FAZİL AYDIN – SÖZ

FAzil AydıNIN SÖZ DÜNYASI – ÖZ DÜNYASI

Danışaq

Xoş bir gündə üz- üzəyik-
Baxışln laldı- danışaq.
Əl- ələyik, göz- gözəyik-
Duruşun baldı- danışaq.

Ayrılıqdan çəkdik cəfa
Ömrə, günə yoxdur vəfa.
Soyuyubdu isti yuvam-
Bu da pis haldı- danışaq.

Həm dostunam, həm sirdaşın,
İllər üstə can yoldaşın.
İlan tək qıvrılıb qaşın-
Bəlkə sualdı – danışaq.

Üz qızardaq soruşmağa!
Körpü ataq qovuşmağa!
Əllərimiz barışmağa-
Bu qısa yoldu- danışaq.

Dolmuş badəyəm nuş et, iç!
Əlini ver, bu taya keç!
Qurbanlığa gəl məni seç-
Canım halaldı- danışaq…

03.10. 2014.

<<<<FAZİL AYDIN>>>>

Titrəyə-titrəyə

Gənc yaşımda bir qız sevdim
Bildi , titrəyə – titrəyə
Qorxa- qorxa söz söylədim
Güldü, titrəyə- titrəyə.

Həvəsimə ümüd sancdım
Gah büdrədim, gah da qaçdım,
Dünya boyda qucaq açdım,
Gəldi, titrəyə- titrəyə.

Hər günümü yola sərdim
Çox sevdikcə cəfa gördüm.
Bir sevdalı ürək verdim
Böldü, titrəyə- titrəyə.

Sorağıyla dəli- dəli
Aşdım dağı, gəzdim çölü
Ğöz yaşımı səhər yeli
Sildi titrəyə- titrəyə.

Yaşadıqca sevə- sevə
Oxum dəymədi hədəfə
Yazıq Fazil milyon dəfə
Öldü , titrəyə – titrəyə.

2003.

<<<<FAZİL AYDIN>>>>

Mən bu eşqdə günahkaram, baxışla

Yoxsa gülüm, güllərimiz solacaq?
İsitmədi komamızı bu ocaq.
İsti əlin əllərimdə donacaq,
Yollarına yağan qaram, baxışla!

Bu ağacın şaxta vurub qolların,
Payız gəldi, bar vermədi kolları.
Hara gedir məhəbbətin yolları?
Sən sərnişin, mən qataram , baxışla!

Qəm mülkündə bir körpəm var, səsləmə
Ötən gündə bir hicrAn var, bəsləmə.
Daha məndən şən mahnılar gözləmə,
Qara gözlüm, ciyər param, baxışla!

İşıq olum, qaranlığı sıxım mən,
Bulaq olum, susuzluğa axım mən.
Sənsiz necə bu sahilə çıxım mən?
Mən bu eşqdə günahkaram baxışla!…

2014.

<<<<FAZİL AYDIN>>>>

Darıxdım

Enibdir çiynimə qara buludlar
Şığıyır üstümə duman, darıxdım.
Məndən çox uzaqdır, qohumlar, yadlar
Can deyən sevgiyə yaman darıxdım.

Uzaq bir nöqtəni alar baxışım
Oxunar kitab tək, sərt keçən qışım.
Ağlasam dərəyə axar yaxışım
Kirisəm heç olar, zaman darıxdım!

Gözümün önündə edam bəlası-
Görüb qüssələndi atam balası
Bir isti qucaq aç, adam balası-
İnlədi halıma kaman- darıxdım!

Qəlbim gizli- gizli soraqlar səni
Döndərib xəyala o çağlar səni.
Ürəyim oxuyub varaqlar səni-
Görünür gözümə güman, darıxdım!

Elə bil, əsirəm bərk külək kimi-
Gəl tut əllərimdən, bir mələk kimi.
Necə arzularam, xoş dilək kimi:
Dad hicran əlindən, aman, darıxdım!…

<<<<FAZİL AYDIN>>>>

Hikmət sahibi

Yerdə yeri, göydə göyü çağırır
Sözdən məclis qurub söhbət sahibi.
Sübh çağını göz yaşıyla yoğurur-
Tanrıdan üzülmüş töhmət sahibi.

Məcnunuq- yaşadıq əyni yalavac
Gözlədik hələdə taledən əlac.
Gecəyə söykənib yenə qarnı ac-
Elm fədaisi, hikmət sahibi.

Muğan ümüd, imam düzdə görmüşəm
Şirvan şairlikdir, sözdə görmüşəm.
Qayğı naxış- naxış üzdə görmüşəm-
Muğandır, Şirvandır zəhmət sahibi.

Aşıq ürəyini simə gətirər,
Nadan öz fikrini kəmə gətirər
Dərbəndi, Təbrizi cəmə gətirər-
Yumruğun içində qüdrət sahibi.

20.10.2014.

<<<<FAZİL AYDIN>>>>

Nə günahı var?

Başımda hicran çətri-
Zaman yazır bu sətri.
İtib çörəyin ətri-
Sacın nə günahı var?!

Namərdin sözü yalan
Əzab yeyir mərd olan.
Vətənin sinəsi qan,
Acın, nə günahl var?!

Nədir ömrün mənası?
Hanı elin sonası?
Taxtda ilan yuvası-
Tacın nə günahı var?

Həyat könlünü sıxsa,
Üstünə kədər axsa,
İslamda birlik yoxsa,
Xaçın, nə günahı var?

Bir işıqdır hər arzu 
Ac olsa, mələr quzu.
İtkin düşübsə ruzu,
Qıçın, nə günahı var?

Ömrü zindanda döyən 
Hər gününə ağ geyən,
Dərdi yastıq eləyən-
Saçın, nə günahl var?…

2004.

Müəllif:FAZİL AYDIN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL – SÖZ

SONA AMALDAN BİR ŞEİR

BİLMİRƏM

Taleyimə yağan qəmi, 
Əl atıb silə bilmirəm.
Qurumur gözümün nəmi,
Ürəkdən gülə bilmirəm.

Ahım yandırır dağ-daşı, 
Göynəyir qəlbimin başı,
Əhdə dönük dost-yoldaşı, 
Tanıyıb, bilə bilmirəm.

Xəzan oldu könül bağım,
Düşür ömrün son yarpağı,
Tanrıdan yox umacağım,
Lal oldum, dinə bilmirəm.

Qəlbim oldu param-param, 
Çarəsiz dərdə düçaram,
Nə etmişəm, günahkaram?
Mən niyə bilə bilmirəm?

Kimim var ki, yada salan,
Dindirib könlümü alan,
Amalam, gözümün dolan,
Yaşını silə bilmirəm.
17. 08. 2018-ci il.

Müəllif: Sona Teymurbeyli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR YAZIR

Son illərdə dünyasını dəyişmiş gənc yazarlar –  Fərhad Mete,Zərdüşt Şəfi, Mövlud Mövludvə  II  Mahmudun ruhuna ithaf edirəm. 

GƏNC YAZARLAR (90-LARDAN SONRA) HAQQINDA
 ƏSƏD CAHANGİR – اسد جهانگیر

Əsəd Cahangir “Gənc yazarlar nə istəyir?”:

Birinci hissə    

Möhtərəm oxucu!    Öncə  onu deyim ki, indiyə qədər gənc yazarların 4 antologiyasının tərtibçisi olmuşam. Bunlardan birincisini (2004) Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, ikincisini (2016) Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun, üçüncüsünü (2017) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, nəhayət, bu sonuncusunu yenə də Anar müəllimin təklifiylə hazırlamışam. Bəs, bu 15 il, bir az da geniş götürsək, siyasi müstəqilliyə qovuşduğumuz 30 ildə gənc yazarların düşüncəsində nələr axıb, nələr bulanıb, nələr durulub, bir sözlə, hansı dəyişmələr baş verib?   Ədəbi gəncliyin aşağı-yuxarı hər on ildə  bir yol üzə çıxan dalğalarını durğun suya atılmış daşın yaratdığı çevrələrə bənzədirəm. Daş 90-cı illərin başlanğıcında atılmış, dəyişkənlik onda olmuşdu,  indi o daşın yaratdığı dalğalanmalar gedir. Amma bu, müstəqillik dönəmi ədəbi gənclərinin ayrı-ayrı nəsilləri arasındakı müəyyən fərqləri inkar etmir.         Ədəbi gəncliyin 80-90-cı illər təmsilçiləri – M.Köhnəqala, R.Qaraca, E.Z.Qaraxanlı, H.Herisçi, A. Yaşar, Y.Əliyev, E.Hüseynbəyli, R.Məcid, Ə.Nuri,  A.Turan, E.İsgəndərzadə, E.Başkeçid, Salam, Ə.Qiyas, M.Cəfərli, S.Əhməd, H.Şəmi, F.Uğurlu, E.Mirzəbəyli, O.Fikrətoğlu, D.Osmanlı, P.Cəbrayıl, R.Sabir, Q.Ağsəs, Q.Yaquboğlu, B.Əvəzoğlu, E.Muradxanlı, Xanəmir, A.Xan, S.Babullaoğlu və digərləri tarixdə ən nəhəng imperiyanın çöküşünü görmüş, “fırtınadan doğulmuşdular.” Filosoflardan  Uilyam Ceymsin bir sözü var – “çox böyük tarix lazımdır ki, heç olmasa bir az ədəbiyyat alınsın”. Yazmağa tarixin qlobal parçalanma dönəmində başlayan bu gənclərin yaradıcılığında “bir az ədəbiyyat”  alınırdı.

     Amma, məncə,  onların önəmli bir qismi (bəlkə də heç biri) öz daxili imkanını sözün tam anlamında gerçəkləşdirə bilmədi:  – Bayram  90-cı illər ədəbi-tənqidinin qaranlıq göylərində bir şimşək kimi çaxıb, bir ulduz kimi axıb keçdi;  – poetik ilhamlarını son 20 ildə dincə qoyan Salam və Qulu ötən yüzilin (minilin!) “canlı klassikləri” kimi qalmağa üstünlük verdilər;  – Əlizadənin şeir, Elçin (Hüseynbəyli) və Mübarizin nəsr çabaları daha çox kəmiyyət artımıyla səciyyələndi;  – Elxanın türkçü şeirlərdən şəhər poeziyasına, Rasim, Səhər, Pərviz, Qurban, Xanəmirin şeirdən nəsrə keçidi, Həyat və Səlimin şeirdən heç yerə keçməməsi də qeyri-adi uğurla sonuclanmadı;  – Azad və Yaşar orijinal yaradıcılığı bədii çevirməyə, Rəşad qəzetçiliyə, Orxan telejurnalistikya, Elçin (Mirzəbəyli)  siyasi, Rəsmiyyə elmi, Aydın Xan ictimai fəaliyyətə dəyişdi;  – Dəyanət 10-15 il öncəki şeirləri, Fəxri hekayələrinin havasından hələ də çıxmaq istəmir;  – şeirlərindəki uğurlara baxmayaraq, Həmidin də son işi – “Solaxay” romanının parlaq bədii özəlliyindən danışmaq şişirtmə olardı; romanın hətta inqilabi ideya və postinsan qəhrəmanı belə bu barədə ürəklə və birmənalı söz açmağa ciddi əsas vermir;  – şeirdən nəsrə keçiddə bədii tarazlığı saxlayan Murad, fəlsəfi altyapı (daosizm), bitkin süjet və parlaq üsluba malik “Min yol mənə söylər” romanıyla bir addım irəli atan isə Etimad oldu;  amma Etimadın romanı bir az da on səkkizinci yüzil (!) türkmən şairi (!!) Məhtimqulu (!!!) ruhundakı şeirlərinə nəzərən irəliləyiş kimi görünür.     90-cı illərin sonu, 2000-ci illərin başlanğıcında qalxan yeni dalğanın təmsilçiləri – Z.Əzəmət, S.Baycan, Ş.Ağayar, S.Sədaqətoğlu, A.Yenisey, N.Kamal, Q.Turalı, Ə.Əkbər, S.Elsevər, E.Aslanbəyli, G.Mövlud, S.Çılğın, C.Cavanşir müəyyən istisnaları –K.Hacı, Ə.Cabbarlı,  F.Hüseynbəyli –  çıxmaqla Allah, millət və topluma nihilisit yanaşırdılar. Çünki onlar təkcə postmodernist yox, həm də posttravmatik dönəmin yetirmələriydi. Əksərən sosioloji qatda düşünən, toplumla öcəşən, “ədəbi iqtidar”a qarşı “müqəddəs müharibə”yə çağıran bu gənclər üçün metafizika o qədər də önəmli deyildi.  Bu, 90-cı illərin yerlə-göylə əlləşən “metafizik qiyamçı”larından  sonra bədii fikrin, şübhəsiz ki,  dayazlaşması əlamətiydi. İndi – üstündən 20 il keçəndən sonra daha aydın görünür ki, onların Elxan kimi türkçü, Xanəmir kimi sufi, Elçin (İsgəndərzadə) kimi modernist, Murad və Salam kimi postmodernist, Rasim və Səlim kimi eksperimentalist, Əlizadə kimi lirik şairləri, Etimad kimi daosist, Fəxri kimi magik realist nasirləri, Qulu kimi “novellisti”, Azad və Yaşar kimi tərcüməçisi, Rəşad kimi redaktoru, Pərviz kimi ziyalısı, Səhər kimi Səhəri, Həyat kimi Həyatı, nəhayət, Həmid kimi metafiziki olmadı. Postmodernizmin ilk örnəkləri Həmidin məşhur çantasından çıxdığı kimi, postinsanın qaranquşu da onun yazı(q) masasından uçdu.     Hər şeyə, hamıya tənqidi yanaşan 2000-cilər bir neçə uğursuz çabaya baxmayaraq, lazımı filoloji özülün olmaması üzündən özlərinin  hətta Bayram kimi bir çaxım- – bir axımlıq tənqidçilərini də yetirə bilmədilər. Və bunun heyfini öncəki ədəbi nəsillərin tənqidçiləri, özəlliklə də mənim  üzərimə illərlə sürən ardıcıl, mütəşəkkil  (və bəhrəsiz!) hücum cəhdlərində çıxmağa çalışdılar. O qaragüruhçu hücumlar bir az fərqli biçim, amma eyni bəhrəsizliklə bu gün də davam edir.     Z.Şəfi, F.Mete, M.Mövlud, İ.Mahmud, Q.Rüstəmov, M.Ağaoğlu, P.Nurəliyeva, A.Əlizadə, R.Nazimqızı, C.Zeynallı, A.Amin, Q.İman, K.Arif, E.Barat, S.İbrahimova, F.Hüseyn, S.Talıblı, A.Əlioğlu, A.Ayvaz və digərləri ilə təmsil olunan növbəti  dalğanın əksər üzvləri istər siyasi, istərsə də ədəbi baxımdan öncəkilərdən öz mötədil yanaşmalarıyla seçilirdilər. Bu durmadan yeniləşən tarixi durumla bağlıydı. Onlar coşqun siyasi, inqilabi, hərbi olayların tarixə qovuşduğu dönəmin  gəncləriydi – xaotik keçid dövrü artıq başa çatmışdı. Birinci dalğanın bir çox təmsilçilərindən fərqli bu gənclər Qorki  adına “litinstitut”u bitirməmiş, rus dili və mədəniyyətinin təsiriylə formalaşmamışdılar.  Amma ikinci dalğanın üzvləri kimi sadəcə Azərbaycan ədəbi mühitinin də yetirməsi deyildilər.  Onların aparıcı imzaları internet, televiziya, mətbuat, tərcümə hesabına Avropa ədəbiyyatıyla dialoqda yetişirdilər.     Ayrıca bir qol yaradan A.Buzovnalı və Ə.Qurbanlının yaradıcılığı göstərirdi ki, əruzun yeni dirçəlişi yeni ifadə vasitələri istəyir, duyğusal və idraki gücünü tükətmiş çoxsərlik təşbeh və istiarələrlə bunu eləmək isə getdikcə daha mümkünsüzdür. Qərb və şərqi, klassika və çağdaşlığı, kino və ədəbiyyatı, şeir və nəsri, ədəbi nəzəriyyə və bədii praktikanı  bir araya gətirən İlqar Fəhmi isə bədii fikrin yeni universallaşma cəhdinin səciyyəvi ifadəçisi kimi görünür. Amma bu universalizm  İlqarın özəlliklə də esseist cəhdlərində bəzən formal  təsir bağışlayır.    Ədəbi gəncliyin 90-cı illərdən bugünəqədərki ən ümumi – təbii ki, qaçılmaz subyektivizmdən xali olmayan–  mənzərəsi təxminən belədir.  ***

   Bəs, bugünün gəncləri nəyi necə yazır? Oxuyacağınız antologiyaya toplanmış 70-ə qədər gəncdən seçmələr bu suala əyani cavabdır.    Antologiyalar adətən şeir və nəsrdən ibarət olur. Bu kitab isə ədəbi-tənqid, nəsr, şeir və dram kimi 4 bölümdən ibarətdir və ənənədən fərqli öncə şeir yox, ədəbi-tənqid verilib. Niyə?     Gənclərin çoxu ədəbiyyata şeir və ya nəsrlə gəlir və bu, yaradıcılıq sahələri arasında disbalans yaradır – görürsən ki, gənc şair və nasirlər var, amma tənqidçiləri yoxdur. Halbuki, hər hansı ədəbi nəslin əyər-əskiyini ən yaxşı onların yaşıdı olan tənqidçi göstərə bilər. Məsələn, uyğun dönəmlərin ədəbiyyatı M.Hüseyn, Q.Xəlilov, Y.Qarayev, A.Əfəndiyev, Elçin, N.Paşayeva, A.Məmmədov, N.Cabbarlı, A.Hüseynov, V.Yusifli, N.Şəmsizadə və digərlərinin yazılarında sadəcə öz əksini deyil, həm də bu yazılarla öz bütövlüyünü tapır. Bunu nəzərə alıb, antologiyaya analitik  yazılar da daxil etdik. Əlbəttə, bu yazılar sözün ciddi anlamında ədəbi-tənqid örnəkləri olmaqdan daha çox, ən yaxşı halda uğurlu qələm məşqləridir. Lakin onların bəziləri, özəlliklə də Qismət Rüstəmovun parlaq üslub, axıcı dillə yazılmış “Trierin mifologiyası” məqaləsində gələcəyin ciddi sənət təhlilçisini görməmək mümkün deyil. Onun bir çox fikirlərinin vikipedik məlumat xarakteri daşıması, dünya rejissorlarının ideoloji yöndən ən zərərlisinə  dəbə uyğun simpatiyası belə bu qənaətə mane olmur. 

      Bununla belə, Qismətə ünvanlayacağım suallar var: – Görəsən, gəncləri niyə bülbül yox, qarğa, mələk yox, şeytan, Məcidi yox, Trier, Allah yox, Dəccal özünə çəkir? “Allahın rəngləri”nin (Məcidi) “Dəccal”dan (Trier) nəyi pisdir ki? Sevgi, ümid və imanı yox, nifrət, ümidsizlik və küfrü yayan sənətə bu aşırı vurğunluq hardandır?– Bəlkə, yüzillər boyu təbliğ edildiyindən cazibəsini itirən “ağ kitab”a baxanda indiyəcən gizlədilən “qara kitab” gözə  (sözə!) yeni görünür?– Bəlkə, bu maraq yasaq edilən meyvənin şirinliyindən irəli gəlir?– Bəlkə, gəncləri özünə çəkən trierkimilərinin “sərt”, “amansız”,  “güzəştsiz”, “bəzək-düzəksiz” həqiqət iddiasıdır? Bəyəm, əsl həqiqətin bu iddianın o üzündə qaldığı, bir az dərinə gedən kimi trierizmin ruhi korluqdan doğan illüziyadan – “qaranlıqda rəqs eləməkdən” başqa bir şey olmadığı aydın deyil?– Bəlkə, Allahsız dünyada insan özünü mənəvi təzyiqdən azad hiss edir? Doğrudanmı, 90-cı illərin kataklizmləri o dövrdə öz uşaqlığını yaşayan gənclərin ruhunda bunca zədələnmələrə səbəb olub?– Bəlkə, səbəb tarix yox, gələcəkdədir – robotlaşma erası öncəsi ədəbiyyatın qisməti ruhsuzluqdur?     Əslində, Həzrəti Musanın qızıl lövhəsinə yazılmağa layiq və hamısı bir yerdə 10 sual! Amma nə Tanrı hökmü, nə də farisey qanunu yox, sadəcə sual. Lakin məsələ bu suallarla bitmir, ədəbiyyatın fərqli sahələrinə meyl edən Qismət, məncə, aşırı enerji itkisinə yol verir. Olsun ki,  mən oxumamışam, amma 30 yaşını artıq geridə qoyan bu gəncin hansısa janrda möhür vurduğu yazısı yadıma gəlmir. Halbuki, o indiyəcən belə bir yazıya artıq çoxdan imza atmalı və istedadın ilkin açılışını (partlayışını!) göstərən bu yazı onun sənət vəsiqəsinə çevrilməliydi. Bu yazını oxuyub deməliydin ki, bax, Qismət budur! Hətta su kimi lətif bir şey belə eyni nöqtəyə ardıcıl düşsə, daşı deşə bilər. İllər gedir və məncə, Qismət bu haqda düşünməlidir.     Ümumiyyətlə götürəndə isə o, son 30 ildə üzə çıxanlar arasında Həmid və İlqarla yanaşı intellektualizmə iddialı üç nəfərdən biridir. Hərçənd ki, bu intellektin səciyyəsi İlqarda Həmiddən, Qismətdə isə İlqardan fərqlidir, özü də o dərəcədə ki, hər dəfə səciyyəsini dəyişdiyindən axırda gəlib erudisiyaya çevrilir (Bizdə bir qayda olaraq intellekt və erudisiyanı qarşıdırırlar, halbuki, bunlar fərqli şeylərdir) Amma bu, Qismətin sözügedən məsələdə öz yaşıdları arasında forposta çıxmasına mane olmur.  Mənim indi Qismət məsələsi üzərində özəl dayanmağım, onun tənqidinə geniş yer ayırmağım da təsadüfi olmayıb, ciddi perspektiv vəd edən bu erudit gəncin təkcə nöqsanları yox, həm də imkanlarıyla bağlıdır. Hər kəsdən də qabiliyyətinə görə gözlənilir.         Günel Eyvazlının “Postinsan” məqaləsini bir müddət öncə  “Ədəbiyyat qəzeti”ndə oxumuşdum və antologiyaya məhz bu yazını verməsini özüm ona təklif elədim. İnanmıram ki, ən qabaqcıl Avropa ölkəsində belə gənc yazarlar antologiyası dünya ədəb-fəlsəfi fikrinin bu son anlayışına dair yazıyla açılsın. Halbuki, “postinsan” sözü ilk dəfə 1999-cu ildə qərb fəlsəfəsinə gələndə bizdə hətta postmodernizm mücadiləsi belə başlamamışdı. Günelin postinsana birtərəfli (pozitiv!) yanaşması və onu milliləşdirmə (hürufiləşdirmə!) cəhdinə baxmayaraq, anlayışı tanıtmaq istəyi razılıq doğurur. İnanıram ki, o, bilgilərini gəlişdirmək şərtilə bir neçə il sonra ortaya postinsan və onun ədəbiyyatda ifadəsiylə bağlı yetkin bir kitab qoya bilər. Zəka və  fəhminə güvəndiyim keçmiş tələbəmdə bu daxili imkanı görürəm. 

     Yeri gəlmişkən deyim ki, Günelin – gənc bir xanımın  fəlsəfi, özəlliklə də, ezoterik ədəbiyyata marağı, Y.Blavatskaya, M.Gendel, yaxud R.Genonu oxuması mənim üçün sözün yaxşı anlamında gözlənilməz oldu. Əlbəttə, bu maraq Elxan, Həmid, Xanəmir, Səlim və  İlqarda da var. Amma Günel bu məsələdə yaşıdları arasında, yəqin ki,  birincidir və arzu edirəm ki, onun ezoterik və bədii fikri bir araya gətirmək cəhdləri adını çəkdiklərimdən daha uğurlu alınsın. Çünki təkcə gənc yazarlar arasında yox, ümumən ədəbiyyatımızda ezoterik (batini!) təyinatlı imzaya ehtiyac var.        Amma burda bir qeyd eləmək zorundayam və bu, sadəcə Günel yox, ümumən qələm adamlarımıza adiddir – hər hansı məsələdə təsirləndiyin qaynaqları göstərməmək. Axı, postinsan mövzusuyla bağlı dünyada, elə bizim özümüzdə də  yazanlar var,   özündən öncəkini yada salmaq isə rəsmi prosedur, ən azı etiket qaydasıdır.     Eyni fikri özünün kiçik həcmli esselərində milli və dünya ədəbi-mədəni faktlarına söykənib, söz, səs və rəngi fundamental estetik kateqoriyalar kimi çözməyə çalışan Elmin Nuriyə də aid etmək olar.    Mən bu qeydləri etməyə də bilərdim, amma hər iki gənci az-çox tanıdığımdan əminəm ki, onlar bunu mərifət sahibinə uyğun anlayışla qarşılayacaq.  Füzuli demişkən, “təriq əhlinə adətdir təvazö aşina görgəc”. Günel və Elmini təriq (yol) əhli  sayır, hələ ilk kövrək addımlarını atdıqları bu yolçuluqda onlara uğurlar arzu edirəm. Amma hər ikisinə xatırlatmaq istəyirəm – çətin yola girmisiz, bir az da dərinə getsəz, istəsəniz belə geri dönə bilməyəcəksiz. Ordan geriyə yol olmur.    Nəsimi haqqında Leyla Əsədullayevanın elmi-kütləvi, Şəhla Aslanın publisist üslubdakı yazıları gənclərin aktuallıq duyğusundan xəbər verir. Axı, Respublika Prezidenti cənab İlham Əliyev 2019-u Nəsimi ili elan edib! Arzu edirəm ki, gənclərin dahi şairə marağı sadəcə günün tələbindən (dəbindən!) doğmayıb, ardıcıl səciyyə daşısın və gələcəkdə də davam etsin.      Tural Adışirinin öz həmməkanı B.Vahabzadənin, Gülnar Səmanın isə öz həmzamanı Ruslan Dost Əlinin şeirləri haqda yazıları gənc araşdırmaçıların sovet dönəmi klassikləri və öz yaşıdlarına yanaşması kimi maraqlıdır. Şeir çabaları da göstərən Turalın məqaləsi göstərir ki, yüksək ziyalı etikasıyla seçilən bu gənc gələcək ədəbi karyerasını ümumən tənqidə də bağlaya bilər və  bəlkə də, bu daha yaxşı olar. Bu həm də ona görə  lazımdır ki, son illər tənqidə gələnlərin çoxu xanımlardır: B.Əlibəyli, İ.Musayeva, N.Cabbarlı, E.Akimova, M.Vahid… nəhayət, Gülnarın özü. 

    Gülnar Ədəbiyyat İnstitutunun doktorantı, iki monoqrafiyanın müəllifidir (onlardan biri hətta Azərbaycanın sərhədlərindən kənarda işıq üzü görüb) Antologiyaya verdiyi məqaləsindən də görünür ki, peşəkar tənqidə iddialıdır. Amma bir çox tənqidçilər kimi onun da yazısında maraqlı incələmələrlə yanaşı ümumiləşdirmə görmədim. O, Ruslanın şeirlərini misra-misra analiz edir,  amma bu istedadlı şair haqqında sintez aparmır. Elə bil ki, avtomatı söküb, eləcə alt-üst qoyursan. Halbuki, məqsəd onu sadəcə sökmək yox, öyrənmək və  sazlamaq, sonra yığaraq, daha peşəkar atəş açmaqdır. 

Ardı var : (II hissə)

Müəllif: Esad Cahangir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏMƏR ANA – SÖZ

QƏMƏR ANADAN BİR ŞEİR 

MƏNİMLƏ BİR ÖMÜR, YAŞIYARSANMI?

Deyirsən sevirəm, inandım sənə, 
Vuruldum yar, sənin gülər gözünə,
Baldan dadlı şirin, şəkər sözünə,
Mən xoşbəxt edən, yar olarsanmı.?

Sən açılan gülsən, mən şeyda bülbül, 
Sənə aşiq olub, bu dəli könül, 
Çırpınır ürəyim, sevinir, gülür,
Mənimlə ömerlük yar, qalarsanmı?

Talehim qarşıma çıxardı səni, 
Mən səndə yar, tapdım məhəbbətimi,
Başıma tac etsəm, sevgilim səni, 
Mənimlə bir ömür, yaşıyarsanmı?

Gəl çıxaq seyrinə gülün, çəmənin, 
Qoxlayaq ətrini, tər bənövşənin, 
Laləli düzlərin, yaşıl meşənin, 
Gəzərək mənimlə, gül dərərsənmi?

Qəmərdə çox sevdi, vuruldu sənə,
Gözəlim sevirəm, cavab ver məmə,
Başıma tac etsəm, de söylə yenə,
Mənlə ömrü başa, de vurarsanmı?

Müəllif: Qemer Ana

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏMƏR ANA – SÖZ

QƏMƏR ANADAN BİR ŞEİR

DÜNYANIN SİRRİNİ, BİLMƏK ÇƏTİNDİR…

Dəyişdikcə dünya, dəyişir dövran,
Dəyişdikcə həyat, dəyişir insan,
Dünyanı bürüyüb böhtanla, yalan, 
Yaşamaq çətindir, ölmək çətindir.

Yüz-yüz qərinələr vurubdur başa, 
İnsanlar dönübdür, torpağa, daşa.
Bu dünya sirrini, vermir sirdaşa,
Dünyanın sirrini, bilmək çətindir.

Dünyanı bölübdür, insanlar özü, 
Dağları, meşəni, dərəni, düzü, 
Yaradan yaradıb gecə, gündüzü, 
Allahın sirrini bilmək çətindir.

Yüz alim yığışıb, deyiblər bunu, 
Bu yaxında gəlir, dünyanın sonu, 
Qorxutmur bu sözlər, insan oğlunu, 
Dünyanın sirrini, bilmək çətindir.

Qəmər, alimlər də heç baş açmadı, 
Oxunun üsdündə, dünya fırlandı,
Zəlzələ, tufandan, ölkə dağıldı, 
Dünyanın sirrini, bilmək çətindir.

Müəllif: QEMER ANA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Söz

Adilə nəzərdən bir şeir

SƏNİ TANIMADAN…

Getdin, vaxt da keçmir baxmaqla şəklə,
Çoxumu apardın, qalıbdı azım.
İndi mən bu qırıq, yarım ürəklə,
Sənə xoş sözləri de necə yazım.

Gözümü silməyə əlim yetişmir,
Sanki, əllərimdə şüşə qırığı..
Bu qədər tezlikdə niyə tanıdım,
Səni tanımadan kor ayrılığı…

Göz yaşım bahadı, qızıldan baha,
Gizlədib gülürəm, – sanım, adım var. 
(Bir gizli qorxuda bürünüb aha, 
Aşkarda fədakar olur qadınlar..)

Gəlib məni tapdı dərd yapışmağa,
Başqa yaxa yoxdu dünyada sanki.
Yazıram… ayrı yer yox tapışmağa,
Boş ver, mən yaxşıyam, yenə həminki…

Həyatda hər kəsin bir taleyi var,
Mənim də həsrətə düşdü hər yanım..
Düzdür, olmasa da sevilmək qədər,
Səni anlamaq da gözəldi, canım.

Bilmirəm, nə idi yaşadıqlarım,
Duyğular yarandı belə dərindən.
Susuram, yenə də sən orda dinlə,
Burada səsimin batan yerindən.

09.08.2019

Müəllif: ADİLE NEZER

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 18 – ci yazı

“AŞUQQA” –BİR SÖZÜN İŞIĞINDA 
(ON SƏKKİZİNCİ YAZI)
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.

21.02.2019. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVİNC ARZULU

Sevinc ArzulUNUN SÖZ DÜNYASI

DÖNMÜŞƏM SƏNİN

O qədər suala cavab sordum ki,
Başını-beynini yaman yordum ki,
Gözümü açıb da bir də gördüm ki,
Ay aman, Leylinə dönmüşəm sənin.

Işıqla oynayar qara kölgələr,
Zülmətə qərq olar yaxın bölgələr
Könül dənizimdə mavi “bəlkələr”,
Ay güman, meylinə dönmüşəm sənin.

Zamanın səddini hey aşır ahım,
Yenə də hicranla dalaşır ahım.
Gözümün önündə dolaşır ahım,
Ay duman, xeylinə dönmüşəm sənin

= = = =

BİŞİRDİM

Deyiləsi sözlərimi,
Geyiləsi sözlərimi,
Yeyiləsi sözlərimi.
Mən çiy yapdım, 
kəm bişirdim.

Şahdağında, Murovunda,
Gecənin sərt qırovunda.
Ürəyimin alovunda,
Dərd yandırdım,
qəm bişirdim.

Şəbi-hicran bəstəsində,
Xan Kərəmin tüstüsündə,
Həsrətinin istisində,
Gün, ay, ili
cəm bişirdim.

= = = =

MƏNİM MƏHƏBBƏTİM

Baxışla qandırar səni,
Gözdü mənim məhəbbətim.
Toxunma yandırar səni,
Közdü mənim məhəbbətim.

Ürəyimdə yurd qurunca,
Yaşar bu dünya durunca.
Kim deyir ki, qupquruca,
Sözdü mənim məhəbbətim.

Bənzəməz ki,qara quşa,
Dönər gözəl qaranquşa.
Gülüm, neçə qara,qışa,
Dözdü mənim məhəbbətim.

= = = =

GÜLÜM

Vaxtsız sevda batar vüsal gölündə,
Nədən hicran düşər mənə bölümdə.
Kədər səhrasında, həsrət çölündə,
Quraram qüssədən alaçıq, gülüm.

Gözəl qız həmişə işvəkar olar,
Tez tora düşməyən ov, şikar olar.
Bir anda hamıya aşikar olar,
Duyğular səma tək apaçıq, gülüm.

Ulduzlar sayrışar ehtişam kimi,
Yanaram oduna qara şam kimi.
Qəlbimdə yurd salan arzu-kam kimi,
Sevdam da qalıbdır yarımçıq, gülüm.

Müəllif: SEVİNC ARZULU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFİQƏ İSAQ QIZI

Rəfiqə İsaq Qızının söz dünyası

Canımdasan
Bu sevgimiz xəyaldı…
Nə olardı, əzizim,
Sən bir həqiqət olub,
Ürəyimə dolaydın.
Söylə, nədir günahım?
A qəlbimi titrədən,
Könlümü çalıd gedən,
Kaş ki, mənim olaydın.
Bilirəm ki, xəyalsan,
Müqəddəs bir röyasan.
Mənim heç vaxt olmayan
Mənsiz qalan dünyasan.
Diləyərdim Tanrıdan,
Keçmişlər olmasa da,
Gələcək sənlə ola.
Hər sevincin,.kədərin,
Ürəimdə yurd sala,
Həmişə mənlə qala.
Etibarsız olsan da,
Yada meyil salsan da,
Dilimdə,duamdasan,
Ruhumda, canımdasan,
Vüsal bilməm kimindi,?
Həsrətin də şirindi,…
Yoxsansa da yanımda,
Eşqin hər an canımda,
Damarımda, qanımda…
….Sanma quru həvəsdi,
Çəkdiyim bu həsrətin,
Sonu boşdu əbəsdi…

= = = =

Səni
Səhər düşən bir şehə dön,
Eşq bağımda ətir saçan 
Gül, çiçəyə səpim səni.
Səpim sevgi toxumunu, 
Ürəyimdə əkim səni
Nəfəs kimi udum səni,
Şəkər kimi dadım səni,
Ətrini alım küləkdən,
Çıxma bu candan, ürəkdən.
Sevgimizi vəsf eləyim,
Sıralayım misra-misra,
Şah əsərim seçim səni.
Udum-udum içim səni,
Ay mənim payız çiçəyim,
Həm yalanım, həm gerçəyim,
Gəl-gəl mənim ömrümə gəl,
Taleyimə biçim səni.

= = = =

Darıxıram gecələr

Əsir xəfif küləklər,
Ətrini gətirirlər.
Üzür, kövrək xatirələr,
Darıxıram gecələr.

Elə bil qüssə, kədər,
Boylanır, artır gecələr.
Acı, lal xatirələr
Dil açırlar gecələr.

Həsrəti tutub dilə,
Əridim, gilə-gilə.
Yoxluğunu bilə-bilə
Darıxıram gecələr.

Bu acı qəhərimdə,
Gözümdən gilə-gilə,
Süzülür ürəyimə.
Dərya olur gecələr.
20.07.2019

Müəllif: RƏFİQƏ İSAQ QIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TOFİQ QƏBUL – SÖZ…

Tofiq QəbuLUN SÖZ DÜNYASI, ÖZ DÜNYASI

YALAN İLAN BAŞI

İçimdə acı var, dərd var, ələm var,
Barışa bilmirəm yalanlar ilə.
Yalan ayaq tutsa, xəyanət saçar.
Yalanlar sirdaşdır ilanlar ilə.

Yalan yıxan evlər bir də tikilməz,
Axı çox görmüşük ağ yalanları.
Dünyamız qayğılı, heç üzü gülməz,
Çiynində daşıyır dağ yalanları.

Yalan tikə-tikə udur yurdumu,
Dünyanın gözünü bağlıyanlar var.
Bu gün qara donlu düşmən qudurur,
Onu gecə-gündüz yallIyanlar var.

Şuşanın yolları duman, çən olub,
Xankəndim çökübdür dizləri üstə.
Qarabağ yurduma ağ kəfən olub,
Götürüb qoyuram gözlərim üstə.

İçimdə acı var, dərd var, ələm var,
Şuşamın işğalı düşür yadıma.
Xalqımı sındırmaz min-min yalanlar,
Göz yaşı yaraşır ancaq qadına.

Xalqım inadını bıçaq eləsə,
Yalanın ipləri kəsiləcəkdir
Bütövlük andını bayraq eləsə,
Yalan ilan başı, əziləcəkdir.

8.05.2008.

= = = =

HANSI HAQLI?

Könlüm deyən başqa şeydir, həyat deyən başqa şey,
Könlüm həyat ilə, vallah, uzlaşmır ki, uzlaşmır.
Könlüm deyən qayğı, istək, könlüm deyən sevgi hey
Həyat deyən bir cəngəllik, könlüm ilə yollaşmır.

Könlüm qucaq açır eşqə, ünsiyyətə, vəhdətə,
Həyat isə bir burulğan, min hiyləsi, toru var.
Könlüm yaddır qəzəb, kinə, könlüm yaddır nifrətə
Həyat isə yeniş- yoxuş, dolusu var, qarı var.

Könlüm haqlı, yoxsa həyat? Qoy ariflər söyləsin,
Könlüm batıb göz yaşına, inim-inim inləyir.
Həyat axır bildiyi tək, kim göynəyir, göynəsin.
Həyat baxır bu dünyaya, yalnız onu dinləyir.

3.08.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru