Arxa ol, kömək ol, kasıba, mərdə, Səndən ilham alsın ər oğlu ər də. Barışıq, sülh olsun, sən olan yerdə, Yaxşılıq etməkdən yorulma, oğlum! Vəfasız gözələ vurulma, oğlum!
Məclisə gedəndə yerini tanı, İndi zər qədrini bilənlər hanı? Həmişə uca tut Azərbaycanı. Yersiz mürgüləmə, sayıq ol, oğlum! Doğma vətəninə layiq ol, oğlum!
Vəfalılar olsun sənin həmdəmin, Vəfalı yar silər ürəyin qəmin. Qoy nura boyansın sənin hər dəmin, Yolun azanlara calanma, oğlum! Namərd ocağında qalanma, oğlum!
Taledən ilham al, düzlükdən güc al, Qananlar gözündə həmişə ucal. Elə ömür sür ki, vaxtında qocal, Soyuqqanlılardan kənar ol, oğlum! Yanar ol, yanar ol, yanar ol, oğlum!..
Elturanıma Sənə çatasıdır olan-olmazım- Atadan nə qalsa sonbeşiyindir. Bəxtinə ağ günü nə təhər yazım, Özüm də bilmirəm neyləyim indi?! Qismət miras qalmır atadan, oğul, Qismətdən pay olmaz, qurbanın olum!
Hər şeyi pay vermək mümkünmü bəyəm? Heyif ən qiymətli var-dövlətimi, Göyləri dindirən məhəbbətimi Sənə bağışlaya bilməyəcəyəm. Sevgi miras qalmır atadan, oğlum, Ülfətdən pay olmaz, qurbanın olum!
Heyrətsiz yaşamaq yaşamaq deyil, Heyrət et, yurdunu tən bölən çaya. Qoynunda gəzdiyin torpağı büt bil, «Heyrət, ey büt!» deyib baban dünyaya. Sənə qalmayacaq heyrətim, oğlum, Heyrətdən pay olmaz, qurbanın olum!
Daşın, kəsəyin də başına hərlən, Kəsək də vətəndir daş da vətəndir. Dünyadan ömürlük ayrılanda mən Gözümdən süzülən yaş da vətəndir, Bunu həsrətlilər anlayar, oğlum, Həsrətdən pay olmaz, qurbanın olum!
Yurdunun şərəfi, şanı atəşdir Bu yurd əmanəti, od əmanəti! Başının üstündə yanan günəşdir Nəsimi dözümü, Babək cürəti! Cürət damarlarda yaranır, oğlum! Cürətdən pay olmaz, qurbanın olum
Sənə qalasıdır anamız vətən, Vətan – namusuna ulu çələngdir. Onun şərəfini qoruya bilən Papaq gəzdirən yox, qeyrət gərəkdir. Qeyrət bağışlanmır var kimi, oğlum, Qeyrətdən pay olmaz, qurbanın olum! 1976
Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki, Şair olan öz dərdini özüylə bölür. İşdir, ürək birdən dərdə tab gətirməsə, Ay nurunda çiçəkləmiş sözüylə bölür.
Şair ömrü xana-şaha uyğunlaşmır ki, Dövran var ki, qul şah olur, şah da didərgin. Bir ömürdə neçə şaha vurulsun şair – Şah var adil, şah var göyçək, şah da var çirkin.
Şair ömrü hər günaha uyğunlaşmır ki, Hər günahın arxasında bir zalım durur. Mən neyniyim, anam mənim, yalın əlimlə Kimi çəkib qaldırıram, bir zalım vurur.
Şair ömrü hər gün aha uyğunlaşmır ki, Ahdı, çəkir, çəkir, çəkir… Ah ki, tükənmir. Öz içində ölüm ilə vuruşur şair, Deyirlər ki, bir balaca dərdi çəkəmmir.
Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki, Bizlər onsuz da çox uyduq dəsgaha, baba. Cah-cəlalı sevən kəslər çox gözəl bilir: Səsi heç vaxt çatmayacaq sabaha, baba…