Vasif Zöhraboğlu

GEDİRƏM DARIXMAĞA…
Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa.
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

Ovuc-ovuc tökülür, çiliklənir ümidlər
Səkilərin üstündən daşlananda şüşəsi.
Göz işləmir küçənin sükutunu yarmağa,
Pəncərə gözlüklərin yaşlananda şüşəsi.

Sevinci nə olacaq quruyanda dodağı
Kəpənək qanadından külək uman çiçəyin?
Bir də baxıb görürsən, ömrün axırındasan,
Bir də baxıb görürsən, yiyəsizdi ürəyin.

Çəkilərsən çarmıxa bundan belə gizlicə,
Böyüyər göy üzünə Tanrı çəkən yolların.
Qopub düşər sükutlu baxışların altına,
Qopub düşər çarmıxdan xaçşəkilli qolların.

Çarmıxına daş atar gələn-gedən xəlvətcə,
Kiridərsən içində bu bədheybət qorxunu.
Uzanar göy üzünə yerə düşən qolların,
Diksinərsən, pozarsan çarmıxdakı yuxunu.

Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa,
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

Müəllif: Vasif Zöhraboğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VASİF ZÖHRABOĞLU

Otaqda bir künc qalmadı

Bu gün də gözlədim yenə, 
Telefonun zəngi çalmadı.
Səninçün darıxmadığım,
Otaqda bir künc qalmadı.

Səndəyəm, səndə deyiləm,
Özgəyik, tanışıq kimi.
Bağlıyam əzizim, sənə
Həyassız sarmaşıq kimi.

Fikir-fikir gəlim sənə,
Udum-udum düşün gedim.
Yolları geyin gözünə,
Pəncərəndə üşün gedim.

Örpəy ört nəzər dəyməsin,
Götürməsin toz saçların. 
Mənim oğlan əllərimə, 
Bakirədir qız saçların.

Gəl, daha qovuşum sənə,
Gəl, aramız pozulmasın.
Bu gecə yat bir yuxu gör,
Sənsizliyə yozulmasın…

Bu gün də gözlədim yenə, 
Telefonun zəngi çalmadı.
Səninçün darıxmadığım,
Otaqda bir künc qalmadı.

Müəllif: Vasif Zöhraboğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru