Etiket arxivi: ELMİ MƏQALƏ

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROV

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur.

Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında  Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.

Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.

Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası  oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.

İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. …Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.

Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].

Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].

Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.

Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:

Abbasəlim uzun, gödək,

Aşıq Novruz sinədə tək. [7,s.277]

Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].

Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə  Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.

Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].

Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].

Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.

Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu, türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.

Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin  nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad,  Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.

1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].

Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.  

Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin  bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində  aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.

Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə  ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.

Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.

İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət,  Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.

***

Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.

Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.

…Yar çıxdı qarşıma yaman halımda,

Gözüm qaldı o bimürvət zalımda.

Söynalı başını qoydu yolumda,

Hüseyn pəl vurdu, Hasan qoymadı.[21,s.19].

Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:

“Aşıq Ələsgər Daşkənd kən­dində Hacı Kə­ri­min oğlu Mux­tarın toyuna aşıq çağırıl­mışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələs­gərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, ke­çi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qata­caydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:

“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.

Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş apa­rasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələs­gər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğ­lu­la­rı­na qatdı. Aşıq Ələsgər camaatla görüşüb, hey­van­ları da Əsəd­lə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğ­­lu bir yana oldu, Hasan verən toğlu bir yana, nə hey­­vanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara dü­­şür­dü qaçırdı. …Səhər Əsəd­lə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğ­lu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün ol­madı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pir­na­zar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, ha­zıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Gö­rək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]

Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm”  adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:

“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:

“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.

Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.

Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:

“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:

Başına döndüyüm, Şahnəzər qardaş,

Əzəldən pis qurdun, vallah, bu işi.

Toğlun dəli olub sürüyə getmir,

Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]

Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı”, Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.

2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.

3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144

4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.

5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906 

6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu…-N). RXKR, Bakı, 2011.

7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.

8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.

9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda…”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.

10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.

11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.

12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/

13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141

14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932

15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz…”, Bakı, “Nurlan”, 2005.

16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı

17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/

18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739

19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf

20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.

21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.

22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.

23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.

24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏRÖVŞƏN BABAYEVA – TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Zərövşən Babayeva, Naxçıvan Dövlət Universitetinin dosentidr.zarifbabayeva@yahoo.com

TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.

Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –

  • coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
  • bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
  • ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.

XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.

 Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.

Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).

STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən  müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə  – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.

STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.

Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

            STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
  • Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:

  • Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
  • STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.

Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:

  1. peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
  2. sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.

Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.

Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün  -Təhsil; Tərbiyə – nəticədirİnkişaf.

Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır.

        STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və  15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş  aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.

            STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.

            Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.

Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.

Müəllif:Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru