KÖKSÜNDƏ SÖZ DÖYÜNƏN ŞAİR – TOFİQ QƏBUL


Tofiq Qəbul Naxçıvan ədəbi mühitində yazıb-yaradan, yazı üslubu və fikrin ifadəsində özünəməxsusluğu ilə seçilən şairlərdəndir. Onun yaradıcılığı, hər şeydən əvvəl, xalqının bədii sərvətinə söykənir. Dünya ədəbiyyatı nümu­nələrini öz təfəkkür süzgəcindən keçirən şair milli özünüdərki ön sıraya çıxarır və əsərlərində məhəlli düşüncə ilə deyil, sırf milli düşüncə ilə çıxış edir.
Tofiq Məmmədsadıq oğlu Qəbulov- Tofiq Qəbul 1957-ci il noyabr ayının 3-də Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuşdur. O, hələ kiçik yaşlarından atasını itirmiş, 1959-cu ildə ailəsi ilə birlikdə Naxçıvana gələrək bütün həyatını bu torpağa bağlamışdır. Vaxtı ilə Ermənistanda yaşayan valideynləri didərgin həyatı sürmüş, onların yaşamaq uğrunda mübarizəsi, iqtisadi çətinliklər balaca Tofiqin yaddaşında dərin izlər qoymuşdur. Təsadüfi deyil ki, şairin bir çox şeirlərində həyatın bu acı səhifəsi öz əksini tapmışdır:
Bir payız günündə dünyaya gəldim,
Açdım gözlərimi, ayazı gördüm.
Görünür, bu da bir alın yazısı,
Tanrım qismətimə nə yazır gördüm.
(“Gördüm”)
Tofiq Qəbul orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini tamamlayaraq Babək rayonunun Nehrəm, Alagöz-məzrə kəndlərində müəllimlik etmişdir. Hazırda o, Naxçıvan şəhərindəki 10 saylı orta məktəbdə çalışmaqdadır.
Tofiq hələ tələbəlik illərində yaradıcılıqla məşğul olmuş, 1980-ci ildə “Azərbaycanım mənim” adlı şeirini Babək rayonunda çıxan “Əmək bayrağı” (indiki “Şərqin səhəri”) qəzetində nəşr etdirmişdir. Həmin ildən başlayaraq onun şeir və hekayələri, elmi-pedaqoji məqalələri respublika qəzetlərində müntəzəm çap olunur. Tofiq Qəbul 2005-ci ildə ilk şeir və hekayələr kitabını (“Döndün qövsi-qüzehə”. Məktəb nəşriyyatı) çap etdirir. 2006-cı ildə onun “Nuhçıxan Naxçıvan” (“Əcəmi” nəşriyyatı) və 2008-ci ildə “Köksüm altda söz döyünür” (“Əcəmi” nəşriyyatı) şeir kitabları işıq üzü görür.
Hazırda şair “Qarabağdır Azərbaycan” şeirlər kitabını çapa hazırlayır. Tofiq Qəbul 2009-cu ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Tofiq Qəbul sözə məsuliyyətlə yanaşan şairdir:
Hər söz xalı üstə açan butadır,
Hər buta mənadır, sirli dənizdir.
Gəl sözü heç zaman ucuz tutmayaq,
Söz də kimliyimiz, mənliyimizdir
-deyən şair hansı mövzuda yazırsa-yazsın, sevgisini, qanından, canından keçirdiyi düşüncələrini ortaya qoymağa can atır. Vətən Tofiq Qəbulun poeziyasında böyük fərəh, iftixar, eyni zamanda, qəlb ağrısı, qəlb çırpıntısıdır. Onun “Azərbaycanım mənim”, “Tanrının göy çadırı”, “Vətən”, “Sözün dəyəri”, “Yurdumun xəritəsi”, “Azərbaycanım”, “Qarabağdır Azərbaycan” və başqa şeirlərində Azərbaycan sonu olmayan ümmandır, coşub-daşan vulkandır, yaralanmış anadır.
O, 20 noyabr 1990-cı ildə yazdığı “Üçrəngli bayrağım” şeirində yenidən Vətənin azad səmasında qanadlanan üçrəngli bayrağımızı tərənnüm edir:
Qəlbin titrəyişindən
Yenə qalxdın, ucaldın.
Döndün qövsi-qüzehə,
Bu torpaqdan güc aldın,
Üçrəngli bayrağım!

Göylüyün türklüyümdür,
Qırmızındır varlığım.
Yaşılın qovuşduğum,
Haqla bəxtiyarlığım,
Üçrəngli bayrağım!
Şair bəzən yaralı Vətənin ağrı-acısına dözə bilmir, misra-misra ağlayır, kədərini oxucu ilə bölüşdürür:
Xocalı qatili cəzasız gəzir,
Laçını tapdayır, Şuşanı əzir.
Millətim bu dərdə bəs necə dözür?
Bir sevgi hönkürür qəlbimdə mənim.
(“Bir sevgi hönkürür”)
Lakin şairin bu iztirabları başqa bir şeirində atəşli bir ümid olur, Vətən torpağının azadlığı, bütövlüyü qarşısıalınmaz istəyə çevrilir:
Xankəndim əlacım, Şuşam dərmanım,
Həsrətin kökünü qazacağam mən.
Döyüşən ordunla, Azərbaycanım,
Bütövlük dastanı yazacağam mən.
(“Bütövlük dastanı yazacağam”)
Cənub mövzusu da Tofiq Qəbulun əsas mövzularındandır. Onun “Soruşma haralısan”, “Bütövlük”, “Haralısan söyləmə”, “Cənublu soydaşıma”, “Sən özün üzr istə”, “Yol gözləyən gözlərim” və başqa şeirlərində Arazın o tayı sevgi sahilinə dönür, Təbriz qürurla səslənir, “Cənublu soydaşıma” şeirində şair qardaşların bir-birinə get-gəl etməsini alqışlayır, buna sevinir:
Cənublu soydaşım, səni şən gördüm,
Açan hər çiçəkdə təbəssümün var.
Qardaşı qardaşa qovuşan gördüm,
Titrədi qəlbimdə incə duyğular…

…Ana torpağımız paralansa da,
Ruhumuz, qəlbimiz paralanmayıb.
Şanlı tariximiz yaralansa da,
Milli varlığımız yaralanmayıb…
Tofiq Qəbulun poeziyasında Naxçıvan torpağının, eləcə də, Naxçıvan şəhərinin tə­rən­nümü mühüm yer tutur. Onun “Atabəylər türbəsi önündə düşüncələr”, “Yaşa, şəhərim, yaşa”, “Nuhçıxan Naxçıvan”, “Qızlar bulağı”, “Tablo”, “Ehram”, “Haçadağ”, “Şəhərim”, “Heykəllər şəhəri”, “Naxçıvan-yaşıl ada” və başqa şeirlərində Naxçıvanın qədimliyi, gözəlliyi, qüruru, əzəməti öz əksini tapır. Şairin “Köhnə qala”, “Nuh peyğəmbərin türbəsi” şeirlərində bir daha bu torpağın müqəddəsliyindən söhbət açılır. Bu şeirlərdə şair Naxçıvanı ilk insan məskəni, mədəniyyət beşiyi adlandırır. Şair şeirlərinin birində (“Qəhrəman ada”) ana torpaqdan-Azərbaycandan ayrı düşən, daim düşmən əhatəsində və təhdidlərində yaşayan, lakin sınmayan, əyilməyən, quran, yaradan Naxçıvanın harayını dünyanın kar qulağına çatdırmağa çalışır:
Ehey! Cənab coğrafiyaşünaslar!
Yığıncağa toplaşın,
Sizə mühüm bir təklifim var!
Nə qədər ki, həqiqət ərşə çəkilib,
Nə qədər ki, ədalət şişə çəkilib,
Nə qədər ki, davam edir blokada,
Dünya xəritəsində qeyd olunsun
Naxçıvan adlı qəhrəman “ada”! 
Tofiq Qəbulun şeirlərində hər hansı bir canlı və ya cansız əşya tipikləşir, dərin məna daşıyan rəmzə çevrilir. Onun şeirləri fikir yüklüdür. O, təsvir etdiyi əşyanın məna qatlarına enir və həmin əşya oxucunun gözlərində ülviləşir, azadlıq aşiqinə dönür. Bu mənada şairin “Bu çiçək”, “Novruzgülü”, “Qar dənəsi”, “Pərvanə”, “Qartal”, “Quşlar”, “Tonqal”, “Fil”, “Bala quşcuğaz” və başqa onlarla şeiri dediklərimizə parlaq misaldır. Şair “Pərvanə” adlı şeirində pərvanəyə özünəməxsus tərzdə yanaşır, qələmin gücü ilə bu kiçik vücud heyrətamiz qəhrəmana, fədakar aşiqə çevrilir:
…Əlimlə qovuram onu kənara,
Deyirəm: “Toxunma oda, xatadır”.
Mən deyən söz hara, pərvanə hara,
Çəkinmir, özünü alova atır.

Çırağa toxunub sönür qanadı,
Sürüşüb yavaşca masaya düşür.
Onu məhv elədi eşqi, inadı,
Çırağın şöləsi baxdım titrəşir.

Bu kiçik vücudda eşqə bax, Allah!
Yanıb kül olmaqdan o kam alırmış.
Həyat çox gözəldir, bilirəm, ancaq
Mənalı ölüm də gözəl olurmuş.
Yaxud “Bala quşcuğaz” şeirində yuvasından və anasından ayrı düşən, hələ uçmağı bacarmayan bala quşcuğazın təhlükələrlə üzləşməsi şairi həyəcanlandırır. Şair onu özünə güvənməyə, mübarizəyə çağırır:
Aman! Təhlükələr girdabındasan.
Sənin ən qorxulu saatlarındır.
Sıyır inadını, sıyır, quşcuğaz,
Sıyır qanadını, sıyır, quşcuğaz.
Sənin qurtuluşun qanadlarındır!
Əlli yaş. Bir çox şeirlərində şairi bu rəqəm narahat edir. Bu yaş payız fəsli ilə həmahəngdir:
…Gəlir əlli yaşım-ömrün zirvəsi,
İllər saçlarımda ağappaq yazı.
Bu gün kədərimin səbəbi elə
Ömür payızıdır, ömür payızı.
(“Payız”)
Lakin bu kədər şairi ümidsizlik girdabına sürükləmir. Başqa bir şeirində şair yenidən dirçəlir, ağ saçlarını geriyə atıb ümidlə irəliyə baxır.
Ağ saçımı geri atıb
Önə baxdım, şükür, Allah!
Əlli yaş zirvə deyilmiş,
Qarşıdadır ömür-sabah!
(“Əlli yaş zirvə deyilmiş”)
Tofiq Qəbul həm də uşaq şeirlərinin müəllifidir. Onun kitablarında 30-a qədər uşaq şeiri toplanmışdır. Bu şeirlərin bir çoxu-“Şərtim var ha!”, “Tərs şəkillər”, “Yeddi rəng”, “Günəbaxan və günəş”, “Uçan xalça”, “Pişik”, “Balıqlar” və başqaları ustalıqla yazılmışdır. Bu şeirlərdə uşaqların yaş xüsusiyyətləri, onların düşüncə tərzi, qəribəlikləri inandırıcı şəkildə öz əksini tapmışdır.
Məhəbbət lirikası Tofiq Qəbulun yaradıcılığında özünəməxsus rəngdə və çalardadır. Əgər onun gənclik illərində qələmə aldığı məhəbbət şeirlərində çılğın istək, inam, ümid hissi varsa, (Məsələn, “Sevgi”, “Novella” şeirlərində) müəyyən yaşdan sonra bu istək, bu sevgi əlçatmaz həsrətə çevrilir. İtirilən vüsal amansız iztiraba dönüb şairin könül çırpıntılarını artırır. Bu mənada “Qəribə görüş”, “Xoş təsadüf, acı görüş”, “Təəssüf”, “Xatirə”, “Payız yağışı”, “Bir ağ xatirə” və s. şeirlər həsrət lirikası adlana bilər:
Payız yağışıdır məhəbbətimiz,
Daha istisini duya bilmərik.
O ayrılıq adlı günahımızı,
Bu soyuq yağışla yuya bilmərik.
(“Payız yağışı”)

Yaxud:
Kaş ki, şəhərimiz böyük olsaydı,
Sənlə rastlaşmağım heç olmazdı ki.
İnsan dənizində itsəydin əgər,
Bu qəmli şeirim də yazılmazdı ki.
(“Kaş ki”)

“Bəlkə unutmusan?” adlı şeirində şair yaşlı çağında xəyalən gəncliyin alovlu günlərinə qayıdır, acı sevgi xatirəsini qarşı tərəfdən də umur:
Sən mənim dərdimdən xəbər tutdunmu?
Ayrılıq illərin arxasındadır.
Həsrətin könlümə elə köz salıb,
Alovu gözümün qarasındadır…

…İllər arxasında qalan eşqimiz,
Sənin xatirində yaşayırmı heç?
O birgə ayları, birgə günləri
Sənin xəyalların daşıyırmı heç?…
Əlbəttə, biz bu kiçik yazıda Tofiq Qəbulun yaradıcılığını tam işıqlandıra bilməsək də, hər halda, onun poeziyası haqqında oxucuda müəyyən bir təəssürat yaratdıq. Şairin sözə məsuliyyəti, orijinal deyim tərzi, bədii təsvir və ifadə vasitələrini yerli-yerində işlətməsi, müxtəlif şeir janrlarından, ölçülərindən məharətlə istifadə etməsi oxucunu razı salır.
“Susub kədərimi tüstülədirəm”, “Təbəs­sümü yanağına tikilmiş bu vücud, bükülmüş belinin astarı sökülmüş bu vücud”, “Qəlbi şırım yurdumuzda çadır tarlaları bitirdik”, “Ağrı nişan üzüyümdür”, “Göy yerə bənd edir göy qurşağını, fırlanan dünyamız sanki dayanır”, “Gecə göz yaşımı sözlə siləndə”, “Alnımdakı qırışlar həsrət məktubu kimi, qarışıq xətlər ilə calandı bir-birinə”, “İncə dodağından qopan ağ buxar sözünə bələnən zərif tül idi”, “Bir dön Atabəylər türbəsinə bax, o göz muncuğudur şəhərin üstə”, “Ruhum, hissim göy sakini” və başqa bu kimi obrazlı deyimlər Tofiq Qəbula məxsusdur.
Bütün bu dediklərimiz sübut edir ki, söz dünyasında Tofiq Qəbulun öz yeri, öz dəsti-xətti vardır. “Köksüm altda söz döyünür” şeirində şair haqlı olaraq yazır:
Səfərə hazır yolçuyam,
Əyləyib döndərmə məni.
Ruhum, hissim göy sakini,
Göylərdən endirmə məni.

Gözlərimdə işıq halə,
Ürəyimdə od şəlalə.
Bir mayakam uzaq yola,
Soyudub söndürmə məni.

İşıq seli sözə dönür,
Köksüm altda söz döyünür.
Ağ vərəqdə söz görünür,
Bu anda dindirmə məni,
Bu anda dindirmə məni.

Akif AXUNDOV,
Sevindik VƏLİYEV.
 
“Naxçıvan şair və yazıçıları” kitabı.
Bakı. ”Elm və təhsil” nəşriyyatı. 2009.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ORİYENTİR ULDUZU” – MÜBARİZƏ LAYİQ POVEST


(Zaur Ustacın ”Oriyentir ulduzu” povesti haqqına)

Şair Zaur Ustacı nə müddətdir ki, şair kimi tanıyir və yaradıcılığını izləyirəm.Lakin son vaxtlar onun ”Oriyentir ulduzu” adlı povestinə gec də olsa rast gəldim (Povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım.
Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin drammatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s… oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lkin yazıçı hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır.Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc Vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə-əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; ”Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar.Lap dəli oluram. Ya Allah, sən özün səbr ver !”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s… olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mıvqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır.
Mübariz qarşısına məqqsəd qoymuşdur; Düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə adlaması ilə davam edir. Gücü və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; ”Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb ”5” verərdilər. İndi bu yolla onları ”yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?

Yoxlamaya bizim Mübariz gedirdi, ”Mübariz”

(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)

Zirvədə yurd salan qartallar kimi
Səngərdə düşməni izləyirdi o.
Qəlbinə yığmışdı qəzəbi, kini.
Vulkan püskürməsi gözləyirdi o.

Hələ iyirmi iki yaşı var idi,
Hələ iyirmi iki bahar görmüşdü.
Hələ qəlbində eşq körpə bar idi,
Həm də bu yaşda o, nələr görmüşdü.

Onun qan yaddaşı haray salaraq
Bütöv bir tarixi deyirdi ona.
Yurda ”qonaq” gələn erməni alçaq 
İndi sahib çıxıb Qarabağıma.

Qəzəbi sıyrılıb çıxdı qınından,.
Düşmən sədlərini yardı Mübarız.
Xətai imanı axdı qanında,
Önünə çıxanı qırdı Mübariz.

Bir can minə qarşı -budur möcüzə
Qaya fırtınayla çarpşdı o gün.
Dünya heyran qaldı bu eşqə, gücə.
Rembolar ekrandan yığışdı o gün.

Şəhid zirvəsində haqqa sığınıb, 
Vətəni qürurla süzdü Mübariz.
Bütövlük hayqıran bayrağa dönüb,
El-el, oba-oba gəzdi Mübariz.

Ey Milli Qəhrəman, alqış bu ada
Adına yaraşır bu fəxri adın.
Mübariz adını atan qoysa da,
Qəhrəman adını özün qazandın.

Yurdun bütövlüyü dinin imanın
Gec-gec yox olacaq bu duman bu çən.
İndidən görürəm, ey qəhrəmanım
Şuşada ucalan heykəlini mən.


Mübariz ”məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da yazıçının diqqətinə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s…
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.

24.04.2019. Naxçıvan.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru