqiq bilmirəm, ancaq gəmidə termometr havanın -4`C olduğunu göstərirdi.

İlk anda nə hiss etdim? Bədənin sənə tabe olmaqdan imtina edir. Buz kimi su bütün bədəninə sarmaşır və bütün əzələlərin qıc olur, yandığını, yoxsa donduğunu ayırd edə bilmirsən. Ürək şiddətlə döyünür, nəfəsalma çətinləşir. Çətinliklə də olsa, əllərimi tərpətməyi bacardım, bədənimdə hərəkət yarandı. İçimdə bir əminlik baş qaldırdı, sanki bir qədər də cəhd etsəm, artıq üzə bilərmişəm.

Bəzən deyirlər ki, filan iş mənim arzumdur, məqsədimdir. Yox, belə bir düşüncəm yox idi, mən sadəcə fürsət düşmüşkən öz sərhədlərimi yoxlamaq, bu təcrübəni da yaşamaq istədim. Çox fərqli bir hiss idi, sözlə tamlıqla ifadəsi də çətindir. Sudan çıxdıqdan sonra qəribə bir gümrahlıq yaranır. Yenidən baş vurmaq istədim, bu dəfə icazə vermədilər. Çox maraqlı, unudulmaz təcrübə idi.”

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

 Amundsen-Scott South Pole Station, Antarktida · 

Okeanda çimənlərə özəl barbekü qonaqlığı

Özü də açıq havada. Zarafat edirəm, sırf bizə özəl deyildi, hər kəs iştirak edirdi.

Aşpazımız Cənubi Afrika Respublikasındandır. Onunla elə ilk günlərdə tanış olduq. Biləndə ki, biz Afrikada olmuşuq, çox sevindi. Necə bir hissdirsə, bu buzlar ölkəsində belə insanlar özlərinə bir köynək yaxın birini görən kimi istər-istəməz ona qarşı nəsə fərqli bir mehribanlıq bir doğmalıq hiss edirlər; bizim bu aşpaz da sanki özünə həmvətən tapmışdı, minlərlə kilometr uzaqdakı bu gəmidə onun vətənini tanıyan, vətəni barədə danışa biləcəyi insanlara rast gəldiyi üçün sevinirdi.

Səfər boyu onunla tez-tez görüşmək imkanımız oldu. Bizi Cənubi Afrikaya dəvət etdi. Oradakı görməli yerlər barəsində elə maraqla danışdı ki, artıq düşünürəm, bir dəfə də oralara getmək lazımdır.

O gündən bəri aşpazımız bizi möhtəşəm əl qabiliyyəti ilə təəccübləndirməyə davam edir. Demək olar ki, hər dəfə ofisiantlar bizə “şefdən özəl” yeməklər gətirirlər. Səfərdən 7-8 ay əvvəl bütün səyyahlar üçün menyu tərtib olunur və hər kəs öz rasionunda üstünlük verdiyi qidaların siyahısını yazır. Biz seçimimizi balıq məhsullarından yana etmişdik.

Biz azərbaycanlıların da damaq zövqünə verdiyi önəm danılmazdır, odur ki, özü Afrikadan olsa da, aşpazlıq təhsilini Fransada almış bu möhtəşəm usta ilə dostluq lap yerinə düşdü.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Antaraktidadan xəbər var

Rövşən Abdullaoğlu Orne Harbour, Antarctica adlı yerdədir.

 Glendale, Amerika Birləşmiş Ştatları · 

Orne buxtası, nəfəskəsən gözəllik.

Hava çox küləklidir, şaxtalıdır, okean da dalğalıdır. Gəmimiz buxtaya girdi. Buxta kiçik körfəz deməkdir, yəni burada okeanın bir parçası quruya daxil olub, gümüşü sular üç tərəfdən dümağ dağlar, təpəliklərlə çevrələnib.

Həmişəki kimi yenə bələdçilər motorlu qayıqlarla sahili müşahidə etməyə getdilər. Çox keçmədən xoş xəbər aldıq, havanın çox soyuq olmasına baxmayaraq, sahilə yan ala biləcəkdik.

Qruplarla sahilə endik, buradan da dağın başına doğru çıxmalı idik. Bizdən öncə sahili təhqiq etmiş bələdçilər hərəkət trayektoriyasını müəyyənləşdirmiş, keçid yerlərinə qırmızı bayraqlar sancmışdılar. Hər bir halda, əksər ekspedisiya üzvləri üçün zirvəyə dırmanmaq heç də asan olmadı. Getdikcə hava pisləşirdi, külək adamı yıxır, duman görüntünü bir qədər də məhdudlaşdırırdı. Bütün bunlara sinə gərib bir müddət sonra zirvəyə yetişdik.

Dəyərmiş. Gördüyümüz mənzərə bütün təsvirlərin fövqündə idi, möhtəşəm bir gözəllik. Bütün buxta və bütün Antarktida ovcumuzun içində idi. Real aləmdə olduğumuza bizi sağa sola yırğalanaraq hərəkət edən pinqvin sürüləri inandırdılar. Sürü deyirəm sizə, özü də dağın başında. Təəccüblü idi, çünki biz adətən onlara adaların suya yaxın aşağı hissələrində rast gəlirik, orada qida tapmaq da daha asandır. Bu dəfə isə tam əksini görürdük, dağın başı pinqvinlərlə dolu idi. O özünəməxsus yerişləri ilə bura necə dırmanıblar, maraqlıdır. Pinqvinlər təpəliklərin üstündə o yan-bu yana gedir, bəzən də təpədən aşağı sürüşürdülər.

Bir neçə saat bu gözəlliyin qoynunda keçirdik. Sonra qayıtmaq vaxtı olduğunu dedilər. Aşağı düşmək çıxmaqdan çox çətin idi. Yeriyərək çıxmışdıq, ancaq indi külək ayaq üstə durmağa imkan vermirdi. Yamac çox dik və sürüşkən idi, aşağı yuvarlanmaq riski çox böyük olduğundan hamımız məcbur kürəyi üstə sürüşərək enməli olduq.

İndi artıq gəmidəyik. Bu gün Antarktida səfərinin, bəlkə də bütün səyahətlərimin ən unudulmaz epizodlarından birini yaşadım.

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.
 Amundsen-Scott South Pole Station, Antarktida · 

Buzlaqlar, aysberqlər – bu təbiət möcüzəsini öz gözümüzlə görmək fərqli duyğudur. Ara vermədən yağan qar bərkiyərək torpağın üzərində bəzən qalınlığı bir kilometrdən çox olan buz təbəqəsinə çevrilir.

Aysberqlər də bu buz təbəqəsindən qopmuş parçalardır. Şimal qütbündə aysberqlərin əksəriyyəti Qrenlandiyada, cənubda isə Antarktidada əmələ gəlir. Dünyada ən böyük aysberq məhz Antarktidadadır. Sahəsinin 11 min kv.km olduğu deyilir, təsəvvür edin ki, Bakıdan beş dəfə böyükdür.

Materikə yaxınlaşdıqca aysberqlərin, buz lövhələrinin sayı da çoxalır. Gəmimizin sürəti də azalır, kapitan bu buz qayalarını əvvəlcədən görür və buna uyğun istiqamət götürür. Buz lövhələrinin ölçüsü böyük olduqca yarada biləcəkləri təhlükə də artır. Bir də hərəkət etdiklərini düşündükdə təhlükəni daha real təsəvvür etmək olur.

Üstəlik, aysberqin çox kiçik hissəsi görünür, təxminən 90 %-i suyun altında olur. Hündürlükləri də fərqlidir, buralarda 30-40 metrə çatan aysberqlər var. Yayda onların sudan çöldə qalmış hissələri qismən əriyir, lakin yay ayları elə də uzun sürmədiyindən tezliklə ərimiş bu hissə yenisi ilə əvəzlənir və beləliklə də buz lövhələri daha da böyüyür. İndi bu prosesin illərcə davam etdiyini düşünün. Bir də bu nəhəng soyuq qayalara lap yaxınlaşanda, gölgəsi üzərinə düşəndə soyuq havayla birgə içinə dolan möhtəşəmlik duyğusu var…

Rövşən Abdullaoğlu Orne Harbour, Antarctica adlı yerdədir.

 Glendale, Amerika Birləşmiş Ştatları · 

Aysberqlər nə rəng olur, sizcə? Ağ, buz mavisi… Doğrudur. Amma bir də göy, çəhrayı, hətta qara aysberqlər varmış.

Bəs bu fərqliliklərə səbəb nədir? Aysberq hərəkət edərkən onda çatlar əmələ gəlir, bu çatlara dolan okean suyu donanda artıq ağ yox, göyümsov rəngdə olur. Həqiqətən də kənardan aysberqə baxanda ağ-göy zolaqlı olduğunu görürsən. İldən ilə aysberqin səthi bir az boşalıb yenidən donunca tərkibindəki hava qabarcıqları çıxır və aysberqin rəngi tündləşir, beləliklə, dümağ buz parçalarının hələ çox cavan olduğunu ayırd edə bilirik.
Bəzən gün işığında açıq çəhrayı rəngə də çalırlar, möhtəşəm görüntüdür.

Qara aysberqlərə hələ ki rast gəlməmişik. Aysberqin alt hissəsinin rəngi qopduğu torpaqdan, yaxud da üzərkən okeanın dibindən götürdüyü qumdan, süxurlardan tündləşir. Yayda aysberq qismən əriyəndə bəzən çevrilir və qaralmış hissə səthə çıxır, bu çevrilmə təkrarlananda aysberqdə tünd rəngli laylar əmələ gəlir, uzaqdan baxanda bütünlükdə rəngi dəyişmiş olur. Qabaqlar dənizçilər qara aysberqlərin uğursuzluq gətirdiyinə inanarmışlar. Hardasa haqlıdırlar, çünki gecə qara, aysberq də qara olunca, onu vaxtında görmək çətinləşir və qəza təhlükəsi artır. Deyilənə görə, məşhur “Titanik” gəmisi də məhz qara aysberqlə toqquşaraq okeanda qərq olub.

“Titanik” demişkən, gəmidəki ilk təlimlərdə bizə izah etdilər ki, gəmi qəzaları zamanı suya düşmüş adam suda maksimum bir neçə dəqiqə qala bilir və çox keçmədən donur. EGE Hospitalda müayinə zamanı dostumuz Xayyam həkimlə bu barədə danışmışdıq, odur ki, mümkün fəsadları təsəvvür edə bilirəm: ani qıcolma, ürək tutması. Hər şeyə rəğmən, Cənub okeanının buzlu sularına baş vurmaq təklifi o qədər cazibdir ki. Neçə gündür, uyğun hava şəraitinin yaranmasını gözləyirəm, əlbəttə, bu yerlərdə uyğun hava şəraiti bizim bildiyimizdən fərqlənir.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səyahət davam edir

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

 Amundsen-Scott South Pole Station, Antarktida · 

Adaya düşməmişdən əvvəl xüsusi tozsoranlar vasitəsilə üzərimiz təmizlənir, sonra da başdan-ayağa dezinfeksiya olunur. Bununla üzərimizdə ola biləcək hər hansı bir toxum, mikroorqanizm, mikrob və s. in adaya düşmə ehtimalının qarşısını alırlar. Gəmiyə qayıdanda da eyni prosedur təkrarlanır.

Bu yerlərin özünəməxsus flora və faunası var, bizim üçün adi olan hər hansı bir bitki və ya bədənimizdə oraya daşıya biləcəyimiz mikrob yayılaraq oranın təbiəti üçün təhlükəli ola bilər. Ona görə də bu qaydalara çox həssaslıqla riayət olunur. Dünyanın istəyi Antarktidanın təbii flora və faunasını olduğu kimi qoruyub saxlamaqdır.

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

23 saat · Amundsen-Scott South Pole Station, Antarktida · 

Antarktida sahilləri boyunca üzürük. Hər dəfə fərqli sahilə yan alaraq quruya çıxacağıq. Hər tərəf qarla örtülüdür; iqlim, heyvanat aləmi, dağlar – hər şey çox fərqlidir. Hər dəfə sahilə yan almadan öncə təlimlər olacaq. Bizi nə gözlədiyi, necə davranmalı olduğumuz barədə məlumat veriləcək. Təlimdə iştirak etməyənlərə sahilə enməyə icazə verilmir.

Hazırda yenidən təlimlərə başladıq. İştirakçıların siyahısı tutuldu, bu siyahı üzrə də bizi sahilə buraxacaqlar. Sərnişinləri komandalara böldülər, hər komandanın bir rəhbəri var. Rəhbərlər xüsusi təlim görmüş bələdçilərdir. Hazırda qaydalar izah edilir. Antarktidaya ayaq basan hər kəs beynəlxalq qaydalara əməl etməlidir. Bununla bağlı hər birimiz yazılı sənəd imzaladıq.

Sizin üçün maraqlı ola biləcəyini düşündüyüm bəzi qaydaları qeyd edim:

Sahildə bələdçilərin təyin etdiyi hərəkət trayektoriyasından çıxmaq qəti qadağandır. Bəzən buzlaqların arasında çatlar əmələ gəlir, lakin bu çatların üzəri qarla örtüldüyündən biz onları görmürük. Hərəkət traektoriyasından çıxdıqda bir göz qırpımında bu yarğanlardan birinə yuvarlana bilərsən ki, bunun da sonu heç yaxşı qurtarmaz.

Gəmidən sahilə heç bir qida aparmaq olmaz. Sahildə rastımıza çıxan heyvanlara yaxınlaşmaq, onları yemləmək, ürkütmək, ümumiyyətlə, hündürdən danışmaq qadağandır, heyvanlara qartopu atmaq da olmaz. Pinqivinlərin arxasınca düşməyə də icazə yoxdur, əgər yolunuz kəsişərsə, onların keçməsinə imkan yaratmalısınız.

Sahili heç bir səbəblə çirkləndirmək olmaz. Səyyahlar təbii ehtiyaclarını belə yalnız və yalnız gəmidə təmin etməlidirlər. Çıxılmaz hallarda gəmidən gətirilmiş xüsusi dəmir qablardan istifadə olunur ki, bu qablar sonradan gəmiyə geri aparılır və yalnız orada təmizlənir.

Ümumi qaydalara əməl etməyənləri də təlimdə iştirak etməyənlərlə eyni aqibət gözləyir. Onlar gəmiyə qaytarılır, sahilə çıxışları məhdudlaşdırılır və ya tamamilə ləğv edilir.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Buzlar ölkəsindən isti xəbər

Rövşən Abdullaoğlu Half Moon Island adlı yerdədir. (Ushuaia, Argentina )· 

Adına görə formasına borclu olan ada.

Half Moon – Aypara adası. Sahəsi 170 hektar olan bu kiçik ada adına görə elə formasına borcludur. Gəmimizin çıxdığı liman şəhərindən (Uşuaya) bura qədər 1,173 kilometr məsafə qətt etmişik. Adaya yalnız su yolu ilə, yaxud da helikopterlə daxil olmaq olar. Xoşbəxtlikdən, sahilin bir hissəsində buzlar ərimişdi və biz asanlıqla “Zodiak” motorlu qayıqlarla adaya yan ala bildik.

Ada Argentinanın Kamara qütb stansiyası tərəfindən istifadə olunur. Əvvəllər il boyu fəaliyyət göstərən stansiya indi yalnız yay aylarında işləyir. Hazırda stansiyada heç kim yoxdur. Yay indi başlayıb, yəqin ki yaxın günlərdə işləməyə başlayar.

Şaxtaya baxmayaraq hava xoş idi, axşama doğru daha da sərtləşməyə başladı və biz gəmiyə qayıtdıq. Adadan çox kəskin balıq, yosun qoxusu gəlirdi. Bu bölgədə çoxlu pinqvinlərə rast gəldik, bunlar çox da iri olmayan pinqvinlərdir. Antarktidanın digər yerlərində kral pinqvinlərinə rast gəlsək, maraqlı olar. Bir də burada heç görmədiyim quş növləri diqqətimi çəkdi. Sonradan araşdırdım ki, bu kiçik adada yüzdən artıq müxtəlif quş növü var. Adadan fotolar:

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rövşən Abdullaoğlu Antaraktidada

RÖVŞƏN ABDULLAOĞLU SOUTH POLE, ANTARCTİCA ADLI YERDƏDİR.

 Amundsen-Scott South Pole Station, Antarktida · 

Əziz dostlar, Antarktidaya ekspedisiyamız başladı.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏYAHƏT DAVAM EDİR

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Parque Provincial Ischigualasto adlı yerdədir.

 San Agustín De Valle Fértil, Argentina · 

İsçiqualasto və Talampaya Milli parkları. Yaşayış məntəqəsindən xeyli uzaq olduğundan buraya gəlmək üçün maşın tutduq. Arxeoloji və paleontoloji qazıntıların ciddi mühafizəsi üçün turistlər müəyyən qaydalara riayət etməlidirlər.

Bu yerlər ən qədim dinozavr məskənlərindəndir. Çox quraq və çox isti bölgədir, “ölü torpaqlar” da adlanır. İnanmaq olmur ki, yüz milyonlarla il əvvəl burada çaylar axıb, yaşıllıqlar, meşələr olub, ətrafda dinozavrlar dolaşıb. Məntəqədə aparılan araşdırmalar zamanı hələ də yeni dinozavr qalıqları tapılır. Parkın nəzdində bu tapıntıların saxlanıldığı bir neçə muzey fəaliyyət göstərir.

İnsanları bura cəlb edən iki səbəb var: çox qədim paleontoloji tapıntılar və bir də dünyamıza bənzəməyən, qeyri-adi mənzərə. İsçiqualasto həm də Ay vadisi adlanır. Doğurdan da, başqa bir planetə, yaxud da Ayın səthinə düşdüyünü zənn edirsən, çox bənzəyir. Parkı dərinliyi yüz metrdən artıq olan qırmızı yarğanlar əhatə edir. Külək və yağışlar nəhəng daşları aşındıraraq qəribə fiqurlar yaradıblar. Bu fiqurların hər birinə görünüşünə uyğun ad qoyublar. Məsələn, sfinksə bənzəyən fiqurun adı elə sfinksdir.

Bütün bu məntəqələr YUNESKO-nun Ümumdünya İrsinə daxil edilib.

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Cataratas del Iguazú adlı yerdədir.

Puerto Iguazú, Argentina · 

Ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşərək yaratdığı ehtişamı təsəvvür edin. Etdiniz? İnanın ki, görmədən bu gözəlliyi təsəvvür etmək mümkün deyil. Argentina ilə Braziliyanın sərhədində yerləşən dünya möcüzəsi bir gözəllik- İquasu şəlaləsi. Min illər öncə bu şəlalə İquasu çayının Parana çayına töküldüyü yerdə yerləşirmiş. İldən ilə şəlalə sürüşərək Parana çayından uzaqlaşıb, indi bu məsafə otuz kilometrə yaxındır.

Su zərrələri duman kimi şəlalənin başının üstünü almışdı, aşağı baxanda heç nə görünmürdü. Suyun şırıltısından başqa heç nə eşidilmir, yuxarıdan çaya boylananda sanki aşağıya doğru cəzb edildiyini hiss edirsən, sanki indi yıxılacaqsan. Şəlalənin möhtəşəmliyini ancaq aşağıdan seyr edəndə tamlığı ilə hiss edirsən.

Heyif ki, bu təəssüratı nə şəkillərlə, nə də sözlərlə olduğu kimi çatdırmaq mümkün deyil.

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Ushuaia, Tierra del Fuego, Argentina şəhərindədir.

Buludlar bizi Odlu Torpaq arxipelaqında yerləşən Uşuayaya yola salmaq üçün toplaşıblar.

Bu şəhər “dünyanın sonu” adı ilə məşhurdur. Cənub yarımkürəsinin ən son şəhəridir. Uşuayada Biql boğazından, qabaqlar həbsxana olmuş məşhur Presidio muzeyindən və başqa maraqlı yerlərdən paylaşımlar edəcəyəm. Oradan da gəmi ilə buzlar ölkəsinə gedəcəyik, nəhayət.

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu Tierra del Fuego National Park adlı yerdədir.

Tierra del Fuego – Odlu Torpaq.

Gördüyünüz kimi, bu torpaqlar qətiyyən odlu deyil, hətta xeyli soyuqdur. Bu ad gecənin qaranlığında yerli sakinlərin sahildə yandırdıqları yüzlərlə tonqalı təbii vulkan zənn edən məşhur dəniz səyyahı Fernand Magellandan qalmadır.

İngiltərənin məşhur Biql gəmisində dünya səyahəti zamanı Uşuayada olmuş Darvin azsaylı yerli hinduların çox geridəqalmış olduqlarını, aclıq vaxtı yaşlı qadınları öldürüb yediklərini yazırdı. Həmin dövrdə Uşuayada yuqan hindularından başqa heç kim yaşamırdı. Onlar çox ibtidai formada yaşayır və havanın soyuğuna baxmayaraq əyinlərinə heç nə geymirdilər. Yuqanlar Darvinə çox da yaxşı təsir bağışlamasalar da, fərqli tədqiqatçıların yerli xalqların adət-ənənələri, özünəməxsus mədəniyyətləri, ailə bağları barədə maraqlı qeydləri var. Sadə ibtidai həyat sürən aborigenlərin həyatı müstəmləkəçilərin buraya ayaq açması ilə dəyişir. Geyimlə bərabər Odlu Torpağa xəstəliklər və kütləvi soyqırımlar da yol tapır. Hazırda Odlu Torpaqda yerli hindulardan çox az qalıb. Yuqan qəbiləsindən olan saf qan sonuncu hindunun hazırda 91 yaşı var. Kristina Kalderon adlı bu qadın eyni zamanda yuqan tayfasının dili olan yamana dilini bilən yeganə hindudur. Onun ölümü ilə yuqan hindularının də nəsli kəsilmiş olacaq. Bu da Uşuaya aborigenlərinin tarixçəsi.

Bu torpaqlarda indi məskunaşma xeyli artsa da, təbiət öz bakirəliyini qoruyub saxlayıb. Hazırda Uşuaya Milli parkındayıq. Vəhşi təbiət, göllər, meşələr. Təsvirə sığmayan gözəlliklər. Dünyanın ən son dayanacağında olmaq özünü fərqli hiss etdirir. Dünyanın sonu, yaxud da başlanğıcı. Baxış bucağından asılıdır.

Rövşən Abdullaoğlu Drake Passage adlı yerdədir.

 Ushuaia, Argentina · 

Səfərimizin ikinci, əsas hissəsi başladı.

Hazırda Dreyk boğazına doğru yol almışıq. Antarktidaya gedən yol buradan keçir. Dünyanın ən geniş və ən dərin boğazı hesab edilən Dreyk boğazı Atlantik və Sakit okeanların sularını birləşdirir. Burada suların dərinliyi beş min metrə çatır. Bu boğaz həm də dünyada ən böyük fırtınaları ilə məşhurdur. Dalğaların hündürlüyü bəzən 15 metri aşır. Ona görə də boğazdan yalnız xüsusi gəmilərin keçməsinə icazə verilir. Kapitanın dediyinə görə, bizim səfərimiz boğazın nisbətən sakit vaxtına təsadüf etməlidir.

Gəmidə internet ödənişlidir və peyk vasitəsilə təmin edilir. Ödəniş etsəniz belə, şəbəkənin olub-olmayacağı müəmmadır. Artıq ilk saatlardan aktiv təlimlərə başlamışıq. Sərnişinlərə izah olundu ki, bu, adi turustik səfər deyil, bir ekspedisiyadır. Davamlı təlimlərdə iştirak etmək zəruridir. Təlimdən yayınanlara sahilə çıxmaq və ekspedisiyalarda iştirak etmək qadağası qoyulur. Hər dəfə təlimdə iştirak edənlərin siyahısı tutulacaq və o siyahı üzrə də şərnişinlər sahilə buraxılacaqlar. İlk təlim xilasedici jiletlər və onlardan istifadə qaydaları, batma anında görülməli tədbirlər barəsindədir.

Təlimdən sonra gəmi kapitanının iştirakı ilə tanışlıq yeməyi təşkil olunacaq. Hələlik bizi ciddi nizam-intizamla qarşılayıblar, görək, sonrası necə olur.

VƏ NƏHAYƏT:

Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu South Pole, Antarctica adlı yerdədir.
 Amundsen-Scott South Pole Station, Antarktida · 

Əziz dostlar, gördüyünüz kimi, artıq Antarktida sahillərinə yaxınlaşmışıq. Dünən çox narahat idim, ancaq indi yaxşıyam. Hər şey əladır, hava bir az şaxtalı olsa da, Günəş hələ ki xətrimizə dəymir, arabir özünü hiss etdirir. Materikin içərilərinə doğru irəlilədikcə daha kəskin hava şəraiti ilə qarşılaşacağıq. Doğrusu, Dreyk sularına “sakit” deyən kapitanın “kəskin” deyəndə nə nəzərdə tutduğunu düşünməyə qorxuram)

Olduğumuz gəmidə 110 sərnişin var, dünyanın müxtəlif ölkələrindən jurnalistlər, araşdırmaçılar, yazıçılar, blogerlər. Hər kəsi ilk maraqlandıran sual budur: hardan gəlmisiniz? Belə bir çevrədə Azərbaycanı təmsil etmək çox qürurvericidir. Ölkəmizi ən layiqli, ən gözəl şəkildə təmsil etdiyimizə əmin olun. Məni izləyən, xoş sözlər yazan bütün dostlara, oxucularıma təşəkkürümü bildirirəm. Birlikdə çox güclüyük.

RÖVŞƏN ABDULLAOĞLU SOUTH POLE, ANTARCTİCA ADLI YERDƏDİR.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru