Nazim Yaquboğlu

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 9 August 1980 ) tanınmış şair Nazim Yaquboğlunun doğum günüdür. Ad gününüz mübarək, Nazim müəllim!!! Sizə Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HÜSEYN FAXRALI

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 21 July 1959 ) tanınmış şair, gözəl insan Hüseyn Faxralının doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, Uca Yaradandan can sağlığı bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Hüseyn müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÜLEYMAN RÜSTƏM

SÜLEYMAN RÜSTƏM HAQQINDA

Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.

Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şeiri “Unudulmuş gənc”dir (1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şeirləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəşəyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şeirim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şeirlər yazır. Şairin bu dövrdə yazdığı şeirləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şeirlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.

Süleyman Rüstəmin müharibədən sonra yazdığı şeirləri “iki sahil” kitabında (1950-ci) il toplanmışdır. SSRİ (Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şeirlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur.
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şeirlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.

Süleyman Rüstəmin güney şeirlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
… Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.

Qoşma formasında yazdığı “Dəymə” şeİrində isə Azərbaycan-türk dilinə xor baxan iranşovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!

Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şeirləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Memarın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şeiri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şeiri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şeir bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

“Təbrizim” şeiri heca vəznində, beşlik şeir formasında yazılmışdır. Şeir bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Şeir sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şeir olduqca təsirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

“Təbrizim” şeiri şairin öz dilindən yazılmışdır. Şeirin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şeİrdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Şeirin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mənada bu, vətənin tərənnümü kimi qavranılır. Şeirin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Şeirin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Süleyman Rüstəmin “Təbrizim” şeiri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şeirləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)

Qaynaqlar:
1. “Ədəbiyyat”, Yazarlar: Möhsün Nağısoylu, Rəhman Quliyev, Araz nəşri (Quzey Azərbaycan)
2. “Təbrizim”, Yazar: Süleyman Rüstəm

TƏBRİZİM ŞEİRİ HAQQINDA

İkiyə bölünmüş Vətən. Hər birimiz üçün necə də ağırdır bu kəlməni söyləmək. XIX əsrin əwəllərində xalqımız məhz belə acı tale ilə üzləşmişdir – Azərbaycan qonşu dövlətlərin maraqlarına uyğun şəkildə iki hissəyə bölünmüşdür: Cənubi Azərbaycan və Şimali Azərbaycan. O vaxtdan bəri bu tarixi haqsızlıq, ayrılığın doğurduğu nisgil, eyni zamanda otaylı, butaylı Azərbaycanın birləşmək arzusu, xalqımızın bu məqsəd ugrunda apardığı mübarizə ədəbiyyatımızın əsas mövzularından birinə çevrilmişdir.
        XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Rüstəmin yaradıcılığında da Cənub mövzusu mühüm yer tutur. Ordu sıralarında Cənubi Azərbaycana gedən şair burada bir sıra müşahidələr aparmış, soydaşlarımızın həyatı ilə yaxından tanış olmuş, onların zaman-zaman milli azadlıq mübarizəsinə qalxmaları barədə geniş məlumat toplamışdır. Həssas qəlbli, vətənpərvər şairin təəssüratları sonralar onun cənub lirikasında birləşən dərin məzmunlu şeirlərinə çevrilmişdir.
        S.Rüstəmin bu qəbildən olan əsərlərindən biri də «Təbrizim» şeiridir. Şair bu şeiri elm, mədəniyyət, sənətkarlıq mərkəzi kimi tanınan qədim şəhər Təbrizə xitabən qələmə almışdır. Lakin Təbrizə müraciət etməkdə şairin məqsədi heç də yalnız onun barəsində söhbət açmaq, şəhərin gözəlliyini vəsf etmək deyildir. Şeirdə Təbriz vətənin rəmzi kimi başa düşülür. Əsərin əvvəlindən S.Rüstəmin Təbrizə böyük məhəbbətinin şahidi oluruq. Təbrizin hüsnünə baxdıqca gözləri doymayan şair «Qoymaram yadları girsin qoynuna» deyib onu özününkü sanır. Şair Təbrizin şad gününə şərik olmaq üçün onun bayramına gəlmişdir. Təbriz də öz əziz sirdaşını «duzlaçörəklə », «bağından dərdiyi güllə-çiçəklə», «ikiyə bölünməz saf bir ürəklə» qarşılayır. Bu, adi bir görüş deyil. Bu, dili bir, qanı bir iki qardaşın uzun ayrılıq həsrətindən sonra baş tutan görüşüdür. Şair duyğulanır və Təbrizə ən xoş arzularını dilə gətirir.
        Lakin Təbrizlə görüşdən hədsiz sevinc duyan, onun gözəlliyindən vəcdə gələn S.Rüstəm bərk narahatdır. Qəlbi nisgildən sızlayan şair Təbrizin bütün dərd-səri ilə tanış olmaq istəyir.
        Aşağıdakı misralarda müəllifin vətən yanğısı, təəssübkeşliyi dolğun şəkildə ifadə olunmuşdur.
Bülbül zar-zar ağlar çəməndən ayrı.
Insan deyib-gülməz Vətəndən ayrı.
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim.

        Təbrizin bağından gül-çiçək dərib onun vəziyyəti ilə tanış olan şairin dərdi təzələnir, o, təlatümlü düşüncələrə dalır. Torpağı ikiyə bölünən şairin iztirabları başadüşüləndir. Onun dərdi Vətən dərdidir. Şairin qəlbi otaylı, butaylı Azərbaycanı bütöv görmək arzusu ilə yanır. Onun qənaətinə görə, birliyə gedən yol mübarizələrdən, çarpışmalardan keçir. Müəllif Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırlayır. Təbrizin «qoynundan süd əmən saysı qəhrəmanlar» onun yolunda zaman-zaman canlannı qurban vermişlər. Şair belə qəhrəmanlıq tarixi olan Təbrizə cəllada, yada baş əyməməyi məsləhət görür, onu daim azadlıq, birlik uğrunda mübarizə aparmağa çağırır.
        S.Rüstəmin «Təbrizim» şeiri məzmunca dolğun olduğu kimi, bədii ifadə vasitələri ilə də zəngindir. Ustad sənətkar şeirin təsir gücünü artırmaq, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırmaq üçün dilimizin zənginliyindən geniş istifadə etmiş, bir-birindən təsirli bədii ifadə vasitələri seçmişdir. Aşağıdakı misralara diqqət yetirək:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetimtək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!

        Bu misralardakı təkrir, bənzətmə, məcaz və bədii sualların köməyi ilə şair Təbrizin ayrılıqdan doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur. Ümumiyyətlə, şeir böyük təsir və səfərbəredici gücə malikdir. «Təbrizim»i oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən Vətənin birliyinə nail olmaq istəyi daha da güclənir.

TƏBRİZİM ŞEİRİ

Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim Təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru