Zaur Ustac və HHM kafedra müdiri P-k Şahverdiyev 24 iyul 1999.
TƏQVİMDƏ BU GÜN
Təqvimin bu günü daha bir əlamətdar hadisəyə şahidlik etmişdir. Beləki bu gün 24 iyul Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1999 -cu il buraxılışından 20 il ötür. 20 illik yubileylərini qeyd edən məzunlar Azərbaycan Respublikasının test üsulu ilə imtahan verib qəbul olmuş və digər bir çox kriteriyalarda tam milli ilk buraxılışı idi. Buraxılış gün ilk öncə 26 iyun 1999 – cu ilə təyin olunsa da, sonra bir sıra ciddi və texniki səbəblərdən 24 iyul 1999- cu ilə təyin olunmuş və baş tutmuşdur. Bu buraxılış zabitlərin bir çoxu könüllü olaraq hımin il yaranmaqda olan Xüsusi Təyinatlı hərbi hissəyə yazılmaq üçün müraciət etmiş və nəticədə uyğun gələnlər öz ixtisasları üzrə deyil Xüsusi Təyinatlı hərbi hissədə qrup komandirləri kimi fəaliyyətə başlamışlar. İstər təlimlərdə. istərsə də döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş bütün məzunlara rəhmət, sağ qalanlara can sağlığı işlərində müvəffəqiyyətlər arzu edirik. Gününüz mübarək olsun!!! Buraxılış marşında deyildiyi kimi: “Aslanlı adın mübarək”
TƏDBİRDƏN FOTOLAR:
BABKM (БВОКУ) -ın əsas meydanında sırada – 24 iyul 1999.
Məzunlar Bakı bulvarında gəzinti zamanı – 24 iyul 1999.
Seçmə şeirlərdən ibarət “DAĞLAR” adlı yeni kitab – antologiya işıq üzü görüb. Bu kitab Dədə Ələsgərin (1821 – 1926) anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunub. Almanaxda bizə məlum olan ilk nümunələr də daxil olmaqla, əksər “Dağlar” adlı nəzm nümunələri toplanmışdır. Bu məqsədlə 21.03.2018 – ci ildən etibarən mütəmadi olaraq KİV (EKİV) və sosial şəbəkələr vasitəsi ilə müasir yazarlar da məlumatlandırılmış, (#daglar200 haştağından istifadə etməklə) “DAĞLAR – 200” layihəsi başladılmış, şeirlərin toplanma tarixinin son günü 29.04.2019 olması barədə dəqiq məlumat verilmişdir. Nümunələrin toplanmasında heç bir limit olmamışdır. Dədə Ələsgərin ruhu qarşısında baş əyir, bu “Dağlar” çələnginin yubiley münasibəti ilə gözəl hədiyyə olacağını düşünürük.
Kitabı əldə etmək istəyənlər, Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə, “LİDER KİTAB EVİ”– nə müraciət edə bilərlər. Kitab – almanax sonadək bir pəncərə qaydasında bu ünvanda olacaq:
Kitab xeyriyyə məqsədi ilə nəşr olunur. Odur ki, heç bir kommersiya marağı yoxdur və gəlir əldə olunması nəzərdə tutulmamışdır. Satışından əldə olunacaq vəsait növbəti “Ana şeirləri” və “Hər məktəbə dörd kitab” layihələrinin icrasına yönəldiləcəkdir. Almanaxın müəlliflərin razılığı ilə elektron variantı da nəzərdə tutulmuşdur. E-kitab hazırlanıb elektron kitabxanalara yerləşdiriləcək.
TƏŞƏKKÜR
Bu işdə bizə təmənnasız dəstək olduqları üçün “Red N Line MMC” -nin rəhbəri Xaqani müəllimə və “LİDER KİTAB EVİ” – nin meneceri Elşad müəllimə bütün “DAĞLAR – 200” layihəsi iştirakçıları adından öz təşəkkürümüzü bildiririk.
Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər
ürəkaçan olmasa belə
daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün
şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə
erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi
əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri
araşdırıb həmin günü, bu saatı harda olduğumu,
nə iş gördüyümü daha dəqiq tapıb bura
yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə
baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir
cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış
(Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti
hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər
cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox
söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni
şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi
artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin
əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı –
Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma
olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz
istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun
böyük bir hissəsini yandırmaqla sakinləri
kəndi tərk etməyə məcbur etmişdilər…
Ancaq və yenə ancaq, bütün bunlara rəğmən
17.07.1993 – cü ildə, bu vaxtda, bu
saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli
dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək…
Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını
yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında
o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq
torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar
baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra
başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə
salan sualları olmasaydı… Çox təəssüf
ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək
ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam…
SÖZÜ QƏRİB,
GÖZÜ QARA QOCALAR
Arsız aşıq elsiz necə
yaşadı?!
Ölsün Ələsgər tək
qulların, dağlar…
Aşıq Ələsgər
“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza ötən əsrin 80 – ci illərinin sonlarında daxil
olsa da, lap uşaqlıqdan qocalardan bu
sözü ara-sıra mənasını tam anlamasaq da
eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində
özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz
ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk
edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin
bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır
deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin,
qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi
ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik
versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda “burda ölərik, heç yana getmərik” – deməyə
başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum
var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli
ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox
ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına
görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da
sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin
(istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN”
olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə
çıxmaq istəyirəm.
HAŞİYƏ
Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım
çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə
getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa
başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli
məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların,
tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi
olduğum hadisələr və bir də ətrafdakı
insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir.
İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə
qaçqınla qorxudan zümrə ilə yanaşı, “ona
bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin
paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan
formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də
formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır,
reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə
inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım,
çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış,
bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri,
münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi
digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi
isə ümumiyyətlə əsl dəhşətdir…
KÖÇKÜN (QAÇQIN) OLMAQ NƏ DEMƏKDİR?!
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…”
Aqil Abbas
Sadəcə bir
insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt
orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın
müxtəlif bölgələrində yaşamış və bu mənzərəni televizordan, mətbuatdan
izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc
nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ
düşündürür…
Mən işin
bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən,
əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki
maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə
düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə
saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək
köhnə tanışlara ürcah olanda hansı hissləri
keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində,
(beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib –
becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə
yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli
bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki
mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ
olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın
və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü
örtən, altında və içində heç nə olmayan çadır… İndi düşünün görək qızın otağı ayrı, oğulun
otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da
otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi,
doqquz baş külfətlə bu çadır – evdə nə
edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.”
Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin
o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə
müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin
əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə
pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara heç bir neçə ay da davam gətirə bilməyib, tələf
olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?! Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı
bizdən?!
GEDƏR-GƏLMƏZƏ GEDƏNLƏR-İTİRDİKLƏRİMİZ:
Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi)
timsalında itirdiyimiz bir-neçə çox
vacib dəyərləri Sizlər üçün sadalamağa
çalışacam:
Ən birinci
ağayanalıq demək olar ki, əriyib getdi.
İkinci bəlkə də min
illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik
yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi
problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq
olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya
valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini
və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini
tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər.
Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca
müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
Üçüncü, bu artıq dəqiq
minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir
– Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu
bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla
yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət
olan möhtəşəm bir tamaşa idi… Bu barədə “Qarqara çıxılan gün” kitabında ayrıca
yazılıb.
Və nəhayət toy və yas
adətləri…
Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox
oldu… Yaxın on il ərzində qayıtmaq mümkün
olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün
olmayacaq…
QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!
Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı sonda yazacağım bir cümlənin tam səmimi
olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa
çalışacam. 2002 – ci ildən Bakı şəhəridə
yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata
keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə,
sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu
daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm.
Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki
zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat
yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır…
Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…
QEYD
Əziz oxucum, ilk öncə sona
qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sonra isə Sizinlə ən məhrəm bir məsələni
bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a
kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…”
Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə
deyil…”
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər… Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər… * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər…
* * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər… 21.09.2015. Bakı.