Etiket arxivi: ŞAİR

AYTAC İBRAHİM

Aytac İBRAHİM– şair, yazar.

 Emin Sabitoğlu – ” Aman ayrılıq”  nəğməsinin sədaları altında …

Biri var idi, bir yox idi …
 Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən,  güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda…
Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi  davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir…
Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi  isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi  isə o “guya”ların üzə çıxmasıdır…
Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür…
Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın…
Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq…
Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə …
Sonsuzluqda görüşənədək ….


Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QIRMIZI YARPAQLI AĞAC

 Zaur Ustacın hekayəsi

QIRMIZI YARPAQLI AĞAC
(hekayət)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayılan biləcək əsas xiyabanlarından birinin başlanğıcında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa yazdığım şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Generalın ölümü” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et.”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun. – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o an belə saxlaya bilməyəcəyimi anlayıb eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq bu işgəncənin nə vaxt bitəcəyini gözləməyə başladım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver. – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də. – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində necə əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan bir az kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik. – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.

Son.
03.12.2021 – Bakı ş.


Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSTAFA MÜSEYİBOĞLU

MUSTAFA MÜSEYİBOĞLU

Bu gün Mustafa Müseyiboğlunun doğum günüdür…

Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MUSTAFA MÜSEYİBOĞLUNUN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – SALAM, PAYIZ!

Aytac İBRAHİM– şair, yazar.

SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər …
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər…
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər….
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim …
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə…
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər…

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ…
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞAM!.. ADAM!.. AĞDAM!.. – QULU AĞSƏSİN ŞEİRİ

Ağam!.. Adam!.. Ağdam!.. – Qulu Ağsəsin şeiri

Ağam!.. Adam!.. Ağdam!..

“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
                                         şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
                                          şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..

15 noyabr 2020

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYRAQ BİZİM BAYRAĞIMIZ!

Zaur Ustacın şeirləri “Ədəbiyyat qəzeti”ində.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

İlkin mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMİMİYYƏT VƏ ƏDƏBİYYAT

Xəyalə SEVİL – yazar, şair.

XƏYALƏ SEVİL İLƏ MÜSAHİBƏ

1.Şeirlərinizdən birində yazırsınız ki, gördüm yaman darıxıram, dedim bir azca dərd çəkim, darıxmaqla dərdin kəsişdiyi yolda özünüzü harada görürsünüz?

Mən ömrüm boyu darıxıram. Mənim darıxmağım İlahi darıxmaqdı, xəyali darıxmaqdı – səbəbsiz. Kimin üçün?, nədən ötrü? – darıxdığımı bilmədən. Bir şeyi davamlı təkrarlayanda həmin şeyə vərdiş etməli olursan, zamanla. Mən darıxmağa vərdiş etmişəm, deyəsən. Darıxmasam, yaza bilmirəm.

2. Şeirləriniz sanki bir nikbinlik notu üstündə köklənib dediyiniz o dərd sizə unutdura bilibmi darıxmağınızı.

Bütün şeirlərim ruh halımla bağlıdı. Həmin an necə hiss edirəmsə, o cür yazıram. Amma maraqlı hal odur ki, həmin hissin müddəti şeiri yazıb bitirincədi. Yəni, şeiri bitirəndən sonra həmin duyğulardan azad oluram. Məsələn: darıxıb şeir yazıramsa, yazıb bitirəndən sonra təskinlik tapıram, hətta darıxmıram.

3. Sizi belə nədir darıxdıran məsafələrdən aslılıqmı yoxsa elə bu bir xəyali darıxmaqdır…

Suallardan üçü darıxmaq mövzusundadı. Demək ki, şeirlərimdən daha çox bu hiss duyulur.

4. Yaratdığınız hər hansı bir obrazda özünüzü görmüsnüz və ya belə deyək özünüzü hər hansısa bir obrazda görmək istəmisiniz…

Mən heç yaşamadığım duyğunun şeirini yazmamışam. Şeirlərimdəki obraz özüməm. Ancaq şeirlərdən kənara çıxsaq, mən çox xəyal quran biriyəm və qurduğum xəyalların nə vaxtsa gerçəkləşəcəyinə mütləq inanıram, gözləyirəm. Hərdən darıxmağımın səbəbini də məhz həmin gözləməklə bağlayıram.

5. Nəsr sizi düşündürüb şeirlə ifadə etmək istədiyinizi nəsrlə ifadə edəsiniz?

Bir neçə hekayə yazmışam, çap olunub. Tamamlamadığım povestim var. Mən nəsri sevirəm, amma sırf təhkiyə üsulunu yox, bədii nəsri sevirəm. Ona görə də nəsrə məsuliyyətlə yanaşıram.

6. Yazdıqlarınız sizi qane edir??

İnanın səmimiyyətimə ki, şeirlərim haqqında heç bir dəfə də mənfi rəylə rastlaşmamışam. Sözü tanıyan adamlardan təqdir görmüşəm. Bu təbii, xoş haldır. Ancaq mən kiminləsə hesablaşan biri də deyiləm. Hamı şeirimi tərifləsə də, qəbul etməsə də mənim fikrim dəyişməyəcək. Mən öz sərhəddimi bilirəm. Belə deyək, öz qədərimi bilirəm. Heç vaxt da özümü sübüt etməyə çalışmamışam.

7. Ən çox mütailə etdiyiniz əsərlər hansılardır maraqlıdır.

Son zamanlar oxuduqlarımı deyim: “Ceyn Eyr”, “Qaranlıqda şərqi deyənlər”. Əslində təsadüflərə inanmıram, amma nə hikmətdirsə, hər iki əsərdə aralarında xeyli yaş fərqi olan insanların böyük məhəbbəti əsas mövzu kimi qeyd olunub. Qəribədir ki, son zamanlar ardıcıl oxuduğum kitablar bunlardır və mövzu üst-üstə düşür.

8. Gözəllik sizin üçün nə ifadə edir ədəbiyyat və gözəllik siz ədəbiyyatın xəyaləsisiniz yoxsa ədəbiyyatın xəyaləsi sizsiniz.

Estetik zövqümü həmişə nəzarətdə saxlayıram. Bu, deyəsən, anamın sayəsində qazandığım vərdişdir ki, olduğum hər yerdə səliqə və gözəllik yaratmağı sevirəm. Getdiyim yerlərdə də gözəllik axtarıram. Belə deyək, gözəl təqdimatı sevirəm. Ancaq daxilən iddialı biri olsam da, iddiami dilimə gətirməyi sevmirəm. Məncə bəzi şeylər dilə gəlməməlidi, öz böyük yerində – ürəkdə qalmalıdı. Ədəbiyyat üçün hansı anlamı ifadə etdiyimi deməyəcəyəm, amma ədəbiyyat mənim həyat tərzimdi, öz-özümlə söhbətimdi. Hansısa gün gündəlik qayğılarla məşğul olub öz düşüncələrimə vaxt ayıra bilmirəmsə, həmin günü boş, yaşanmamış hesab edirəm.

9. (Sevili) özünüzə təxəllüs götürmüsünüz Cəfər Cabbarlının qəhramlarından birinin adı da sevildir bu sevilin o sevillə bir əlaqəsi var…

Sevil adını əvvəla feil kimi sevirəm. “Xəyalə, Sevil” – deyirəm özümə. Sevil həm də qızımın adıdı, ancaq qızımın adı olmamışdan əvvəl dünyasını dəyişmiş, üzünü görmədiyim qaynanamın adı idi. Yoldaşıma olan hörmət və qızımın olacağına, adını Sevil qoyacağıma şəksiz inam sayəsində təxəllüs götürmüşəm.

10. Son günlər nələr yazmısınız hansı mövzular sizi düşündürür bizimlə paylaşa bilərsiniz.

Son zamanlar duyğuların ağlılla idarə edilməsi, reallıq, daxilən olmasa da, real həyatda zəmanəylə ayaqlaşmaq düşündürür məni. Ona görə də son şeirlərim çılğın deyil, daha sakit, oturuşmuş, təcrübəli və məncə, ağıllıdı.

11. Son olaraq bir sözlə özünüzü necə ifadə edərdiniz??

ANA! Bu ad mənim həm məsuliyyətimdi, həm xoşbəxtliyim. Bütün yaşanmışlıqlar bir yana, əgər dünyadan gedəndə övladlarımı istədiyim kimi görəcəyəmsə, demək, xoşbəxt ana ömrü yaşamışam.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

XƏYALƏ SEVİLİN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YEL

 Zaur Ustacın şeiri

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021-Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac

Zaur Ustac

Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin, “Uşaq boğçası” əlavə tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir. 

Zaur Ustac və onun əsərləri  haqqında aşağıdakı kitablar yazılıb:

1. Hacıxanım AİDA   “ÖMRÜN ANLARI ”  Bakı – 2018. 

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. 

3.Kamal Camalov    “Əliş və Anna haqqında ”  Bakı – 2019.   

4. Gülü “ZAUR  USTAC”        Bakı – 2020. 

5.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020. 

6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021

Tərtibatçı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru