ZİYADXAN BUDAQ

Ziyadxan budaq “üç yarpaq”-da

Vətəndə vətənsizə

Haqdan gəlib şölələnib çırağın,
Min tufana sinə gərib ocağın.
Gövdəsi var oturduğun budağın,
Öz kökünü baltalama yazıqsan.

Yol veribsən basılıbdır çəpərin,
El nə çəkir hələ yoxdur xəbərin.
Çağırıram, qoy oyansın təpərin,
Ev sənindir, gəl talama,yazıqsan.

Hər istəyin mətləbinə var, amma
Yad ocaqda bir hənirti arama.
Uydurduğun quramadır, qurama,
Çörü- çöpü yontalama,yazıqsan

Odlanıram, kor olmursan tüstümə,
Nə qazandın durmaq ilə qəsdimə?
Düşmənə bax, it qısqırdır üstümə,
Sən itini xaltalama, yazıqsan.

El sərvətdir dərk eləməz hər naşı,
Əldən getsə, fayda verməz göz yaşı.
Qayıt geri, ətəyindən tök daşı,
Yurdu qana çalxalama,yazıqsan.
Bakı şəhəri.

= = = =

Güllərə sarı

Hanı bəylik dövrüm,sultanlıq taxtım?
Dəyişib zamanım, pozulub vaxtım.
Dur mənə həmdəm ol,ay yatan baxtım,
Gedək hay- haraylı illərə sarı.

Bulandım, lilləndim, duyan olmadı,
Bir xoş kəlməni də qıyan olmadı.
Həmdəm tapılmadı, həyan olmadı,
Görək kim gətirdi göllərə sarı.

Camsız, piyaləsiz meyəm dünyada,
İnləyən kamanam, neyəm dünyada.
İndi bir kəsilən heyəm dünyada,
Qayıdaq çağlayan sellərə sarı.

Məni oğul kimi izləyən də var,
Hərdən qınaq edib söz deyən də var.
Çoxdandır yolumu gözləyən də var,
Bir az da üz tutaq ellərə sarı.

Ləngəri azalan dövranım sən ol,
Kölgətək sürünən karvanım sən ol,
Əlimdən tut gedək,sarvanım sən ol,
“Gəl”deyib çağıran əllərə sarı.

Həzin bayatıyam, qəmli”Şikəstə” ,
Bir ömür tapmışam laylalar üstə.
Gəl köklə ruhumu, dindir ahəstə,
Çək mənim səmtimi tellərə sarı.

Burda qərib ölsəm,el də tapılmaz,
Ağı söyləməyə dil də tapılmaz.
Çiçək səpən olmaz, gül də tapılmaz,
Qaz mənim qəbrimi güllərə sarı.
Bakı şəhəri.

= = = =

Qürub çağı

Elim- günüm, bir bax ömür sozalıb,
Qürbət elin rüzgarı tək bozarıb.
Axşam düşüb, qürub yeri qızarıb,
Gendə qalma,gəl seyrimə dal mənim.

Şirin olmaz yad ellərin şərbəti,
Həm həsrətdir,həm nisgildir sərvəti.
Ayır məndən bu xoşqılıq qürbəti,
Anam kimi köç yanımda qal mənim.

Ötüşdükcə ayım, ilim önümdən,
Baş açmadım öz səmtimdən, yönümdən.
Qoy yarıyım imanımdan,dinimdən,
Cəsədimi qucağına al mənim.

Aç qolunu meydanını gen elə,
Mehrini bol, ülfətini şen elə.
Qaytar mənə, məni bir də mən elə,
Qoy qalmasın ürəyimdə xal mənim.

Zilim bəmə,bəmim pəsə tuş gəlib,
Yol tükənib uğur nəsə tuş gəlib.
Deyən ömür son nəfəsə tuş gəlib,
Yalvarıram gəl laylamı çal mənim.

Arx quruyub,su kəsilib dəhnədən,
Heç bilmirəm nədən oldu,eh nədən…
Məndən sonra ürəkləri göynədən
Yoxluğumu, yaddaşlara sal mənim.
Bakı şəhəri.

Müəllif: Ziyadxan Budaq 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru