Akif Şahverdiyev – Köç

…Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür…

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var.

Akif Şahverdiyev “Azərbaycan ordusu” qəzetinin 1993-cü il 14 avqust sayında dərc olunan “Köç” adlı məqalədə Ağdamdan köçkün düşən insanların aqibətindən, eləcə də bu qədim şəhərin işğal səbəblərindən ürək ağrısı ilə yazır:

 Bir vaxtlar el arandan yaylağa- dağlara köç edərdi. Köç də ibarət olardı hər ailə üçün yataq dəsti, tələb olunan qədər qab-qacaq, beş-altı uzun çadır çubuğu vəs. bu kimi xırda tələbat əşyalarından. Köç bir neçə ailədən ibarət olardı. Qoyunlu-quzulu, atlı-dəvəli bu yollarla o qədər köç olub ki…

 Bəli, o yollara ki, indi o yollarla dağlara sarı mən irəliləyirəm. Bu qədim karvan yolu, ipək yolu, tarixin səhifəsinə düşmüş, antik dövrün salnamələrində belə dönə-dönə təkrar olunan qədim Bərdə- Gəncə yolu Qarabağın şərqindən keçir. Beyləqan, Ağcabədi, Hindarxı kəndi, Ağdam, Xındırıstan, Qərvənd… Eh, saymaqla bu oylaqları qurtarmaqmı olar?! İndi matəm libası geymiş bu yerlərdə yayın qızmarında el-oba köç edir. Özü də dağlardan arana. Bu köç könüllü yox, məcburidir. Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür. Kimisi iri yük maşınları ilə, kimisi minik maşınları ilə, kimisi arabalarla evinin paltar-palazını götürüb “Allaha pənah”la müəyyənləşdirmədiyi ünvana üz tutub.

 Səssi-səmirsiz, bir neçə günün içərisində Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər rayonlarının, eləcə də Ağdamın şərq hissəsində olan yollara, zəmilərə, kölgəsi olan hər bir ağacın altına yayılıb, səpələnib bu adamlar. Bu adamlar indi respublikamızın mətbuat səhifələrində tez-tez “ağdamlı köçkünlər” kimi hallanan bütöv bir eldir.

 Yolboyu adamlarla söhbətimdən dəqiq bir şey öyrən bilmədim. Adamlar öz görkəmləri, yaşı, təhsili və s. bir-biri ilə necə fərqlənirsə, verilən cavablar da eləcə fərqlənir. Bəziləri deyir “Ağdamı satdılar”, bəziləri deyir “yox, satmadılar, havayı ermənilərə bağışladılar”, o biriləri deyir “Ağdam çoxdan verilmişdi ey, di gəl, erməni özü gəlmirdi”, bəziləri isə belə deyirdi: “gücümüz yoxdur, qardaş, nə gizlədək?!”.

 Beş ildən artıq davam edən bu müharibəni milyonlarla müşahidə edənlərdən biri kimi belə qənaətə gəlmişəm ki, ordumuz yaradılarkən gərək dünyada, eləcə də Rusiyada gedən ictimai-siyası proseslər diqqətlə öyrənilməli və ona əhəmiyyət verilməliydi. Əgər hadisələr diqqətlə və düzgün qiymətləndirilsəydi, əvvəlcədən respublika rəhbərliyi başa düşərdi ki, hərbi kadrlarsız ordu yaratmaq olmaz. Tez, tələm-tələsik nazirlik yaratmaq, tez-tez Baş Qərargah rəislərini və müdafiə nazirlərini dəyişməklə müharibədə dönüş etmək olmaz. Kənd və şəhərlərimizdə torpaq qeyrəti çəkən yüzlərlə, minlərlə oğullarımızı “sən könüllüsən” deyib, əlindən silahını alıb döyüşdən uzaqlaşdırmaq nə qədər uğursuz bir qərar idi. Düşmənin gücünü düzgün qiymətləndirmədən, yəni düşmən mövqeyini, fikrini, məqsədini, hərbi hazırlığını öyrənmədən, ən başlıcası, hücuma keçmək fikrində olmamaq, ancaq müdafiə ilə kifayətlənmək, əlbəttə ki, ancaq uğursuzluqlar gətirəcəkdir. Respublikada müharibə getdiyinə baxmayaraq, hakimiyyət uğrunda siyasi rəqabətlər, iqtisadiyyatda özbaşınalıq, plansız, məqsədli-məqsədsiz kadr dəyişiklikləri, xarici dövlətlərlə işi qura bilməmək və s. bizə onu deməyə imkan verir ki, müstəqil dövlətimizi elə ilk aylardan kökündəncə çürüdənlər bizim başbilənlərimiz olub.

 Artıq uğursuzluqların səbəbini anlayan, yəni torpaqların işğal olunmasının bir səbəbkarının da özünün olduğunu dərk edən sabiq dövlət başçıları məlum Gəncə hadisələrini törətdilər.

 Tarixə iyul hadisələri tək daxil olacaq bu qardaş qırğınının təşkilatçıları son məqamda Naxçıvan MM-in sədri, dünyanın özündə belə ictimai-siyasi xadim kimi tanınan Heydər Əliyevi paytaxta dəvət edərək, özləri aradan çıxdı. Belə qarışılıqdan istifadə edən düşmən özünün muzdlu ordusunu daha da hərbi texnika və sursatla gücləndirərək, demək olar ki, artıq Qarabağın bütün dağlıq bölgələrini ələ keçirmək planının son hissəsini yerinə yetirdi.

 Artıq bir neçə il idi ki, ağdamlılar aramlı-aramsız atəşlərə tutulan vaxtlardan şəhəri tərk etməyə başlamışlar. İmkanlı adamlar özlərinə müxtəlif yerlərdə yurd-yuva salmışlar. Lakin minlərlə kənd əhalisi, Ağdamda yaşayış səviyyəsi aşağı olan sadəlövh sakinlər belə güman edir və inanırdılar ki, dövlət başçılarının səyi və hərbi qüvvəlrimizin gücü ilə düşmənlərin burunları ovular və onlar öz evlərində sakit, əmin-amanlıqla yaşayarlar. Yuxarıda göstərdiyimiz səbəblərdən artıq nizam-intizamını itirmiş ordumuzun bir hissəsi Ağdam ətrafında əhəmiyyətli döyüş yüksəkliklərinin əldən getdiyini və düşmənin xeyli qüvvətli texnikasının üstünlüyünü görüb geri çəkildi. Düzdür, düşmənə qarşı hərbi hisslərimizin bəziləri və yerli adamlar müqavimət göstərmiş, son anadək döyüşmüşlər. Lakin təəssüf ki, Ağdam və ətraf kəndlər bir-iki günün içərisində tamamilə boşalmışdır.

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var. 

DƏRC OLUNUB:

(“Azərbaycan ordusu” qəzeti, 14 avqust 1993-cü il. Akif Şahverdiyev)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Ş“ HƏRFİNİN ŞEİRİ

“ Ş “ HƏRFİNİN ŞEİRİ

“ Ş “

Şamil şamları,

Qoydu  şamdana.

Çərşənbə günü,

Qalsın axşama.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR