Zaur ƏRMUĞAN

Zaur ərmuğan (əsgərov) haqqında

Zaur Ərmuğan (Əsgərov) 5 March 1979 – cu ildə Azərbaycanımızın dilbər guşələrindən biri olan Neftçalada anadan olub. Təbiətin gözəl çağında dünyaya göz açan Zauru Uca Yaradan yalnız seçilmişlərə ərmağan etdiyi şair ruhu ilə də mükafatlandırıb. Zaur Əsgərəv Ərmuğan təxəllüsü ilə yazıb, yaradır. Zaur Ərmuğan “MƏN KİMƏM” rubrikasında bizim ənənəvi “ÖZÜNÜZÜ NECƏ TƏQDİM EDƏRDİZ?” sualını cavablandırıb:


Mən, 1979 -cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşam.
Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Həqiqi hərbi xidmətdən sonra isə müəllim kimi əmək fəaliyyətinə başlamış, pedaqoji sahədə əldə etdiyim uğurlara görə bir sıra Fəxri fərmanlarla təltif olunmuşam.
Bədii yaradıcılığa orta məktəbdə oxuduğum illərdən başlamışam. ” Vətən haqqında nəğmə” adlı şeirim 2006 -cı ilin 10 noyabrında Neftçalada çıxan ” Gündoğar” qəzetində çap olunan ilk yazım olub. “Muğanın səsi”, ” Oğuz yurdu Vedibasar”(8-ci və 9-cu cildlər), “Xəzər nəğmələri” ədəbi birliyi” kimi almanax və toplularda, “Mədəni- maarif”, “Günəş”, “Söz işığında” jurnallarında, “Gündoğar”, “Kredo”, “Ana Kür”, “Ayzberq və həyat”, “Oğuz yurdu Vedibasar”, “Bütöv Azərbaycan”, ” Elm, təhsil və həyat”, “Azad qələm”, “Azərbaycan övladı”, “Müasir Azərbaycan müəllimi”, “İstedadlara yaşıl işıq” qəzetlərində və digər mətbu orqanlarında şeir, hekayə, məqalə, eləcə də bir çox müxtəlif janrlı yazılarım işıq üzü görmüşdür. 
Publisistika sahəsindəki fəal çıxışlarıma və bir sıra publisistik yazılarıma görə 2019 -cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilmişəm.
2019-cu ildə Avrasiya Sənət Kültür Ədəbiyyat və Elm Fedarasiyasının “Türk dünyası şeir seçkisi” adlı antologiyasında şeirlərim dərc olunmuşdur.
Poeziya sahəsindəki uğurlarıma görə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunmuşam.
“Günəş ömrü istəyirəm” adlı ilk şeirlər kitabım isə 2012-ci ildə çap olunub.

Biz də öz növbəmizdə Zaur Ərmuğana uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edir və yaradıcılığından nümunələr təqdim edirik:

OĞULLAR VAR 
Millətinin xeyrinə
Yük götürüb çiyninə,
Bu torpağı əyninə 
Geyinən oğullar var.

Meydanlarda baş olub,
Mərdlərə sirdaş olub,
Yurduna yurddaş olub,
Öyünən oğullar var.

Qırıb daşı zərbilə,
Barışmaz daş səbrilə.
Qəlbi xalqın qəlbilə
Döyünən oğullar var.

27 iyul 2019.

= = = =

ÜZÜNDƏKİ QARA XAL

Saçlarda zər kəhkəşan,
Qızıl tacın telə şan.
Baxışından bir nişan,
Üzündəki qara xal.

Sevməyənlər naşıdır,
Ürəyim sirr daşıdır,
Quruyan göz yaşıdır,
Üzündəki qara xal.

Gördüyüm o al buta
Könlümü bir ovuda.
Həsrət, ağrı, dərd, xata-
Üzündəki qara xal.

Canımdan kül od aldı,
Yanğısından ney çaldı,
Ürəyimə xal saldı,
Üzündəki qara xal.

= = = =

SEVGİDƏN ÖTRÜ
Həsrətə sevginin işıgı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.

Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.

Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox bəlkələrin,
Keçdik ay altından günəşə yol-yoI.

Əbədi qalacaq sevgidən ötrü!

Avqust, 2018.

Müəllif: Zaur Esgerov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru