ZAUR USTAC – DİLARƏ

…bu gün onun anım günüdür…

DİLARƏ

(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)

Bizdə atalardan bir məsəl qalıb:

“Aslanın erkəyi, dişisi olmaz”…

Bu yurdun neçə mərd oğlu, qızı var,

Adı anılmalı, anmasaq  olmaz…

*     *     *

Yaradan bəxş edib, bu namı bizə,

Ellərin sultanı, xan Azərbaycan…

Var olsun bu torpaq, yaşasın Vətən,

Anam Azərbaycan, can Azərbaycan…

*     *     *

Dünya yaranandan mayamız belə,

İplikdən əjdaha doğub hanamız…

Lalənin al rəngin yazıb tarixə,

Analar anası, Tomris anamız…

*     *     *

Ruhu, düşüncəsi zəkidən zəki,

Əhsən deyib ellər, qalıb tamaşa…

Necə Nüşabəsi olub bu elin

İsgəndər mat qalıb, edib tamaşa…

*     *     *

Neçə Sarası var, dünya tanıyır,

Əlində qələmi  qılıncdan iti …

Zaman hökmün verib, geriyə dönməz,

İllər axıb gedir itidən iti…

*     *     *

Zaman dəyişsə də dəyişmədik biz,

Xanım-xatın qızlar birər qəhrəman…

Anadan, atadan gördüklərimiz

Tarixdə qalmayıb, yaşayır hər an…

*     *     *

İllər axıb gedir, biz yaşayırıq,

Ruhumuz o ruhdur, qanımız o qan…

Əzəldən dünyanın gərdişi belə,

Sözümün canı var, can Azərbaycan…

*     *     *

İndi “İmarət”-də qonaq  Xan qızı,

-Natəvan pəjmürdə, ruhu pərişan…

Əldən ələ düşüb eli, obası,

İltifat edən yox, yox hal soruşan…

*     *     *

Tarix nələr görüb, nələr öyrədib,

Halı haldan anlar, ariflər bilər…

Aramla süzülür bu çeşmədən nur,

Fitrətdə, mayada qor olan bilər…

*     *     *

Onun yaddaşında neçə Nigar var,

Ley kimi qayadan süzüb düzlərə…

Unutmaq olarmı söylə Həcəri???

Nəbiyə qoşulub, düşüb düzlərə…

*     *     *

Ucadan ucadır şanlı tarixim,

Ruhumun qidası şərəfdi, şandı…

Zamanın fövqündə dayananların,

Anası bircədi,  – Azərbaycandı!!!

*     *     *

Uçmaq arzusuna düşdü, Dilarə…

Ruhu göy göylərin qonağı idi…

Ulduzlar göylərdən gəl-gəl edirdi,

Sonsuz ənginliklər  oylağı idi…

*     *     *

Tanıdı Leylanı, ününü duydu,

Andı Züleyxanı fəxrlə hər an…

Cəhd etdi, çalışdı əzmlə hər gün,

Məqsədi fikrindən çıxmadı bir an…

*     *     *

Uçdu arzusunun qanadlarında,

Sevindi  ilk  uçuş  müjdəsi  ilə…

Taledən, qismətdən razı idi,

Anardı Tanrını “min şükür” ilə…

 *     *     *

Fəqət, yarı yolda qaldı arzular,

Axı, quş qanadı çox kövrək olur…

Məni dəstəkləyər  qulaq dostları,

Məncə, tər çiçəklər çox tez də solur…

02. 05. 2018. Bakı.  (08:50)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Nə istəyim şeiri

Zaur Ustacdan bir şeir

NƏ İSTƏYİM

Mən vurğunam, qələm qaşa
Şux qamətin bir tamaşa,
Yanağında xallar qoşa,
Daha səndən nə istəyim?
* * *
Təkrarsızdı xətti-xalın
Al rəngi var, yanağının,
Qıvrım telin, qulac saçın,
Daha səndən nə istəyim?
* * *
Ustac deyər sözün düzün,
Nə əksilməz, öyməz özün,
İlham pərim qara gözün,
Daha səndən nə istəyim?

15.04.1991. Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Matah çiçək

ZAUR USTACDAN BİR ŞEİR

MATAH ÇİÇƏK

Hər günaydın, bir pərvəriş,
Buruşmuşdu tağ, çiçəyim…
Ruhum düşdü xoş növrağa,
Günüm oldu ağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *
Verdin bir parç abi-gövsər,
Dünyamdan qalmadı əsər,
Talesiz bəxtindən küsər,
Qismətə bax, Ağçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Dedim, bu göz çoxdan müstər,
Aç sinənin barın göstər,
Zənbur qonar, balın istər,
Qondu gördü, Şehçiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Əzəldən Ağçiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

* * *

Yaralı bir qəlbdə bitdin,
Hardan gəldin, hara getdin…
Ustacı sərfnəzər etdin,
Cücərtmişəm ah, çiçəyim,
Ay mənim matah çiçəyim,
Ay mənim matah çiçəyim…

14.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Oxşamır…

ZAUR USTACDAN BİR ŞEİR

OXŞAMIR
(Özünə təskinlik verib, ovutma…)

Keçər deyib, ayran qatma aşına,
Əldə barmaq, bir-birinə oxşamır.
Əbəs yerə heç kim vurmaz başına,
Teldə qarmaq, bir-birinə oxşamır.

* * *

Bu dünyaya yumruq sıxıb, gələrik,
Əli göydə, baş alovlu gəzərik,
Gedəndə də göz yumulu gedərik,
Üstə torpaq, bir-birinə oxşamır.

* * *

Ustac deyər, söz gələn yer naməlum,
Yaradan de, ya Tanrı de, ya Qəyyum,
Dədələrin ibrətindən bu məlum;
Xəstə, dabaq bir-birinə oxşamır…
18.05.2014. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Nədəndi

ZAUR USTACDAN BİR ŞEİR

NƏDƏNDİ

Yanağına qəmzə atan gülüşün,
Ürəyimə nizə atır nədəndi?!
Ədasıyla meh gətirən yerişin,
Ürəyimi közə atır nədəndi?!
* * *
Sən gələndə yoxa çıxır dərd, ələm
Cismim dəftər olur, ruhumsa qələm,
Bir baxış atəşli gözümə məlhəm,
İynə tək dizimə batır nədəndi?!
* * *
İstədim deyəm ki, olasan agah,
Mat qaldım, bu işə özüm də Billah,
Ustacın işləri Vallahi dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!

07.06.2011. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Min şükür

MİN ŞÜKÜR…

Bir yaqut gizlidi sədəf dalında,

Misli yox ölçülə sərraf dalında,

Min kəlmə şəlləyib əlif dalında,

Dildən dilə gəzdirənə min şükür…

* * *

Dədəm, babam nəğmə deyib, söz qoşub,

Kəsə gedib, doğru deyib, düz qoşub,

Məclis qurub, min oxuyb, yüz qoşub,

Teldən telə gəzdirənə min şükür…

* * *

Ustac deyər, hardan gələr bilinməz,

Ha deyilə, yeri dolar bilinməz,

Gülər gözdən qəm süzülər bilinməz,

Eldən elə gəzdirənə min şükür…..

20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Zaur Ustac – Bir şeir

EY VƏTƏN OĞLU…

(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı…)

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan  asılıb bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandır qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı.  (14. 30. 1 0’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Üç yarpaq”-da

ZAUR USTAC “ÜÇ YARPAQ” – DA

Gözün gözü

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər….
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər….

* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər….

* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər……

21.09.2015 / Bakı

<<<…ü ç y a r p a q… – اؤچ یارپاق >>>

SEV…

Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur….
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur….

Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur….

Sevdalının sevgisi,  sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???
Sevməyəni sevməyi sədaqətmi sayırsız???
Sevdiyini, sevdirən sevgisində suçludur….

23.09.2015 / Bakı

<<<…ü ç y a r p a q… – اؤچ یارپاق >>>

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Gəzdim şeiri

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şeytan…

“ŞEYTAN GİRİYƏ TUTUB” BİZLƏRİ…

“Şəhər fiziki yaxınlığın mənəvi uzaqlığıdır, 
Hamı doluşub bir avtobusa, hamı bir-birinə yaddır…”
Esad Cahangir

Soruşursan;
bunlar kimdir, nədir belə???
Bunlar havadan asılı,
Salafan torbadı, Qardaş…
Bunlar ayağa ilişən,
Plastik qablardı, Qardaş…
Daha dəqiq deyim Sənə,
Əgər, bir az yuxarıdan baxa bilsək özümüzə,
Boz çöllərdə, yayın günü
Yuvasıyla yem arası cığırında
Hey şütüyən qarışqadan fərqimiz yox…
O qarışqa;
Yüz qat bizdən şərəflidir…
Min qat bizdən dəyərlidir…
Onlar bizdən təbiidir…
Onlar bizdən səmimidir…
Öz yoluyla gedib-gəlir,
Mərdimazar olmayınca…
Uşaq vaxtı bəyənməzdim “gölə qələmsancan”-ları,
Yolda “oyun pozan” –ları,
Yazıq işçi qarışqanın;
Əppəyini əzənləri…
Cığırını pozanları…
Həp idəşib, dalaşardıq;
Qarışqaların üstündə…
İt arısı şanı tapıb, atardım kürəklərinə…
Heç ruhum da inciməzdi…
Günahdan uzaq qalardım…
Eşitmişdim belələrin;
Anaları qarğıyırdı səhər-axşam:
– “Dalıyın arası yansın”,
“Odlanasan”, mənim balam…
“İtdən olan”,
“Köpəkoğlu”, mənim bəlam…
Nəyi qoyub, hara getdik?
Dərd bir mi, iki mi, Qardaş???
Plasmaslara bürünmüş,
Möhkəm izalə edilmiş,
Dəmir qutu elementi olmuşuq biz…
Qarışqanın;
Yuvasıyla,
Yem arası cığırlarda qaldığı tək,
Daş qutular arasında,
Dəmir qutular içində,
Tor barama qurmuşuq biz…
Kələfin də ucu itib,
Əyrilmişik,
Üyülmüşük,
Çoxdan suyu süzülmüşük,
Qaxacımız çıxıb bizim…
Ayaq üstə ölmüşük biz…
Heç sevmirəm;
Qara yolda, 
Bu qırmızı “ka-bus”-ları…
Qələm sancmaq istəyirəm,
Onların üzdüyü gölə…
Hə Qardaşım;
Daş qutular arasında,
Dəmir qutular içində bitir zaman…
Adəmdən əsər qalmayıb, itir insan…
Daş qutular bir məhbəsdir;
Çoxu da cəhənnəm deyir…
Xaraba deyənlər də var…
Dəmir qutu;
Uçan xalça,
Cinli lampa,
Sirli torba…
Bəy otağı,
Bəzən də cəllad kötüyü…
Kimə necə sərf eləyir,
Kiminə “Sirat körpüsü”,
Kimə cənnətin özüdü…
Neçə-neçə Ata sözü,
Anaların nəsihəti,
Həyat bulur bu qutuda;
Nə qədər körpü qurulur,
Ev yıxılır bu qutuda…
Bu qutular dünyamızdan alıb bizi,
Canımızdan ayrı qoyub,
Ruhumuzu perik salıb,
Tikan üstdə qouyb bizi…
Taqqataqlı, guppaguplu dəmir qutu,

Təmtaraqlı, saray kimi;

Zırhazırlı, ax-vay dolu,

Daş qutular yorub bizi…
Aldanmışıq;
Nəfsimizə qul olmuşuq,
Yaradanın dərgahından qovulmuşuq…
Tanrı unudub bizləri…
Şeytan tutubdu giriyə,
İtibdi Haqqın izləri…
02.10.2018. Bakı. (14:29 – 39’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru