RAFİQ HÜMMƏT

şairin şair haqqında şeiri və ya etiraf

ŞAİR ÖMRÜ

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Şair olan öz dərdini özüylə bölür.
İşdir, ürək birdən dərdə tab gətirməsə,
Ay nurunda çiçəkləmiş sözüylə bölür.

Şair ömrü xana-şaha uyğunlaşmır ki,
Dövran var ki, qul şah olur, şah da didərgin.
Bir ömürdə neçə şaha vurulsun şair –
Şah var adil, şah var göyçək, şah da var çirkin.

Şair ömrü hər günaha uyğunlaşmır ki,
Hər günahın arxasında bir zalım durur.
Mən neyniyim, anam mənim, yalın əlimlə
Kimi çəkib qaldırıram, bir zalım vurur.

Şair ömrü hər gün aha uyğunlaşmır ki,
Ahdı, çəkir, çəkir, çəkir…
Ah ki, tükənmir.
Öz içində ölüm ilə vuruşur şair,
Deyirlər ki, bir balaca dərdi çəkəmmir.

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Bizlər onsuz da çox uyduq dəsgaha, baba.
Cah-cəlalı sevən kəslər çox gözəl bilir:
Səsi heç vaxt çatmayacaq sabaha, baba…

Müəllif: RAFİQ HÜMMƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru