SEVİNC ARZULU

Sevinc ArzulUNUN SÖZ DÜNYASI

DÖNMÜŞƏM SƏNİN

O qədər suala cavab sordum ki,
Başını-beynini yaman yordum ki,
Gözümü açıb da bir də gördüm ki,
Ay aman, Leylinə dönmüşəm sənin.

Işıqla oynayar qara kölgələr,
Zülmətə qərq olar yaxın bölgələr
Könül dənizimdə mavi “bəlkələr”,
Ay güman, meylinə dönmüşəm sənin.

Zamanın səddini hey aşır ahım,
Yenə də hicranla dalaşır ahım.
Gözümün önündə dolaşır ahım,
Ay duman, xeylinə dönmüşəm sənin

= = = =

BİŞİRDİM

Deyiləsi sözlərimi,
Geyiləsi sözlərimi,
Yeyiləsi sözlərimi.
Mən çiy yapdım, 
kəm bişirdim.

Şahdağında, Murovunda,
Gecənin sərt qırovunda.
Ürəyimin alovunda,
Dərd yandırdım,
qəm bişirdim.

Şəbi-hicran bəstəsində,
Xan Kərəmin tüstüsündə,
Həsrətinin istisində,
Gün, ay, ili
cəm bişirdim.

= = = =

MƏNİM MƏHƏBBƏTİM

Baxışla qandırar səni,
Gözdü mənim məhəbbətim.
Toxunma yandırar səni,
Közdü mənim məhəbbətim.

Ürəyimdə yurd qurunca,
Yaşar bu dünya durunca.
Kim deyir ki, qupquruca,
Sözdü mənim məhəbbətim.

Bənzəməz ki,qara quşa,
Dönər gözəl qaranquşa.
Gülüm, neçə qara,qışa,
Dözdü mənim məhəbbətim.

= = = =

GÜLÜM

Vaxtsız sevda batar vüsal gölündə,
Nədən hicran düşər mənə bölümdə.
Kədər səhrasında, həsrət çölündə,
Quraram qüssədən alaçıq, gülüm.

Gözəl qız həmişə işvəkar olar,
Tez tora düşməyən ov, şikar olar.
Bir anda hamıya aşikar olar,
Duyğular səma tək apaçıq, gülüm.

Ulduzlar sayrışar ehtişam kimi,
Yanaram oduna qara şam kimi.
Qəlbimdə yurd salan arzu-kam kimi,
Sevdam da qalıbdır yarımçıq, gülüm.

Müəllif: SEVİNC ARZULU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru