Təvəkkül Goruslu

Təvəkkül GorusluDAN BİR ŞEİR

AYRILA BİLMƏRİK

Sevgi mehrabına uzun yol gəlduk,
Mən səni, sən məni ilahi bildik,
Ürəyi ovcunda çırpınan əldik,
Ayrila bilmərik belə tələsik!

Dumanı tərk etməz dağın ətəyin,
Arısı buraxmaz balın, pətəyin,
Ayrılıq çalmasın neyin, tütəyin,
Ayrıla bilmərik belə tələsik!

Mən sənə”həyatım”, “nəfəsim” dedim,
Sən mənə həyata həvəsim dedin,
İndi hara gedək…hayana gedim,
Ayrıla bilmərik belə tələsik!

Gündüzə günəşik, gecəyə ayıq,
Birimiz dənizik, birimiz çayıq,
Sən mənə, mən sənə Tanrıdan payıq,
Ayrıla bilmərik belə tələsik!

Sən mənim çiçəyim, mən sənin gülün,
Bəzəyək sevginin çəmənin, çölün,
Ayırsa bizləri ayırar ölüm,
Ayrıla bilmərik belə tələsik!

Qoy əvvəl ruhumuz candan ayrılsın,
Ürəklər ürəkdən , qandan ayrılsın,
Təvəkkül canandan onda ayrılsın,
Ayrıla bilmərik belə tələsik!

17.09.2019.

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

Təvəkkül Goruslu (Məmmədov)

XURAFAT

Bir millətin, camaatın,
Döndər üzün dinə sarı.
Al ləzzətin hər saatın,
Nadanlığı dinə sırı!

Qoyma açsın gözlərini,
Qoyma desin sözlərini,
Gətir yerə dizlərini,
Söylə dindi yoxu- varı!

Təbəssümlə, gülə-gülə,
Şüurları iflic elə.
Qoyma dinə, gələ dilə,
Ayılmasın koru, karı.

Ye, iç , öldür şəhvətini,
Götür, dağıt sərvətini,
İnsanlığa nifrətini,
Dindən uzaq “din” lə sarı!

Götür üzdən ar, isməti,
Qalmasın heç əlaməti,
Xurafatdı nəhayəti,
Bilməyənlər bilsin barı!

11.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

NİYƏ

Quran yerə nazil olub gəldisə,
Niyə bəşər mövhumata qapıldı?
Haqq yolunu insan görüb bildisə,
Niyə bəşər xurafata qapıldı?

Baş üstündə tutub , bayraq eyləyib,
Məzmununu silib qıraq eyləyib,
Şüurlara silah- yaraq eyləyib,
Niyə bəşər cəhalətə qapıldı?

Nə çox oldu öz ağlıyla yozanlar,
Din söyləyib , dinin kökün qazanlar,
Əldə kitab yoldan çıxıb azanlar,
Niyə bəşər rəzalətə qapıldı?

Cavabını deyən yoxdu bu sirrin,
Qan içində hər qarışı bu yerin,
Nə zamandı vurur, qırır bir- birin,
Niyə bəşər şəhadətə qapıldı?

Qardaş deyir dildə insan insana,
Adəm oğlu asi olub cahana,
Qulaq verən yoxdu aha, amana,
Niyə bəşər fəlakətə qapıldı?

10.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

ÜRƏK VERMƏRƏM

Hədiyyə eylədim qəlbimi sənə,
Başqa ürəklərə meylini salma!
Götürüb qoysan da tozlu küncünə,
O axı ürəkdi , laqey(i) d olma!

Ürək göndərməyə ünvan axtaran,
Xırda ürəklərin sahibi çoxdu!
Ürəyin ürəkdə dəfn edib duran,
Mənim tək sədaqət göstərən yoxdu!

Mən sənə bir böyük ürək vermişəm,
Səadət taparsan qədrini bilsən!
Ürəklə önünə dünya sərmişəm,
Dünyamız məhv olar önündən silsən!

Təvəkkül sinəndə ürək kimidi,
Ruhumla, canımla səndə cəməm mən!
Eşqinlə su kimi, çörək kimidi,
Bir başqa dilbərə ürək vermərəm!

09.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

GƏL

Ruhuma dolduqca sevgi qoxusu,
Çəkilib qəlbimə bir başqa yol, gəl.
Nə vaxtdı ” canının ” yoxdu yuxusu,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Dirigöz açıram sübhü, sabahı,
Yandırır, dan sökür qəlbimin ahı,
Biçarə könlümün sənsən pənahı,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Gecənin qarası olsa da pərdə,
Bükülüb gözümdə olubdu girdə,
Geciksən sevdiyin düşəcək dərdə,
Yuxu ol, röyam ol, gözümə dol, gəl!

Bir dəli adamam, ruham elə bil,
Özümdən çıxmışam, yoxam elə bil,
Tikilib yaxana yaxam, elə bil,
Yuxu ol, röyam ol, özümə dol, gəl!

07. 09. 2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

XALQIM

Torpaqdan uzaqdı, yurddan uzaqdı ,
Yad olub, yadlaşıb yurduna xalqım!
Sən demə quzudu, qurddan uzaqdı,
Naxələf çıxıbdı qurduna xalqım!

Çoxdandı bölünüb, para- paradı,
Dörd yanı qan verən dərin yaradı,
Nə torpaq aradı, nə yurd aradı,
Bürünüb, bükülüb dərdinə xalqım.

Namus əldən getdi, qeyrət yeyildi,
Namərdlər önündə düşdü, əyildi,
Üzünə hədələr, hədyan deyildi,
Bir kərə baxmadı ardına xalqım!

Bir yanda şəhidlik, bir yanda düyün,
Çal – çağır batırıb ağı səs- küyün,
Zatından igiddi, olub ərköyün,
İtaət eyləyir hər dinə xalqım!

Düzəlt qamətini, hələ gec deyil,
Hay torpaq qaytarmaz, dığa gic deyil,
Vallah, bu etdiyin, kişi, öc deyil,
Arxa ol, dayaq ol orduna xalqım!

Alınsın Qarabağ, gülsün Zəngəzur,
Həm Göyçə, İrəvan tapsınlar hüzur,
Təvəkkül hissinə qapılıb yazır,
Sadiq ol kökünə, irqinə xalqım!

06 09. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

Təvəkkül Gorusludan bir şeir

XALQIM

Öz gücün, qüdrətin sözlə göstərib, 
Tanrıdan yurd yeri dilənən xalqım. 
Kinini, nifrətin gözlə göstərib, 
Əlləri, ayağı bələnən xalqım.

Dost deyil, düşməndi hər hankı yanı, 
Heç yerə çatmayır ahı, amanı, 
Gülləylə, qəlpəylə qırmızı qanı, 
Daşlara, torpağa çilənən xalqım.

Torpağı nacinsə, yada verilən, 
Taleyi səbrlə bada verilən, 
Adı da bir ayrı ada verilən, 
Məkrlə, hiyləylə bölünən xalqım.

Torpağı işğalda, özü yuxuda, 
Yellənir, şellənir ayrı qoxuda, 
Humanist eyləyib bir az da Xuda, 
Dünyada tolerant bilinən xalqım.

Bəhs edib dözümdən, tutub dözümdən, 
Dönüb millilikdən, dönüb özündən, 
Sərvəti borunun neft gözündən, 
“Demokrat” ciblərə ələnən xalqım!

Calanıb ocağı, sönüb odları, 
Susur igidləri, çapmır atları, 
Tədricən kənd adı, şəhər adları, 
Hər yerdən, hər daşdan silinən xalqım!

23. 08. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

Təvəkkül Goruslu – yeni şeirlər

SEVGI QOXUYUR

Həyat eşqi ilə vurur, döyünür,
Ürəyim deyir ki, nə yaxşı varsan.
Bir görsən sevinir, necə öyünür,
Qəlbimə, könlümə nə yaxşı, yarsan!

Duysa gələcəksən şıltaqlıq edir,
Elə bil uşaqdı, yolun gözləyir.
Bilsə ki, görüşün zamanı nədir,
Saatı izləyir, vaxtı izləyir!

Həsrətin gecəsi uzundan- uzun,
Quş olur sinəmdə sübhdən oxuyur.
Əbədi məskəni olubdu yazın,
Sən varsan ürəyim sevgi qoxuyur!

09.08.2019.

= = = =

KƏNDƏ GEDƏCƏM

Gör neçə illərdi görmürəm kəndi,
Allahın bir günü kəndə gedəcəm.
Könlümün sızlayan telləri dindi,
Hamı öz kəndində, mən də gedəcəm!

Kalafa yerində oturub məhzun,
Səmaya , üfüqə, göyə baxacam!
Əlimlə daşların torpağın, tozun,
Bir başqa kəsəyə, daşa yaxacam!

Dərddən oynayacam uşaqlar kimi,
Sevincdən, şadlıqdan dəli olacam!
Saz edib odunu aşıqlar kimi,
Ruhani çalacam…ağı çalacam!

Arada yellənib, dərəyə qaçib,
Şırranın altında heykəl duracam!
Babamın, nənəmin qəbrini açıb,
Kəlləmə bir patron…güllə vuracam!

Alsın ağuşuna qoy nənəm məni,
Babam sığal çəksin bəyaz saçıma.
Desinlər “gözlədik sənin gəlməni,
bəlkə bir şey olmuş qolu-qıçına!?…

Alıb əllərimə yolun ucunu,
Allahın bir günü kəndə gedəcəm.
Atıb üzərimdən “qaçqın” suçunu,
Kənddə ölmək üçün öndə gedəcəm!

08.08.2019.

= = = =

RƏSMİ VÜSALIN

Sevgidən, sevdadan bəhs etmə mənə,
Gözümün önündə sevgi rəsmi var.
Elə vurulmuşam, aşiqəm sənə,
Məcnunun, Kərəmin yalnız ismi var!

Olmuşam şairin, rəssamın sənin,
Xəyalım molbertdi, düşüncəm fırça.
İlhamla çəkdiyim Leyli rəsminin,
Üzünü gizlədir sirr adlı parça!

Sahilsiz rəngi var arxa fonunun,
Nə mavi, nə sarı, nə narıncıdı.
Eşq adlı ümmanın bitməz sonunun,
İlkidi, sonudu…axırıncıdı!

İlhamım dinirsə səni vəsf edir,
Misralar, sətirlər sevgi cığırı.
Ruhum ki, köç edir, cismimdən gedir,
Hər yanda, hər yerdə səni çağırır!

Könlümə həkk olub rəsmi vüsalın,
Asılıb qəlbimin baş guşəsinə.
Bu cəbr, bu məsəl sənin misalın,
Gəl dalaq, əzizim, eşq nəşəsinə!

06.08.2019.

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

ana şeirləri” layihəsindən növbəti şeir

NEÇƏ Kİ…

Neçə ki, var idin, dünya yar idi,
Fələk hiss elədi, bildi , ay ana!
Neçə ki, var idin, dünya var idi,
Səninlə iç dünyam öldü, ay ana!

Neçə ki, var idin , şaddı ürəklər,
Yaman mehribandı oğulun, qızın!
Sən getdin zəhəri daddı ürəklər,
Soyuğu, sazağı görməsin üzün!

Neçə ki, var idin, quru nəfəsin,
Məlhəmdi bizlərə dosta , yoldaşa.
Apardın özünlə yaşam həvəsin,
Mehrimiz salmışıq qranit daşa!

Neçə ki, var idin, o , kiçik otaq,
Bizlərə behiştdi, cənnətdi, ana!
İndisə torpaqdı yatdığın yataq,
Oğlun yox, qızın yox, dönsən hayana!

Neçə ki, sağ idin sənə qaçardı,
Sənin tək oğlunun qoxuyanı yox!
Şirin kəlmələrin könlün açardı,
Nəzər duasını oxuyanı yox!

Neçə ki, var idin nurlu gözlərin,
Yoluma mayakdı, işıqdı, ana!
Qanundu, yasaydı müdrik sözlərin,
Təvəkkül önündə uşaqdı, ANA!

25.07.2019.

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

QARDAŞ…

Zalımlıq, rəzalət artıb – çoxalıb, 
Allahın işi də çoxalıb, qardaş! 
Ədalət incəlib, düzlük yuxalıb, 
Onun da ürəyi yuxalıb, qardaş!

Zalımlar verdikcə dünya düzənin, 
Kasıba dirənir ucu nizənin, 
Axirət yazığın, dünya əzənin,
Haram da halalda yıxanıb, qardaş!

Demokrat oyunu dərindən – dərin, 
Müsəlman dünyası yeyir bir – birin, 
Bu yerdə açılıb gözü məşhərin, 
Qulağı hədislə tıxanıb, qardaş!

Dünyanın dövləti, sərvəti, varı,
Aparıb barmaqdan, əldən qabarı, 
Artdıqca eliti, sözdə kübarı, 
İnsanlıq azalıb, yox olub, qardaş!

21. 07. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU

TƏVƏKKÜL GORUSLUDAN “ÜÇ YARPAQ”

XOŞBƏXT OLACAQ

Sehrkar çubuqdu qələmim mənim,
Yazdığım oxusan hüzur taparsan.
Qələmlə vəhdətdə əməlim mənim,
Sən məni misramda hazır taparsan!

Bir az qapalıyam, bir az ciddiyəm,
Qələmi götürsəm , qəlb qapım açıq.
Adıma uyğunam, düzlük həddiyəm,
Həssasam çoxundan, duysan azacıq.

Tanrıya min şükür vücudum gözəl,
Boy- buxun, yaraşıq, hamısı məndə.
Yazdığım fərqlidi, düşüncəm özəl,
Əl qoymam məkirə, fitnəyə, fəndə.

Qəlbimi yandırır elat həsrəti,
Aylardı, illərdi kğçdən yazıram!
Sınmayıb, gülümsər tutub surəti,
Mən heçdən yazmıram, içdən yazıram!

Dörd yanın kədərin, dərdin çəkməkdən,
Saçıma ələnib dağların qarı.
Səbr ilə hicranı qəlbə bükməkdən,
Canımı dağlayır ruhun qabarı!

Qələmim silahım, kağız səngərim,
Sətirlər, misralar güllə darağım.
Bəllidi təpərim, vardır ləngərim,
Bu dünya, bu bəşər alar sorağım!

Duyub sədasını türk oğlu türkün,
Səksənər, ayılar, karlar oyanar.
Düzəlməz olaylar paşama mümkün,
Bu dünya bir ayrı rəngə boyanar!

Mənim bu diyarım qiymətli inci,
Özgür sərhədlərlə şəfəq saçacaq!
Bax onda , Təvəkkül , duyub sevinci,
Bir şair ürəyi xoşbəxt olacaq!

11.07.2019.

= = = =

ƏN BÖYÜK DƏYƏR

Ay adam, bu dünya hamıya məskən,
Dünyanın yükünü çəkə bilməzsən!
Nə qədər olsan da gözdən tükçəkən,
Qılıyla gözünü tökə bilməzsən!

Açıb gözlərini ətrafa bir bax,
Dünya yerindədi, insandı yalan!
Hamıya açılmır gələn hər sabah,
Olmadı dünyayla əbədi qalan.

Artır səxavətin, “tit” de nəfsinə,
Qəlblərdə xeyirxah əməllə ucal.
Yaxından yaxındı bil nəfəsinə,
Hər addım qoyduğun yerdədi əcəl!

Sadiq ol sevginə, sevdiklərinə,
Bir heçsən onları itirsən əgər!
Şərik ol onların ÇƏKDİKLƏRİNƏ,
Sevgidi dünyada ən böyük dəyər!!!

10.07.2019.

= = = =

İNANMA

Səmimi olarsan, düzgün olarsan,
Haqqını yeyərlər, “yalan” deyərlər!
Xiffət eləyərsən, üzgün olarsan,
“Nəşədən xəyala dalan ” deyərlər!

Düşündüm Allahdan, salamdan yazdım,
Dedilər şairin ağlı qaçıbdı.
Bir az hiddətləndim, bir az da qızdım,
Dedilər keflənib, şərab içibdi!

Sevgidən yazsaydım, eşqdən yazsaydım,
Qazancım afərin, əhsən olardı.
Mey kimi könülə, ruha sızsaydım,
Vallahi, ünvanım “yeksən” olardı!

Odur ki, ay şair yurd fikri etmə,
Salam verənlərin salamın alma.
Qələmə sarılıb dərinə getmə,
Qarış cəmiyyətə, geridə qalma!

Onsuz da riyakar, saxta adamlar,
Sərvət topladıqca harınlayıblar.
Bu odun adamlar, taxta adamlar,
Ürəyi unudub, qarınlayıblar!

Xalqının şairi olmağın üçün,
Təvəkkül, sevincdən, şadlıqdan döşə!
Cəhalət odunda yandıqca için,
İnanma şansına insanlıq düşə!

09.07.2019

MÜƏLLİF: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU – SEVGİ…

SEVGİ ODASI

Divarı bir ayrı ətrə bürünmüş,
Pəncərə bir ayrı nəfəs qoxuyur!
Bura bir məhəbbət gizli sürünmüş,
Pünhan sevgi deyir, vüsal toxuyur!

Elə bil sükuta bürünmüş zaman,
Burda vaxt dayanmış, saat lal olmuş!
Qəlbləri bürümüş nəşəli duman,
Bu oda sevdayla, eşq ilə dolmuş!

Divarının rəngi sevgi rəngində,
Şəlaləyə bənzər pərdəsi, tülü.
Busə, nəvazişlə necə zəngin də,
Sevda adasıdı eşqlə örtülü!

Bir ayrı dünyadı dünya içində,
Sakini ikicə nəfərdi onun.
Qəlblər ki, döyünür bir eşq köçündə,
Səfəri bir ayrı səfərdi onun!

Ünvanı pünhandı, qapısı pünhan,
Sakitcə örtülər, asta bağlanar.
Sevgidən güc alar burda bir cahan,
Bu oda hamıdan gizli saxlanar!

Təvəkkül Goruslu. 21.06.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – Üç yarpaq…

TÜRK DEYƏCƏM

Tanrım şahid, qisasım var,
Səngərləri sök deyəcəm!
Nə qədər ki, nəfəsim var,
Türk deyəcəm, tək deyəcəm!

Güvənimiz dünümüzdə,
Tarix yazan ünümüzdə,
Dünya durub önümüzdə,
Türk deyəcəm, tək deyəcəm!

Oğuz, osman iki qolum,
Şərqə, qərbə çıxan yolum,
Yağı alıb sağım, solum,
Türk deyəcəm, tək deyəcəm!

Bayrağında şəhid qanım,
Yıldızında açan danım,
Hələki var canda canım,
Türk deyəcəm, pək deyəcəm!

13.06.2019.

===================================================

DÜZƏLMİR

Sağdan vuran, soldan vuran çoxalıb,
Nişan alıb kürək busan azalmır.
Vurhavurda ürək yazıq yuxalıb…
Adam olan düzəlmir ki, düzəlmir!

Həyasızın baxmaq olmur üzünə,
Nadürüstdür, min rəng qatır sözünə,
Tüpürsən də duyub , bilib gözünə,
Adam olan düzəlmir ki, düzəlmir!

Həşirinə bir söz söylə qulaq as,
Bülbül kimi ötsün sənə min avaz,
Löhməlikdə özün sanır bir qəvvas,
Adam olan düzəlmir ki, düzəlmir!

Kələkbazdı, yükün tutub haramdan,
Bərkə düşsə ayə deyər qurandan,
Dağda durar, bəhs eləyər arandan,
Adam olan düzəlmir ki, düzəlmir!

Marığında cığır güdər , yol güdər,
Əziyyətsiz para güdər, pul güdər,
Qeyrət naqis, mürvət saxta, yox hünər,
Adam olan düzəlmir ki, düzəlmir!

Xarabdırsa adam olan mayadan,
Əxlaqında zərrə olmaz həyadan,
Ruhu miskin, xərac istər dünyadan,
Adam olan düzəlmir ki, düzəlmir!

17.06.2019.

==============================================

TALE YAZAN…

Tale yazan taleyimə od ələ,
Nə yazısı, nə pozusu qalmasın!
Döy daşlara, ver küləyə, at selə,
Bu ürəyin bir sorusu qalmasın!

İllər ötdü, ömür yarı, yaş yarı,
Hardan gəldi, hara ötdü bilmədim.
İndi də ki, yaddaş yarı, huş yarı,
Niyə gəldi, niyə getdi bilmədim!

Cavan idim elə bildim yar gəlib,
Hardan bilim ləçək altda xar gəlib,
Əzəlindən nə yazmısan bilmirəm,
Mən dünyaya, dünya mənə xor gəlib!

Tale yazan ver əlini dost olaq,
İndən sonra dəyiş yazı- pozunu.
Yaz razıyam qazan olaq, dəst olaq,
Normal eylə, kişi, yağı duzunu!

Üzdə sevinc, üstümüzdə dam olsun,
İçdiyimiz vüsal adlı cam olsun,
Qələminin mürəkkəbin bol eylə,
Nə yazırsan, bütöv olsun, tam olsun!

18.06.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – SEVGİM…

SEVGİMİN QƏDƏRİ

Sevgimin qədərin soruşdun məndən,
Dedim iki dünya, söylədin azdı.
“Olmusan ilahəm, olmuşam bəndən,
Ürək pıçıldadı, qələmim yazdı!

Sevginin qədərin ürəyimdən sor,
Tərəzi, mizanı onun əlində.
Nə çəkisin axtar, nə şiddətin sor,
Taparsan vahidin işıq selində.

Zamana uyğundu ölçü- biçisi,
Ancaq ki, dörd deyil, bircə fəsli var.
Nəyinə gərəkdi axı çəkisi,
Eşqdirsə ömürə bir fəsli- bahar!

Təvəkkül sevirsə demək tək deyil,
Eşqinin qədəri qədər olmasın!
Fələyin ətəyi bir ətək deyil,
Gətirib verdiyi kədər olmasın!

Sevginin qədəri ömrə bərabər,
Günləri, ayları həyat mislində.
Yaşayaq qədəri gülüm sərasər,
Sevgi qatarında, sevda fəslində!

11.06.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru