Təqvimdə bu gün

Bu gün Sergey Yesenin anadan olduğu gündür. O, 3 oktyabr 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Sonradan rus şeirinin nəhənglərindən sayılacaq Yesenin qələmini ilk olaraq kənd lirikasına toxundurub. Sonradan gündəliklərində, məktublarında da o yerlərin, təbiətin onda nə qədər dərin təsir buraxacağını dəfələrlə qeyd edib.

Adı  dövrünün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, sağlığında 30-a qədər şeir kitabının çapdan çıxmasına nail olub. Ümumiyyətlə, onun həyatında (həmçinin, yaradıcılığında) iki amilin çox olduğu bildirilir: şeir və qadın…

Amma bir amil də var idi ki, o sonradan bu iki məfhumu da üstələyəcəkdi: faciəvi ölüm. Günü bu gün də Yeseninin ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Kimi onun intihar etdiyini, kimi isə qətlə yetirildiyini əsaslandırır. Uzun müddət birmənalı şəkildə Yeseninin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində özünü asaraq intihar etdiyi deyilirdi. Lakin 1980-ci illərin sonunda Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.

==========================================================

Tarixdə bu gün həmdə görkəmli yazar İlyas Əfəndiyevin anım günüdür. İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində – indiki Füzuli rayonunda anadan olmuşdur.

İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: “Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım”.

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.

Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış, daha dəqiq desək, səhv işıqlandırılmış məsələlərdən biri də İ.Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlamış İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlamışdır. Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının “Yeni yol” qəzetində “Buruqlar arasında” adlı ilk oçerki, “Bataqlıq saldatları” kinofilminə yazdığı ilk resenziyası, “Aşağı mətbuata rəhbərliyi canlandırmalı” adlı ilk məqaləsi, “Namuslu fəhlələrin sırasını çoxaltmalı”, “Şərəf və iftixar işi” adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə “Kommunist” və “Ədəbiyyat qəzeti” də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan “Berlində bir gecə” əsəri də bu aylarda oxuculara çatdırılmışdır.

İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: “1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm çıxdı. Bundan az sonra “Kənddən məktublar” kitabım nəşr olundu.” Bu qeyri-dəqiq məlumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilmişdir. Və yazıçının bu məlumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar etmişlər.

İlk mətbu hekayəsi hesab etdiyi “Gözlənilməyən sevgi” əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki, bu haqda yuxarıda danışılmışdır.

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də yazıçının “Kənddən məktublar” adlı ilk kitabı işıq üzü görür.

İ. Əfəndiyev “Dostumuzu xatırlayarkən” adlı xatirələrində bu haqda yazmışdır: “…hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu: – Nəçisən ? Nəçi olduğumu dedikdə o: – Əzizim,əzizim, – dedi – coğrafiya müəllimi hara, yazıçılıq hara?.. Mən bu barədə bir söz deməyərək soruşdum: – Hekayələrin cavabını nə vaxt ala bilərəm? – Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq. – Yox, -dedim, – xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. Soruşdu: – Rayona nə vaxt qayıdırsan? Dedim: – On gündən sonra. – Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. Özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. O, mənim əl çəkməyəcəyimi hiss eləyib: – Yaxşı, – dedi, – on gündən sonra mənə dəyərsən. Bəlkə oxuya bildim. On gündən sonra o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: – Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? – Heç birində – dedim. – Bunlar mənim ilk hekayələrimdi, heç birini də hələ çapa verməmişəm. – Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı…yaxşıdı. Xoşuma gəldi. Mən bizim sədrimizə də dedim. Gedək, o, səninlə tanış olmaq istəyir… Əbülhəsən məni Əli Məmmədova təqdim edərək dedi: – Hekayələri barədə sizə danışdığım oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan olduğumu və sairə…öyrənib biləndən sonra Əbülhəsəndən soruşdu: – Neçə hekayədi? – Doqquz,- deyə Əbülhəsən cavab verdi. – Neçəsini çap etmək mümkündür? – Hamısını – deyə Əbülhəsən qətiyyətlə cavab verdi. – Elə isə göndərin Azərnəşrə, qoy kitab halında çap eləsinlər”. Beləliklə də, Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, “Kənddən məktublar” adlı ilk kitabı İlyas Əfəndiyevə “ədəbiyyat dünyasına”, yazıçılar aləminə çıxmasına səlahiyyət verdi.

.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə “Yeni yol” qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlir.

Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, “Əski Şərq” mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır. Bakıda keçirdiyi ilk günləri yada salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm çəkmişdik, o qədər təhqir olunmuşduq ki, burada adamlardan kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi. Mənə elə gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət olarmış…

Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə olunmuş gənc yazıçı məhsuldar yaradıcılıqla məşğul olmağa və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat orqanlarında dərc etdirməyə başlayır.Yazıçı “Yeni yol” qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə “Kommunist” /1939 -1940/, sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirmişdir.

Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti olmuşdur.

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. 1990-cı ildə qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı göstərmişdir:

“Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışdı. Deyirdi: -“…hiss olunur ki, gənc müəllif iste‘dadlıdır, ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır.”

İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün aşağıdakı məzmunlu, həm də qəribə səslənən ərizə ilə müraciət etmişdir:

“Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinə, gənc yazıçı İlyas Əfəndiyev tərəfindən Ərizə.

Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu bilirəm. Rica edirəm məni öz sıranıza qəbul edəsiniz. Gələcək işlərimdə mənə kömək edəsiniz. İlyas Əfəndiyev”. 1939-cu il dekabr ayının 28-də yazılmış həmin ərizə, Yazıçılar İttifaqı İdarə hey‘ətinin 10 yanvar 1940-cı il tarixli iclasında müzakirə edilmiş və İ.Əfəndiyev İttifaqa üzv qəbul olunmuşdur. Gənc yazıçı bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından iştirak etməyə başlayır.

Böyük Vətən müharibəsinin başlanması bütün başqa sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi, o, da “müsəlləh əsgərə” çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi keçmişimizə, el qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan diviziyalarında oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir sahəsində – dramaturgiyada qələmini sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu Böyük Vətən müharibəsindən götürülmüş “İntizar” pyesini qələmə aldı. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası belə qoyulmuşdu. Bundan sonra yazıçı Milli Teatrımız üçün “İşıqlı yollar” (1946) və “Bahar suları” (1947) pyeslərini qələmə aldı. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə xatırlayır: “…Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb… “istəyirsən birlikdə bir pyes yazaq” – dedi. Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də biz birlikdə “İntizar” pyesini yazdıq. Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və baş rejissoru Adil İsgəndərov məni milli teatra də‘vət etdi. Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm… Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından “İşıqlı yollar” adlı dram əsərimi yazdım. Əsər Akademik teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi. “Bahar suları” adlı pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum”.

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları təkcə oxucuları deyil, eyni zamanda ədəbiyyatşünas alimləri də sevindirirdi. Yazıçının yaradıcılığı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin diqqətindən yayınmırdı. Məhz bu illərdə dövri mətbuat səhifələrində onun yaradıcılığı haqqında ilk məqalələr dərc olunmağa başladı. Əkbər Ağayevin “Kənddən məktublar”, Hüseyn Şərifovun “Ümid verən yazıçı”, Mehdi Hüseynin “Bir nasir haqqında”, H.Orucəlinin “Həyata doğru”, O.Sarıvəllinin “İntizar”, M.Arifin “İntizar”, M.Cəfərin “İntizar” tamaşası haqqında” və s. məqalələr İ.Əfəndiyevin geniş oxucu kütləsinə tanıtmaqda mühüm rol oynamışdır. Bundan əlavə, Azərbaycan Yazıçılar İttifaqının xüsusi iclaslarından birində yazıçı İ.Əfəndiyevin yaradıcılıq hesabatının dinlənilməsi və burada S.Vurğunun, M.Hüseynin, Ə.Məmmədxanlının, Ə.Ağayevin, H.Orucəlinin və başqa sənətkarların çıxış edib xoş sözlər söyləmələri İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan irəli gəlirdi.

Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah insanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini istəməyənlər də tapılırdı. Bu illərdə Yazıçılar İdtiifaqında çağırılmış iclasların birində “cavan yazıçı İ.Əfəndiyevin özünü yaxşı aparmadığından”, “bir sıra pozğun ünsürlərlə” əlaqə saxladığından söhbət getmiş və Yazıçılar İttifaqının Rəyasət heyəti ona ciddi xəbərdarlıq etmişdir. Lakin gənc yazıçı İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən Əbülhəsən, Ə.Vəliyev, S.Rəhman, M.Cəfər, M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif, Ə.Ağayev, A.İsgəndərov, Adil Əfəndiyev və onlarla bu kimi sənətkarların əhatəsində olmuş, hər gün onların təsirini hiss etmiş, nəzər-diqqətindən kənarda qalmamış və yetkinləşmişdir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq sonralar qeyd etmişdir ki, “mən ədəbiyyatımızda onların yerini boş görürəm. Yazıçılardan S.Vurğun da, Əli Vəliyev də, Mehdi Hüseyn də, Süleyman Rəhimov da o şəxslərdir ki, o zaman ədəbi gənclik,o cümlədən mən də onlara güvənirdik, onları özümüzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək görürdük”.

Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daima artırmışdır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur ki, burada əsasən müharibə illərində yazılmış əsərlər toplanmışdır. Əsərlərin mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, Həmin hekayələrdə döyüş və sınaq illərində müasirlərimizin mə‘nəvi sifətləri və dəyanətləri qələmə alınmışdır. Həmin əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük vermişdir. “Aydınlıq gecələr” kitabı İ.Əfəndiyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir yazıçı kimi təsdiq etdi. 1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı İ.Əfəndiyevin “İşıqlı yollar” pyesini tamaşaya qoydu. Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı paytaxt sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və təkidilə “Bahar suları” pyesini yazır. Lakin əsərin tamaşası birmənalı qarşılanmadı, pyes haqqında müxtəlif mülahizələr irəli sürüldü.

“Bahar suları” pyesi haqqında müəllif yazmışdır: “…Dramaturgiyada “konfliktsizlik” nəzəriyyəsi ifşa olunandan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər mənim “Bahar suları” pyesim oldu. Bu əsərdə müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. “Kommunist” qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil etmişdi….Disput olduqca canlı keçirdi. Çıxış edənlər tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o zaman məsul vəzifədə olan biri özünü qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə böhtan atmışdır, bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım deyil…” Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə, müəllifin düz yol tutduğunu təsdiq etmişlər.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdi. 1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov hazırlamışdı.

Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq əlaqələri uzun illər davam etmişdir.

İ.Əfəndiyev “Atayevlər ailəsi” tamaşası haqqında yazmışdır: “Atayevlər ailəsi”nin quruluşu üzərində Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifa edə biləcəyini düzgün tə‘yin etmək hissi, yaradıcılıq intuisiyası Adil kimi, Tofiqdə də çox güclü idi… “Atayevlər ailəsi” Tofiqin Akademik Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu”. Bu vaxta qədər bir dramaturq və xırda hekayələr müəllifi kimi tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli “Söyüdlü arx” romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırdı. 1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində çalışarkən ədəbiyyata gələn istedadlı gənclərin inkişafını qayğı ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına, kitablarının buraxılmasına kömək göstərmişdi.

O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü olmuş, 1958-ci ilin axırlarında Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi seçilmişdir. İttifaqın işində yaxından iştirak edən ədib, Respublika yazıçılarının II qurultayında (1954) “Azərbaycan sovet dramaturgiyası”, III qurultayında isə (1958) “Azərbaycan dramaturgiyasının inkişafı” mövzularında məruzələr etmişdir.

İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, iste‘dadlı bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli roman və povestlərlə bərabər oçerklər üzərində də işləyir, publisistik məqalələr qələmə almaqla yanaşı, konfrans və qurultaylarda məruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir haldır. İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, “İlyas Əfəndiyev teatrı” yaratdı.

“İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş “Mahnı dağlarda qaldı” pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-ci ildə Respublika dövlət mükafatına layiq görülür.

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. Azərnəşr onun dörd cildlik “Seçilmiş əsərləri”ni nəşr edir.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülmüşdür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən “Yazıçı” nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik “Seçilmiş əsərləri”ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il Lenin ordeni ilə mükafatlandırılmışdır. 1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə – Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirir, onları yeni zamanın kontekstində oxuculara təqdim edirdi. O. “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirir, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) və s. pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdi.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi. Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını “Şöhrət” ordeni ilə təltif etdi. Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Heydər Əliyev cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin yaradıcılığına yüksək qiymət verərək yazmışdı: “Sizi-Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir…Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. “İlyas Əfəndiyev əslinə-nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan son günlərinəcən halal zəhmətlə, hər cür intriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığı həyatla sübut edirdi”.

İ.Əfəndiyevin insani keyfiyyətlərindən söhbət açan akademik Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm də gözəl, yaraşıqlı kişi idi… Övlad üçün özünü oda-közə vuran, onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata idi… Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl mənasında yaşatdılar”.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru