Xanım İsmayılqızı

XanIm ismayIlQIZI “ÜÇ YARPAQ” – DA

Yanında bir nəfəs yana…

Yanında bir nəfəs yana,
Gözünü qurban eləyə.
Qəlbini çırağban edə,
Ruhunu heyran eləyə.

Bəzənəsən havasına,
Yol alasan avazına,
Qonan kimi yuvasına,
Yüz anı bir an eləyə.

Toxunulmazlığın sına,
Köklənəsən həmin ana,
Xəyalından düşüb cana,
Qanında dövran eləyə.

Varlığına çəkə səni,
Bölə tikə-tikə səni,
Sevgisinə bükə səni,
Dərdinə dərman eləyə.

İlahinin baxtlarına
Qonasan… Nur taxtlarına
Yetmədiyin vaxtlarına
Çatdırıb, mehman eləyə.

Yanında bir nəfəs yana,
Özünü həyan eləyə.
Qəlbinin oduna qata,
Eşqini bəyan eləyə.

= = = =

Allahımla təkəm, tək…

Üstümdən xatirələr
Köz pərdəsindən keçir.
Nəfəsi toxunanlar
Öz cərgəsindən keçir.
Bu yandan da bu külək…

Kərpic-kərpic hördüyüm
Zamanın vaxtı uçur.
Yaddaşımın dibində
Ayrılıq çoxdu, uçur.
Bu yandan da bu külək…

Hamı yatdığı yerdə
Oyaq olmağım gəlib.
Dünyanın hər üzünü
Görüb qalmağım gəlib.
Bu yandan da bu külək…

Bütün çılpaq ağaclar
Rəqs edir dəlim kimi.
Nə sonluğum kimidir,
Nə də əvvəlim kimi.
Bu yandan da bu külək…

Mənim günüm qaralıb,
Şəhərin üzü bozdu.
Payız qışa uduzdu,
Axı deyəsən yazdı.
Bu yandan da bu külək…

Qəminin məhbəsinə
Əsir düşənlər əsir.
Odunda, ocağında,
Yanıb bişənlər əsir.
Bu yandan da bu külək…

Çalxalanır dəniz də,
Silkələnir hava da.
Gəl indi dayan görüm
Ləngər vuran yuvada.
Bu yandan da bu külək…

Qarışıb bütün hisslər,
Yolub özünü tamam.
Ağlımdakı fırtına
Atıb düzünü tamam.
Bu yandan da bu külək…

Gözlərimi açmışam,
Allahımla təkəm, tək.
Bu təkliyimdə kiməm?
İblis, Şeytan, ya Mələk?
Bu yandan da bu külək…

= = = =

Söz – ürəyin çırpıntısı…

Gecə – ömrümün yarısı,
Yağış – dərdimin parası.
Payiz – kədərimi geyən,
Qış – qapımı qəfil döyən.
Ulduz – əlçatmaz arzumdu,
Şeir – oğlumdu, qızımdı.
Sirdaş – qəlbə yuva salan,
Övlad – məndən mənə qalan.
Sevgi – qəfl itirdiyim,
Ömür – başa yetirdiyim.
Arzu – uzaqda qalanmış,
Vüsal – sən demə yalanmış.
Dost – hərdən xəyanət edən,
Gənclik – məni atıb gedən.
Dünya – yaşamaq həvəsi,
Həsrət – ömrün son nəfəsi.
Ölüm – başıma dolanan,
Anam – hər dərdimə yanan.
Cənnət – toxunulmaz nəfəs,
Bədən – ruhumuza qəfəs.
Nəğmə – könül pıçıltısı,
Söz – ürəyin çırpıntısı.

Müəllif: Xanim Ismayilqizi

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru