AZƏR İSAYEV

İLQAR TÜRKOĞLU AZƏR İSAYEV HAQQINDA

AZƏR İSAYEV ailəmizin sonbeşiyi idi. 1992-ci ilin bu günü, 6 oktyabrda Qarabağ uğrunda gedən ağır döyüşlərdə, Ağdərə rayonunun Çıldıran kəndində həlak olub. Sovet ordusu sıralarında tank alayında xidmət keçmişdi. İdmançı, şairlik və rəssamlıq istedadı var idi. Onun “Dağlar” şeirini Sizə təqdim edirəm:

DAĞLAR

(…şəhadətin şərhi…)
Görünməyir ərənlərin,
Hey baxırsan yola dağlar.
Vətən boyda yaram dərin,
Mən gedirəm, qala dağlar.

Əlim çatmır neynim sənə,
Arxamca bax dönə-dönə.
Qoynunda sən bir az mənə
Saxla məlhəm, saxla dağlar.

Haqlayanda duman- çəni,
Yatıb qalım qoy gecəni.
Zirvələrdən endir məni
Başına sən dola,dağlar.

Uzanıbdı qolum sənə,
Daha düşməz yolum sənə,
Xoşdur,qurban olum sənə,
Bağla yaram, bağla dağlar.

Doymamışam səndən hələ,
Ötən günlər gəlməz ələ,
Çox gözləmə AZƏR gələ,
Ağla məni, ağla dağlar.

Sentyabr 1992-ci il.

Mənbə: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Həsəlinin söz dünyası

Ramiz Həsənlinin söz dünyası

ƏSGƏR QARDAŞIM

Qəlbini isidir bu od,bu hənir,
Qələbə gününün səbri tükənir.
Sənin qeyrətinə vətən güvənir,
Ümid qalasısan,əsgər qardaşım.

Döyüşdür ilk yolu,son yolu yurdun,
Ruhun sevgisiylə dopdolu yurdun.
Bu ana torpağın,bu ulu yurdun,
Əziz balasısan,əsgər qardaşım.

Allahım, tez elə, etmə gec-günü,
Bir gün başlayacaq-ulu köç günü.
Doğma ocağına neçə köçkünü,
Yola salasısan, əsgər qardaşım.

Zəfər tonqalının yandır közünü,
Söylə bu torpağa “oğul” sözünü.
Bir gün yağıların oyub gözünü,
Qisas alasısan, əsgər qardaşım.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ARZULAR İSİNƏNDƏ

İndi yad əlində qalan yurdlarım,
Bir də çətin məni bağışlar, Vətən!
Hər gecə yatanda balıncım üstə,
Yağır gözlərimdən yağışlar, Vətən!

İtib arzularım dumanda, çəndə,
Yoxdu bir gedənim, gələnim mənim.
İnsafsız fələyin qürbət daşları,
Çoxdandır başıma ələnib mənim.

Üz tutub getməyə bir yol qalmayıb,
Zaman yığışdırıb bütün yolları.
Bəlkə çiçəklədi sonuncu ümid,
Ay ellər, bir addım tutun yolları.

Harda səslənirsə Göyçə kəlməsi.
Orda Ələsgərin ruhu diksinir.
Ümid asta-asta açır gözünü,
Ürəkdə don vurmuş arzu isinir.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

ŞƏHİDLƏR

Ömrü addım-addım könül isidir,
Hünərin əbədi təntənəsidir.
Ulu azadlığın uca səsidir,
Qələbə ünvanlı yoldu şəhidlər!

Mələklər öyrədib heyrət andını,
Qəlbi səssiz içib qeyrət andını,
Heç vaxt unutmayıb cürət andını.
Qələbə ünvanlı yoldu şəhidlər!

Kədər ürəklərdə salıb bağça-bağ,
Azadlıq eşqiylə təsnədir dodaq.
Boylana-boylana qalıb Qarabağ,
Qələbə ünvanlı yoldu şəhidlər!

Buğlanır sinədə dərd sini-sini,
Babalar, öyrədin hünər dərsini,
Yarıb cəsarətlə dərd dənizini,
Qələbə ünvanlı yoldu şəhidlər!

Verib sinəsini dərdin önünə,
Söykən harayına,söykən ününə.
Milləti səsləyir qisas gününə,
Qələbə ünvanlı yoldu şəhidlər!

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

DÜNYA

Dağlarıma dolu düşdü,
Nədir mənim suçum, dünya?
Tez başladı, köçüm dünya.
Sızıldadı içim, dünya.

Səndən yoxdur dərdə Kərəm,
Kotan qoşub, dərd əkərəm.
Yalvarsanda əyilmərəm,
Əyil səndən keçim, dünya.

Çox üzmüsən sənə nə var,
İlqarına yox etibar.
Bəxtim yayda yağdırdı qar,
Tez ağardı saçım dünya,
Nədir mənim suçum,dünya.

<<<RAMİZ HƏSƏNLİNİN SÖZ DÜNYASI>>>

UNUTMAQ OLMUR
Başım üstə gəzən qara buluddu,
Səbrimi daraldıb, ruhumu uddu…
Bu necə alovdu, bu necə oddu,
Sənin gözlərini unutmaq olmur.

Bu dərdin bağrını necə teyləyim?
Çıxmır xəyalımdan, cıxmır neyləyim?
Bu könül sözünü kimə söyləyim?
Sənin gözlərini unutmaq olmur.

Demə bu ömrümün payız fəslidir,
Bir gözün Leylidir, biri Əslidir.
Hər misram dərdimə bir təsəllidir,
Sənin gözlərini unutmaq olmur.

Rəsmini cəkirəm, bax, bu da sonu,
Halını kim duyar, bəxtimin sonu?
Dili tutulubdur, laldı, ha soru,
Sənin gözlərini unutmaq olmur.

Müəllif: RAMİZ HƏSƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DİLARƏ

…bu gün onun anım günüdür…

DİLARƏ

(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)

Bizdə atalardan bir məsəl qalıb:

“Aslanın erkəyi, dişisi olmaz”…

Bu yurdun neçə mərd oğlu, qızı var,

Adı anılmalı, anmasaq  olmaz…

*     *     *

Yaradan bəxş edib, bu namı bizə,

Ellərin sultanı, xan Azərbaycan…

Var olsun bu torpaq, yaşasın Vətən,

Anam Azərbaycan, can Azərbaycan…

*     *     *

Dünya yaranandan mayamız belə,

İplikdən əjdaha doğub hanamız…

Lalənin al rəngin yazıb tarixə,

Analar anası, Tomris anamız…

*     *     *

Ruhu, düşüncəsi zəkidən zəki,

Əhsən deyib ellər, qalıb tamaşa…

Necə Nüşabəsi olub bu elin

İsgəndər mat qalıb, edib tamaşa…

*     *     *

Neçə Sarası var, dünya tanıyır,

Əlində qələmi  qılıncdan iti …

Zaman hökmün verib, geriyə dönməz,

İllər axıb gedir itidən iti…

*     *     *

Zaman dəyişsə də dəyişmədik biz,

Xanım-xatın qızlar birər qəhrəman…

Anadan, atadan gördüklərimiz

Tarixdə qalmayıb, yaşayır hər an…

*     *     *

İllər axıb gedir, biz yaşayırıq,

Ruhumuz o ruhdur, qanımız o qan…

Əzəldən dünyanın gərdişi belə,

Sözümün canı var, can Azərbaycan…

*     *     *

İndi “İmarət”-də qonaq  Xan qızı,

-Natəvan pəjmürdə, ruhu pərişan…

Əldən ələ düşüb eli, obası,

İltifat edən yox, yox hal soruşan…

*     *     *

Tarix nələr görüb, nələr öyrədib,

Halı haldan anlar, ariflər bilər…

Aramla süzülür bu çeşmədən nur,

Fitrətdə, mayada qor olan bilər…

*     *     *

Onun yaddaşında neçə Nigar var,

Ley kimi qayadan süzüb düzlərə…

Unutmaq olarmı söylə Həcəri???

Nəbiyə qoşulub, düşüb düzlərə…

*     *     *

Ucadan ucadır şanlı tarixim,

Ruhumun qidası şərəfdi, şandı…

Zamanın fövqündə dayananların,

Anası bircədi,  – Azərbaycandı!!!

*     *     *

Uçmaq arzusuna düşdü, Dilarə…

Ruhu göy göylərin qonağı idi…

Ulduzlar göylərdən gəl-gəl edirdi,

Sonsuz ənginliklər  oylağı idi…

*     *     *

Tanıdı Leylanı, ününü duydu,

Andı Züleyxanı fəxrlə hər an…

Cəhd etdi, çalışdı əzmlə hər gün,

Məqsədi fikrindən çıxmadı bir an…

*     *     *

Uçdu arzusunun qanadlarında,

Sevindi  ilk  uçuş  müjdəsi  ilə…

Taledən, qismətdən razı idi,

Anardı Tanrını “min şükür” ilə…

 *     *     *

Fəqət, yarı yolda qaldı arzular,

Axı, quş qanadı çox kövrək olur…

Məni dəstəkləyər  qulaq dostları,

Məncə, tər çiçəklər çox tez də solur…

02. 05. 2018. Bakı.  (08:50)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Şəhid haqqı

ŞƏHİD HAQQI

Hər gedən bir şəhidin haqqı var boynumzda,

Onlara borclu olan bir can var qoynumuzda,

Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,

Əgər biz unutsaq da, dövran bunu unutmaz…

Bu yara hey su verər, zaman onu qurutmaz…

* * *

Bu bizim şakərimiz, həp şikarı unutmaq,

Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,

Cismimiz oyansa da, layla deyib uyutmaq,

Bir gün biz istəsək də, dövran bizi oyatmaz…

Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…

* * *

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, yada ki, qardaş olmaz…

Vallah, atam-qardaşım daha betər dərd olmaz…

* * *

Hər şeyi yükləmişk, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

03.08.2019. Bakı. (22:22 – 10’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏMSİYYƏ QARAMANLI

Şəhid məktubu

Bağışla bizi anam,bağışla.
Əsən küləklə, yağan yağışla
bizi bağışla.
Küləklər ətrimizi gətirər sənə,
Yağışlar xatırladar şıltaqlığımızı
Küləklə bərabər dünyanı dolaşıb
bizi tapmağa çalışarsan.
Yağışla bərabər ağlayıb
yoxluğumuzu
qədər, qismət kimi qəbullanarsan.
Nəbadə, anam, nəbadə,
beşiyimiz başında çaldığın
laylanı xatırlayıb:

“Şeh düşübdü çəmənə,
Nərgizə, yasəmənə.
Mən balama qurbanam,
Balam qurban vətənə” –
özünü peşman sayasan.
Bağışla bizi, oğul çiynində gedəsi
tabutunun üç küncünü
boş qoyduğumuza görə,
Bacı,qardaşımızı ağır yük altında
çaşbaş qoyduğumuza görə
Cənnət şəhidlər üçün
sorğu-sualsız məkandır.
Haqqını halal et, anam
uğrumuzda çəkdiyin əziyyətlərə
təəssüflənib ayağının altını
bizə çox görmə, amandır.

Müəllif: Şəmsiyyə Qaramanlı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


MAYIL DOSTU – ŞƏHİDLƏR…

ŞƏHİD RUHLAR QİSASA SƏSLƏYİR

Dayanıb baxırıq özgələr kimi,
Düşmən evimizdə ağalıq edir.
Hardasan dərdimin loğman-həkimi,
Erməni yurdumda dığalıq* edir.
***
Qarabağ qoyulub bəlkə, qumara–
Bu yesir millətin xəbəri yoxdur?
Söyləyin, bu səbrlə gedirik hara,
Bitməyən dərdimin niyəsi çoxdur,
***
İgidlər qoymuşuq torpaq altına,
Fəqət, əllərimiz boşda qalıbdı.
Çatan yoxdu itən yurdun dadına,
Ümidlər dirənib, daşda qalıbdı.
***
Şəhid ruhlar “qisas” deyə səslənir,
Tapdaq altda ağı deyir torpağım.
Yurdumda kef çəkir, düşmən bəslənir,
Başım boş qalıbdı, yoxdu papağım.
***
Yağını qanına qəltan eyləyək,
Çəkək dar ağacına, boğazın üzək.
Viran yurdu gül – çiçəyə bələyək,
Zəfər tonqalların yan-yana düzək. 
***
Vətəndə, Vətənsiz ömrümüz hədər,
Getməyə obamız, elimiz yoxdu.
Bil, torpağı azad edənə qədər,
Dinib, danışmağa dilimiz yoxdu.

*dığa — erm. oğlan

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəhid – Aygün SAdiq


APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

ŞƏHİD
(Aprel qəhrəmanlarının əziz xatirəsinə )

Kimdən gileylidir narahat ruhun?
Bizə mi uzanır əllərin, şəhid?
Yenə gözümüzdən çəkilib yuxu,
Yenə qan-yaş tökür ellərin, şəhid!

Vicdan tənbeh edir səssiz-səmirsiz…
Ulus əsarətdə, o, abad deyil, 
Ruhuna rahatlıq diləsək də biz,
Yaxşı bilirəm ki, ruhun şad deyil,

Mənim səhvlərimi qapadan övlad,
Mənim günahımın bədəli sənsən,
Sağkən görünərdin soyuqqanlı, yad,
İndi bircə ovuc doğma Vətənsən…

Həyat sığışmadı böyük arzuna,
Onda tanımazdı səni adamlar,
Şəhadət düşəndən alın yazına,
İndi hər könüldə öz məkanın var.

Sən təkcə bir ovuc torpaq olmadın,
Düşmənə göz dağı, Vətənə qürur…
Təkcə məzarında deyil ki adın, 
Həm də könüllərdə yaşayıb durur…

Səndən yadigardır şərəfli adın,
Bir də, böyüdüyün bir uçuq daxma,
Mən öz torpağımı qaytarammadım,
Səni şəhid verdim, qüsura baxma!

Səni çadırlarda böyütdüm, oğul,
Göstərə bilmədim sənə Vətəni,
Sən bizə fəxarət, bizsə dərdə qul…
Bağışla, övladım… Bağışla məni…
Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Əsgər

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

BU BELƏDİR…

(Əsgər haqqında ballada…)

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – FƏRİD ƏHMƏDOVA İTHAF

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən  olsa, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək gərəkdi, baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı samasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ETİBAR VƏLİYEV – VƏTƏN

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

VƏTƏN

Möhkəm dayan ay vətən!
Sənin başına dönüm.
Ölüm, əvvəl torpağa,
Sonra daşına dönüm.
Bu təzadlı dünyada,
Üzü dönük dünyada,
Mən niyə ölmədim ki. 
Qalıb nələri gördüm,
Nələr görmədim vətən!

Oğul gördüm,
Yolunda can verdi, 
Şəhid oldu.
Oğul gördüm,
Yolunda əl verdi, ayaq verdi,
Canı yarıcan oldu,
Vətən üçün savaşda,
Şəhidə şahid oldu.

Oğul gördüm qurbətdən,
Sənə daş atdı vətən,
Əli də qurumadı.
Hədyan dedi danışdı,
Dili də qurumadı.
Qurban olum ay vətən,
Sığın mənim içimə.
Səni qorumaq üçün,
Qoy canına bürünüm,
Sinəndə daşa dönüm.
Düşmənin sənə atdığı daş da,
Mənim daşıma dəysin.
Sapı bizdən olar baltalar,
Mənim başıma dəysin,
Ölüm sənə görə,
Təki sən yaşa ay vətən!
Atasından, anasından küsən,
Sapı bizdən olan baltalar, 
Səni baltalayır.
Sənin suyunu içib,
Çörəyini yeyənləri gördüm,
Quduzlaşıb,
Canavar tək ulayır.
Qürbətə çəkilib, 
Arxanca it kimi hürür.
Qürbət küçələrdə meydan sulayır,
Sənin qudrətini görəndə,
Susur,
Tülki kimi quyruq bulayır.
Milyonların içində beş-altı nadan olar,
Nadanlar nə bilir ki,
Vətən elə anadır,
Anaya daş atmazlar.
Sənə daş atanlara,
Haqqını halal etmə,
Halal etmə vətən!

Müəllif: Etibar Vəliyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru