Şahin Həmidli – Söz

şahin Həmidlinin söz dünyası

Torpaqla saxlayır çöl pəhrizini

Xəyallar sıyırıb qılncı qından,
Haqq-hesab istəyir ötən çağından.
Ürək əzab çəkir söz qıtlığından
Məntiqlə saxlayır dil pəhrizini.

Əskik olmayıbdır başından bir tük,
İllərdir çiynindən düşməyir bu yük.
Uşaqla uşaqdır, böyüklə böyük,
Adətlə saxlayır el pəhrizni.

Günlər qısaldıqca zaman darıxır,
Təbiət günəşsiz yaman darıxır.
Külək fikir çəkir, duman darıxır,
Torpaqla saxlayır çöl pəhrizini.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Sevinci gizlədə bilmir əllərim

İftar süfrəsinə tökür varını,
Ürəyim sığınır özü-özünə.
Açır qulaqlarım qapılarını
Məsciddən yayılan azan əsinə.

Dinləyib azanın xoş avazını,
Diz çöküb qibləyə otururam mən.
Həvəslə qılıram şam namazını,
Bir borcu üstümdən götürürəm mən.

Uymuram nəyinsə ucuzluğuna,
Boş-boş baxışlara gözüm son qoyur.
Mənim aclığıma, susuzluğuma
Səbrim rəvac verir, dözüm son qoyur.

Allahın adını gətirib dilə
Etdiyim dualar yerinə düşür.
Çiynimdə oturan mələklər belə
Qıldığım namazın sehrinə düşür.

Borcunu verirəm keçən illərin
Tuta biləmişəm haçan orucu.
Sevinci gizlədə bilmir əllərim
Süfrəyə uzanıb açır orucu.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Bir qaya dibində bulaq başında

Daşdandır bu dağın yalı, yamacı,
Cığırı, izi də daşa bürünüb.
Zirvənin tərifə yox ehtiyacı
Axı, o, hər yerdən uca görünür.

Duman əlçimlənib ətəklərində,
Çopur qayaları sərtdi, bu dağın.
Özünə bənzəyir küləkləri də,
Daşları özünə dərddi, bu dağın.

Yerin kəramətli pirindəyəm mən,
Xəyala dalmışam bu dağ başında.
Dünyanın ən gözəl yerindəyəm mən
Bir qaya dibində, bulaq başında.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Yol üstə qayadan süzülən bulaq

Qayanın içindən süzülüb gəlir,
Sonra damcı-damcı tökülür yerə.
Ahəngə çevrilir damcılar bir-bir,
Qarışır torpağa, bükülür yerə.

Özünü yandırıb,yaxan damcılar
O ötən çağların göz yaşlarıdır.
Daşın yanağından axan damcılar
Elə bil torpağın göz yaşlarıdır.

Ağla gələn deyil, bir bulaq ömür
Belə damcı-damcı edə dərdini.
Əl açıb kimsədən nə kömək umur,
Kiməsə danışır nə də dərdini.

Üzündən, gözündən nur tökülür, nur,
Dayanıb yol üstə igid ər kimi.
Qaya nə hıçqırır, nə də hönkürür
İçində ağlayır kişilər kimi.

<<<ŞAHİN HƏMİDLİNİN SÖZ DÜNYASI>>>

Ay Səid, ocağam, kəramətimsən

(Nəvəm Səid üçün)

Sən mənim arzumun, istəyiminsən,
Dərdim olmayacaq danışıb, dinsən.
Babayam, mənimçün imansan, dinsən,
Olum bu imana, bu dinə qurban.

Nəvəli gündüzüm, nəvəli gecəm,
Mən sənsiz olanda həyatda heçəm.
Bütün babaların qəlbindən keçən
Eşqin sərhədinə, səddinə qurban.

Sən mənim eşqimsən, məhəbbətimsən,
Baharam, tərimsən, təravətimsən.
Ay Səid, ocağam, kəramətimsən,
Sənin kəramətli cəddinə qurban

Müəllif: ŞAHİN HƏMİDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru