Rəşad Məcid – Tövsiyə

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru 

Gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın… 

GƏNC YAZARLAR – TURAL TURAN, FUAD CƏFƏRLİ VƏ EMİL RASİMOĞLUYA *

Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictimaiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz.

Anar müəllimin sizi tanımaması təbiidir. Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı “zənginləşdirdiyinizi” düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar.

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20-25 ildə bunu çox görmüşük. Görünür, sizin AYB üzvü olmağınız, təqaüdə layiq görülməyiniz, ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyatımız haqqında əsərlərini, ən azından “Yaşamaq haqqı” traktatını da verəydik. İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! “Şeirdən çox da ucalıq ummayın!” Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən – gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi…

İLKİN MƏNBƏ: Qələmsiz yazılanlar – Rəşad Məcidin status-esseləri 

*- Məncə, Rəşad müəllim və digər dünyada az-çox nəsə görmüş şəxslərin böyük əksəriyyəti də mənimlə razılaşar ki, yuxarıda adları qeyd olunan gənclərin adı müəyyən mənada həm də misalidir. Necə deyərlər: – “qızım sənə deyirəm, gəlinim sən eşit”. Mən də məqam düşdükcə, iştirakçısı olduğum bütün tədbirlərdə bunu vurğulayıram ki, bəzi gənclərin özünü aparması (məni ancaq özünü qələm əhli hesab edənlər maraqlandırır) heç bir əndazəyə sığmır… Bu sahədə iki qırmızı xətti daim gözləmək lazımdır:

-birinci şəxsi münasibətlərlə yaradıcılığı heç vaxt qarışdırmaq olmaz,

-ikinci artıq dünyada olmayan şəxslər və onların yaratdıları barədə fikir yürütmək, adları üzərində plan qurmaq heç bir etik çərçivəyə sığmır (kimsə haqlı olaraq etik normaları heçə saya bilər, ancaq sual doğur: – Onda bəs sənin ədəbiyyatda nə işin var? Bura axı qaydasız döyüş rinqi deyil…) və məntiqi prespektiv vəd etmir.

Hansı zaman, hansı dövür, nə əsri olur-olsun milli dəyərlərimizi unutmamalıyıq. Hər kəs öz məqsədinə doğru sağa-sola baxıb, diqqətini dağıtmadan, öz yolu ilə addımlamalıdır. Uğurun yeganə sonuc gətirən düsturu bundan ibarətdir… Adını nə qoyursunuzsa, qoyun bizim NƏFS adlandırdığımız hissləri qəlbinizə yaxın buraxmayın. Çünki, bu hisslər qəlbə bir dəfə girsə, orada özünə yuva qurar və ağlınıza hökm etməyə başlar… Bu elə mövzudur ki, mən həmişə bu barədə danışanda da tədbir moderatorları tez-tez vaxtı göstərirlər. Odur ki, sadəcə bir xatırlatma ilə bu söhbəti bitirmək istəyirəm: Vallahi, bu mövzuda elə gözəl, anlamlı, mənalı, ibrətamiz atalar sözlərimiz var ki… Bir də elə sözlər yazın, deyin ki, Allah ömür versə, 5-6 ildən sonra peşman olmayasız…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru