Etiket arxivi: YAZARLAR JURNALI

AYTAC İBRAHİM

Aytac İBRAHİM– şair, yazar.

 Emin Sabitoğlu – ” Aman ayrılıq”  nəğməsinin sədaları altında …

Biri var idi, bir yox idi …
 Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən,  güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda…
Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi  davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir…
Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi  isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi  isə o “guya”ların üzə çıxmasıdır…
Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür…
Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın…
Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq…
Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə …
Sonsuzluqda görüşənədək ….


Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYVANLARIN DOSTLUĞU – LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

HEYVANLARIN DOSTLUĞU
Meşədə bu gün sakitçilik idi. Nədənsə heyvanlar gözə dəymirdi . Çox keçmədi ki astabasar dovşan balaca daxmasından çıxıb gərnəşdi.
– Hey, dostlar hardasınız?
Mən gedirəm şirin yanına .Sözünüz varsa deyin çatdırım.
Kəsyənin ciyiltili səsi gəldi:
– Ay dovşan ,şirə denən mənim evimə qarışqalara darışıb ,onlara əmr versin ,çıxıb getsinlər.
– Yaxşı deyərəm.
Ayrı heç bir heyvandan səs gəlmədi .
Dovşan yola düzəldi.Şirin onu niyə çagırdıgını bilmirdi .Canını qorxu almışdı.
Yolda canavarla rastlaşdı.
– Hara belə ,ay dovşan qardaş?
– Şirlə söhbətim var.
Canavar şaqqanaq çəkib güldü:
-Sənin şirlə nə söhbətin ola bilər ?
– Sən bilmərsən!
Dovşan Şirin yanına çatıb təzim etdi.
– Xoş gəldin ,dovşan.
Qorxa – qorxa şirə baxan dovşan ;
– Sag ol,şir qardaş!
– Bilirsən ,səni niyə çagırmışam?
– Yox,şir qardaş.
– İstəyirəm bu ildən hər kəslə mehriban olum.- deyib şir gərnəşdi.
– Get bütün heyvanlara bildir ki ,bu il yeni il bayramını birlikdə qeyd edəcəyik.Sabah bayramdı.Yolkanızı qura bilərsiniz.
Dovşanın sevindiyndən dili – bogazı qurumuşdu.Heç vaxt onlara bayram keçirtməyə imkan verməyən şirin insafa gəlməsi onu həm sevindirmiş,həmdə təəccübləndirmişdi.
Şirlə sagollan dovşan tullana – tullana meşəyə qaçdı.
– Hey, hardasınız? Sizə şad xəbərim var.
Dələ agacdan boylandı:
– Nolub orda?
– Yıgışın ,tez yıgışın.Sözüm var sizə.
Tülkü yaltaqcasına hırıldadı ;
– Nə olub ,ay dovşan qardaş ? Sənin bizə nə sözün olsa ,biz hazırıq.
Yavaş – yavaş heyvanlar yıgılmaga başladı.Dovşan hər kəsə göz gəzdirdi.Tısbaga yox idi.
– Hardadı tısbaga qardaş?
Hamı zürafəyə baxdı.Zürafə əlini gözününün üstünə qoyub,o tərəfə bu tərəfə baxdı.
– İndilərdə gəlib çatar .- deyib cavab verdi.
Heyvanlar səbrsizlənirdi.Nə baş verdiyini öyrənmək üçün dovşana dayanmadan sual verirdilər.
Dovşan tısbaganı gözlədiyini ,sonra danışacagını bildirdi. İt hirsləndi;
– Bir tısbagaya görə bu qədər heyvan burda duracaq?
Pələng onun səsinə səs verdi ;
– Bu ədalətsizlikdi.
Dovşan sakit səslə ;
– Sakit olun ,dostlar,gəlin mehriban olaq.Axı sabah bayramdı.
Bütün heyvanlar bir – birinə baxdı.
– Bayram ,nə bayramı ? .Şir bizə bayram keçirtməyə icazə vermir axı? .- deyə agacda oturan bayquş donquldandı.
Tısbaga gəlib çıxmışdı.
Dovşan onları sakitləşdirib şirin dediklərini onlara çatdırdı.
Qış yuxusuna getməyə hazırlaşan ayı sevinərək atılıb – düşməyə başladı.
– İndi dostlar yolkamızı qurmalıyıq .Hər kəs iş başına !
Şirin yanından gələn lovga dovşan əlini belinə qoyub ,hər kəsə bir iş tapşırdı.
Ayının qırdıgı şam agacını maralın buynuzuna qoyub meşənin ortasına gətirdilər.Qalırdı agacı bəzəmək.
Bütün heyvanlar iş başındaydı .
Dələnin daşıyıb gətirdiyi qozaları cüyür ,zürafəyə verir ,o da agacın yuxarısından asırdı.Yarım saat bəs etdi ki ,yolka hazır olsun.
Sonda canavarın hardansa tapıb gətirdiyi al- əlvan işıqları dələnin ,agacdələnin köməyi ilə yolkaya taxdılar.
Səhər bayrama hazırlaşmaq üçün heyvanlar azuqə toplamaq üçün meşəyə üz tutdular.Hər biri tapdıgını öz komasına qoyacaq,səhər süfrəyə düzəcəkdilər.
Yeni il səhərini qarla qarşıladılar.Yuxudan durub hər tərəfi aga bürünmüş görən heyvanlar tez- tələsik yolkalarının yanına qaçdılar.
Yolkaları necə gözəl olmuşdu.Ag qara bürünən agacda yanan işıqlar bərq vururdu. Sevindiklərindən atılıb- düşməyə başladılar.
Tez qaçıb tapdıqları qənimətləri ortalıga daşımaga başladılar. Ortalıqda yıgılan azuqədən gözəl bir süfrə açdılar.
Budur şirin nəriltisi aləmi başına götürdü;
– Ey ,dostlar,mənsiz yıgışmısınız?
Heyvanlar qorxularından titrəməyə başladılar.
– Qorxmayın,dostlar! Bu gündən sizinlə mehriban olacam.
– Nə gözəl yolkanız var.Bayramınız mübarək!
Heyvanlar sakitləşdilər.Sevinərək şirə baxdılar.
– Çox sagol şir qardaş,sənin də bayramın mübarək !.- ilk olaraq çaqqal dilləndi.Hər tərəfdən səslər ucaldı.Bir – birini təbrik edən heyvanlar ,bu gündən sonra mehriban olacaqlarına söz verdilər.Əl – ələ tutub mahnı oxumagı da unutmadılar:

“Süd kimi ag qar ilə
Çoxlu çoxlu bar ilə
Süd kimi ag qar ilə
Qış ilə ,bahar ilə
* * *
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.”

Beləcə heyvanlar bayramı qeyd edib ,mehribancasına yaşamaga başladılr.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSTAFA MÜSEYİBOĞLU

MUSTAFA MÜSEYİBOĞLU

Bu gün Mustafa Müseyiboğlunun doğum günüdür…

Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MUSTAFA MÜSEYİBOĞLUNUN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – SALAM, PAYIZ!

Aytac İBRAHİM– şair, yazar.

SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər …
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər…
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər….
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim …
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə…
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər…

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ…
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ – QONAQ

Əli bəy AZƏRİ – yazıçı-publisist.

QONAQ

(hekayə)

May ayının ilk ongünlüyüydü. Cah-cəlallı bir yaz günüydü. Günəşin sarı-qızılı şəfəqləri hər yana nur səpələyirdi. Qızıloba yurdunun təbiəti kimi insanları da qayır-qayır qaynaşırdı. Bu mənzərəni səmadan seyr edən olsaydı, bircə adamın da dayanıb-durduğunu görməzdi, hamı qarışqa kimi hərəkətdə, işində-gücündəydi.

Valeh atası Qəzənfər kişi ilə yonca biçirdi. Bu il yaz yağışının bolluğundan yoncanın ilk biçini on-on iki gün qabağa, mayın ilk günlərinə düşmüşdü. Axşamüstü yoncanı biçib qurtarmaqdaydılar ki, Qəzənfər kişi oğlunu evə göndərmək istədi. Valeh axıradək qalıb kömək edəcəyini bildirsə də atası razılaşmadı.

-Sən get, bala. – dedi. – Mən oraqla qıraq-bıcağı da qaşıyım, kərənti girməyən yerləri də sivirim, sonra gələrəm. Heyifdi, qalmasın. Sən də get, bir havır kitablarına göz gəzdir. İki ay nədir ki, bir də gördün bir göz qırpımında gəlib keçdi… baxdın ki, səhər imtahandasan…

Valeh daha inadkarlıq göstərmədi, üst-başını səliqəyə salıb evə yollandı.

Kəndə çatanda aralıqda bir neçə nəfərin bir yerə toplaşdığını gördü. Addımlarını yeyinlədib onlara yaxınlaşdı. Poçtalyon Səməndər idi, adamlar onun başına yığışmışdılar, qızğın söhbət gedirdi.

Səməndər qonşu kənddən idi, elə poçt şöbəsi də orda yerləşirdi. Bir poçt şöbəsi sovetliyin üç kəndinə xidmət göstərirdi. Səməndər həftədə bir dəfə Qızılobaya gəlir, bir dəfə də sovetliyin o biri kəndinə gedər, qəzet-jurnalları, məktubları, ayda bir dəfə də adamların təqaüdlərini çatdırardı. Səməndər Valehi aradan görən kimi əlini yellədi.

-Yaxın gəl. – dedi. – Sənə məktub gətirmişəm.

Valeh həyəcanla Səməndərə yaxınlaşdı. Əl tutub görüşdülər. Səməndər bir quş qıvraqlığı ilə əl atıb boz meşin çantasından məktubu çıxardaraq Valehə uzatdı. Valeh dərhal alıb konvertin üstünə baxdı, məktub əsgərlik dostu Orxandan gəlmişdi.

-Kimdəndi? – Həmkəndliləri soruşdular.

Kəndə az-az məktub gələrdi. Odur ki, məktub hamını maraqlandırırdı.

-Əsgərlik dostumdandı. – Valeh qısa cavab verib onlardan aralandı.

Valeh Orxanla Bakıda tanış olmuşdu. Onlar orta məktəbi bitirəndən sonra ikisi də bir instituta sənəd verib bir imtahan qrupuna düşmüşdülər. Bunların tanışlıq tarixçəsi də elə o tarixdən başlamışdı. İyirmi gün ərzində mehribanlıqları dostluğa çevrilmişdi. Tale ikisini də eyni sınağa çəkmişdi. Dörd imtahanın dördündən də qiymət alsalar da müsabiqədən keçib instituta qəbul ola bilmədilər, necə deyərlər, konkursa düşdülər. Hər ikisi Bakıda qalıb işləmək arzusunda olsa belə, valideynlərinin təkidi ilə kəndə qayıtmalı olmuşdular. “Nə olar, bu il keçə bilmədiniz, daha yaxşı hazırlaşıb gələn il qəbul olunarsınız. İnstitut qaçmır ki…” – Hər ikisinin valideynləri kənd adamlarının əksəriyyəti kimi eyni fikirdəydi. “Təki övladım gözümün qabağında olsun!”

Valehlə Orxan başqa-başqa rayonlarda yaşayırdılar. Biri dağ, digəri aran ərazisi hesab olunan rayonlararası məsafə, bəlkə də, yüz əlli kilometrdən bir az da çox olardı. Dostlar kəndlərinə qayıtdıqdan sonra bir-birləri ilə məktub vasitəsilə əlaqə saxlayır, Bakıda qalmadıqlarına heyfslənirdilər.

İş elə gətirdi ki, hər ikisinin on səkkiz yaşı tamam olan kimi hərbi komissar çağırış vərəqi göndərdi. Çağırışın vaxtı çatan kimi möhlət vermədən hərbi xidmətə yolladı. Valideynləri çox çalışsalar da komissar gənclərə instuta qəbul olunmaq üçün daha bir şans vermədi. Xoş təsadüfdən onlar Biləcəri çağırış-toplanış məntəqəsində də qarşılaşdılar, ikisinin də adı bir komandaya yazılmışdı. Ukraynaya yola salınan qatarda da bir vaqonda yol getdilər. Karantinləri də, əsgərlikləri də bir yerdə keçdi. Onların dostluğu bu müddət ərzində daha da möhkəmləndi, mükəmməlləşdi, sarsılmaz qalaya çevrildi.

Ay ötdü, il dolandı, əsgərlikləri başa çatdı. Dostlar hərbi xidmətdən qayıtdılar. Ayrılanda məktubla əlaqə saxlayacaqlarına söz verdilər. Bir də nəyin bahasına olursa, olsun, yayda Bakıya gedib instituta qəbul olunacaqlarını qərarlaşdırdılar. Əsgərlikdən ayrılarkən komandirlərindən xahiş edib yaxşı xasiyyətnamə, bir də ali məktəbə sənəd vermək üçün zəmanət də götürmüşdülər. Zəmanət instituta qəbul olunmaq üçün ən mükəmməl sənəd hesab olunurdu. Zəmanət kafi qiymətlərlə də instituta qəbul olunmağın qarantıydı. Daha heç bir konkurs-müsabiqə onların qarşısını kəsə bilməzdi.

Valeh kəndə gələn kimi Orxana məktub yazıb yollamışdı. Cavabını gözləmədən on beş gündən sonra ikinci məktubunu da yazmışdı, birincinin çatıb-çatmadığından çox nigaran idi. Bu günlərdə üçüncü məktubu yazmağa hazırlaşırdı ki, poçtalyon onu qabaqladı. Valeh bilmədi ki, Orxan hansı məktubuna cavab yazıb. Ümumiyyətlə, onun məktublarını alıbmı? Evə qədər getməyə hövsələsi çatmadı, poçtalyondan beş addım aralanan kimi konverti açıb içindəki məktubu çıxartdı. Həyəcandan qəhərləndi, sanki uzun illər ayrı düşdüyü əziz-giramından xəbər gəlmişdi.

Orxan yazırdı: “Əvvalə Bayat ellərindən sənə şanlı salamlar yollayıram, əziz dostum Valeh! Məktubunu aldım. Oxuyub şad oldum. Sənin də həmişə şad və xürrəm olub firavan yaşamağını qoca təbiətin varlığından arzu edirəm. Sevinirəm ki, sənin kimi bir dostum var.

Orxan, məni qonaq dəvət edirsən. İnan ki, gəlməyə ürəyim uçunur, quş kimi qanad axtarıram ki, uçub gələm. Lakin vəziyyət elədir ki, mən sizə heç cürə gələ bilmərəm. Əsgərlikdən qayıdan kimi atam məni Pendir zavoduna işə düzəltdi, heç üç gün də dincəlməyə imkan vermədi. Hərbi komissarlığa qeydiyyata saldırmağa apardı, ordan da zavoda döndük. “Sahə müvəkkili danışıq edir”, deyib adımı işə yazdırdı. Bir gün sonra da “direktor sifariş edib ki, oğlun səhər işə çıxsın”, deyib zavoda apardı. Bir sözlə…

Yüz əlli manat maaşımdır. Siftə eləmişəm, birinci ayın maaşın almışam. Müdirimiz də əlaçıq adamdır, hərdən kefinin yaxşı vaxtı beş-on manat cibxərcliyi verir. Bir də həftədə bir dəfə üçkiloluq balonla çiyə verirlər, onu da mamam bazarda satır. Bir sözlə, işlərim yaxşıdır, bircə institut məsələsi müəmmalı qalır. Gələndən atam bir dəfə də olsun institutun adın tutmayıb. Belə getsə, atam məni oxumağa buraxmayacaq. Yaxşısı budur, sən imkan tap, bizə qonaq gəl, bəlkə ikimiz atamı yola gətirə bildik.

Hələlik. Səbirsizliklə yolunu gözləyirəm. Xudafiz! Dostun Orxan. 28 aprel 1985-ci il”

Valeh həyətlərinə çatan kimi anası ilə qarşılaşdı.

-Bəs atan necoldu?

-İndilərdə gələr.

-Bəs sən nə yaxşı tez gəldin? – Anası cavab gözləmədən əlavə etdi. – Əlindəki kağız nədir?

Valeh məktubdan söhbət açdı, ürəyindən keçənləri anasına bildirdi.

-Ana, atama özün deyərsən. Birdən mən deyərəm, alınmaz, ortalığa inciklik düşər. O boyda əsgərlik dostum qonaq çağırır. Çox ləngimərəm, tez gedib Bayatlıya dəyib qayıdaram.

-Elə deyirsən ki, elə bil Bayatlı dəyirmanın o tayıdı, bircə saata gedib dəyib qayıdacaqsan… –  Anası narazılığını bildirdi.

-Bircə saata olmasın, iki günə olsun, bir gün o tərəfə, bir gün də geriyə…

-Atana da yazığın gəlsin də, ay bala. Köməyi bircə sənsən. Gör nə boyda təsərrüfatı tək hərləyir. Mal, heyvan nobatına ayrı-ayrılıqda gedir, bağı, bostanı suvarır, otu biçir, yarpağı gülləyib qurudur, hələ hökumətin də işinə gedir…

-Demirəm ki, atama kömək etməyim…

-Heç olmasa, yoncanı yığışdırın, sonra get. Birdən yağış yağar, yonca qaralıb xarab olar, zəhmətiniz hədər gedər. Yazın bu vaxtları yaman yağış olur. Elə bil göyün gözündən muncuq tökülür.

-Yaxşı da, ay ana, onu bilirəm. Bu gün biçdik, sabah çevirərəm, quruyar, birisi gün də bağlayıb gətirib yığarıq dama. Ta birisi gün də “Ya Allah” deyib düşərəm yola. Uzaqda deyillər ha…

-Uzaqda olmadıqlarını bilirəm, ancaq naqolay yerdədilər, gedib-gəlmək çətin olur.

-Bir gün o tərəfə getsin, bir gün də bu tərəfə… Gedib gəlməyim uzağı iki gün çəkər. Orda bağlanıb qalası deyiləm ha…

Yoncanı yığışdıran günün ertəsi obaşdan Valeh yola çıxdı. Kənd avtobusu rayon mərkəzinə çox erkən gəlirdi ki, adamları başqa yerlərə gedən avtobuslara çatdıra bilsin. Ordan Bayat rayonuna birbaşa avtobus işləmədiyindən əvvəlcə Qaradizə rayonuna, ordan da Avşarabada yollanası oldu Valeh. Bayata gəlib çatanda gün batmaq üzrəydi. Orxanın yaşadığı Baharlı kəndinə avtobus işləmədiyini eşidəndə qanı lap qaraldı. Yaxşı ki, bazarın qabağından gec qalanları yığıb-aparan taksilərin getdiyini öyrəndi. Vaxt itirmədən soraqlaşıb bazarın qabağına gəldi. Taksi sonuncu adamını gözləyirmiş, Valeh oturan kimi Baharlıya yol aldı. 

25-30 evdən ibarət Baharlı kəndi Kürlə Araz çaylarını birləşdirən Qarabağ kanalının sol sahilində düzənlikdə yerləşirdi. Suyun bolluğundan kənd ərazisi yamyaşıl dona bürünmüşdü. Axşam düşməsinə baxmayaraq kənd Valehin xoşuna gəldi. Orxangilin evini elə onu gətirən taksi sürücüsü nişan verdi. Xəbərsiz gələn qonağı gülərüzlə qarşıladılar.

-Orxan, bəs sənin belə bir dostun var, indiyənəcən bizə niyə deməmisən? – İntiqam kişi oğlunu məzəmətlədi. – Qonaq çağırmısan, gərək əvvəlcədən xəbər eliyəydin…

Orxan pərtliyini büruzə vermədi.

-Gündüzdən gələcəyini bilsəydim, elə rayon mərkəzində qarşılayardım. Dağbəyinin kafesində hər gün quzu kəsilir, ordaca kabablıyardıq. – İntiqam kişi üyüdüb tökürdü. – Qonağın hesabına bizim də damağımıza kabab dəyərdi, ağzımız tama gələrdi.

İntiqam kişi toyuq kəsdi, arvadı Səmayə tez-tələsik əl-ayaq edib onu hazırladı. Bir-iki saat keçər-keçməz süfrə hazır oldu, ailə süfrə başına toplaşdı.

Orxanla Valehin yerini kəllayı otaqda saldılar. Dostlar gecə yarıyadək uzun-uzadı söhbətləşdilər, olub-keçənləri xatırladılar.

-İntiqam dayı sərt adama oxşayır, deyəsən… – Valeh hər ehtimala qarşı soruşdu.

-Hə, son vaxtlar kişinin dəfi dönüb. Əvvəllər belə deyildi, indi ona nə olub, bilmirəm. Elə hey deyir, işlə, pul qazan. Sənin tayların evə xışma-xışma pul gətirir, sən də gözünü döyürsən. Qorxuram məni oxumağa da buraxmasın.

-Bəlkə mən deyim?

-Yox, yox! İndi desək, acığı tutar. Anam bir-iki dəfə söhbət açmaq istəyib, atam ağzının üstünə vurub, “oxumaq nədi” deyib. “İndi dövran dəyişib. Oxumaq zamanı getdi. Oxuyub gəlib cırıq, yamaqlı şalvarda gəzəcəksə, mənə elə oxumaq lazım deyil. Qoy, getsin işləyib pul qazansın…”

Nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı.

Səhər tezdən İntiqam kişinin gur səsinə oyandılar.

-Ay bala, cavan adam da bu vaxta qədər yatarmı? Gün günorta oldu axı…

Tələsik durub əl-üzlərini yudular. Anası ilə atası obaşdan qalxıb bütün işləri görmüşdülər.

-Bizdə də belədi. – Valeh Orxana söylədi. – Mən yuxudan oyanana kimi anam inəkləri sağıb naxıra ötürür. Tövləni, qapı-bacanı süpürür. Samovarı qaynadıb süfrə hazırlayır. Atam heyvanları kənddən çıxardıb nobata qoşur.

Tələsik səhər yeməyini yeyib yola çıxdılar. İntiqam kişinin köhnə ağ rəngli “Jiquli”sində rayon mərkəzinə tərəf istiqamət götürdülər. Axşam gələndə Valeh fikir verməmişdi, yol çox kələ-kötür idi. Ya yük maşınları yolu bu günə salmışdılar, ya da yağan yağışlar…

Səmayə arvad qabaqda əyləşmişdi. Valehlə Orxan isə arxa oturacaqda yanaşı oturmuşdular. Yol boyu ancaq İntiqam kişi gur-gur guruldayırdı. Səmayə arvad da “hə”, “yox”la onun dediklərini təsdiqləyir, bir sözlə, yola verirdi. Orxanla Valeh imkan düşdükcə astadan pıçıldaşır, gah da him-cimlə bir-birini başa düşürdülər.

Rayon mərkəzinə gəlib çatanda İntiqam kişi maşını əvvəlcə Pendir zavodunun qabağına sürdü.

-Orxanın işi dövlət işidir, ona gecikmək olmaz. – dedi.

Orxan Valehlə sağollaşıb düşmək istəyirdi ki, İntiqam kişi dilini sürüdü:

-Orxan, səhər-səhər siftə səndən… Maaşını da alıbsan… Bir dəfə də sənin əlinin bərəkətini sınayaq…

-Siftəni həmişə mən vermişəm, bu dəfə də özüm verəcəm. – Səmayə arvad ərinə deyindi. – Uşağı qonağın yanında utandırma. Bəlkə heç cibişdanına pul qoymayıb.

-Sən narahat olma. Öz əvəzinə yenə də verərsən. Orxan day yekə kişidir. Gəlir-çıxarını bəri başdan bilsə, yaxşıdır.

Orxan cibindən yaşıl üçmanatlıq çıxardıb sürücünün sağ böyründəki dördkünc qutunun üstünə qoydu.

-Ay bərəkallah! – Atası razılığını bildirdi. – Bu oldu başqa məsələ…

İntiqam kişi maşını yol ilə sürməkdə davam etdi. Bir də bazarın qabağında saxladı. Valeh buraları tanımasa da bazarı tanımağa ehtiyac yoxdur. Səmayə arvad belinə bağladığı adyalın arasında eşələndi, eşələndi, bir göy beşlik çıxardıb sükanın qabağında bardaçokun üstünə şappıldatdı. Arvadın pulu şəst ilə şappıldatması Valehi çaşdırdı.

-On ildir bazardayam, hələ də uyğunlaşa bilmirəm. Bir gün belə bazarda olmamısan, ancaq əsl bazar adamısan. – Arvad bunu deyən kimi maşının qapısını çırpıb getdi.

İntiqam kişinin heç vecinə də olmadı.

-İndi də gedək avtovağzala, səni yola salım, get.

Ordan uzaqlaşdılar. İntiqam kişi nəsə dodaqaltı mızıldanırdı. “O çubuşun, bu toyuğun, daha nə qaldı, nə qaldı…” Gəlib avtovağzalın qabağına çatdılar. Valeh avtobusları görcək cəld əlini cibinə salıb bir göy beşlik çıxartdı və yavaşca bayaq Orxan pul qoyan qutunun üstünə qoydu. Bunu elə elədi ki, İntiqam kişi görməsin. İntiqam da İntiqam idi, dörd gözü vardı.

-Boyy, heç yaxşı olmadı… – deyib etirazını bildirdi. – Sən pulunu götür, bala. Bizim yerin öz adəti var. Bizdə qonaqdan pul götürməzlər.

Valeh özünü eşitməməzliyə vurub maşından aralandı, yavaş-yavaş avtobuslara tərəf getdi. Arxasınca gəlib gəlmədiyini öyrənmək üçün yerişini yavaşıtdı. Bu zaman İntiqam kişinin “Jiquli”si sürəti artırıb oradan uzaqlaşdı.

Bu zaman Valehin qulaqlarında bir cingilti əmələ gəldi, atasının sözlərinin əks-sədası sürət götürən maşının təkərlərinin qıjıltısında əriyib yox olmaqdaydı. “İnsanlar müxtəlif cür olur. Bəziləri düşdükləri mühitə uyğun davranır, bəziləri də əhatələrində olan adamlara müvafiq hərəkət edirlər. Bəlkə heç getməyəsən? Gedib elə bir səhnə ilə rastlaşarsan ki, sənə çox pis təsir bağışlayar. Ömrünün sonunadək unuda bilməzsən!” Atası bunları demişdi Valehə. Vəssalam!

Avtobuslara çatıb dayandı. Padpreslərə yapışdırılmış trafaretlərə baxıb öyrənmək istəyirdi ki, görsün hansı avtobusla getmək lazımdır. Sükan arxasında oturan sürücülərin hamısı ona baxırdı. Qəfildən qulağına bir səs gəldi: “Qonaq!” Valeh elə bildi ki, bunu sürücülərin hamısı birdən səsləndirdi.    

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN MİLLİ KİTABXANASININ İNKİŞAFININ PROFESSOR KƏRİM TAHİROV MƏRHƏLƏSİ

Professor Kərim TAHİROV

2021-ci il noyabr ayının 12-də kitabxanaşünas-alim, professor Kərim Məhəmməd oğlu Tahirovun 70 yaşı tamam olur. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Kərim Tahirov ömrünün 30 ildən çox hissəsini Azərbaycan mədəniyyətinin, kitabxana işinin inkişafına həsr etmişdir. Bunun nəticəsidir ki, alim təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış və şöhrət qazanmışdır.

Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almış və təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına ( indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir. 1979-1982-ci illərdə Elmi-metodiki şöbəsində böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi,1987-1988-ci illərdə rəisi,1988-1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.2000-2005-ci illərdə Milli kitabxananın Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. K itabxanaşünas alimin elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

Tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmişdir. Görkəmli kitabxanaşünas alim, BDU-nun fəxri professoru Abuzər Xələfovun rəhbərliyi ilə 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Alimin tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Fədakar alim “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

Professor Kərim Tahirov BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır. O, BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq, Kitabşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrantların elmi rəhbəri və rəsmi opponenti olmuşdur. 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədridir.

Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu dövrdən kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Belə ki, bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda , Azərbaycan kitabını təbliğ etməkdə alimin zəhmətini xüsusi qeyd etmək lazımdır. Kərim Tahirovun kitabxanaya rəhbərliyi dövründə 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

“Milli – mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.

Professor Kərim Tahirovun səyi nəticəsində oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuşdur. Kitabxananın elektron kataloqu və elektron kitabxanası yaranmışdır. Alimin rəhbərliyi altında müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafik vəsaitlər tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, Elmi Şurası yaradılmışdır.

Professor Kərim Tahirov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. Eyni zamanda alim 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.

Fədakar alim, təcrübəli təşkilatçı, professor Kərim Tahirovun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasiyası üzrə “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülmüşdür.

Professor Kərim Tahirovun yubileyi ilə əlaqədar olaraq Milli kitabxanada “Professor – Kərim Tahirov” adlı elektron məlumat bazası və “Kitabxanaşünas alim-Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə oxucuların istifadəsinə verilmişdir.

Görkəmli alim, təcrübəli müəllim, qayğıkeş rəhbər, ictimаi хаdim, professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və çoxşaxəli fəaliyyətində uğurlar diləyirik!

Müəlliflər:

Solmaz Sadıqova

BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru

Rəşad Sadıqov

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

İlkin mənbə: istiqlal.az

Ətraflı: http://www.millikitabxana.az/news/kerim-tahirov


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NECƏSƏN, ƏSGƏR? – FİRUZ MUSTAFA

Firuz MUSTAFA – nasir, dramaturq, esseist, filosof.

NECƏSƏN, ƏSGƏR?
(Taqım komandirinin gündəliyindən)
(222 sözlük roman)

Artıq səhər açılmaqda idi.
Günəşin şəfəqləri gecəni, alayımızın əsgərləri isə düşməni qovmağa başlamışdı.
Biz döyüşə-döyüşə kəndə daxil olduq. Qırmızı kirəmitli evlərinin çoxuna od vurub yandırmışdılar. Kəndin üstünü qətran kimi qalın tüstü layı bürümüşdü.
Korun-korun tüstülənən evlərdən birinin yanından keçərkən sanki bir səs, daha doğrusu uşaq hıçqırtısı eşitdim. Sövq-təbii ayaq saxlayıb ətrafı dinşədim.
Evın həyətinə daxil olub ehtiyatla daş pillələri qalxdım. Bir əlimi avtomatın tətiyindən çəkməyərək o biri əlimlə qapını açdım.
Gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Döşəmənin üstündə qan içində gənc bir qadın, qadının sinəsi üstündəsə bir körpə vardı. Körpə anasının döşünü əmərək hıçqırırdı.
Qadın ölmüşdü.
Mən körpəni qucağıma alıb diqqətlə bu balaca varlığın üzünə baxdım. İndi onun hıçqırtısı kəsmişdi. Qəddar dünyanın işlərindən hələ heç nə anlamayan əl boyda uşağın iri, heyrətli və məsum baxışları mənim üzümə dikildi.
Mən bir müddər nə edəcəyimi kəsdirə bilmədim.
Qərara aldım ki, kəndin arası ilə hərəkət edən, öndəki dəstədən qırılıb qalan əsgərlərimizdən bir neçəsini haraylayım. Axı qan gölməçəsinin içindəki bu gənc qadını dəfn etmək lazım idi.
Bəs bu dilsiz-ağızsız körpəni belə dar macalda hara, kimə təhvil vermək olardı?
Yaxınlıqdakı kəndlərin çoxu boşaldılmışdı.
Uzaqa atılan toplar yalquzaq kimi ulaşırdı.
Nəsə bir şey fikirləşib tapmaq lazım idi.
Mənim yanımda silah-sursatdan başqa bir şey yox idi.
Birdən ağlıma qəribə bir fikir gəldi; cəld şalvar cibimin birindəki güllə daraqlarını boşaltdım. Uşagı ehtiyatla boşalmış nəhəng cibimə qoyub başını sığalladım:
-Hə, necəsən, əsgər?

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ABBASƏLİ NƏZƏROVUN ŞEİRLƏRİ

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROVUN ŞEİRLƏRİ

ANANIN
Analar can deyər, balasın sevər,
Siz Allah, eşidin sözün ananın.
“Balamdı ürəyim, bu canım” deyər,
Dərdinə dərmanlar gəzin ananın.
* * *
Anam olsa gözüm üstə bəslərdim,
Əzizlərdim, “ana”, “ana” səslərdim.
Canımnan artıq da onu istərdim,
Nə olsa cəbrinə dözün ananın.
* * *
Abbasəli, hər varlıqdan şirindi,
Ana məhəbbəti yaman dərindi.
Görürəm anaya çoxu sərindi,
Öpün gözləriynən üzün ananın.

TAPILMAZ
Dostu satıb yaltaq olan adamda,
Nə namus, nə qeyrət, nə də ar olmaz.
Kişilik insanda bir nişanədir,
Nə pulnan, nə varnan bilin, var olmaz.
* * *
Qorxuludur, insanların yaltağı,
Çəkər səni ayağından aşağı.
Dili də acıdır, qurtarmaz dağı,
Çox illər ötüşər, yeri sağalmaz.
* * *
Abbasəli gəlib Göyçətək eldən,
Mehriban danışaq, bağırma zildən.
Qoşacam xırmana, açacam vəldən,
Hayına yetməyə kimsə tapılmaz.

DAĞLAR
Həkim də, loğman da, sağ can da sizsiz,
Dərdlərin dərmanı, a gözəl dağlar.
Mən ağıl ucunnan olmuşam xəstə,
Ürəyim çırpınır, gözlərim ağlar.
* * *
İki ildir, dağlar, sizə gəlmədim,
Qohumdan, qardaşdan əhval bilmədim.
Nə lalə, bənövşə, nərgiz dərmədim,
Yadımdan çıxmayır soyuq bulaqlar.
* * *
Abbasəli, qəlbin çıxmır qaradan,
Rəhm eyləsin yeri-göyü yaradan.
Çətin dərddir köçüb gəlmək oradan,
Gavıra qalmasın gözəl yaylaqlar.

QURBAN OLUM
Ata-ana qədri bilən,
İnsanlara qurban olum.
Dar ayaqda bəd halını,
Duyanlara qurban olum.
* * *
Böyük yolu saxlayanlar,
Allaha da əziz olar.
Yaxşılıqdan əla nə var,
Yaxşılara qurban olum.
* * *
Abbasəli bir veteran,
Çoxdu sevən, hörmət qoyan.
Arxa olan, kömək duran,
Oğlanlara qurban olum.

DAĞLAR
Otuz ildir aralıyam,
Çıxmırsınız yaddan, dağlar.
Qardaş öldü, yaralıyam,
Ağzım düşüb daddan, dağlar.
* * *
Hacı Qurban, Tərsə dağı,
Gəşd eylədim cavan çağı.
Seyid Bayramın ocağı,
Çıxardandı oddan, dağlar.
* * *
Abbasəliyəm, oralıyam,
Dost-qardaşdan aralıyam.
Dərdim çoxdur, yaralıyam,
Xəbər verin Zoddan, dağlar.

YAMANDI
Gözəl Göyçə kimə qaldı,
Hamı susqun, hamı laldı.
Millətə çox zülüm oldu,
Çəkilməz dərddi, yamandı.
* * *
Yaddan çıxmaz o yaylaqlar,
Durna gözlü gur bulaqlar.
Qərib didərginlər ağlar,
Kömək ol, Allah, amandı.
* * *
Abbasəli, artıq gecdi,
Yaş yetmişi gəlib keçdi.
Hər nə etsən, daha heçdi,
Ürək susur, son zamandı.

XOŞ GƏLDİN
Yönün düşüb bu dağlara,
Şair, xoş gəldin, xoş gəldin.
İstisuya, bulaqlara,
Şair, xoş gəldin, xoş gəldin.
* * *
Arzu edirdik sizi də biz,
Yaman şad oldu qəlbimiz.
Aləmə dəydi görüşümüz,
Vurğun, xoş gəldin, xoş gəldin.
* * *
Şair Məmmədsöyün babam,
Dost yolunda müdəm varam.
Abbasəli sənətkaram,
Şair, xoş gəldin, xoş gəldin.

VURĞUNA
Görməmişdim, arzulardım görməyi,
Əlli beşdə mən rast gəldim Vurğuna.
Kəlbəcərdə, İstisuda, kurortda,
Qulaq asdıq bircə gecə biz ona.
* * *
İnsan gedərgidir yaxşılıq qalar,
Vurğun kimi insan harda tapılar?
Xanəndə, aşıqlar şeirin oxuyar,
Min rəhmət deyirik gözəl insana.
* * *
Adım Abbasəli, şair nəvəsi,
Çətindir dünyada deyib gülməsi,
Dolaylarda bulaq üstə məclisi,
Çox böyük şöhrətdi Azərbaycana.

YAMAN DƏRDDİ
Ana baladan ayrılsa,
Yaman dərddi, yaman dərddi.
Həm ağlayır, həm öpüşür,
Yaman dərddi, yaman dərddi.
* * *
Bala – ananın ürəyi,
Canına sinmir yeməyi.
“Of-of” bala, can deməyi,
Yaman dərddi, yaman dərddi.
* * *
Ana-bala ağladılar,
Ürəyimi dağladılar.
Qəm-qüssədə çağladılar,
Yaman dərddi, yaman dərddi.

GETDİ
İndən belə başlı başın saxlasın,
Kənddən ağsaqqallar, alimlər getdi.
Dost-qardaşlar bir-birini yoxlasın,
İnsana ən lazım bircə rəhmətdi.
* * *
Hacıyev Tanrıverdi çıxmayır yaddan,
Misir, Şahin, Tahir getdi dünyadan.
Odur ki, ağzımız düşübdü daddan,
Gözümüzdən neçə cavanlar itdi.
* * *
Abbasəli, niyə belə olubsan?
Qardaş ölüb, saralıbsan, solubsan.
Yetmiş yaşa az qalıbdı, dolubsan,
Bilirəm çəkirsən çox əziyyətdi.

Müəllif: AŞIQ ABBASƏLİ NƏZƏROV
Təqdim edir:
 Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEVİN “SARVANSIZ ZAMANLAR” ADLI HEKAYƏ VƏ ESSELƏRDƏN İBARƏT 3- CÜ KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Sadıq Qarayevin kitabı

Sadıq Qarayevin “Sarvansız Zamanlar” adlı hekayə və esselərdən ibarət 3- cü kitabı işıq üzü görmüşdür (472 s.). Kitaba Akademik İsa Həbibbəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazmışdır.

SADIQ QARAYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru