Şahmar Əkbərzadə – Oğluma

Şahmar ƏkbərzadƏD: – OĞLUM…

Elturanıma
Sənə çatasıdır olan-olmazım-
Atadan nə qalsa sonbeşiyindir.
Bəxtinə ağ günü nə təhər yazım,
Özüm də bilmirəm neyləyim indi?!
Qismət miras qalmır atadan, oğul,
Qismətdən pay olmaz, qurbanın olum!

Hər şeyi pay vermək mümkünmü bəyəm?
Heyif ən qiymətli var-dövlətimi,
Göyləri dindirən məhəbbətimi
Sənə bağışlaya bilməyəcəyəm.
Sevgi miras qalmır atadan, oğlum,
Ülfətdən pay olmaz, qurbanın olum!

Heyrətsiz yaşamaq yaşamaq deyil,
Heyrət et, yurdunu tən bölən çaya.
Qoynunda gəzdiyin torpağı büt bil,
«Heyrət, ey büt!» deyib baban dünyaya.
Sənə qalmayacaq heyrətim, oğlum,
Heyrətdən pay olmaz, qurbanın olum!

Daşın, kəsəyin də başına hərlən,
Kəsək də vətəndir daş da vətəndir.
Dünyadan ömürlük ayrılanda mən
Gözümdən süzülən yaş da vətəndir,
Bunu həsrətlilər anlayar, oğlum,
Həsrətdən pay olmaz, qurbanın olum!

Yurdunun şərəfi, şanı atəşdir
Bu yurd əmanəti, od əmanəti!
Başının üstündə yanan günəşdir
Nəsimi dözümü, Babək cürəti!
Cürət damarlarda yaranır, oğlum!
Cürətdən pay olmaz, qurbanın olum

Sənə qalasıdır anamız vətən,
Vətan – namusuna ulu çələngdir.
Onun şərəfini qoruya bilən
Papaq gəzdirən yox, qeyrət gərəkdir.
Qeyrət bağışlanmır var kimi, oğlum,
Qeyrətdən pay olmaz, qurbanın olum!
1976

Müəllif: ŞAHMAR ƏKBƏRZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahmar Əkbərzadə

Şahmar Əkbər oğlu Əkbərzadə haqqında

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur

Kitabları :

“Anama layla”, Yazıçı, Bakı 1978

“Sevgi borc verilməz”, Yazıçı, Bakı 1982

“Ona yanıram ki”, Yazışı, Bakı 1988

“Haqqa pəncərə”, Dünya, Bakı 1998.

Allah rəhmət eləsin… Ruhu şad olsun…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru