Etiket arxivi: Ə

ƏLİ BƏY AZƏRİ – MEYMUN

Əli bəy AZƏRİ – yazıçı-publisist.

MEYMUN

(hekayə)

     Liftə minmədi, ətrafdakı evlərin əksəriyyəti bir-iki mərtəbəli həyət evləriydi deyə lap uzaqlardan görünən boz binanın beşinci mərtəbəsindən pilləkənlərlə aşağı endi. Öyrəncəliydi, ancaq yorğun olanda, bir də yuxarı qalxanda liftdən istifadə edərdi. Bu gün bir az sevincliydi, işlərin düzəlməməsinə rəğmən heç özü də bilmirdi niyə… Anasını oyatmadan evdən çıxa bilmişdi. Qazdan ayıq yatan anası xeyli vaxtdı ki, xəstələnmişdi, yatışını da dəyişmişdi, daş kimi yatırdı. Tərpətməsəydin, durquzmasaydın, gözlərini açıb baxmazdı. Ağrılarını da biruzə verməzdi, canını dişinə tutub ufuldayardı, elə bilərdin ki, mışıltı ilə yatıb. Bir müddət qohum-əqrəbadan gəlib baş çəkənlər olurdu. Yastığının altına pul da qoyurdular. Sevinc həmin pulların hesabına anasını bir neçə xəstəxanaya da aparmış, həkimlərə göstərmiş, aparatlardan keçirmişdi. Həkimlərin yazdığı bəzi dava-dərmanı da alıb elətdirmişdi, lakin bunun heç bir faydası olmamışdı. Gəlib-gedən qohumların da arası kəsilmişdi, dörd divar arasında ana-bala tək qalmışdı. Anasına görə Sevinc işini də itirmişdi. İndi bir həftəydi ki, day anasının sağalıb ayağa duracağından əlini üzərək gözüyaşlı şəhərin küçələrinə düşüb özünə iş axtarırdı. Necə deyərlər, həyat davam etməliydi. Madam ki, yaşamağa məhkumsan, işləyib özünə çörək qazanmalısan.

     Həyatın eniş məqamı gələndə küçəsüpürən qarı da adamın üzünə gülümsəmirdi. Sevincin üzünü güldürəcək heç nə yox idi. Hara gedirdisə də, boş qayıdırdı. Ancaq nə etməliydi? Evdə oturub gözləməklə kim iş təklifi verəcəkdi? Kapitalizm şaxtaya düşüb bozarmış sərt sifətinin amansız üzünün Sevincə göstərməkdəydi.

     -Yaxşı ki, bulkaları yaxınına qoydum, oyananda götürüb yesin, ac qalmasın. – Sevinc pillələri enə-enə özünə təsəlli verirdi.

     Qapıdan çölə çıxan kimi binanın gözətçisi ilə rastlaşdı. Həmid kişi əlində çörək dükan tərəfdən gəlirdi.

     -Sabahın xeyir, Həmid dayı.

     -Sabahın xeyir, Sevinc. – Həmid kişi onu görüb ayaq saxladı, Sevinci süzdü. Qızın gözləri nəmliydi, kövrəldiyi açıqca görünürdü, bəlkə də ağlamışdı, çünki gözlərinin altı bir az da tuluqlamışdı. – Anan necədi?

     Sevinc dərhal cavab vermədi, fikirləşdi bir az. Axı nə cavab verməliydi, guya Həmid kişi, elə bu blokda yaşayanların çoxu bilmirdi ki, onun anası neçə vaxtdır yataq xəstəsidir… Ötən müddət ərzində nə dəyişib? Möcüzə baş verməyəcəkdi ki…

     -Həmişəki kimi. – Boğazına tıxanmış acı qəhərini birtəhər boğub ağır-ağır, udquna-udquna cavab verdi.  

     Həmid kişi vəziyyəti başa düşən adamdı, bildi ki, anası ilə üz-üzə gəlməməkdən ötrü Sevinc belə tezdən başını götürüb evdən çıxıb. Bəlkə heç dilinə bir udumluq su da dəyməyib. Çayı qızdırmayıb ki, dızıltı səsinə anası oyana bilər. Bəlkə heç əl-üzünü də yumayıb. Yavaşca Sevincin qolundan tutub gözətçi otağına tərəf çəkdi.

     -Gəl bəri. – dedi. – Fikir eləmə. İnşəallah, yaxşı olar. “Allah var, rəhmi də var”, deyiblər.

     -Yox e… Həmid dayı, gedim. – Sevinc könülsüz-könülsüz dartındı, getmək istədiyini bildirdi.

     -Yox, tutub saxlayacam səni, heç yana buraxmayacam… – Həmid kişi ciddiləşdisə də Sevincin qolunu buraxdı. – Təzə çay dəmləmişəm, birin iç, sonra hara istəyirsən, çıx get. İşin avand, yolun da açıq olsun.

     Qabaqda Həmid kişi, arxasınca da Sevinc dinməzcə gözətli otağına keçdilər. Həmid kişi hər ikisinə fincanda çay süzdü. Sonra dükandan gətirdiyi torbadan iki bulka çıxardıb masanın üstündəki nimçəyə qoydu.

     -İstidir, bir dadına bax. Şirniyyatdan indicə almışam.

     Sevinc bilirdi ki, ərzaq dükanının arxa tərəfində şirniyyat sexi var. Özü də ordan dəfələrlə bulka, pirojnalər almışdı. Can qurtaran idi, yemək hazırlamamısansa, birini çay ilə ötür içəri, çıx get işinin dalınca. Odur ki, iştahla bulkanın birini yedi, çayını da içdi. Ürəyində min “alqış” göndərdi Həmid kişinin ünvanına, ancaq dilinə gətirə bilmədi bircə kəlməsini də.

     -Sevinc, sənin vəziyyətini başa düşürəm, ancaq kömək eləyə bilmirəm. Vallah, bizdə iş yoxdur. Baş ofisə də demişəm. Bizim binalar köhnədən tikilib deyə, ev yığışdırtdıran da yoxdur ki, səni göndərim. Gedib 20-30 manatını qazanasan. Ümidini üzmə, get, yolun açıq olsun.

     Sevincin sifətinə təbəssüm qondu, qeyri-ixtiyari gülümsündü və sağollaşıb çıxdı.

Günortaya qədər gümanı gələn hər yerə baş çəkdi. Kimdən iş istədisə, göyə daş atıb başlarını tutdular. Süpürgəçilik belə qəhətə çəkilmişdi. Payi-piyada nə qədər yer dolaşmışdı. Metronun şərq çıxışındakı Makdonalsın qarşısından keçəndə bişmişlərin cəzbedici iyi onu vurdu. Orda oturanlar necə də qayğısız görünürdülər. İki-bir, üç-bir oturub nəsə yeyir, şirə içir, gülüşür, söhbətləşirdilər. Sanki Sevincə açıq verirdilər.

     Sürətlə ötüb keçdi, daha hara gedəcəyini bilmirdi. Yorulmasına baxmayaraq evə də qayıtmaq istəmirdi. Hələ günortaydı, axşama qədər hələ bir aləm vaxt var idi. Bu gün evdən çıxanda axıradək axtarmaq qərarına gəlmişdi. Ən çətin, çirkli iş olsaydı belə razılaşacaqdı. Həmid kişi də əlində çörək qabağına çıxmışdı deyə ümidliydi, nəsə bir iş tapacağına inanırdı.

     Qarşıdakı köhnə parkı bir neçə il əvvəl yeniləmiş, ortada süni göl də düzəltmişdilər. Gölün qırağındakı oturacaqlardan birində əyləşdi. Əyləşən kimi də bütün ağrıları başladı. Ayaqqabılarını soyundu. Bu bir neçə gündə o qədər piyada gəzmişdi ki, ayaqları sızım-sızım sızıldayırdı. Corablarını da soyundu. “Oxxay” deyib çılpaq ayaqlarını soyuq daş döşəmənin üstünə qoydu. Sərinləsə də rahatlıq tapa bilmədi. Daxilən çox gərgindi. Ayaqqabılarını əlinə götürüb gölün qırağı ilə üzüaşağı yol aldı.

     Heyvanxananın qarşısından keçəndə dayandı. Tez corablarını, ayaqqabılarını geyinib qapıya yaxınlaşdı. İçəri keçmək istəyəndə nəzarətçi onu saxladı.

     -Bilet alın.

     -Mən iş üçün gəlmişəm.

     -Nə iş? Bizdə iş yoxdur.

     -Nə iş olsa, razıyam. Lap heyvanların peyinini də təmizləyərəm. Ot da doğrayıb qabaqlarına tökərəm. Nə desələr, eliyərəm.

     Nəzarətçi telefonla kimə isə zəng vurdu.

     -Kənd adamıdır, deyir, nə desələr, bacarıram. Yaxşı.

     Telefonla danışandan sonra üzünü Sevincə tutdu:

     -Adın nədir?

     -Sevinc.

     -Sevinc, içəri keçəndən sonra sola dönüb yuxarı qalxırsan. Ofisdə Sevinc xanıma yaxınlaşırsan. Bəlkə bəxtin gətirdi, adaşın sənə bir iş tapdı.

      Sevinc sevincək qapıdan keçib heyvanxananın həyətinə daxil oldu. Az qala zürafə kimi tullana-tullana özünü ofis deyilən ikimərtəbəli binanın qarşısına çatdırdı. İçəri keçib soruşdu və Sevinc xanımı tapdı.

     -A, nə yaxşı sənin də adın Sevincdir. – Sevinc xanım adaşını çox gülərüzlə qarşıladı. – Sevinclər birləşib heyvanxananı şənləndirəcəklər.

     -Allah sevindirsin sizi. – Sevinc də öz növbəsində təşəkkürünü bildirdi, indi onun ürəyi uçum-uçum uçurdu: “Görəsən, nə iş olacaq?” – Nə iş olsa, razıyam, təki, bir iş olsun.

     -Hələlik elə bir işimiz yoxdur. – Sevinc xanım onun gözlərinin içinə baxdı, Sevincin məyusluğunu, bir anın içində parlayan gözlərinin necə də solğunlaşdığını gördü. – Ancaq ümidini üzmə. Başqa bir iş var…

     -Nə iş?… – Sevinc çox maraqla dilləndi.

     -Mənə diqqətlə qulaq as. Bu iş çox ciddi işdir. – Sevinc xanım dövlət sirri açıqlayırmış kimi çox astadan, pıçıltı ilə danışırdı. – Sabah məktəblilər dəstə-dəstə bura axışacaq. İşinin öhdəsindən layiqincə gəlsən, səni işə götürəcəyik. Bu gün isə məşq etməliyik ki, işini öyrənə biləsən. Gedək, səni bələdçi ilə tanış edim, dərhal məşqə başlayın.

     Axşam evə qayıdanda yorğunluğuna baxmayaraq sevincinin həddi-hüdudu yoxuydu Sevincin. Aldığı avansdan yarısını mağazada xərcləmişdi, evə bəzi ərzaq məhsulları, mer-meyvə də almışdı. Binanın giriş qapısında yenə Həmid kişi ilə üz-üzə gəldi. Sevincindən özünü saxlaya bilmədi, onun boynunu qucaqladı. Uzun ayrılıqdan sonra qarşılaşmış doğmalar kimi o üzündən, bu üzündən öpdü, boynunu, başını sığalladı.

     -Yaxşı, meymunluq eləmə, de görüm, iş tapdın?

     -Tapdım, Həmid dayı, tapdım. – deyib içəri keçdi. – “Bu hardan bildi?”

Liftin düyməsini basdı. Gəlməsini gözləmədən pilləkənlərlə yuxarı qalxdı. Anasını sevindirməyə tələsirdi.

     Ertəsi gün heyvanxana ciddi iş rejimində işləyirdi. Hər kəs öz iş geyimində işinin üstündəydi. Məktəblilər dəstə-dəstə gəlir, heyvanları seyr edir, qəfəslərinin önündə dayanıb şəkil çəkdirir, əylənərək keçib gedirdilər. Onları ən çox meymunun hərəkətləri güldürürdü. Meymun da bu gün daha şən görünürdü, sanki uşaqların gəlişini gözləyirmiş. Hər hoqqadan çıxır, mayallaq aşır, cürbəcür pozalar göstərir, oyunlardan çıxırdı. Şagirdlər qəşş eləyib gülür, meymunun qəfəsinin qarşısından uzaqlaşmaq istəmirdilər. Meymun bəzən qıyya çəkir, lap adam kimi səslər də çıxarırdı.

      Günortaya yaxın məktəblilərin gəlişi seyrəlməkdəydi. Meymun daha öz yuvasına çəkilmişdi. Birdən yeni bir dəstə gəldi. Bələdçi onları heyvanxana ilə tanış edə-edə meymunun qəfəsinin qarşısına yaxınlaşdı.

      -İndi meymun sizi bir əyləndirsin ki… gəl, görək. Meymun bu gün daha şəndir, sanki məktəblilərin gəlişinə o da ürəkdən sevinir. – Bələdçi ucadan səsləndi və meymun haqqında məlumat verməyə başladı. – Cinsinə görə Afrika meymunudu. İnsanları sevir, heç zaman xətər toxundurmur.

     Meymun bələdçinin səsinə bənd imiş kimi ağır addımlarla yuvasından çıxdı.

     -Bilirik, yorulmusan, ay Meymun. – Bələdçi onunla danışırmış kimi dedi. – Bəlkə də sonuncu dəstədir. Yorulmağına baxma, hamısını əyləndirmisən, sonuncuları da əyləndir.

     Meymun bir neçə dəfə mayallaq aşdı, müxtəlif pozalar göstərdi.

     -Bəs ağaca niyə dırmaşmır? – Məktəbliləri ekskursiyaya gətirən dəstə rəhbəri nəsə müəmmalı danışdı. – Biz şagirdlərə öyrətmişik ki, meymunlar yerdən çox göydə gəzirlər. Ağaclara dırmaşırlar, budaqdan budağa tullanırlar.

     -Bayaq dırmaşırdı, indi yəqin yorulub.

     Bələdçi münasibətini bildirib keçmək istəyirdi ki, meymun tullanıb ağacın aşağı sallanan budağından yapışdı. Bir xeyli yuxarı dartındı, budaqdan sallanıb qaldı.

     Bu mənzərəni seyr edən uşaqlar sevinərək qışqırışdılar. Meymun bundan həvəslənib özünü cəmləşdirdi və o biri budağa tərəf tullandı. Budaqdan bərk-bərk yapışıb bir az da yuxarı qalxdı.

     -Uraaaaa…. – Məktəblilər onu alqışladılar.

     Meymun yerə tullanmaq istəyirdi, lakin uşaqların sevinci onu bir az da həvəsləndirdi. Özünü cəmləşdirib yellənərək növbəti budağa tərəf tullandı. Əli ilə tutmaq istəyirdi, ancaq tuta bilmədi. Əli budağa dəyər-dəyməz bədəni ağırlıq etdi, əlləri sürüşdü. Meymun guppultu ilə qonşu qəfəsin içində bir küncə yığılmış ot tayasının üstünə düşdü. Xoşbəxtlikdən xəsarət almadı. Elə təzəcə özünə gəlib qalxmaq istəyirdi ki, yuvadan çıxan şirin ona tərəf gəldiyini gördü. Nə baş verdiyini anlamadı, gözünü yumub açdı. Bəli, gələn şir idi, meymun şirin qəfəsinə düşmüşdü. Şir ağır addımlarla ona tərəf gəlir, dodaqlarını aralayıb mırıldanırdı.

     -Tez olun! Tez olun! – Bələdçi məktəbliləri qəfəsin qarşısından uzaqlaşdırmağa çalışırdı.

     Məktəblilər getmək istəmir, dirəşib durmuşdular. Mənzərəni izləməyə cəhd göstərirdilər.

     -Kömək edin! – Hardansa həyəcanlı səs eşidildi.

     Şagirdlər qəfəsin setkasından tutub şirin meymuna nə edəcəyini gözləyirdilər.

     -Tez olun! – Bələdçi məktəbliləri gətirmiş dəstə rəhbərinə səsləndi. – Şagirdləri burdan aralaşdırın. İndi nəsə baş verəcək. Uşaqların psixologiyasına pis təsir göstərə bilər.

     Şir meymunun lap yaxınına gəlmişdi. Hücum vəziyyətini alıb mırıldanırdı. Şikarının üstünə atılmağa hazırlaşırdı. Bir anın içində güclü dişləri ilə yapışıb tikə-parça edə bilərdi.

     -Kömək eliyin! – Həyəcanlı qadın səsi ətrafı bürüdü. – Ay camaat, kömək eliyin!

     Şagirdlər hamısı geri dönüb şirin qəfəsinə baxırdı.

     -Sizə demədim, uşaqları aralaşdırın! – Bələdçi daha ucadan qışqırdı. – Görmürsünüz şir indi meymunu parçalayacaq?! Gərək uşaqlar bunu görə? Sonra valideynlərinə nə cavab verəcəksiniz?

     Şir pəncəsini qaldırıb meymunun sinəsinə qoydu. Meymun tez gözlərini yumdu ki, heç nə görməsin. Bu, dəhşət idi.

     -Səsini kəs!

     Meymunun qulağına səs gəldi. Bilmədi nə etsin. Saniyələr ötüb keçdi. Şir pəncəsini sinəsinə qoyub durmuşdu, onu parçalamırdı. İlahi, bu nə möcüzə idi?

     Meymun gözlərini qıydı, yarıyumulu vəziyyətə şiri süzdü.

     -Özünü ölmüşlüyə vur. – O pıçıldayırdı. – Bizi biabır eləmə.

     Meymun indi başa düşməyə başladı. Başını tərpədərək başa düşdüyünü bildirdi.

     Şir meymunun ayağından tutaraq yuvasına tərəf sürüməyə başladı.

     -Tez olun! Tez olun! Burdan uzaqlaşın! Şir indi meymunu parçalayacaq!…

     Bələdçi isə hələ də qışqırır, məktəbliləri ordan uzaqlaşdırmağa çalışırdı.   

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN HAMİSİ – HEYDƏR ƏLİYEV

Noyabr ayının 22-si respublikamızda ədliyyə işçilərinin – Penitensiar xidməti əməkdaşlarının, məhkəmə ekspertizası, məhkəmə icraçıları və nəzarətçilərinin, Vətəndaşlıq Aktlarının Qeydiyyatı və digər müqabil işçilərin peşə bayramı kimi qeyd ounur. Ədliyyə işçilərinin peşə bayramı 21 il öncə – 2000-ci il noyabrın 11-də ümummillli lider Heydər Əliyevin imzaladığı qərarla təsis edilib. Bu, Ümummilli liderin ədliyyə işçilərinə qayğı və ehtiramının təzahür formalarından biridir.

Tarixi nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycan ədliyyəsinin yaranması 103 il əvvələ – Azərbaycan Xalq Cumhuriyyətinin təməl daşının qoyulduğu 1918-ci ilin 28 may gününə təsadüf edir. Nazirliyin Əsasnaməsi isə 6 ay sonra – 1918-ci il noyabrın 22-də təsdiq edilib. Azərbaycan ədliyyəsi XX əsrin 70-ci illərinə qədər çətin, keşməkeşli ömür yaşayıb. Belə ki, 1920-ci ilin 28 aprelində işğalçı XI Qızıl Ordu hissələrinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi, AXC-nin dövlət qurumu olan Ədliyyə Nazirliyinin də fəaliyyətinin dayandırılması ilə nəticələnib. Sonrakı XX əsrin 70-ci illərinə qədərki dövrdə Ədliyyə Nazirliyinin 5 dəfə müxtəlif adlar altında fəaliyyət göstərməsi, başqa sözlə, ədliyyə orqanlarının təkrar-təkrar ləğv edilib yenidən yaradılması kimi bir hal ədliyyə sisteminin formalaşması imkanlarını məhdudlaşdırmış, nazirliyin sabit dövlət strukturu olaraq inkişafına ciddi əngəllər törətmişdir. Belə ki, Sovet Rusiyasının XI Qızıl Ordu hissələri AXC-ni işğal edəndən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə AXC-nin Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluğa, Ali Məhkəməyə, Mərkəzi İcraiyyə Komitəsinə və bir sıra başqa qurumlara həvalə edilmişdir. 1933-cü ildə isə yenidən Xalq Ədliyyə Komissarlığı təşkil edilmişdir. Onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək daxil idi. 1937-ci ildə yenidən yaradılan Xalq Komissarlığının Əsasnaməsinə əsasən komissarlığın fəaliyyət sahəsi yalnız məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərliklə məhdudlaşmışdır. 1959-cu ildə Xalq Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, onu səlahiyyətləri yenidən ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülmüşdür.

Bu ədalətsizliyə 1970-ci illərdə, Azərbaycan xalqının qürur ünvanı olan Heydər Əliyevin hakimiyyəti zamanında son qoyulmuşdur. Öz fəaliyyətində “Ədaləti ədalətsizliklə bərpa etmək omaz” prinsipini daim rəhbər tutan Ulu öndərin tövsiyəsi ilə Azərbaycan SSR Ali Sovetinin 1970-ci il oktyabrın 27-də qəbul etdiyi qərar Azərbaycan ədliyyəsinin tarixində yeni mərhələnin başlanğıcı kimi yaddaqalandır. Bu qərarla Ali Məhkəmə istisna olmaqla indi bizə məlum olan bütün funksiyalar Ədliyyə Nazirliyinin səlahiyyətinə verilmişdir. Məhz bu illərdə Ulu öndərin apardığı məqsədyönlü islahatların nəticəsi olaraq Azərbaycan ədliyyəsi özünün inkişaf mərhələsinə qədəm qoymuşdur.

Dövlət strukturu kimi təşəkkül tapması nazirliyin fəaliyyətində milli kadrların formalaşdırılması, davamlı olaraq inkişafı məsələləri daim Ümummilli liderin diqqət mərkəzində olmuşdur. 1972-ci ildə Heydər Əliyev tərəfindən qüvvəyə minən yeni əsasnamə Azərbaycan ədliyyəsinin gələcək inkişafına yol açan bir sıra yeni normativ sənədlərin qəbul edilməsinə imkan yaratmışdır. Bu qərardan sonra Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri daha da genişlənmiş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu və probasiya xidməti formalaşdırılmış, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşmışdır.

Azərbaycan ədliyyəsinin yenidən formalaşdırılması işi, nə qədər riskli olmasına baxmayaraq, həm sovetlər dönəmində, həm də müstəqillik illərində daim Ulu öndərin diqqətində olmuşdur. Ölkəmiz 70 illik ilhaqdan azad edildikdən sonra Ədliyyə Nazirliyinin hüquqi dövlətdə ona məxsus “mövqe sahibi” olması üçün imkanlar daha da genişlənmişdir. Ədliyyə sisteminin fəaliyyətini tənzimləyən bir sıra yeni normativlərin qəbulu nazirliyin gələcək inkişafı üçün əsaslı zəmin yaratmışdır.

Ana qanunun – Konstitusiyamızın yaradılması ilə başlanan köklü islahatlar Penitensiar xidmət sahəsində də diqqət və qayğı ilə davam etdirilmişdir. Məhkəmə qərarlarının icrası işinin əhəmiyyəti nəzərə alınaraq nazirliyin tərkibində icra xidməti və istintaq idarəsinin yaradılması, ibtidai istintaqın aparılması işinin Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinə həvalə edilməsi, cəza-tərbiyə işində humanizm, ən əsası isə insan hüquq və azadlıqlarının qorunması işinin önə çəkilməsi ilə məhkəmə qərarlarının icrası sistemi təkmilləşmişdir.

Bu sırada həmçinin beynəlxalq hüquq və azadlıqlara söykənən ölüm hökmünün ləğvi ilə bağlı qərarın da (1998-ci il) adını çəkmək olar. Həmin qərar nəticəsində məhkumların saxlanma şəraiti beynəlxaq standartlar səviyyəsinə çatdırılmışdır. Onların sosial əlaqə imkanları genişləndirilmiş, asudə saatlarını səmərəli keçirmələri işi beynəlxalq tələblər səviyyəsinə uyğunlaşdırılmışdır. Qeyd olunanlara məhkumlar üçün futbol meydançaları tikilməsini, onların bu meydançalardan vaxtaşırı istifadə etməklərini, kitabxanalardan bəhrələnmək imkanının yaradılmasını, yeniyetmələr üçün “açıq qapı” günlərinin keçirilməsini də (və s.) əlavə etmək olar.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun qənaətləri ilə fikrimizi davam etdirsək, “Hüquq islahatlarının, xüsusən ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bügünki Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən Ümummilli liderimiz tərəfindən bu islahatlar uğurla həyata keçirilmiş, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafzə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir”.

Bütün bunlar haqq verir ki, ulu öndər Heydər Əliyevi Azərbaycan ədliyyəsinin qurucusu və hamisi adlandıraq.

Qürurla deyə bilərik ki, Azərbaycan ədliyyəsi bu gün inamlı inkişaf yolundadır. Ulu öndərin siyasi kursunu yüksək səviyyədə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik dövləti idarəetmə səriştəsinin nəticəsi olaraq Azərbaycan ədliyyəsi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşərək yeni nailiyyətlərə imza atmaqdadır.

Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısı İlham Əliyevin 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə statusunun verilməsi, həmin il may ayının 26-da “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2019-2023-cü illər Dövlət Proqramlarının təsdiqi haqqında bəhs etdiyimiz inkişafın bariz göstəricilərindəndir.

Hər bir Azərbaycan vətəndaşı, o cümlədən biz – ədliyyə işçiləri də dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Ümummilli liderin ideyalarının həyata keçməsi və inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər bir hüquq-mühafizə orqanında çalışan əməkdaş öz işinin dövlət, xalq üçün nə qədər vacib olduğunu dərk etməlidir və işini yalnız və yalnız xalqın, ölkənin mənafeyi üçün aparmalıdır”.

Penitensiar xidmətin əməkdaşı olaraq hər birimiz bu məsuliyyəti daim öz üzərimizdə hiss edir və bu məsuliyyətə cavabdehlik daşıdığımızı özümüzə borc bilirik.

Babək İsgəndərov,

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin

Kadrlar idarəsinin böyük inspektoru, ədliyyə mayoru

İlkin mənbə: sia.az

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİŞ KƏRƏMLİ

Şamaxılı Əliş Kərəmli – Memar. (Rəssam Sehran Allahverdi)


ƏLİŞ  BƏY  SÜBHAN  OĞLU  KƏRƏMLİ  HAQQINDA

Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy  üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda  Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü)  22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı  Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)

MOSKVAYA  GETMƏSİ VƏ KREML

Əliş bəy Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə getmişdir. Belə ki, bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri – Rusiya sarayından boyar İ. A. Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxmışlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də – şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatmışlar. Onlar burada ehtiramla qarşılanaraq, sarayın baş darvazasından həyətə daxil olmuşlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra, boyar Baratinski Moskvanın böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirmiş, təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirmişdir. Həmin məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür. Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O, isə bunların arasından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir. 14 mart 1367-ci il tarixində Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir. Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir; yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi. Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü “Quran” kitabının üzərinə qoyaraq and da içir. Əliş  bəy Kərəmli təkcə memarlıq işlərini deyil, işlər 1 il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutuldu. Bu isə Şərq qaydasıyla, tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılır. Onsuz da o, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın bacısı əri, voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür. Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan  Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Daha sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi. Tikinti işlərinə mart ayının 25-də– rusların “Blaqoveşeniye” bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə, çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki “Quran”ı çıxarır və bir kənarda duraraq, “Məryəm surəsi”ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta mitropolit Aleksiy də mane olmaq iddiasında olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə “İncil”-dən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla “Quran” surəsini oxuyur. Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. İlk iş günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur.

ALÇAQCASINA   XƏYANƏT – ÖLÜMÜ

1371-ci il  iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırmışdır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi zamanı baş vermişdir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdir.

ONDAN  YADİGAR  QALAN  TİKİLİLƏR

Moskvada Kremli;

Təbrizdə mədrəsə binası;

Dəməşqin Bağlar bölgəsindəki məhəllədə ərəb üslublu üç əzəmətli dördmərtəbəli bina;

Dəclə çayı üzərindəki beştağlı Bağdad körpüsü;

Krımdakı Bağçasaray mülkü və fəvvarələr;

Gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayı;

Təbrizdə Kərim ağa torcasının (kompleksi);

Şirazda nəhəng 80 otaqlı Karvansara;

Dəbil şəhərindəki Cümə məscidi;

Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikili.

XATİRƏSİ   ƏBƏDİLƏŞDİRİLİB

Sergey Borodinin 1941-ci ildə yazdığı “Dmitriy Donskoy” tarixi romanında Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır.

Əliş Kərəmli mövzusu Azərbaycanda ilk dəfə  Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilmişdir. Ülfət Cavad. “Kremli Azərbaycanlı tikib.” AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutun “Elmi əsərlər”i. Bakı, 2009-cu il, 28-ci cild, səh. 205.

Azərbaycan yazıçısı Hafiz Mirzə onun haqqında “Moskva Kremlinin memarı Kərəmli” adlı povest yazmışdır.Həmin povest  qəzetlərdə və “Son və başlanğıc” adlı kitabında dərc olunmuşdur.

2012-ci ildə Bakıda “Zərdabi” nəşriyyatında Əli Əhmədoğlunun müəllifi olduğu 168 səhifə həcmində “Kreml memarının mükafatı” adlı kitab nəşr olunmuşdur.

Əliş bəyin anadan olandan son gününüə qədər bütün həyatını əks etdirən Zaur Ustacın “Əliş və Anna” poeması çox maraqlı alınmışdır.

Gənc musiqiçi-rəssam Gülü xanım tərəfindən üz cizgilərinin müəyyən olunduğu esgiz hazırlanmış.

Tarixi şəxsiyyətlərin simalarına ikinci həyat verən tanınmış şair-rəssam Sehran Allahverdi tərəfindən memarın yuxarıda gördüyünüz portreti yaradılmışdır.

Müəllif:  Hacıxanım AİDA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgər

Aşıq Ələsgər

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.

Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində bele demişdir:

“Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.

Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdi

Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.

Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar

Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.

Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.

Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:

Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunmuşdur.

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.

Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.

Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm təsirlənən aşıq:

Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostənımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi-
bəndi ilə başlanan qoşmasını yazmışdır.

1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.

1918–1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Şəcərəsi:

Heydər.
Əbdüləzim.
Təhməz.
Talıbxan.
Allahverdi.
Alməmməd.
Aşıq Ələsgər.


Kitabları:

Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). I kitab, Bakı, Elm, 1972, 326 s.
Aşıq Ələsgər. (toplayıb tərtib edəni İ.Ələsgər). II kitab, Bakı, Elm, 1972, 327 s.
Aşıq Ələsgər. (Əsərlıəri, dastan – rəvayətlər, xatirələr) (toplayıb tərtib edəni İ.Ələsgər).. Bakı: Şərq-Qərb, 1999, 578 s.
“Aşıq Ələsgər-150”. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 318–327.
Aşıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu)

Tərtibatçı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru